Salyan bu gün sabah

 

   Hadisələrin içində olduğumuz üçün ölkədə baş verənlərin bəlkə fərqində deyilik. Hadisə sözünü mən elə-belə seçmədim. Hər gün miqyası bir az da böyüyən tikinti-abadlıq işləri, iqtisadi-sosial inkişaf, sağlam siyasi durum özünü təsdiq edən hadisədir. Ancaq bütün bunlar bizim gözlərimizin qarşısında baş verdiyindən hələ qiymətləndirə bilmirik.

   bütün bunların ən böyük ideoloqu, ilhamvericisi olan ölkə Prezidenti Cənab İlham Əliyevin qədər sevindiyini görməmək olmur. Əslində bütün bunlar elə ölkə başçısının öz işidir. Ancaq ölkənin başdan-başa inkişaf etdiyini görmək bundan xüsusi bir zövq almaq görünür ölkənin bugünkü prezidentinin qismətinə yazılıbmış. Onun 14 aprel 2009-cu il tarixli 80 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da məhz bu istəyin, arzunun ən bariz nümunəsidir. İndi regionlarda yaşayan sadə insanların ən böyük istəklərindən biri prezidentin rayonlara səfərinin şahidi olmaqdır. Çünki onun hər bir gəlişi nəyinsə açılışına səbəb olmaqla bərabər başqa bir şeyin təməlqoyma mərasiminə çevrilir. 

   Bu ilin 13 martında prezidentin Salyan rayonuna səfəri insanların yaddaşında uzun müddət yaşayacaq. Ölkə prezidenti Salyanda olarkən Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə çatmış Uşaqların Texniki Yaradıcılıq Mərkəzinin, "Kür" otelinin açılış mərasimində könül xoşluğu ilə iştirak etdi. Rayon mərkəzindəki XIX əsrin tarixi abidəsi olan "Cümə" məscidinin əsaslı surətdə yenidən təmir olunması ilə maraqlandı. Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisində oldu. Prezident burdakı işlərlə bağlı öz tövsiyyələrini, tapşırıqlarını da verməyi unutmadı.

   Nəhayət bütün salyanlıların gözlədiyi 10000 əhalini birləşdirən, 6 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 23,5 kilometr olan Kürsəngi-Yolüstü avtomobil yolunun açılışında iştirak etdi. Onu gözləyən ictimaiyyət nümayəndələri, yol işçiləri ilə səmimi söhbət edən prezident gələcək işlərdən danışmağı da unutmadı.

   Məhz ona görə regionlarda yaşayan insanlar onun gəlişini çox böyük səbrsizliklə gözləyir.

 

   Rayon rəqəmlərin dili ilə

 

   Salyan rayonu 2012-ci ilin birinci yarısında da bir sıra uğurlara imza atmışdır. Rayonda məhsul istehsalının həcmi 14 milyon 885 min manat artaraq 88 milyon 721 manat olmuşdur. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 faiz çoxdur.

   Sənaye məhsulunun həcmi 11 milyon 178 min manat, yəni 82,4 faiz artaraq 19 milyon 733 min manata çatmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı da 1 milyon 989 min manat çoxalaraq 40 milyon 974 min manata yüksəlmişdir.

   Salyan rayonunda aparılan tikinti-quraşdırma işlərinin miqyası da xeyli genişləndirilmiş, nəticədə bu rəqəm 2 milyon 219 min manata çatmışdır.

   Əsas kapitala hesablanmış investisiya 22 milyon 185 min manat olmuşdur.

   Rayonda işsizliyi aradan qaldırmaq üçün görülən tədbirlər öz nəticəsini vermişdir. Nəticədə 2012-ci ilin birinci yarısında rayonda 529 yeni yeri yaradılmışdır ki, bunun da 312-si daimi yeri hesab edilir.

   Rayon sakinlərinin sosial problemlərinin həlli istiqamətində "Ünvanlı sosial yardım haqqında" qanuna əsasən 2322 ailəyə, yəni 9925 nəfərə yardım edilir.

   Əhalinin sovetlər dövründən əmlak bankında qalmış pullarının alınması üçün bütün qabaqlayıcı tədbirlər görülmüşdür. Bu günə kimi "Kapital Bank"-ın rayon filialına müraciət etmiş 3500 nəfərdən 1500 nəfəri artıq öz istəklərinə nail olmuşdur. Bu proses uğurla davam etməkdədir.

 

   Abadlıq hər anın qayğısıdır

 

   Salyan rayonunda tikinti-abadlığa ayrıca fikir verilir. Rayonun bütün kəndlərində son illər aparılan bu işlər öz bəhrəsini verməkdədir. Bu ilin birinci yarısında təkcə Salyan şəhərindəki küçələrdə 20082 kvadrat metr üzlük daş döşənmişdir. Səkilərin kənarına 21452 metr müxtəlif formalı bardürlər düzülmüşdür. 640 metr uzunluğunda 1920 kvadrat metr ərazidə müasir görkəmli istinad divarları çəkilmişdir. Şəhərin mərkəzində yerləşən 11 kommunal evin fasadı, 37 ədəd çoxmərtəbəli yaşayış evinin dam örtüyü əsaslı təmir edilmişdir.

   Salyan şəhər küçələrinin asfaltlaşması da abadlığa göstərilən diqqətin tərkib hissəsidir. H.Əliyev, N.Nərimanov, Q.Səmədov, Ə.Qasımzadə, Y.Zərgərli, M.Ağazadə, T.Xəlilbəyli, Ə.Kürçaylı, Şəhriyar küçələrində 90400 kvadrat metr əraziyə asfalt döşənmişdir. Bu işlərin davamı kimi E.İmanov küçəsində 800 metr, A.Ağabəyli küçəsində 600 metr əraziyə yüksək keyfiyyətli asfalt basılmışdır. Arbatan kəndində isə bu işlərin miqyası 2800 metrdən çoxdur.

 

   Mavi qaz hər evdə olmalıdır

 

   Rayonun mavi qazla təmin olunması istiqamətində aparılan işlərin sürətlənməsi burda hər addımda hiss edilir. Şəhərin Ə.Hüseynzadə, H.Z.Tağıyev, Ağazadə, X.R.Ulutürk, Ə.Hüseynov, T.Xəlilbəyli küçələrində 381 metr uzunluğunda polietilen boru çəkilmişdir. 20 yanvar küçəsində isə köhnə qaz xətləri yeniləri ilə əvəzlənmişdir.

   Salyan şəhərini qazla təmin edən 159 millimetrlik orta təzyiqli daşıyıcı qaz kəmərinin Ə.Hüseynov, Ə.Zeynalov küçələrindən keçən hissələrinin yenidən qurulması məqsədi ilə yeni qaz borusu çəkilmişdir. Şəhəri ətraf kəndləri daha yaxşı mavi qazla təmin etmək üçün "Ələt-Astara" yolunun 62-ci kilometrliyində, Salyan şəhərinin girəcəyində yeni ölçü qovşağı inşa edilmişdir.

   İndi şəhərin İ.Quliyev, M.F.Axundov, C.Cabbarlı, Ə.Zeynalov, Ə.Quliyev, Aşıq Pənah küçələrini, Kürqaraqaşlı kəndini təbii qazla təmin edən "Salyan-Ə.Quliyev-20 Yanvar" xəttində 7700 metr uzunluğunda qaz kəmərinin yenidən qurulmasına başlanılmışdır.

   Rayonun Şəkərli, Qardili, Yenikənd kəndlərində orta aşağı təzyiqli daxili qaz xətlərinin yenidən çəkilməsi prosesi aparılır.

   Salyan şəhərinin Ə.Qasımzadə, T.Davudzadə, M.Ə.Rəsulzadə, H.Z.Tağıyev küçələrinə diametri 100 millimetr olan 1512 metr uzunluğunda orta təzyiqli. M.Ə.Sabir, E.İmanov, Y.Zərgərli küçələrinə diametri 159 millimetr olan 2927 metr uzunluğunda qaz xətti çəkilmişdir.

   Şəhərlə eyni vaxtda aparılan bu işlərin nəticəsində Çuxanlı kəndində 9300 metr, Arbatan kəndində 4400 metr qaz xətləri yenilənmişdir. Kənddaxili qaz xətlərinin ikitərəfli çəkilişi 32 kilometrə, yeni sayğacların quraşdırılması 600 ədədə çatdırılmışdır.

   Parça-Xələc, Seydan, Gəncəli, Piratman, Qarabağlı, Kərimbəyli kəndlərində sakinlərin mavi qaz problemi artıq həll edilmişdir.

  

 

   (Ardı var)

 

 

   Səxavət Məmmədli

 

   Ədalət.-2012.-1 sentyabr.-S.4.