"Aramızda
elə həmkarlar var ki,
Tanrılıq iddiasındadırlar"
Əziz
Rzazadə: "Əflatun Amaşova dedim ki, Mətbuat
xanımı boşamışam..."
Müsahibim tanınmış
jurnalist, modern.az saytının redaktoru Əziz Rzazadədir.
- Əziz bəy, öncə
tanışlıqdan başlayaq. Məncə, oxucuların sizi
yaxından tanıması üçün kiçik bir təqdimat
pis olmaz..
- Sadəcə, Əziz Rzazadə.
Jurnalist-tərcüməçi. Nə fəxri adım, nə
titulum var. Ehtiyacım da yoxdur. Şöhrət
axtarışında da heç vaxt olmamışam. Amma mənə
bəy deyə müraciətiniz xoşuma gəldi,
açıq deyim, qoltuğum qarpızlandı...
- Mətbuata gəlişinizlə
bağlı məlumat verərdiniz.
- 1991-ci ildən mətbuatdayam. Həm
yazılı, həm də internet mediasında
çalışmışam. Daha çox redaktor kimi
tanınmışam. Bu illərdə kimi az-çox normal qəzetçi
edə bildiksə, indi də mediadadır. Öhdəsindən
gələ bilmədiklərim isə televiziyaya qaçdı.
Çünki TV yazmaq qabiliyyəti olmayanların
sığınacağıdır.
- Həm
də tərcümə fəaliyyəti ilə məşğul
olursunuz. Azərbaycanda bədii tərcümənin vəziyyəti
sizi qane edirmi? Tərcüməçi kimi nədən
razısınız, nədən narazısınız?
- Markesin dörd romanının tərcüməçisiyəm.
Sonuncu "Eşq günlərində vəba" oldu.
Başqa çevirmələrim də var. Xulio Kortasardan elədiyim
tərcümələr. Onun hekayələrinə hələ
ki alıcı tapmıram. Halbuki Kortasar ümumi qənaətə
görə, magik realizmin ən parlaq təmsilçisidir.
Üstəlik, onun qədər Avropa kinosuna təsir edən
Latın Amerikası yazıçısı yoxdur. Elə bu
misala dayaqlanaraq deyə bilərəm ki, tərcümə sahəsində
xeyli axsamalarımız var. İşə menecer səviyyəsində
yanaşma yoxdur. "Nə yaxşı-nə pis"dir
anlamında. Elə əsərlər var ki, dahi sayılan
yazıçıların kölgəsində görünməz
qalıb. Halbuki çox oxunaqlıdır. Bir mühüm məsələ
də tərcüməçi əməyinə verilən
qiymətdir. Bu gün tərcüməçinin
aldığı XX əsrin əvvəlində neft
quyularında işləyən fəhlənin
aldığı qədərdir.
- Mətbuatımızın
vəziyyəti sizi qane edirmi? Azərbaycan mətbuatında
hansı problemlərin həllini vacib hesab edirsiniz?
- Ah, mətbuat, mətbuat... Bir dəfə
Mətbuat Şurasına getmişdim. Əflatun Amaşov məni
görəndə soruşdu ki, mətbuatdan niyə
uzaqlaşmısan? Dedim ki, Mətbuat xanımı
boşamışam... Bu cavab kifayət edir?
- Mətbuat
haqqında danışmaq istəmirsiniz, bu nə ilə
bağlıdır? Küsmüsünüz mətbuatımızdan?
- İndi hərənin öz
arşını var. Meyarlar yoxdur. Yəni bu günədək
bilirdik ki, məsələn, yüz santimetr 1 metrdir və
metrin etalonu Parisdəki hansısa məkanda xüsusi nəzarət
rejimində saxlanılır. Mətbuatın meyarı bu mənada
heç bir ölçüyə malik deyil. Onu guya müəyyənləşdirən
"media kapitanları" da öz "gəmilər"ini
fərqli-fərqli sularda üzdürür. Məncə,
texnoloji inqilabla yaxın on ildə media forma baxımından
fantastik dərəcədə çox dəyişəcək.
Bunu Azərbaycandakı mediada dərk edənlər çox
azdır. Məsələn, heç diqqət yetirilməyən
bir fakt - Rupert Mördökun qapanmış tabloidi ilə bağlı
idi. "Telequlaq qalmaqalı"nı yadınıza salın.
Qalmaqalın bütün mahiyyəti bircə cümlə ilə
ifadə oluna bilər: media artıq baş vermiş faktla
bağlı yazmaq, yəni hadisənin ardınca sürünmək
istəmir; media özü hadisəni yaratmaq, yaxud onu qabaqlamaq
və bütövlükdə prosesləri idarə, diktə
etmək iddiasındadır. Bir növ, qədəri müəyyən
etmək, tanrılaşmaq. Bu, "1984" müəllifinin
belə ağlına gəlməzdi.
-
21 ildir mətbuatdasınız, böyük proseslərin
şahidi, iştirakçısı olmusunuz. Bu müddət ərzində
mətbuatımızın ən yadda qalan dövrü
hansı vaxta təsadüf edir?
- Şübhəsiz, 90-cı illərin
ilk beşliyi. İnformasiya əldə etmənin və
araşdırmaçılığın ən asan
dövrü.
- Mətbuatımızda
oxuyub bəyəndiyiniz hansı imzalar var?
- Hamını bəyənirəm,
heç kimlə də tam şərik deyiləm, yəni həmişə
öz fərdi, fərqli baxışım var. Ayrı-seçkilik
edib ad çəkmək istəməzdim. Bəyəndiyim
yazılara görə isə müəlliflərə
çox sağ ol deməkdən zövq alıram. Əlləri var olsun. Amma bir
ricam var: bildiyiniz şey haqqında yazın, dostlar.
- Fəaliyyətiniz dövründə
yaddaqalan, karyeranız
üçün vacib
olan hansısa bir hadisəni oxucularla bölüşmək
istərdinizmi?
- Bu peşədən
ən böyük qazancım insanları tanımaqdır. Hamının
qəzet səhifəsindən,
televiziya ekranından tanıdığı insanların
iç dünyasını,
əsl düşüncəsini,
təbii qabiliyyətini, faydalı iş
əmsalını jurnalistdən
yaxşı bilən yoxdur. Dəfələrlə
hansısa partiya liderinin, yaxud sənətçinin danışdıqlarını
redaktə edərkən
düşünmüşəm: bəlkə, elə olduğu kimi, yəni nöqtəsinə-vergülünə
toxunmadan, fikir dolaşıqlığı, məntiqi
səhvləri ilə
dərcə buraxım?
İstəmişəm, amma etməmişəm.
Çünki həyat onsuz
da antik teatr tamaşalarındakı
kimi maskalı oyundur. Bəzən insanlar rola elə girirlər ki, özünü oynadıqlarını belə
fərq etmirlər.
- Mümkünsə, gələcək
planlarınızdan danışaq.
Hansı
müəllifləri tərcümə
etməyi planlaşdırırsınız?
- Bir ispan müəllifinin əsərini tərcümə
etmək istərdim. Həmin romanın ekran fərziyyəsi də var.
Filmə 9 dəfə
baxmışam. Hər dəfə
də ona baxandan sonra özüm roman yazmaq istəmişəm. Amma hələ
ki mövzu beynimdə tam bişməyib.
Ədvalarını isə indidən
hazır saxlayıram.
Barmaqlarımın ucundadır.
- Hərdən qısa, lakin maraqlı köşələr yazırdınız.
Xeyli müddətdir ki, yazmırsınız. Yazmamağınızın xüsusi bir
səbəbi varmı?
- Az
olsun, saz olsun. Mənim bir həmkar olaraq köşə yazarlarından da bir ricam var:
yalnız yazmaq həvəsi sizi yataqdan qaldırıb masa arxasına oturdanda yazın. Plan doldurma zamanı
deyil. Üstəlik, şəhadət barmağınızı üzünüzə
dayamaqla dahi olmayacaqsınız. Onsuz da hər kəsin az-çox oxucusu var.
- Mətbuata yeni gələn gənclərə nə demək istərdiniz? Yəni xüsusi bir məsləhətiniz varmı?
- Dilə hörmət edin!!!
-
Peşəkar redaktor kimi Azərbaycanda qəzetlərin,
saytların, kitabların redaktəylə bağlı hansı
problemlərini görürsünüz?
- Azəri türkcəsi türk
dilləri qrupunda özünə şirinlikdə tay bilmir.
Bununla belə dilimizə yeni sözlərin əlavəsi
mütləq şəkildə lazımdır. Amma bunu pəltəyin,
yaxud dili bilməyənlərin öhdəsinə buraxmaq olmaz.
Və sonda bunu da deyim, mənim heç bir tövsiyəm Quran
ayəsi deyil. Mən də insanam, insanamsa, deməli, işim də
kamillik mücəssəməsi sayıla bilməz. Hamı
kimi səhvlərim, yanlışlıqlarım var. Yalnız
Tanrı qüsursuzdur. Amma aramızda elə həmkarlar var ki,
Tanrılıq iddiasındadırlar... Belələrini görəndə
başını sağa-sola yırğalamaqdan savayı yolun
qalmır. Təəssüf!..
Cəlil Cavanşir
Ədalət.-2012.-5
sentyabr.-S.4.