"Dolu" filmi mediaya təqdim olunub

 

   Dünən "Nizami" Kino Mərkəzində Aqil Abbasın müəllifi olduğu "Dolu" romanının motivləri əsasında ekranlaşdırılan eyni adlı filmin media üçün nümayişi təşkil olunub. APA-nın məlumatına görə, Qarabağ müharibəsindən bəhs edən filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, icraçı prodüseri Nadir Əliyev, quruluşçu operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.

   Filmin nümayişindən əvvəl çıxış edən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov yaradıcı heyəti bir daha təbrik edib, Azərbaycan kino sahəsinin inkişafı yolunda bir sıra qanunların hazırlandığını bildirib.

   Tədbirdə çıxış edən Aqil Abbas filmin beynəlxalq səviyyədə nümayişi barədə danışıb. Aqil Abbas filmin çəkilişinə göstərdiyi köməyə görə daxili işlər naziri Ramil Usubova və daxili qoşunların komandanı Zakir Həsənova minnətdarlığını bildirib.

   Sonra film nümayiş olunub.

   Qeyd edək ki, filmin rollarında Məmməd Səfa (komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Fuad Poladov (katib), Gülzar Qurbanova (Pələngin anası), Şamil Süleymanlı (müəllim), Fərhad İsrafilov (milis rəisi), Rövşən Ağayev (II Azərbaycan döyüşçüsü), Cavanşir Hadıyev (Azərbaycan döyüşçüsü), Faiq Kərimoğlu (Azərbaycan döyüşçüsü), Vüqar Vəlixanov (Azərbaycan döyüşçüsü), Oqtay Quliyev (baza müdiri), Şahmar Qəribli (baş mühasib), Sərdar İsgəndərov (Şelli Eldar), Vüsal Murtuzəliyev (jurnalist), Əjdər Zeynalov (Levon), Namis Şirməmmədov (Aram), Ramin Şıxəliyev (Musanın qardaşı), Anar Səfiyev (batalyon növbətçisi), Corc Qafarov (Qeyrət), İntiqam Soltan (şair), Sərdar Rüstəmov (erməni), Vüsalə Məmmədova (erməni qızı) və başqaları çəkilib.

   Filmdəki tryukları Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri və İrandan dəvət olunan mütəxəssislər yerinə yetiriblər.

 

 

   Ədalət.-2012.-6 sentyabr.-S.3.