Lerik - təbiətlə yeniliyin
sintezi
Lənkərandan Lerikə uzanan
yeganə avtomobil yolunda hələ qələbəlikdir.
Vazarı çayı boyunca sıralanan istirahət mərkəzlərində
dincələnlərin, sərin dağ havası ilə
baş-başa qalanların sayı burda kifayət qədərdir.
Aşağıların bürkülü istisindən bir
neçə saatlığa dağlara, quru və sərin
iqlimi olan Lerikə üz tutan insanlara da burda tez-tez rast gəlmək
olur.
Yaşıllıqlarla əhatə
olunmasına baxmayaraq Lənkəran-Lerik magistral avtomobil yolunun
kənarlarına son vaxtlar on min ədəddən çox
müxtəlif növ ağac əkilmişdir. Rayon meşə
mühafizəsi və bərpası idarəsi tərəfindən
bu işlərə dəstək təbii olaraq daha
böyükdür.
"Meşəbəyi",
"Qala", "Təbəssüm", "Relax",
"Həyat" və başqa istirahət mərkəzlərinə
təşrif gətirənlərin böyük əksəriyyəti
ölkə əhalisi olsa da, son vaxtlar bura Rusiyadan, Türkiyədən,
Almaniyadan, İrandan və başqa ölkələrdən gələnlərin
sayı xeyli çoxalıb. Burada yaradılmış şəraitin
yüksək olması nəticəsində turizm-əyləncə
mərkəzlərinə gələnlərin sayı 2011-ci
ildə 9724 nəfərə çatmışdır.
2003-cü ildə isə bu rəqəm cəmi 800 olub. 2012-ci
ilin ilk yarısında bu istirahət mərkəzlərində
dincələnlərin sayı 3734 nəfəri
ötmüşdür.
Rayon mərkəzinə 10-12
kilometr qalmış XVI əsrin yadigarı olan "Bobogil"
türbəsi yerləşir. Son illər təmir olunduqdan
sonra daha yaxşı şəraiti olan bu ziyarətgaha ölkənin
hər yerindən hər gün müsafirlər gəlir.
Ümidlilər ümidsiz qayıtmır, nəzir-niyazları
nazil olur. Əsas odur ki, Lerikə gələnlər ruhən
dincəlməklə bərabər bir rahatlıq duyğusu ilə
də yaşayırlar.
Ömür bitər yol bitməz...
Yollara bənzədilən
ömürlər də elə bu yollar kimi
enişli-yoxuşludur. Enəndə də, yoxuşu
çıxanda da ömrün günlərindən xərclədiyimiz
anlar nə vaxtsa sona yetir. Yollarsa
bitib-tükənmir və yeni yolçular gözləyir.
Lənkəran-Lerik avtomobil yolunun
uzunluğu 56 kilometrdir.
Bir neçə il əvvəl
keçilməz olan bu magistral yol
indi başdan-başa asfaltlaşdırılıb. Ancaq son vaxtlar
Lerikə düşən
leysan yağışlar,
iri yük maşınları burda öz izlərini qoyub. Yol işçiləri bildirdilər ki, bu xırda qayğılardır,
onları vaxtaşırı
təmir edirik. Əsas odur ki, Lerikin
yol təsərrüfatına
son vaxtlar xüsusi diqqət var.
Bu doğrudan belədir. Azərbaycan
Respublikası Prezident Aparatının
göstərişinə rəğmən əhalinin daha çox
yaşadığı, məsafəsi 36 kilometr
olan 50-ci kilometr-Xanəgah, uzunluğu
32 kilometrdən çox olan
Lerik-Kəlvəz yolu barədə ilkin məlumatlar toplanmış, smeta sənədləri
hazırlanmışdır. Prezident Aparatına, Nazirlər
Kabinetinə təqdim edilmiş müvafiq sənədlər əsasında 03 aprel 2012-ci il tarixdə Respublika Prezidentinin sərəncamı
ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun inşası üçün
ilkin olaraq 3 milyon manat vəsait
ayrılmışdır. İndi bu narahat, daşlı-kəsəkli
avtomobil yolunun xeyli hissəsinə örtük
materialı daşınmışdır. Müxtəlif ərazilərdə
hamarlama işləri
aparılmışdır. Yaxın vaxtlarda
bu yolun yenidən
qurulması bir xeyli
sürətləndiriləcək.
162 yaşayış məntəqəsini
birləşdirən Lerikdə yol infrostrukturu xeyli mürəkkəbdir.
Dağ yollarını saxlamaq xeyli çətin olduğundan
bu sahəyə xüsusi diqqət tələb edilir. Rayon ərazisində
ümumi uzunluğu 496 kilometr olan kəndarası yolların təmirə
ehtiyacı var.
Artıq bu işlərə
başlanmışdır. Rayon büdcəsindən ayrılan
vəsait hesabına ötən il Piran, 2012-ci ildə Loda kəndlərinin
daxili yollarına 1 və 0,7 kilometr, Vizəzəmin kəndinə
isə 1 kilometr asfalt basılmışdır.
Lərmərud-Masallı yolunda əsaslı
təmir işləri aparılır. Artıq bu yolda iri
yük maşınlarının belə hərəkəti
üçün körpü də inşa edilmişdir. Əliabad-Ağçay
yolu təmirdən sonra daha gedişli-gəlişli
olmuşdur. Yaxın vaxtlarda Əliabad - 50-ci kilometr yolunun təmir
edilməsinə start veriləcək.
Yollar bitib-tükənən deyil,
çünki hər yol yeni bir kənd, yeni bir şəhərdir.
Bu kəndlərdə, şəhərlərdə isə
ömürlər yaşanır - yollardan qısa ömürlər.
"Bu bizim Lerikdir"
Haqqında çox eşitdiyim,
ancaq nədənsə heç vaxt təmasda
olmadığım Lerik rayon İcra Hakimiyyəti
başçısının Nüvədi kənd üzrə
ərazi nümayəndəsi İntiqam Mirzəkişi
oğlu Əsədovla ilk tanışlığımın təəssüratı
yəqin ki, uzun illər yaşanacaq. Çox maraqlı həmsöhbət
olan İntiqam müəllim uzun müddət müxtəlif vəzifələrdə
çalışıb. Ancaq heç vaxt haqqı nahaqqa verməyən
bu gözəl ziyalının bir devizi də olub - İnsan ləyaqətini
daim qorumalıdır.
Elə söz-söhbəti də,
oturuşu-duruşu da, ətrafı çox gözəl
duymağı və qiymətləndirməyi də onun şəxsiyyəti
ilə bərabər iş-gücündən də kifayət
qədər məlumat verirdi:
- Sən də, mən də, bu
dağlara qonaq gələn də, aranda yaşayanlar da nə
vaxtsa bu dünyada olmayacağıq. Bu təbiidir, ancaq biz
özümüzdən sonra nə qoyub gedəcəyik - bax, əsas
məsələ budur. Bu elə həyat dediyimiz məhfumun
özüdür. Əvvəlki və indiki Lerikə
baxıram, görürəm ki, nə qədər dəyişikliklər
var. Lerik indi Azərbaycanın ən gözəl dağ
rayonlarından biridir. Rayon mərkəzi müasir bir şəhərdir.
10-15 il bundan əvvəl çoxlarının
tanımadığı Lerikə indi haradan qonaq gəlmir.
(ardı gələn sayımızda)
Səxavət
Məmmədli
Ədalət.-2012.-5
sentyabr.-S.3.