Səni düşünmək
elə gözəl ki; Sənə də məsləhət
görürəm...
Birnəfəsə...
Darıxmaq pəncərəsi
açıq qalıb,
yellənir səbrin
pərdəsi,
fikrimin atı qan-tər içində...
Saçlarını üzündən
yığırsanmı astaca?
Daralırmı nəfəsin?
Leysan kimi yastığa
yağırsanmı astaca?
Mən nə axmaq adamam,
nə axmaq suallardı ?!
Vaxt vardı,
oyanıb görürdüm ki,
tavan başqa tavandı.
Tavan da təəccüblənirdi...
Kəsəsi,
öpdüyümüz dodaqlardan
pomada kimi silinmək ehtimalı da var.
Amma səni düşünmək
elə gözəl ki,
sənə
də məsləhət
görürəm...
Hamı kimi durursan yuxudan.
Əllərini
yudunmu, çayını
içdinmi
başlayır
dünənə əkiz
bir gün
Kontur göndərirsən rəfiqənə,
nömrəni
dəyişmək istəyirsən,
Facebook-a öyrəşə bilmirsən...
Filmə baxırsan,
yeməyi
qızdırırsan,
qeybət
eləyirsən yüngülvari...
Çantanla ayaqqabının
rəngini
tutuşdurursan,
necəsə
şalvarını köynəyə
yaraşdırırsan,
qəşəng
görünürsən insafsızca...
Gülümsəyirsən
kiminsə zarafatına,
yorulursan,
mürgüləyirsən divandaca
yastığa
toxunur saçların,
çiynin...
Oyanırsan, güzgüyə baxırsan.
Güzgün olum
yadıma
düşürsən çilik-çilik
oluram.
Adını bir vərəqə
yazıb baxıram.
Adın gözlərimdən başlayıb
fəth edir
ürəyimin
paytaxtını.
Yuxularıma tökülür saçların...
Sonra nəsə olur,
adın
ayrı-ayrı mənalara
bürünür,
bax,
onda
əllərin
"qucaqlaşmaq",
dodaqların
"öpüşmək"
ayaqların
"getməmək" felinə
bənzəyir...
Bax, onda
nəsə
olur,
sənin
acıgöz həsrətin
məni
dişinə çəkir.
Bax, onda
darıxmağım
qurd kimi ulayır...
Dönüb görərsən
ki...
Bir də görərsən ki, qəti alınmırg
Səni gecələrin zülməti
çəkər,
Dodağın bir öpüş
həsrəti çəkər.
Yanar dodağında bir dodaq yeri
Lap elə mən ölü, sən də ki, diri
Qabları yuyarsan, çörək alarsan,
Görərsən könlünün simi tarımdı.
Amma bilməzsən ki, niyə yarımsan,
Bilməzsən
evində nəyin yarımdı...
Könlünə
qəfil bir qayıtmaq düşər,
Birdən başlayarsan lap darıxmağa...
Dönərsən
gəldiyin yola baxmağa,
Qəhər boğazında ilişər
qalar,
Dönüb görərsən ki, divardı yollar,
Dönüb görərsən ki, yol çıxıb gedib...
Bezginlik
Suallar verirlər,
çoxlu
suallar...
Niyə? Nədən? Necə?
Cavabını bilmirlər guya.
Zalım uşağı,
səadət
ərzaq deyil ki,
tutub
doldurasan soyuducuya...
Ehtimal
Axşamlar ağsaqqal qonşumuz
cəhənəm
haqqında danışır
uşaqlara
odlu-alovlu.
Mən siqaret yandırıb
fikrə gedirəm.
Cəhənnəm
- bu yəqin cənnəti uzaqdan
görməkdi...
Qismət
Ədalət.-2012.-31
oktyabr.-S.7.