Dağlar qoynundakı Lerik

 

   Yollar kimsəsiz və sakitdir. Elə bil isti yay günlərində hər addımbaşı şütüyən "inamarkalar" bu yolda heç olmayıb. Çay boyunca sıralanan "Çənlibel", "Təbəssüm", "Meşəbəyi", "Həyat", "Qaya", hətta məşhur "Relax" istirahət mərkəzlərində tam sakitlikdir. Müsafirləri başının üstündə olan bu turizm bazalarında indi sükut hökmrandır. Yalnız bəzilərində payıza köklənən qonaqlar bir-iki günlük burdan istifadə edirlər.

   Ancaq burda yaradılmış şəraitin nəticəsidir ki, 2012-ci ilin 9 ayı ərzində burda dincələnlərin sayı 6257 nəfər olmuşdur. O da sevindirici haldır ki, indi bura üz tutan xarici vətəndaşların sayı əvvəlkilərdən qat-qat çoxdur.

   Meşələr hələ də payıza təslim olmaq fikrində deyil. Dağların yaşıl örtüyü hələ də öz libasında gözəldir. Ancaq yarpaqları qızılıya çalan dəmirağacı, təravəti solmuş-saralmış vələs, fıstıq ağacları əvvəlki kimi şux deyil. Payızın nəfəsi dəymiş dağlar zamana boyun əyməyə məhkumdur.

   Ancaq yal-yamaclar, ormanlar yamyaşıldır. Son baharın ən gözəl anlarını yaşayan təbiətin burdakı kontransı da əsrarəngizdir. Aylarla yaşıl yarpağı olan meşələr günlərlə ömrü olan yamacların, ormanların yaşılına təslim olubdur.

   Ömrün payız fəsli kimi təbiətin də payızı xeyli qüssə və kədərləridir. Üzü qışa olan zaman sanki sabahın qar-boranından, şaxtasından bir az da qorxur. Bitib-tükənməyən uzun qış gecələri hələ də öndədir.

   Ancaq hələ payızdır. Lerikə qalxan yollar nə qədər rahat olsa da payızın soyuq nəfəsi bir narahatlıq doğurur. Əslində insan həmişə narahatdır. Müqəddəs kitabımızda da belə deyilib: "Ey insanlar, rahatlığı mən sizin üçün yaratmamışam ".

   Mavi qübbədən dağlara, dərələrə, ormanlara gülümsünən günəş isə başqa məqamlara daha yaxındır.

 

   İqtisadi dirçəliş göz önündədir

 

   Uca dağlar qoynunda yerləşməsinə baxmayaraq Lerik rayonu son illər bir sıra uğurlu iqtisadi-sosial inkişafa nail olmuşdur. Yaradılmış şərait, dövlət tərəfindən göstərilən qayğı burdakı hər şəraitini xeyli yaxşılaşdırmışdır. Rayonun 2012-ci ilin III rübü üçün proqnozlaşdırılmış gəliri 1 milyon 464 min manat əvəzinə 1 milyon 167 min manat olmuşdur ki, bu da 125 faiz deməkdir. Rayondakı gəlir və xərcləri ödəmək üçün respublika büdcəsindən 10 milyon 293 min manat əvəzinə 9 milyon 757 min manat dotasiya alınmışdır.

   Cari ildə əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 948 nəfər ailənin 5388 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Ümumilikdə isə 1200 nəfər ailənin 6794 nəfərinə ünvanlı dövlət sosial yardımı ödənilir.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 80 saylı Fərmanı Lerikdə uğurla icra edilir.

   II Dövlət Proqramı icrasının yerinə yetirilməsi nəticəsində 3017, o cümlədən cari ildə 1062 yeni iş yeri açılmışdır. 2004-2012-ci ilin ötən dövrü ərzində Lerikdə 7763 yeni iş yeri açılmışdır. Bunlardan 40 faizi daimi iş yeridir.

   Dövlət Proqramına uyğun olaraq Lerikin 10-dan çox yaşayış məntəqəsinə qaz xətti çəkilir. Gələn ilin sonuna kimi Lerikin əksər kəndlərində mavi qaz yandırmaq üçün müvafiq tədbirlər görülür. 

   Lerik qəsəbəsinin mərkəzində eyni vaxtda 3 nəfər qonağı qəbul edə biləcək xeyir-şər binasının inşası davam etdirilir. Bütün avadanlıqlarla təhciz edilmiş, 150 nəfərlik qonaqlar üçün nəzərdə tutulmuş çadır daxili imkanlar hesabına alınaraq rayon sakinlərinə verilmişdir.

   Lerikdə 6 saylı Vergilər İdarəsinin kompüter terminalı rayon statistika idarəsinin inzibati binasının inşası başa çatdırılmışdır.

   Yaponiyanın maliyyə vəsaiti hesabına Lerikin Şingədulan kəndində hər cür şəraiti olan həkim məntəqəsi tikilmişdir.

  

   Burada təhsilə xüsusi diqqət var

 

   Çox böyük ərazisi olan Lerik rayonunun kiçik kəndləri də kifayət qədərdir. Mərkəzdən xeyli uzaqda yerləşməsinə baxmayaraq bu məktəblərə diqqət-qayğı həmişə yüksək səviyyədə olmuşdur.

   Yeni tədris ilinin başlanması ilə əlaqədar Lerikin 6 kəndində yeni məktəb binaları inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. Müasir tələblərə cavab verən daha 9 kənddə məktəb binasının tikintisi davam etdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına əsasən rayondakı bütün məktəb və uşaq bağçalarına mütəxəssislər tərəfindən baxış keçirilmişdir. Sonra akt tərtib olunaraq müvafiq təşkilatlara təqdim olunmuşdur. Lerikdəki 39 məktəbdə 10 uşaq bağçasında tikintinin, 11 məktəbdə sinif otağının inşası və mövcud məktəblərin əsaslı təmiri, 17 məktəbin və 3 uşaq bağçasının yenə əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur.

   Təhsildə əldə olunan nailiyyətlərin nəticəsidir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Lerikdə keçirilmiş buraxılış imtahanlarında XI sinif şagirdləri 85 faiz nəticə göstərmişdir. Ötən il isə bu rəqəm 73 faiz olmuşdur. Ali məktəblərə sənəd verən 233 nəfərdən 136 nəfəri ali məktəblərə, 48 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bunlardan 16 nəfəri 500-dən, 4 nəfəri isə 600-dən çox bal toplamışdır. Vizəzəmin kənd tam orta məktəbinin şagirdi Nərmin Elşad qızı Əmirova 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.  

   Rayon təhsil şöbəsi Lerik şəhərindəki, eləcə də kəndlərdə fəaliyyət göstərən məktəblərlə mütəmadi əlaqə saxladığına görə dərsə davamiyyət həmişə yüksək olmuşdur. Tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərə günün tələbləri səviyyəsində bilik aşılamaq üçün müəllimlər öz üzərilərində daha məsuliyyətlə çalışırlar.

   Yollar da heç vaxt unudulmur

   Ümumiyyətlə dağ şəraitində yolların saxlanılması xeyli diqqət və vəsait tələb edir. Uzaq kəndlərə gedən yolların məsafəsi burda kifayət qədərdir. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçən bu yollar təhlükəli olduğu qədər də xeyli narahatdır. Çünki, illərlə əziyyət çəkib bu yolları təmir edənlərin əməyini güclü bir yağış, sel daşqınları bir andaca alt-üst edə bilər.

  

   (ardı gələn sayımızda)

 

 

   Səxavət Məmmədli

 

   Ədalət.-2012.-31 oktyabr.-S.7.