VİLLİ
(VİLAYƏT OMAROV)
Villi ilə görüşüb
söhbətləşmək, yazacağım mənzərə
üçun müəyyən etüdlər toplamaq
çoxdanki istəyim idi. Yayın ən qizmar günlərinin
birində İncə Dərəsinə səfər etdim.
Artıq çox şeylə, elə
3-cü qurup Qarabağ əlili olmağıyla da barışmış
bu cəsur ürəkli insan Asdanbəyli kəndinin girəcəyində,
bir zaman əsgərləri üçün tikdirdiyi kazarmada
yaşayır. Özünə yurd yeri seçdiyi evinin
tikintisi başa çatmayıb hələ. Heç bir təmiri
olmayan bu evdə üç aslan balası- oğulları
Mehdini, Qabili, Adili böyütməklə məşğuldur,
İncə dərəsinin bu əfsanəvi igid balası...
Başı
qarışmışdı, məni görmürdü.
Görünür ovdan təzə qoyıtmışdı. Əlində
tutduğu iri, boz ilanı kötüyün üstündə
tikə-tikə doğrayıb yanında zəncirlədiyi nəhəng
qartalın qabağına atırdı. Acgözlüklə
tikələri udan qartal, uzun qanadlarını yanına
çırpır, sanki yerində rəqs edirdi.
- Bir zaman özün kimi əfsanələşmiş
"Gümüş" adlı avçarkandan sonra meylini
indi də qartala salmisan, deyəsən? - deyib məşğuliyyətindən
ayırdım.
- Dəmirçoğlu? - deyib ayağa
qalıxdı...
Artıq yay ayının od
püskürən hikkəsi səngimiş, yaz eşqiylə
torpağı-daşı dəlib çıxan al-əlvan
çiçəklər çoxdan solub getmiş,
bağların, baxçaların barı-bərəkəti dərilmiş,
ura yerləri bozaran bostanların qurumuş tağları, əsən
küləklərin uğultusu, gurlayan göylərin
bulana-bulana hönkürməsi, bahar ümidini itirib,
ağır-ağır sinəni döyən bir ürəyin əhvalını
xatırladırlar sanki payızın gəlişi aydınca
görünməkdədir:
PAYIZ ETÜD
Yenə tağlar quruyacaq,
Bostanın uca yerində.
Vaxtsız çiçəklər
bitəcək.
Torpağın yara yerində.
Bağ-bağatın
yaraşığı,
İlmə-ilmə söküləcək,
Ağaclərın
pıçıltısı,
Yarpaq-yarpaq töküləcək.
Yağışlar dimdikləyəcək,
Saralıb-solan
cığırı,
Kimsə tapa bilməyəcək,
Yarpaqla dolan cığırı.
Xəzəl olan xəyalları,
Küləklər alıb gedəcək,
Sonuncu yarpaqları da,
Budaqdan salıb gedəcək.
Qızıl güllərin
kolları,
Yaldız-yalqız üşüyəcək.
Yarıaçılmış
qönçənin,
Üstünə qırov
düşəcək.
O qönçə dərilib yenə
Bir evə qonaq gedəcək.
Güldanda gülümsəyərək,
Ölümə salam verəcək...
Əlbəttə ki, biz bu misralarla
möhtərəm oxucularımıza pessimist əhvali-ruhiyyə
aşılamaq niyyətində deyilik. Onsuz da xoş əhvali-ruhiyyə
də, ruh-əhval düşgünlüyü də hər kəsin
düşüncə və yaşam tərzi ilə
nizamlanır.
Vilayət Omarov (Villi) haqda
yazacağım yazı payız fəslinin qədəm
qoyruğu bir vaxta düşduyu üçün oxucularıma
sarılı, qırmızılı bir payız salamı
söyləyib, bu maraqlı insanın mənzərəsinə
başlamaq istəyirəm.
Ötən saylarda qələmə
aldığimiz "Uzun Allahverən" mənzərəsinin
birinci yazısından belə bir abzası təkrar nəzərinizə
çatdirmaq yerinə düşərdi:
"Çöllən kişi
aram-aram sözünə davam edərək Qarabağ
müharibəsindən, Villinin göstərdiyi şücaətlərindən
danışıb xüsusi olaraq vurğuladı ki, Villi də
Uzun Allahverənin qohumlarındandır. Atası anbardar Mədəd
Uzun Allahverənin bacısı Söylünun nəvəsidir."
"Ot kökü üstdə bitər"-
deyiblər. Aslan
südünü aslan balası əmib aslan ola
bilər ancaq.
Villinin Qarabağ
döyüşlərində göstərdiyi igidlikləri,
şücaəti olduğu kimi qələmə alsaq, bizim mənzərə
ölçümüzdən çıxıb, iri həcmli
bir əsər alınar. Mənim təqdim
etdiyim bu etüd parçası isə onun mənzərəsinə
azacıq işıq sala bilər, uzaqbaşı.
Todan əməliyyatı
O zaman idi ki, istər Qarabağda,
istərsə də digər bölgələrdə gedən
döyüşlərdə, qayda və qanunlar pozulur,
nizam-intizamsızlıq baş alıb gedirdi. Nizami
ordu hələ tam formalaşmamış, ayrı- ayrı
könüllü dəstələr yaranırdı.
Ural hərbi dairəsində xidmət
edib, orada hərbi ali təhsil almış
Vilayət Omarov 1990-cı ildə vətənə
qayıdır, elə o zamandan da Məhəmməd Əsədovun
komandanlığı altında fəaliyyət göstərən
"Omon" dəstəsində xidmətə
başlayır. Qarabağda gedən "Daşaltı",
"Kərkicahan", "Drınbon", Şuşa
və digər döyüş əməliyyatlarının
çoxunda iştirak etmiş, igidliyi, şücaəti ilə
dillərdə dastana çevrilmişdi...
Şuşa
uğrunda gedən döyüşlər uğursuz nəticələnmış,
artıq düşmənlər, Şuşanı işğal
etmişdilər. Öz dəstəsiylə
Şuşa-Laçın yolunu kəsib, bu yolla
Şuşanın əlaqəsini kəsmək əmri alan Villi qalın meşələrdən
keçib həmin yolu nəzarətdə saxlamalıydı.
Bu əməliyyatda
qanlı döyülər gedir, hər iki tərəf xeyli
itkiyə məruz qalır. Döyüşdən sonra
Villinin nə ölüm, nə də dirim xəbəri
çıxmır və itkin düşür...
Neçə gün idi
ölüm-dirim xəbıri məlum olmayan Villini itkin hesab edən
dəstə üzvlərinin üzü gülmür,
çoxu onu ölmüş hesab edirdilər...
Bir tərəfi qrad
mərmisiylə uçub-dağılmış qəsəbə
yeməkxanası çox zaman saqqalı könüllülərlə
dolu olar, bir çox döyüş əməliyyatları elə
oradaca hazırlanardı.
İçərisi
alaqaranlıq yeməkxananın qapısından keçib,
sağ küncdəki stola yaxınlaşan naməlum
döyüşçünün saqqal basmış
üzündən yorğunluq qarışıq qəzəb
yağırdı. O üstünün parçası
cırılmış stulu arxaya itələyib üstündə
oturdu. Əlində tutduğu selofan torbanı
divarın küncünə qoyub, çıynindən
çıxardığı avtomatı stolun sağ tərəfinə
söykədi. Yeməkxanada işləyən
ofisiant xanım demək olardı ki, bu ərazidəki
döyüşçülərin hamısını
tanıyırdı.
- Nə yeyəcəksiz,
qardaş"- deyib ofisiant xanım bu naməlum əsgəri xəyallarından
ayırdı.
-Nə
olsa. Amma bir az tez elə- deyıb, yenə
xəyala daldı.
Buğlanan xörəyi
acgözlüklə yeyib qurtardıqdan sonra xanımı
çağırdı:
-Xanım, bunları pul əvəzi
qəbul et, - deyib, küncə soykədiyi
torbanı xanıma uzatdı. Gənc xanım
torbanı açarkən bərkdən qışqırdı.
Selofan torba əlindən yerə
düşdü. Kənarda oturmuş
döyüşçülər səs gələ tərəfə
dönüb, ofisianta yaxınlaşdılar. Yerə səpələnmiş qulaqları gorüb
naməlum əsgəri mühasirəyə aldılar.
- Billi!!? Bu sənsən?- onu tanıyan dostlarının sevinclərinin
həddi-hüdudu yox idi...
Çaykənddə
gedən döyüşlər səngimək bilmir, erməni
yaraqlıları müqavimət göstərir, şiddətli
döyüşlər günü-gündən daha da
alovlanırdı. Villi xeyli vaxt idi ki,
öz dəstəsiylə bu ərazidə
döyüşürdü.
Atası Mədəd kişinin
qırxını verib, İncə dərəsindən geri
dönən Villi eşidir ki, o gedəndən sonra ermənilər
hücum edib onların postunu almış, Todan kəndinə
od vurub yandırmış, qanlı döyüşlərdə
dəstəsindən üç nəfər həlak
olmuşdu. Nofəlin ölüm xəbərini
eşidəndə beyninə qan sıçrayır. Sonra "Milli qəhrəman" adı ilə təltif
olunmuş Nofəl Quliyev onun ən sevimli
döyüşçüsü idi.
"Sənin qanını yerdə
qoymayacağam",- deyib başında
qurduğu əməliyyatı tezliklə həyata keçirməyə
tələsirdi.
Qışın
şaxtalı dekabr ayı idi. Ertəsi
gün özü ilə 4 nəfər
döyüşçü götürüb
yanıb-tüstülənən Todan kəndinə tərəf
üz tutdu. Planı Erkəc kəndindən
keçib, Todanın yuxarı hissəsində yerləşən
yuksəkliyi ələ keçirmək idi. Adam yaşamadığından kəndin həyət-bacası
yabanılaşmışdı. Erkəcin
yuxarı hissəsindən keçəndə gözü
telefon dirəyinə sataşdı. Telefon
xəttini dartıb qırdı ki, postla əlaqə kəsilsin.
Plan üzrə iki hissəyə bölünməli,
posta yaxınlaşarkən hər iki tərəfdən əl
qumbaralarını səngərin içinə atıb,
oradakıları məhv etməli, posta yiyələnməli
idilər. Bomboz, çılpoq təpənin
döşünə çatanda Villi iki nəfəri
ayırıb sağ tərəfdən posta
yaxınlaşmağı əmr edib, özü də qalan iki
nəfərlə sol cinahla dikdirin başına tərəf
yollandılar. Təpənin arxasından qəfil
çıxan silahlı erməni yaraqlısı düz onlara
tərəf gəlirdi. Başıasağı
gələn erməni onları hələ görmurdü.
Villi sağ cinahla gedən əsgərlərinə
baxıb onlara işarə etmək istədi. Amma
onlar geri baxmadan irəliləyirdilər. O,
yanındakı iki nəfərə işarə etdi ki, siz geri
dönün. Elə bu anda üzbəüz gələn
erməni onları görüb dayandı. Qalın
kürk geymiş saqqalı erməni bir ciynindən avtomat
aşırmış, digər çiynindən isə iki ədəd
qrantamyot asmışdı. Onları
görən erməni çaş- baş qalıb bir anlıq
dayandı. Ağlına gəlməzdi ki,
Azərbaycan yaraqlıları düz qərargahın yanına
qədər gələ bilərlər. Vılli nə
fikirləşdisə, əliylə erməniyə susmaq
işarəsi verdi. Sonra
aşağı, dərədək bulağa tərəf
düşməsini işarə edərək bulağa tərəf
qaçmağa başladı. Bu işdən baş
açmayan erməni havaya bir qatar güllə
atdı. Daha gözləməyin yeri deyildi.
Villi tez geri dönüb erməniyə atəş
açdı. Avtomatı əlindən
düşən erməni arxası üstə yerə
yıxıldı. Dərhal da qdlxıb post tərəfə
qaçmağa başladı. Villi ikinci güllə
ilə onu yerə sərdi. Uşaqlara
aşağı, kəndə tərəf qaçmağı əmr
etdi. Əks halda bu çılpaq təpədə
bir an içində onları dənləyəcəkdilər.
Özü isə erməniyə
yaxınlaşdı. Arxası üstə
uzanmış erməni lal baxışlarla ona baxırdı.
"Bu da sənin qanın, Nofəl qardaşım." deyib,
bir qatar gülləni onun qarnına
doldurdu.Erməninin silahlarını götürüb,
uşaqların arxasıyca özünü meşəyə
saldı. Artıq ermənilər onları
görmüşdü. Yaxşı ki,
atılan güllələrin heç biri onlara dəymədi.
Özlərini ilk evin divarının arxasına
verdilər. Gözlənilmədən sol tərəfdən
onları atəşə tutdular. Divarın
arxasında gizlənmiş Villi sərrast atəşlə erməninin
birini vurdu. Ağzıüstə uzanmış digər
erməni pulemyotla onları fasiləsiz atəşə tutdu:
-Uşaqlar, mən onu atəşə
tutacam, həmin anda özünüzü meşənin
qalınlığına verin. Sonra siz onu atəşə tutun
ki, mən də buradan çıxa bilim, -deyib pulemyotatanı
atəşə tutdu. Özlərini meşəyə
verən əsgərlər də eyni halı təkrar etdilər
və qısa zamanda kənddən uzaqlaşıb, dik
yuxarı öz qərargahlarına tərəf getdilər.
Yola çıxanda Milli ordunun BTR-ləri erməni
tərəfə atırldılar. Villi atanlara
yaxılaşıb:
- Hədər yerə niyə
atırsınız?- deyə soruşanda
dedilər ki, orada 4 nəfər
döyüşçümüz mühasirədədi.
Villi gülümsəyərək:
- O biz idik, - deyir.
Elə həmin
gün axşam Ermənistandan yayımlanan radio efirindən xəbər
verildi ki, Azərbaycan yaraqlıları Todana hücum edib, bir
dinc sakini, bir erməni əsgərini öldürüblər.
Ölənin birinin Asqa Aqanesyan olduğunu bilən
kənd sakinləri Villiyə əhsən deyərək həmin
erməninin Qonşu kənddə sovxoz direktoru olduğunu
söyləyirlər. Onun buütun erməni
yaraqlılarını maliyyələşdirən qəddar
bir quldur, qaniçən bir cani olduğunu da əlavə edirlər...
***
Villi sözün həqiqi
mənasında həmin illərdə göstərdiyi
şücaətlərlə əfsanələşmiş,
haqqında dillərdə əfsanəvi rəvayətləri
dolaşan qəhrəmanlardan birinə çevrilmişdi.
Qarabağ, Caykənd
və digər döyüş bölgələrində
misilsiz igidliklər göstərmiş Vilayət Omarov Qazaxda
üç batalyona komandan təyin olunur. Bir
yanı Avey, Daş Salahlı, bir yanı Şıxlı,
Babakər, bir yanı isə İncə Dərəsi sərhədləri
boynca onun komandanlığı altında müdafiə
olunurdu.
Villinin yaratdığı 19 nəfərdən
ibarət xüsusi kəşfiyyat dəstəsi isdər
"qulaq", istərsə də girov gərək olduğu
zaman dərhal əməliyyatlar edər, bütün
tapşırıqları uğurla həyata keçirərdilər.
Bir gün İncə
dərəsində biçin zamanı ermənilər bizim
posta hücum edib, postda dayanan Məcid Yaqubovu girov
götürmək istəyirlər. Uzun
Allahverənin nəvəsi Məcid sayıqlıq göstərir,
ermənilərlə atışma başlayır.
Villi komandan kimi həmin
döyüşdə ön sırada
döyüşürdü.
Ancaq bu döyüşdə qəfil
güllə onu da haqladı. Açılan güllə sol əlinin
biləyindən keçib, sinəsinə dəyir.
Körpücük sümüyünü sındıraraq
ağ ciyərindən keçir, üç
qabırğasını sındırıb kürəyinin
arxa tərəfindən çıxır. Villinin
yaralanması nə qədər ağır olsa da
döyüşçülər ruhdan düşməyir,
düşmənə ağır itkilər verərək geri
otuzdururlar...
Qartalını yemləyən Villiyə son olaraq bir sual
vermişdim:
- Ən böyük
arzunu bilmək olarmı?
- Arzum əmələ gələndimi
ki? deyib susmuşdu.
Möhtərəm oxucular, gələn
sayımızda şair, publisist Rasim Mustafaoğlunun Villi haqda
qələmə aldığı "MAHALIMIZIN İGİD
OĞLU" yazısı ilə də sizləri tanış edəcəyik.
Məmməd
Dəmirçioğlunun
Ədalət.-2012.-1
sentyabr.-S.8.