Svetlana
Quliyevanın "Dalğa" romanı
Diqqətdən
kənarda qalan roman
2010-cu ildə "Qanun" nəşriyyatı
Svetlana Quliyevanın "Dalğa" romanını nəşr
edərək oxuculara təqdim edib. Bu romana qədər
müəllif oxuculara hekayələri və esseləri ilə
tanış idi. Svetlana
1983-cü ildə Qazı Məmməd şəhərində
anadan olub. İxtisasca roman-german dilləri
üzrə filoloq, eyni zamanda İngiltərə və Amerika ədəbiyyatı
üzrə mütəxəsisdir. Ara-sıra
hekayələri və esseləri ilə ədəbi portallarda
çap olunsa da, ədəbi kluarlarda bir o qədər də
populyar imza hesab olunmur.
Bunun əsas səbəbi
isə məncə müəllifin publisistikadan, müzakirələrdən
uzaq olmasıdır. Romanın
çapından sonra da, müəllif yetərincə ədəbi
mühitdə tanınmadı. Düşünürəm
ki, müəllif özü buna cəhd etmədiyi
üçün, imzasının tanınmasına qətiyyən
cəhd etmir. Aktual bir mövzunu gündəmə
gətirsə də S. Quliyeva yazıçı kimi
özünü ədəbi camiaya kifayət qədər təqdim
etmək cəhdində olmaması, əsərin və müəllifin
gündəmdə olmaması ilə nəticələnib.
Əsərin çaöından sonra sonra bir
neçə internet portallarında sadəcə romanın
çap olunması ilə bağlı xəbərlərə
rast gəlsəm də, müəllifin özü və əsəri
haqqında heç bir təqdimat xarakterli yazıyla
rastlaşmamışam. Bildiyim qədər
romanın çapından sonra müəllif yalnız bir
müsahibə verib. Şəxsi qənaətimə
görə S. Quliyeva ədəbi mühitdən uzaqda
qalmağı seçdiyi üçün əsərin təbliğatı
da yetərincə aparılmayıb. Roman
haqqında yalnız şair Qismətin "Xoş gəldin,
XXI əsr" adlı məruzəsində ötəri bir
fikir səsləndirilir. Son illər ədəbiyyatımızda
yazılan çoxsaylı romanlar içərisində
"Dalğa" romanının xüsusi yerinin olduğu qənaətindəyəm.
Keçən il Milli Kitab
Mükafatının ekspertlərinin diqqətini çəkən
əsər MKM-in "iyirmiliyinə" düşməyi də
bacarıb.
Psixoloji roman həvəskarları üçün
"Dalğa"
"Dalğa" romanı cəmiyyətin
təbəddülatları içərisində qəribə
yaşantıları ilə özünü tapa bilməyən
(müəyyən mənada özünə yer tapa bilməyən)
ali təhsilli, fiziki qüsurlu bir gəncin
həyatından bəhs edir. Romanın adı ilə
bağlı müəllif müsahibəsində
aşağıdakı fikirləri səsləndirir, "Romanımı
bitərənə yaxın onun "Dalğa"
olacağına qərar verdim. Bu ad
öz-özünə romanın mətnindən
çıxdı. Dalğa - mənim
romanımda bir növ "tale" mənasında işlənib.
Əsər 30 aprel
2009-cu ildə ADNA-da törədilən terror aktı zamanı
həyatını itirənlərin xatirəsinə həsr
olunub. Əsər ADNA-da baş verən dəhşətli
hadisəyə həsr olunmuş ilk, ciddi və irihəcmli əsərdir.
Qəhrəmanın ətrafındakı
insanlarla qəliz münasibətləri, istəkləri
uğrunda mübarizə aparmamağı, ruhdan
düşmüş, sakit və maraqsız həyat tərzi
dövrümüzün gəncliyininin böyük bir qismini
simvolizə edir. Baş qəhrəmanın
simasında cəmiyyətimizdə bu gün çox
böyük vüsət almış boşanma hadisələrinin
övladlara təsiri və bunun nəticəsində müəyyən
problemlər yaşayan insanların cəmiyyətdə
özünə yer tapa bilməməsi, özünə inamsızlığı,
qərarsızlığı və passivliyi göstərilib.
Əsərdə valideyn-övlad, əsasən də,
ana-oğul konflikti ortaya qoyulub. "Dalğa"
psixoloji romandır.
İctimai-siyasi proselərə ironik münasibət
Romanın ideyası
və psixoloji qatı onun dilini qətiyyən ağırlaşdırmır,
əksinə dilin səlistliyi və
axıcılığı romanı birnəfəsə
oxumağa imkan verir. Əsərdəki
dialoqlar, müəllifin müdaxiləsi, qəhrəmanın
mülahizələri və monoloqları çox sadə və
səlist dillə yazılıb. Romanın
əsas qəhrəmanı psixoloji sarsıntılar məngənəsində
sıxılan gənc bir oğlandır və o valideyinləri
ayrıldıqdan sonra getdikcə asosial bir insana çevrilərək
cəmiyyətdən uzaqlaşır. Onun bəlli
çevrəsi və bəlli yaşam kuralları var.
Mütaliəni sevən qəhrəmanımız tək
yaşamağa və insanlarla ünsiyyətdən
qaçmağa üstünlük verir. Sevdiyi
qızla ilk rastlaşdıqları andan onu təqib etməyə,
onun haqqında düşünməyə başlayır.
Hərdən dəniz kənarına gəlib
dalğaları insanlarla müqayisə etməyə
çalışdığı anlarda, monoloqlarda əsərin
poetik qatı açılır. Duyğusal,
romantik bir mənzərə canlanır oxucunun gözləri
qarşısında. Hətta Şəhidlər
Xiyabanına tez-tez gedən və bura gəldiyinin əsil səbəbini
bilməyən qəhrəmanımızın
düşüncələrində güclü romantika hiss
olunur. Qəhrəmanın yeganə dostu
İmranla olan münasibətləri olduqca maraqlıdır.
İmran olduqca istiqanlı və maraqlı
insandır. ADNA-da müəllimdir və
çoxlu sayda dostları var. Qəhrəmanımızın
isə yeganə dostu olan İmranla münasibətləri də
çox soyuqdur. Romanın əsas
mövzusu bir gəncin qapalı dünyasına işıq
tutmaqdan ibarət olsa da ara-sıra ictimai siyasi məsələlərə
də münasibət bildirilir. Ümumilikdə
terror əleyhinə yazılan bu əsərdə 20 yanvar hadisəsəsinə,
Qarabağ probleminə, cəmiyyətin müxtəlif problemləri
haqqında gənc qəhrəman maraqlı mülahizələr
yürüdür. Müəllif qəhrəmanını
günümüzün gəncliyinin fövqündə, daha
çox intellektual göstərməyə
çalışsada qəhrəmanımı ictimai proseslərə,
dünyada baş verənlərə biganə, qəzetdən
və internetdən uzaq, özününü hamıdan
ağıllı hesab edən gəncləri xatırladır.
Müxalifətin keçirdiyi mitinqə,
dünyada baş verən siyasi proseslərə standart,
çayxanalarda danışılan qeybətlərsayağı
münasibət bildirir. Qəhrəmanın
dilindən yazılan bu cümlə, şəxsən bir oxucu
kimi məni pərişan edir. "...Zibil qutusu yoxdur? Qəzeti
atardım..."
Qərarsız,
yorğun və xəstə qəhrəman
Cəmiyyətdən
qaçdıqca, özünə qapandıqca onun problemləri
artır. Sevdiyi qıza
yaxınlaşmağa, ona sevgisini bildirməyə kompleksləri
imkan vermir. Dostsuzluq, anası ilə dil tapa
bilməməsi qəhrəmanımızın psixoloji durumunu
daha da gərginləşdirir. O çox soyuqqanlı, adamayovuşmaz
bir insan kimi hamıdan uzaqlaşır. Azadlıq,
ailədaxili münasibətlər haqqında maraqlı
mükalimələrini müəllif məhz qəhrəmanın
dili ilə çatdırmağa nail olur. Anası
ilə dil tapmaqda çətinlik çəkən, tənhalığa
çəkilən qəhrəman atasının onları tərk
edib getməsini normal qarşılayır. Anasının
xarakterini heç cür həzm edə bilməyən qəhrəman
onun həyatında olmasından narazıdır. "Anam... bəlkə də, atamın əvəzinə
anam bizi tərk edib getsəydi daha yaxşı olardı."
Atasının xatirələri
onu məşğul etsə də, onun gedişinə şəxsi
azadlıq baxımından haqq qazandırsa da hiss olunur ki,
atasını da sevmir. Onun vəfatını
sakit qarşılayıb, atasının ikinci
xanımının, övladlarının
görüşünə də çox soyuqqanlılıqla
gedir. Müəllif məhz bu səhnəni
çox ustalıqla təsvir edir. Müasir
cəmiyyətdə itgilərin və ölümlərin adiləşdiyini
oxucu asanlıqla bu səhnədə dərk edir. Qardaşı və bacısı ilə
tanışlıq, qardaşı Eminin onun həyatına daxil
olmağa cəhd etməsi onu narahat edir. "Emin
yaxşı uşaqdır, nahaq yerə, bu qədər
yaxınlaşırıq, bir-birimizdən qopmaq çətin
olacaq." İnsanlarla ünsiyyət hər
mənada onun üçün maraqsızdır.
Sevdiyi qızı
daim izləməyə çalışır. Çünki onun yeganə çıxış yolu
sevgidir. Hətta soyuq havalarda
yağışda islanıb ölümcül xəstələnmək
də ona mane olmur. O sevginin verdiyi əzablardan zövq
alır. ADNA-nın bufetində çalışan oğlanla
dostlaşması, özünə həmfikir tapması onu bir az cürətləndirsə də çox tez
yorulur və qızı izləməməyə qərar verir.
Uzun sürən daxili
çırpınışlar, qəhrəmanın yol aramaq cəhdləri,
mübarizəsiz və eyni rəngi həyata qarşı
savaşmadan məğlubiyyət...
Qəhrəman komplekslərindən
xilas ola bilmir. O qərarsızdır...O
yorğundur...O xəstədir...
Anası onu tanıdığı
bir qızla tanış eləməyə
cəhd edir, onun cəmiyyətə qaynayıb
qarışmasına çalışsa da heç nəyə
nail ola bilmir. O, tanımadığı, bir kəlmə belə
söhbət etmədiyi tələbə qızı sevir. Əvvəllər görməklə təsəlli
tapdığı qızdan uzaqlaşmağı, onu görməkdən
belə imtina etməyi, maraqsız həyatına davam etməyi
sınaqdan çıxarır. Həyat əvvəlki
sönüklüyü ilə davam edir. Qəhrəmanın
özünün də dediyi kimi: "Bax beləcə
yaşayırdım, buna yaşamaq demək olarsa..."
30
aprelə planlaşdırılan sevgi etirafı
Bu qarşılıqsız, bir az da qeyri-adi deyilə biləcək sevgi qəhrəmanın
depressiyasına səbəb olur. Bir ay boyunca
depressiya, bütün günü tənhalığa çəkilərək,
özünün də dediyi kimi "narkoman" kimi mütaliə
eləməklə təskinlik tapmağa çalışsa da
qarmaqarışıq yuxular onu rahat buraxmır. Dostu İmran, yaxın qohumu, uşaqlıq dostu Zəhra
onu cəsarətləndirməyə, depressiyadan
çıxarmağa nail olurlar. O nəhayət sevdiyi
qızı izləməyə davam etmək qərarına gəlir
və bütün bunlar isə özünün də dediyi
kimi "Cəmisi on yeddi gün çəkəcəkdi. Bir
birinə bənzəyən, biri obirisindən irəli
qaçaraq bitməyə tələsən on yeddi
gün..."
On yeddi gün ona cəsarətinin
artığını düşünməyə əsas
verir. Cəsarətli olduğunu
öz-özünə sübut etmək üçün
anasının yanına gəlib ürəyindəkiləri
anasına danışmaq qərarına gəlir. Sevdiyi qız barədə anasına
danışması oxucu üçün də müəyyən
qaranlıq məqamları işıqlandırır. Əsər boyunca müəyyən məqamlarda qəhrəmanın
anasına haqq qazandıran oxucu üçün bu məqamda
bütün münasibətlər, qəhrəmanın
anasına qarşı soyuq davranışı
aydınlaşır. Əsərin bu yerində
qəhrəman anasını oxucudan daha yaxşı
tanıdığını sübut edir. Ana
öz fiziki qüsurlu, psixoloji problemli oğlunun sevgisinə
sevinmək əvəzinə hiddətlənir. "Nəyə görə məndən icazə
almamış gedib kimisə sevirsən?" Anasının davranışı onu yenidən cəsarətsizləşdirir.
Yenidən məşəqqətli günlər
başlayır. O ürəyini sevgilisinə aça
bilmir.
Gün keçdikcə
sevgisini etiraf etmək təlabatı daha da güclənir, o
bir an öncə etiraf edib bu əzabdan qurtulmaq istəyir.
Hətta sevgisini etiraf etmək üçün
gün də müəyyən edir. Dostu İmrana 30 aprel
günü sevgisini etiraf edəcəyini bildirir...O bu günə
xüsusi həvəslə və coşquyla hazırlaşır...
...Və
hər şey alt-üst olur
"Yuxuya gec getdiyim
üçün səhər İmran mənə zəng edəndə
mən hələ də bərk yatırdım. İmranın mənə telefonla dedikləri məni
təkcə yuxudan deyil, xəyallarımdan, arzularımdan
ayıltdı. Hər şeyin ani
olmasını mənə xatırlatdı. Heç nəyin bizim əlimizdə
olmadığını xatırlatdı. Bir gün
öncə çətinliklə verdiyim qərarın mənasız
olduğunu ürək ağrısı ilə dərk
etdim..."
Sevgilisinin terror
qurbanı olması onun səhhətində ciddi problemlər
yaratsa da bu onun həyatında dönüş yaradır.
Onun tərəddüdləri, kompleksləri və
təbəddülatları da bitir. Gözlənilmədən
o toparlanmağı, çətin günləri geridə
buraxmağı bacarır. "...həkimin dediyinə
görə ağır psixoloji travma almışdım. Həkim
iddia edirdi ki, bu cür vəziyyət bir neçə ay, hətta
bir il də sürə bilər. Həkim yanılırdı. Mənən
necə güclü olduğumu ilk növbədə
özümə sübut etdim."
Əsərdəki
digər obrazlar
Əsərdə diqqət çəkən,
üzərində xüsusilə dayanmaq istədiyim iki qəhrəman
var. Əsərin əsas qəhrəmanından sonra bu iki qəhrəman
əsərdə bəlkə də ən uğurlu
tapıntıdır. Qəhrəmanın evini təmizləyən,
yeməyini bişirən, qayğısına qalan, anasından
daha doğma olan əsil zəhmətkeş qadın-Sevil xala əsərə
fərqli bir kalorit qatır. Sevil xala özəlliklə də
qəhrəmanla münasibətlərində çox səmimi
bir Azərbaycan qadınıdır. İkinci ən çox
diqqətçəkən obraz Tiqran adını Tahir adı
ilə əvəz etmiş qəhrəmanın qonşusudur.
Tahirlə (Tiqran) qəhrəmanın söhbəti, onun necə
Azərbaycan vətəndaşı olması məqamı
çox maraqlıdır. Müəllif bəlkədə
düşünmədən Qafqazlıların bütün sahələrdə
və bütün məqamlarda oxşarlığını
Tahirin dilindən çatdırır.
"Dalğa" romanında
müəllifin təcrübəsizliyi hiss olunsa da əsər
oxucunu öz arxasınca çəkib aparmağı
bacarır. Müəllifin yaratdığı poetik dil, qəhrəmanın
duyğusallığı romanın kaloritini artırır.
"...yuxuya gedə bilməyən dənizi fırça ilə,
ucu dəniz kimi yaşımtıl-mavi rəngli fırça
ilə kağız üzərində çəkmək istəyirəm".
Cəlil
Cavanşir
Ədalət.-2012.-4
sentyabr.-S.4.