İsmayıl Alper Coşkun: "Qaçaraq irəliləməyimiz lazımdır"

 

   "Yanınızda olmağa davam edəcəyik"

 

   Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun APA-ya müsahibə verib. "Ədalət" qəzeti həmin müsahibəni təqdim edir.

  

   - Hörmətli səfir, yeni fəaliyyətə başladığınız vəzifədə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına hansı töhfələri vermək niyyətindəsiniz?

   - Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan, xüsusi xarakterli bir bağlılıq mövcuddur. Bizlər eyni millətik, qardaşıq. İki güclü, böyüyən dövlət olaraq bu cür möhkəm bir təmələ sahib olan ikitərəfli münasibətlərimizi hər sahədə inkişaf etdirməliyik. Öndərlərimizin müəyyənləşdirdiyi xətt üzrə bunu edirik. Qarşılıqlı yatırımlarımız hazırda 10 milyard dollar ətrafındadır. Hədəfimiz bunu sürətli bir şəkildə artıraraq yaxın gələcəkdə 20 milyard dollar səviyyəsinə çıxarmaqdır. Digər hədəfimiz isə Azərbaycan və Türkiyə sərmayədarlarının üçüncü ölkələrə sərmayə qoymalarının yolunu açmaqdır. 2011-ci ildə 3,5 milyard dollar təşkil edən ölkələrarası ticarət həcminin bu il 5 milyard dollar, 2020-ci ildə isə 10 milyard dollar səviyyəsinə çıxarılmasını hədəfləyirik. İki qardaş ölkə arasındakı ticarətin artırılması və çeşidləndirilməsi məqsədilə imkanların araşdırılması və müxtəlif variantların qiymətləndirilməsi üçün səylər göstərilir. Kənd təsərrüfatı, qida istehsalı, tikinti, kimya sənayesi, tekstil, turizm kimi qeyri-neft sektorunda da iki ölkə firmalarının ortaq çalışmaları üçün fəaliyyətlərimiz davam etməkdədir. Düşünürəm ki, enerji sahəsindəki əməkdaşlığımızı bir zamanlar "Əsrin müqaviləsi" şəklində təqdim olunan Bakı-Tbilisi-Ceyhan neft boru xəttindən sonra Transanadolu qaz boru kəməri layihəsinin həyata keçirilməsi ilə daha da irəli bir nöqtəyə daşıyacağıq

   Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanmasının ardından Avropadan Çinə dəmir yolu ilə birbaşa yük daşınması mümkün olacaq. Bu layihə nəqliyyat sahəsindəki əməkdaşlığımıza töhfə verməklə yanaşı, ölkələrimiz arasındakı ticarətin artırılmasına da kömək edəcək.

   Azərbaycanla birlikdə liderlik etdiyimiz bu kimi enerji və nəqliyyat layihələrinin yalnız ölkələrimiz və qonşu dövlətlər baxımından deyil, bütün bölgə baxımından da çox əhəmiyyətli və müsbət nəticələri olacaq. Ortaq mədəniyyətdən qaynaqlanan birliyimizi möhkəmləndirməliyik. Bakıda ən qısa zamanda Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin açılmasını və azərbaycanlı qardaşlarımıza xüsusi mədəni fəaliyyətlər təqdim etməsini arzu edirik.

   Bir məsələni də qeyd edim. 11 sentyabr tarixində Qəbələdə təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının II yığıncağı çərçivəsində texniki sazişlər imzalanıb. İqtisadi, ticarət əlaqələri ilə yanaşı, siyasi və hərbi əlaqələrin də dərinləşdirilməsi istiqamətində danışıqlar olub. Yığıncaq nəticəsində davamlı şəkildə həyata keçiriləcək tədbirlərin siyahısı hazırlanıb.

   - Səfir fəaliyyətində ilk olaraq diqqəti hansı məsələlərə yönəltmək istəyirsiniz?

   - Əlaqələrimizin xüsusiyyəti və ortaq şəkildə müəyyənləşdirdiyimiz hədəfin böyüklüyü ilə əlaqədar tək bir istiqamətdən danışmağım doğru olmaz. Bizim birlikdə bir çox sahədə qaçaraq irəliləməyimiz lazımdır. Bu səbəbdən mənim qarşımda eyni anda duran bir çox məsələ var. Ancaq Azərbaycanla birlikdə bölgənin inkişaf etmiş gələcəyi üçün müəyyənləşdirdiyimiz hədəfin önünü kəsən, əvvəlcə aşılması lazım olan bir problem var. Bu da Dağlıq Qarabağ problemidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yüz minlərlə insanın doğma yerlərindən köçkün düşməsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalına gətirib çıxarıb. Bu vəziyyət bölgədə təhlükəsizliyi, sabitliyi və inkişafı təhdid edən ən böyük amildir. Ölkəmiz ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq münaqişənin həlli prosesini yaxından izləyir. Problemin dərhal və işğala son verilərək Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tapılması ilə bağlı mövqeyimiz hər səviyyədə və bütün platformalarda dilə gətirilməkdədir. Türk milləti hər zaman qardaş Azərbaycanın yanındadır. Hörmətli baş nazirimizin Qəbələyə səfəri zamanı söylədiyi kimi, yanınızda olmağa davam edəcəyik. Bunun əksi mümkün deyil.

   - Qarşıdakı dönəmdə ölkələr arasında münasibətlərdə hansı yeniliklər nəzərdə tutulur? Hansı yeni böyük miqyaslı layihələrin imzalanması və reallaşdırılması gözlənilir?

   - İzmirdə "Petkim" neft-kimya kompleksində 5,5 milyard dollarlıq bir sərmayə ilə inşa ediləcək STAR neftayırma zavodunun təməli atılıb. BTQ layihəsi üzrə Gürcüstanda və Türkiyədə tikinti işləri davam etməkdədir. Tikinti işlərinin 2013-cü ilin sonuna qədər tamamlanması və 2014-cü il ərzində dəmir yolunun işə düşməsi planlaşdırılır. Bu layihə tamamlandığında Çindən Londona qədər dəmir yolu ilə nəqliyyat mümkün olacaq. 16 milyard kubmetr tutumlu TANAP kəmərinin inşasına 2013-cü ilin sonunda başlanması nəzərdə tutulur. Bu kəmər 2017-ci ildə qaz nəqlinə hazır olacaq. Qars-İğdır-Naxçıvan dəmir yolu və təbii qaz boru kəməri layihələri gündəmimizdə olan və əhəmiyyət daşıyan digər fəaliyyətlərdəndir. İki ölkə arasında artan ticarət həcminə uyğun olaraq ikitərəfli və tranzit daşınmalarının genişləndirilməsini təmin etmək, dəmiryolu, dəniz və quru yolu nəqliyyatı vasitəsilə yük daşınmasının inkişaf etdirilməsinə yönəlmiş işlərimiz davam edir.

   Prezident Əliyevin Qəbələdə müjdə verdiyi kimi, vizaların ləğvi mərhələli bir yanaşma ilə həll olunacaq. Əvvəlcə iş adamlarımıza viza tətbiqinin asanlaşdırılması nəzərdə tutulur. Bu prosesin sonunda vətəndaşlarımıza viza istisnalarının tətbiqi ilə ölkələrimiz və xalqlarımız arasındakı bağın daha da güclənəcəyinə inanıram.

   Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının son iclasında qəbul edilən qərarlara uyğun olaraq hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində ikitərəfli əməkdaşlığımızı Azərbaycanın ehtiyacları və ortaq layihələri çərçivəsində inkişaf etdirməyə davam edəcəyik. Hörmətli baş nazirimizin də bildirdiyi kimi, ikitərəfli əlaqələrimizə ciddi intensivlik qazandıran Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü toplantısının önümüzdəki il Türkiyədə keçirilməsi planlaşdırılır.

   - Toplantının dəqiq tarixi müəyyənləşdirilibmi? Son iclasda qəbul olunan qərarların icrası ilə bağlı nələr söyləyə bilərsiniz? 

   - 2011-ci ilin oktyabrında İzmirdə, bu ilin sentyabrında Qəbələdə təşkil edilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncaqlarından da göründüyü kimi, ikitərəfli əlaqələr artıq "strateji ortaqlıq" ölçüsü ilə ön plana çıxmaqdadır. Birinci iclasda başda enerji sahəsində olmaq üzrə, çox əhəmiyyətli razılaşmalar əldə olunub. İzmirdə STAR neftayırma zavodunun təməli atılıb. Qəbələdə böyük bir həmrəylik ruhu içərisində keçirilən son iclasda siyasi, hərbi, iqtisadi, ticarət və mədəni sahələrdə müxtəlif sənədlərə imza atdıq. Türkiyə ilə Azərbaycan arasında gün keçdikcə inkişaf edərək dərinləşən ortaqlığın yeni addımlarını və layihələrini müzakirə etdik. Türkiyə ilə Azərbaycanın əməkdaşlıq potensialı böyükdür. Bu səbəbdən, bütün addımlar çox əhəmiyyətlidir. Bununla birlikdə, hər zaman daha böyük hədəflərə can atmalıyıq. Hər iki ölkədə də bu istiqamətdə tam bir əminlik var. O ki qaldı üçüncü iclasın tarixi və yerinə, bu, qarşılıqlı görüşlər vasitəsilə müəyyən ediləcək.

   - Bu ilin sonunadək ölkələr arasında yüksək səviyyədə hansı səfərlər gözlənilir?

   - Bildiyiniz kimi, 15-16 oktyabr tarixlərində Bakıda təşkil edilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti və Nazirlər Şurası iclasına baş nazirimiz Rəcəb Tayyib Ərdoğan və xarici işlər nazirimiz Əhməd Davudoğlu qatıldılar. Olduqca əhatəli olan ikitərəfli və çoxtərəfli əlaqələrimiz çərçivəsində önümüzdəki dövrdə Böyük Millət Məclisi sədrinin və bəzi nazirlərimizin Azərbaycana səfəri söhbət mövzusu olacaq. Qarşılıqlı ikitərəfli ziyarətlər hər səviyyədə davam edəcək. Biz həmçinin prezident İlham Əliyevin də önümüzdəki dövrdə ölkəmizi ziyarət etməsini arzu edirik.

 

 

   Ədalət.-2012.-31 oktyabr.-S.3.