Ağasəlim
Mircavadov: "Müdafiədə oturmaq vaxtımız çoxdan
keçib"
Azərbaycanın
əməkdar məşqçisi Ağasəlim Mircavadov DÇ-2014-ün seçmə mərhələsi
çərçivəsində sentyabrın 7-də
keçiriləcək Azərbaycan-İsrail matçı ilə
bağlı Qol.Az-a müsahibə verib.
-
DÇ-2014-ün seçmə mərhələsinin ilk
oyununda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail
millisini qəbul edəcəyik. Bu oyunda millimizdən nə
gözləyirsiniz?
- Biz həmin gün Azərbaycan
yığmasından ancaq qələbə gözləyəcəyik.
Çünki millimiz ilk oyuna qələbəylə başlasa,
ardı daha yaxşı ola bilər. Həmçinin, bizi
qarşıda digər güclü rəqiblərlə də
gərgin mübarizə gözləyir. İsraillə oyunda
yaxşı nəticə qazansaq, digər oyunlar
üçün komandada özünəinam artacaq. Bunu hər
kəs, elə məşqçilər korpusu da yaxşı
başa düşürlər. Klublar arasında
"Neftçi" bizə bu sevinci bəxş etdi. İndi
uğur qazanmaq növbəsi yığma
komandamızındır.
-
Sizcə, İsraillə oyunda millimizdən qələbə
gözləmək, nə dərəcədə realdır?
- Mən demirəm ki, İsrail
yığması zəifdir. Əsla. Əksinə, rəqibin
oyunçularının yaıdan çoxu Avropa klublarında
forma geyinir. Ancaq bir məqam da var ki, İsrail
yığması Portuqaliya deyil. Bunu da, nəzərə almaq
lazımdır. Hər şeyə rəğmən İsraillə
oyunda Azərbaycan millisi qalib gələ bilər.
-
AÇ-2012-nin seçmə mərhələsindən
keçən qısa müddətdə millimiz bu qədər
inkişaf edib ki, güclü komandalarla oyunda belə onlardan qələbə
gözləyək?
- Bilirsiniz, milli və
klublarımız yerli azarkeşlər önündə
çox zaman gözlənilməz nəticələrə imza
ata biliblər. Bir çox yığmaların və bizdən
bir neçə baş üstün olan klubların qələbə
arzusunu gözlərində qoymuşuq. Əgər biz rəqibin
güclü olduğunu və məğlub
olacağımızı fikirləşsək, onda
meydançaya çıxmağın nə mənası var?
Hazırkı dövrdə istənilən milliyə
qarşı oynamq olar. Bunun üçün yaxşı
hazırlıq və ağıllı taktika seçmək
lazımdır.
-
Bir mütəxəssiz kimi söyləyə bilərsiniz Berti
Foqts niyə, Avropa təcrübəsinə malik olan Rəşad
Sadiqovu və son zamanlar əla formada olan Cavid İmamverdiyevi
milliyə çağırmadı?
- İlk öncə deyim ki, mən
öz həmkarlarıma və onların qərarlarına hər
zaman hörmətlə yanaşmışam. Foqtsun özünə
məxsus tərzi var. Adını çəkdiyiniz
futbolçular hazırda yaxşı oyun nümaiş etdirirlər.
Belə olmasaydı avrokuboklarda güclü klubların
qapısına qollar vurub, Avropa Liqasının qrup mərhələsinə
vəsiqə qazanmazdılar. "Neftçi"nin başqa
bir futbolçusu Mirhüseyin Seyidovun da oyununudan xoşum gəlir.
Gənc olmasına baxmayaraq, artıq Avropa təcrübəsinə
malikdir. Çox sürətlidir. Bu cür istedadlı
futbolçuların inkişafi üçün belə
oyunlara güvənmək lazımdı.
- İsraillə oyundan bir neçə
gün sonra millimizi səfərdə Portuqaliya seçməsiylə
daha ağır bir mübarizə gözləyir. Necə
düşünürsünüz, bu görüşdə
yığmamız nəticə əldə edə bilər?
- Hər bir yığmaya
qarşı oynamaq olar. Ukraniya və Polşada keçrilən
Avropa çempionatında bunun bir daha şahidi olduq. Dünya nəhəngləri
özlərindən zəif millilərə məğlub oldu.
Portuqaliyaya gəlincə, Avropa çempionatına çox
çətinliklə vəsiqə qazanmışdılar. Məncə,
Portuqaliyanı İspaniya kimi güclü komanda adlandırmaq
olmaz. Əgər rəqibi yaxşı analiz edib
hazırlıqlı olsaq, yaxşı nəticəyə nail
olmaq olar.
-
Sizcə, oyunu müdafiədən qurmaqla buna nail ola bilərik?
- Biri var komanda özü müdafiəyə
çəkilir, biri də var, rəqibsəni buna məcbur
edir. Bunlar fərqli şeylərdi. Bizim müdafiədə oturmaq
vaxtımız çoxdan keçib. Artıq uğuru
hücumda axtarmaq lazımdır. Ən yaxşı müdfiə
də hücumdu. Təbii ki, bütünlüklə hücuma
atılaraq, müdafiəni boş buraxmaq da
ağılsızlıq olardı. Bütün bunları
ağılla həyata keçirsək, səfərdə
Portuqaliya ilə oyunda uğurlu nəticə qazana bilərik.
Ədalət.-2012.-6
sentyabr.-S.4.