Salyan bu günsabah

 

   (əvvəli ötən sayımızda)

 

   Su həyatdır

  

   Salyan rayonu yayı isti keçən bölgələrimizdəndir. Ona görə də son vaxtlar sakinlərin bu tələblərini lazımınca ödəmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Salyan şəhərinin 1 saylı sutəmizləyici stansiyasındakı üzən nasosxanada 2 ədəd su nasosu, gücü 37 kilovoltluq elektrik motoru təmir edilmişdir. Kanalizasiya nasosxanasonda 60 metr yüksək təzyiqli kabel, elektrik açarı, motor və nasosları təmin edən elektrik şkafı, Türkiyə istehsalı olan elektro motor-nasos quraşdırılaraq istehsalata buraxılmışdır. Xıdırlı kəndini içməli su ilə təmin etmək üçün "Atbulaq-Xıdırlı" su xəttinin 15 kilometr məsafəsinin 5 kilometrinə polietilen boru quraşdırılmış və bu davam etdirilir. İlham Əliyevin imzaladığı 20 iyun 2007-ci il tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamı Salyanda da uğurla həyata keçirilir. İndi artıq rayondakı 24 yaşayış məntəqəsində mobil tipli sutəmizləyici qurğular tikilərək sakinlərin istifadəsinə verilmişdir. İndi bu işlər rayonun Dayıkənd və Beştalı kəndində aparılır. Sutəmizləyici qurğuların tikintisi isə başa çatmaq üzrədir.

   24 yaşayış məntəqəsində quraşdırılmış sutəmizləyici qurğulardan bu gün 50 mindən çox kənd sakini istifadə edir. Bu isə rayonun qəsəbə və kəndlərində yaşayan insanların 57 faizi deməkdir.

   Salyanın başqa qəsəbə və kəndlərində də mobil tipli sutəmizləyicilərin qurulması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir. Çox güman ki, nazirlik salyanlıların bu istəklərinə yaxın vaxtlarda müsbət cavab verəcək.

   "Plastmass" yaşayış massivindəki kanalizasiya nasosxanasında yeni tipli 18 kilovoltluq elektrik motoru, elektrik şkafı, 30 metr kabel quraşdırılmışdır. Qalalı massivində 4 binanı əhatə edən kanalizasiya nasosxanasında yeni nasos quraşdırılmışdır.

   Şəhərin V.Talıblı, N.Babayev küçələrində əlavə kanalizasiya xətləri çəkilmişdir.

 

   Salyan böyük kənd təsərrüfatı rayonudur

 

   Ölkənin sayılıb-seçilən kənd təsərrüfatı rayonlarından biri də Salyandır. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində burda da bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

   2012-ci ilin payız məhsulu üçün rayonda 17407 hektar sahədə taxıl əkini aparılmışdır. 15330 taxıl sahəsindən 48533 ton taxıl istehsal edilmişdir. Məhsuldarlıq hər hektar üzrə 31,7 sentner olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2973 ton çoxdur. 

   Salyanda bu il cəmi əkililər 43369 hektar ərazini əhatə edir. Bu arxada qalan illə müqayisədə 500 hektar artıqdır.

   Maldarlığa xüsusi önəm verən salyanlılar bu sahədə də xeyli uğur qazanmışlar. Bu ilin birinci yarısında rayonda iribuynuzluların sayı 61906 başa, xırdabuynuzluların sayı 183306 başa çatdırımışdır. Ət istehsalında da rayon əməkçiləri xeyli irəliləyişə nail olmuşlar, yəni, 4098 ton məhsul istehsal etmişlər. Kənd təsərrüfatı ilə məşğul olanlar 334,5 ton yun əldə edə bilmişlər.

   Ölkə Prezidentinin respublikanın paytaxtında süni qiymət artımının qarşısını almaq və ərzaq bolluğu yaratmaq üçün verdiyi tapşırığa salyanlılar dərhal reaksiya vermişlər. Həftənin şənbə və bazar günləri bu rayonun zəhmətkeşləri Bakının Yasamal, Xətai, Nərimanov, Səbail rayonlarının kənd təsərrüfatı yarmarkalarına 25-30 ton müxtəlif adlı ərzaq göndərirlər.

   Salyanda kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər sırasında torpaqları meliorativ cəhətdən yaxşılaşdırmaq, bitkiləri suvarma suyu ilə vaxtında təmin etmək üçün 422,7 kilometr kollektor dren şəbəkəsi, 242,5 kilometr suvarma kanalları lildən təmizlənmişdir. 33 ədəd elektrik mühərriki, 25 ədəd nasos aqreqatı, 5 ədəd hidrotexniki qurğu əsaslı təmir edilmişdir.

 

   Qədim və müasir mədəniyyət

 

   Salyanın öz qədim və müasir mədəniyyəti ilə öyünməyə haqqı var. 2012-ci ilin 13 martında Prezident İlham Əliyev Salyan rayonuna səfəri zamanı burada tapılmış arxeoloji tapıntılarla tanış olandan sonra qərara alınmışdır ki, bu rayonun 2800 illiyi keçirilsin. Bu heç şübhəsiz, Salyanın qədim tarixindən, mədəniyyətindən xəbər verir.

   Salyan rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2012-ci il Salyan rayonunda "Kitabxana ili" elan edilmişdir. Bununla bağlı hazırlanmış tədbirlər planı Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir. Bu da salyanlıların kitaba, kitabxanaya olan münasibətinin bir hissəsidir. İndi rayon kitabxanalarında olan oxucu sayı 19800 nəfərdən çoxdur. Kitab fondu isə 518823 nüsxə təşkil edir.

   Bu ilin 6 ayı ərzində kitabxanalara 948 nüsxə kitab, 446 ədəd disk verilmişdir.

   Rayonda fəaliyyət göstərən "Mahirlər" ailə ansamblı, "Cəngi" xalq, "Hünər" sirk kollektivləri Novruz bayramında Bakı şəhərində keçirilmiş şənliklərdə uğurla çıxış etmişdir.

   Ölkə Prezidenti və xanımı Mehriban Əliyeva Dənizkənarı Parkda düzənlənmiş Şərq bazarında Salyan rayonunun təmsil olunduğu pavilyonla tanış olmuş və razı qalmışlar.

   Salyan rayonu 2012-ci ilin birinci yarısını beləcə uğurla arxada qoymuşdur. Yəqin ki, bu uğurların sayı hələ çox olacaq.

 

 

   Səxavət Məmmədli

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

  Ədalət.-2012.-4 sentyabr.-S.3.