"RİNQDƏ SON ANA QƏDƏR DÖYÜŞMƏYİ BACARAN BOKSÇU QALİB GƏLİR"

 

   Bu fikri bizimlə söhbətində Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, professor, millət vəkili Ağacan Abiyev dönə-dönə vurğuladı

 

   - Ağacan müəllim, Londonda keçirilən XXX Yay Olimpiya oyunlarından boksçularımız əliboş qayıtmadı...

   - Mən bir fikri xüsusilə vurğulayım ki, biz boksçularımızdan çox şey gözləyirdik. Ümumiyyətlə, tək boksçular deyil, Olimpiada da müxtəlif idman növləri üzrə yarışan idmançılarımız belə baxanda yaxşı nəticə göstəriblər. 10 medal qazanmaq elə də asan deyildi. 2 qızıl, 2 gümüş və 6 bürünc. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda idman sürətlə inkişaf edir. 

   - Boksçularımızdan danışırdıq. Axı onların da uğurları oldu...

   - Mən bayaq dedim, boksçularımız belə baxanda pis nəticə göstərməyiblər. 2 bürünc medal əldə eləmək və ona sahib çıxmaq elə də asan deyil. Axı bir də mütləq vacib deyil ki, bütün idmançılar medal qazansın. Düzdür, hər bir idmançı olimpiadaya medal qazanmağa gedir. Amma medal qazanmamaq faciə də deyil...

   - Azərbaycanda idmana dövlət səviyyəsində böyük önəm verilir. Yəni idmançılara yaradılmış şərait onu tələb edir ki, onlar Dünya, Avropa çempionatlarında və Olimpiadalarda uğur qazansınlar. Amma bəzən bizim idmançılar nədənsə çəkilən zəhməti və göstərilən qayğını doğrultmur. Siz bunun səbəbini nədə görürsünüz?

   - Öncədən onu deyim ki, ölkə prezidenti cənab İlham Əliyev ölkədə idmanın inkişafına hər zaman böyük qayğı göstərir. Ulu Öndərimiz Heydər Əliyev də idmana böyük önəm verirdi. Bu gün ölkəmizin əksər rayonlarında Olimpiya İdman Kompleksləri və digər idman meydançaları var. Üstəlik də hər bir idmançıya maddi və mənəvi cəhətdən böyük diqqət yetirilir. Əlbəttə, belə olanda idmançıdan həm federasiyanın, həm də məşqçilərin böyük uğurlar gözləməsinə mənəvi haqları çatır. Təəssüf ki, bəzən idmançılar çəkilən zəhməti doğrultmurlar.

   - Ağacan müəllim, boksçularımızdan da idman ictimaiyyəti daha çox medal gözləyirdilər. Hətta gözləyirdilər ki, olimpiada da iştirak edən boksçuların arasında qızıl medallar alanlar da olacaq. Amma qızıl medal gəlmədi. Onun əvəzində 2 bürünc qazandıq...

   - Mən söhbətimin əvvəlində demişdim. Çoxları elə bilir ki, təkcə Azərbaycan boksçuları böyük uğurlara imza ata bilməyib. Amma 2 bürünc medalın qazanılması da başqa sözlə demiş olsaq uğur deməkdir. Siz fikir verin, ABŞ-ın, Fransanın, Almaniyanın, Kanadanın, Meksikanın bir boksçusu olimpiada da medal qazanmadı. Hansı ki, bizdən həmin ölkələrdə boks daha güclüdür. Əgər ABŞ kimi idmanın inkişaf etdiyi bir ölkənin boksçuları 1 bürünc medal qazanmayıbsa, onda görün bizimkilərin bürünc medal qazanması nə qədər dəyərlidir.

   - Sizcə, həmin ölkələrin bu olimpiada da boks turnirində zəif iştirak etməsinə səbəb nədir?

   - Təkcə sadaladığım ölkələr deyil, Cənubi və Şimali Amerikanın əksər ölkələri bu olimpiada da boks üzrə keçirilən döyüşlərdə medal üzünə həsrət qaldılar. Bu da onunla bağlıydı ki, döyüşün təşkilində bir çox nöqsanlar mövcud idi. Yəni əvvəlcə döyüşə güclülər çıxırdılar və onlar bir-bir digər rəqibə uduzurdular. Amma əvvəlki olimpiadalarda ilkin döyüşdə zəiflər də iştirak edirdilər. Yəni müəyyən sistemsizlik və qeyri-dəqiqlik bəzi boksçuların uğursuzluğuna səbəb oldu. Bu barədə biz fikir və təkliflərimizi AİBA-nın rəhbərliyinə yazılı surətdə bildirmişik. Yəni boks elə bir döyüş növüdür ki, burda hər şey elmi əsaslar və ənənələr üstündə qurulmalıdır. Bir balaca səhv, yanlış bir addım hardasa hər şeyin dolaşıq düşməsinə gətirib çıxarır.

   - Dolaşıqlıq dediniz, yadımıza Azərbaycan boksçusu Teymur Məmmədovun son döyüşü düşdü. Həmin döyüşün 2 raundunda Teymur rəqibini 2 dəfə noqdauna salmışdı. Amma hakimlər sonuncu raund başa çatandan sonra qələbəni rəqibə verdilər. Bax, bu cür ədalətsizliklər idmançını və o cümlədən boksçunu ruhdan salır, sındırır.

   - Düz deyirsiniz, hakimlərin səhvi üzündən Teymur Məmmədova məğlubiyyət verildi. Hansı ki, o iki raunda da rəqibindən çox güclü olduğunu sübut eləmişdi. Ümumiyyətlə, bu olimpiadada hakimlərin səhvi üzündən bir çox idmançılar uğursuzluğa düçar oldu. Gərək hakim ədalətli olsun və vicdanının səsini eşitsin. Amma hakim ədalətli olmayanda, qərəzli olanda çox haqsızlıqlar baş verir. Necə ki, Teymura qarşı haqsızlıq oldu.

   - Bizcə, boksçularımızın fiziki hazırlığı bir o qədər də yetərli deyildi. Çünki onlar 2 raund çox gözəl döyüşür və sonuncu raundda yorulub əldən düşürdülər. Hətta bir boksçumuz rəqibin ayaqlarından tuturdu. Sizcə, boksçularımızın yorğunluğuna səbəb nə idi və bu yorğunluq aradan qaldırıla bilərmi?

   - Əlbəttə, boksçularımızda dediyiniz qüsurlar var və bizi çox narahat eləyir. Görünür, bizim boksçular öz fiziki hazırlıqlarını çox artırmalıdırlar. Onlar uzaq məsafələrə qaçmaqla və digər hərəkətlər etməklə bu problemi aradan qaldıra bilərlər. Bu bizim bir nömrəli işimizdir.

   - Səhv eləmiriksə, məşqçi heyətinin tez-tez dəyişməsi də boksçuların uğurlu çıxışına mənfi təsir eləyir. Üstəlik də onlar olimpiadaya getməmişdən öncə Qəbələdə və digər yerlərdə təlim-məşq toplantısında olmuşdular. Görünür, boksçularımızın zəif yerini qısa zaman kəsiyində yerli məşqçilər aradan qaldıra bilməyib...

   - Ümumiyyətlə, məşqçi dəyişikliyi öz mənfi təsirini tək boksda deyir, digər idman növlərində də gec-tez göstərir. Nəriman Abdullayev boksçularımızı Olimpiadaya hazırlayan baş məşqçi idi. Özü də o təcrübəli məşqçidi. Amma buna baxmayaraq, məşqçi dəyişikliyi olduğu üçün o da qısa zaman kəsiyində müəyyən nöqsanları aradan qaldıra bilməmişdi. Ancaq buna baxmayaraq yenə boksçularımız Londonda keçirilən XXX Yay Olimpiadasında öz sözünü deyə bildi. Əgər ABŞ, Kanada, Meksika, Fransa, Almaniya kimi boksun inkişaf etdiyi ölkələrin idmançıları medal qazana bilməyibsə, bizim 2 medalımız çox şey deyir.

   - Yəqin gələcəkdə yığmamızın daha böyük uğurlar qazanması üçün ciddi addımlar atılacaq. Yəni yeni məşqçinin gəlişi onun üzərinə böyük məsuliyyət qoyacaq...

   - Əlbəttə, komandaya kimin məşqçi təyin olunmasından asılı olmayaraq, boksçularımızın görüşdə buraxdığı səhvlər qısa zaman kəsiyində aradan qaldırılmalı və onların fiziki hazırlığı gücləndirilməlidir. Çünki qarşıda bizim boksçuları yenə də mötəbər yarışlar gözləyir. Fikrimi yekunlaşdırıb belə deyə bilərəm ki, rinqdə son ana qədər döyüşməyi bacaranlar qalib gələ bilir. Gərək bizim boksçular da birinci və ikinci raundda olduğu kimi, üçüncü raunda da inamla döyüşsünlər və qələbəni əldən verməsinlər. Mən inanıram ki, qısa zaman kəsiyində biz buna nail olmağa və mövcud nöqsanları aradan qaldırmağa çalışacağıq.

 

 

   Faiq QİSMƏTOĞLU

 

   Ədalət.-2012.-6 sentyabr.-S.4.