AZƏRBAYCANLI
GƏNC FİRUDİN KRIMDA "İLİN ADAMI"DIR
Firudin Orucov ilk Azərbaycanlıdır
ki, Ukrayna Respublikasının Krım vilayətində - iri bir
regionda, çoxlu digər millətlərin nümayəndələrinin
də sığındığı kurort bölgəsində
bu fəxri ada layiq görülüb. Yox, bu gənc
soydaşımız elə də yaşlı deyil, 1990-cı
ilin 31 yanvarında Şəmkirin Təzəkənd adlı
yaşayış məskənində anadan olub, vur-tut iyirmi
iki yaşın içindədir, hələ bütün
parlaq gələcəyi qabaqdadır. Krımda "İlin
adamı" adını millətlərin bilik-bacarıq,
intellekt, iş təcrübəsi yarışmasında, Yalta
şəhərində gərgin fəaliyyəti, ağlı
sayəsində qazanıb.
Firudin kimi hərtərəfli gənclərin
həyatı təkcə xarici ölkələrdə
yaşayan cavan həmvətənlərimizə deyil, eyni
zamanda Azərbaycanda qurub-yaradan yaşıdlarına da bir nümunə
və örnəkdir. Ona görə, tərcümeyi-halının
geniş verilməsinə, fəaliyyətinin
işıqlandırılmasına ehtiyac var. Məşhur yunan
müdriklərindən biri deyir ki, insan həmişə həyatın
bütün qovğalarına hazır olmalıdır. Firudinin
atası Əli müəllim vətəndə çox
sınaqlara düşdü. Lazım gələndə çətin
illərdə silah götürüb torpağının
müdafiəsinə qalxanlara da qoşuldu, dinc həyatda da zəhmətin
dadını gördü. Artıq hərc-mərclik,
ölkəni bürüyən xaos onu təngə gətirmək üzrəydi.
Heydər Əliyevin hakimiyyətə gəlişi, pozuq silahlı qüvvələrin ram edilməsi isə dinc quruculuğa başlamaq demək
idi. Əli Orucov o günlərdən söhbət düşərkən
dedi:
- Heç Vətən dəyişmək
fikrində deyildim. Çünki mən doğma Şəmkirimə,
ata-baba yurduma, böyük Azərbaycanıma bütün
varlığım qədər bağlıyam. Daimi gedib-gəlir,
telefon əlaqələri saxlayır, qohum-əqrəbayla,
tanış-bilişlə hal-əhval tutur, ölkəmizin
ictimai-siyasi vəziyyəti ilə ciddi maraqlanıram.
Qardaşım Zahid Simferopolda Dövlət qulluğunda
çalışırdı, o, bir gün "gəl
Krıma, uşaqları da gətir, havanızı dəyişib
gedərsiz" çağırışı ilə bizi ailəvi
evinə qonaq dəvət elədi. İnanın, bu yerlər mənə
o qədər doğma gəldi, uzun müddət unuda bilmədim.
1994-cü ildə köç-külfətimi
götürüb qədim Krım türklərinin
paytaxtına - Simferopola köçdüm. Onda Firudinin dörd
yaşı vardı. Mən ali hüquq təhsili aldım,
münasib işlə təmin olundum, Azərbaycan diaspor təşkilatının
fəallarına qoşuldum. Özüm də, oğlum da Azərbaycan
Konqresinin Krımdakı təşkilatının ən fəallarındanıq.
Ancaq mən daha çox biznes fəaliyyəti ilə məşğulam,
Firudinin ictimai-siyasi fəallığına isə indi hamı
həsəd aparır.
Lap erkən yaşından
yazıb-oxumağı öyrənən balaca Firudin ailənin
sevimlisiydi. Olduqca diribaş, görüb-götürən təsiri
bağışlayan uşaq zəkası ilə hamını
heyran qoyurdu. Orta məktəb illərində - 4 və 38
saylı məktəblərdə təhsil alarkən eyni vaxtda
bir neçə dil mənimsədi: ingilis, rus, ukrayn, türk,
Azərbaycan dillərini mükəmməl öyrənməklə
dərs əlaçısı kimi də tanındı,
müxtəlif olimpiadaların qalibi adını qazandı, erkən
attestat alıb Tavriya Milli Universitetinin hüquq fakültəsinin
dekanı, məşhur alim-pedaqoq Haluk Kaba Əlioğunun
şəxsi tərcüməçisi funksiyasını yerinə
yetirməyə başladı. Türkiyədə təcrübə
mübadiləsində özünü yaxşı tərəfdən
göstərdi.
Universiteti mükəmməl surətdə
başa vuran gənc həmyerlimiz işsiz qalmadı. Müxtəlif
təşkilat və şirkətlər ona "elçi"
düşdü. Onların sırasında dövlətyönlü
müəssisələr də var idi, özəltipli müəssisə
və təşkilatlar da. Lakin ailə Firudini hələlik kənara
buraxmaq istəmədi və o, Simferopolda yerli bələdiyyə orqanlarında
çalışdı, daha doğrusu, təşkilatın qanunsuz
tikililər üzrə hüquq müdafiəçisi
oldu, cəmiyyətdə tanındı. Və
bir gün hiss elədi ki, bu vəzifə onun bütün imkanlarının tam açılması üçün
dardı...
Firudinə xeyli yeni təkliflər
gəldi, seçim qarşısında qaldı və birdən-birə
Yalta variantına üstünlük verdi. Bu haqda qənaətləri
belədir:
- Yaltada - Qara dənzin lap ləpədöyənində
"Qaranquş yuvası" adlı qəsr-malikanə var. Sahildə
sərt qayalıqların üstündədir. Təxminən
yüz il öncə, 1912-ci ildə orda tarixi mədəniyyət
muzeyi tikilib. İndiyəcən fəaliyyət göstərir.
1927-ci ildə ehtiyatsızlıq ucundan
uçulub-dağılıb. 1967-ci ildə isə təzədən
bərpa olunub. Tamamilə yeni üslubda inşa olunan bu təbii
muzey "Krımın vizit kartı" adlanır, turistlərin
ən çox bəyəndikləri, seyr etdikləri mini-ərazidir.
İndi mən muzeydə direktor müaviniyəm.
Yalta qayalıqlar arasında
salınan möhtəşəm tarixi şəhərdir.
Aşağı hissəsini Qara dənizin göy suları
müşayiət edir, yuxarıdan isə vəhşi təbiət
bütün yaşıl görkəmi ilə insanlara meydan açıb.
Meyvə və meşə ağacları hündürmərtəbəli
binalarla boyaboydur, qranit daşların arasından
fışqıran dağ çeşmələr baxanları
valeh etməyə bilmir. Yalta şəhərinin hər tini,
küçəsi, döngəsi gözəldir, həmyerlimizin
çalışdığı "Qaranquş yuvası"
isə həqiqətən möcüzəvi yerdir. Muzeyə
yaxın və uzaq ölkələrdən hər gün 5-6, bəzən
7-8 min adam axışıb gəlir.
Muzeyin kiçik kollektivi var. Bələdçilər göz
açmağa imkan
tapmırlar. Çünki giriş
pulludur: yaşlılar içəri
keçmək üçün 30 Ukrayna qrivini, uşaqlar isə 10 qrivin ödəməlidirlər.
"Qaranquş yuvası"nda tez-tez mədəniyyət istiqamətli tədbirlər
həyata keçirilir, sərgilər təşkil
olunur. Bu yaxınlarda hamının marağına səbəb
olan rəssamlıq sərgisində dünya şöhrətli qrafika
və mənzərə ustalarının - Şişkinin,
Levitanın, Paleanovun, Alesovun,
Savçasovun, Maqdesinanın əsərlərinin
nümayişi hər kəsin xoşuna gəlib. Bunu
rəy və təkliflər kitabında yazılan səmimi
ürək sözləri də təsdiq edir.
Bu kimi işlərin baş ifaçısı və təşkilatçısı
isə soydaşımız Firudindir.
Bəs Firudin Orucov Krımda ötən
il "İlin adamı" adını necə qazanıb? Krım
Azərbaycanlıları Konqresinin sədri Rəhim Hümbətovun
söylədiklərindən: "Firudin həmişə bizim
başımızı ucaldıb. Tələbəlik
dövründə də, indi də. O, böyük gələcəyə
və potensiala malikdir. Sadəcə onun arxasında durmaq, ona dəstək
olmaq gərəkdir ki, bütün potensialı üzə
çıxsın. Bizim bölgədə bədnam millətin
nümayəndələri də az deyil, biri Firudinin məntiqinin
qabağında danışa bilmir. Krımda seçilmək
asan gəlməsin. Firudin zehni, ağlı, fərasəti sayəsində
qalib gəlib. Ötən ilin yayında Yalta şəhər rəhbərliyi
"Sağlam həyat tərzi" devizi altında tədbir
keçirmək üçün xüsusi layihə irəli
sürüb. Firudingildən başqa mərasimə
"Redbulk" şirkəti də qatılıb. Layihəni
yekdilliklə Firudin və onun komandası udub. Onu da deyək ki,
"Sağlam həyat tərzi" çərçivəsində
suyatullanma yarışında neçə-neçə xarici
ölkənin nümayəndəsi iştirak edib. Rusiya qalib
olub. Yarışı 27 mindən çox tamaşaçı
izləyib, 150 teleşirkət verilən idman mərasimini
canlı yayımlayıb. Tamaşaçıların sayı
o qədər çox olub ki, hətta yarışı gəmilərdən
və qayalıqlardan da seyr ediblər. Bax, bu layihəni
uğurla həyata keçirdiyinə görə Firudin Əli
oğlu mükafatlandırılıb. Krımda ilk Azərbaycanlı
kimi tarixə düşüb, "İlin adamı"
nominasiyasında hamını geridə qoyub, birincilik
qazanıb.
Yeri gəlmişkən, Firudinin
bacısı Nərmin Tibb Universitetinin tələbəsidir,
qardaşının bütün uğurlarına ürəkdən
sevinir. Ataları Əli Orucov Krım Azərbaycanlıları
Konqresi sədrinin müavinidir. Özünün "Süfrəm"
adlandırdığı restoran-əyləncə mərkəzində
həmişə qonaq-qaraya halal süfrə açır,
türkçülüyü, turançılığı,
Azərbaycançılığı təbliğ edir.
Ədalət.-2012.-1
sentyabr.-S.6.