GƏLƏCƏYƏ
UZANAN YOL...
...İnsan dünyaya gələndə
çox şey arzulayır. İnsan arzulayır ki, onun istəkləri
zaman-zaman gerçəkləşsin. İnsan arzulayır ki,
övladı böyüsün, orta məktəbə getsin və
sonra da bu təhsil müəssisəsini bitirərək ali məktəbə
qəbul olsun. Ali məktəbdən sonra isə onun sonrakı
yaşayacağı anlar gəlir...
Bütün bunlar insanları
zaman-zaman düşündürən və gələcəyə
daşıyan bir qüvvə olub. Kim o qüvvədən, o
gücdən yapışıbsa, gec-tez istəyinə və
arzusuna qovuşub...
MƏKTƏBƏ
GEDƏNDƏ ÇOXLARI SEVİNİB
Məktəb elə bir müqəddəs
yerdir ki, onu sonradan zaman-zaman anlamağa başlayırsan. Düzdür,
əvvəlcə 1-ci sinfə gedəndə çoxları
göz yaşını saxlaya bilmir və ağlayır. Bu
ağlayan uşaqlar analarından, atalarından
ayrıldığı üçün kövrəlirlər.
Amma elə ki, getdikləri məktəbdə müəllimlərinə
sığınır, onların məhəbbətini və
qayğısını hiss eləyir və bu uşaqlar yenidən
ikinci bir ocaq tapırlar. O ocaq onların hər gün gedib
qayıtdığı məktəbdir.
Füzuli rayonu da həmişə
öz təhsili və qabaqcıl müəllimləri ilə
seçilib. Yəni məktəbdə şagirdlərin təlim-tərbiyəsi
ilə məşğul olan müəllimlər ömür
günlərini bu şagirdlərin üstündə qoyublar.
Daha doğrusu, onlar saçlarını dərs dedikləri məktəbdə
ağardıblar. Amma buna görə qətiyyən Füzuli
müəllimləri heç vaxt peşmançılıq
hissi keçirməyiblər. Çünki onların "xərclədikləri"
ömür heç də boş-boşuna getməyib. Burda
böyük şairimiz Mikayıl Müşfiqin
aşağıdakı misraları yadımıza
düşür:
Bu vəfasız ömür, bu
coşqun dərə,
Gərək boş-boşuna
axıb keçməsin.
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə
baxıb keçməsin...
Füzulidə də zaman-zaman təhsil
sistemində çalışan insanlar öz sözlərini və
öz izlərini qoyublar. Bu izlər və bu ləpirlər
zamanından, məkanından asılı olmayaraq həmişə
yaşayıb, yadda qalıb. Yadda qalıb ki, filankəs 40 il təhsil
sistemində çalışdı və öz
sözünü dedi...
ƏNƏNƏLƏR
YAŞAYIR...
Füzuli təhsilinin zəngin ənənəsi
və tarixi var. Kimliyindən asılı olmayaraq rayon təhsil
şöbəsinin müdiri vəzifəsində
çalışıbsa, həmişə bu ənənəni
qoruyub və yaşadıb. Bizim də orta məktəbdə təhsli
aldığımız illərdə dərs deyən
Füzuli müəllimləri yadımıza düşür.
Yaxşı, savadlı və istedadlı müəllimlərin
adları bu gün də qürur və iftixar hissi ilə
çəkilir. Böyük Bəhmənli kənd orta məktəbinin
direktorları işləmiş rəhmətlik Yaqub Əliyev
və Əvəz Əliyev təhsil sistemində elə bir iz
qoyub ki, onların adı 60 il, 70 il keçsə də yenə
yaddan çıxmır. Bu da təsadüfi deyil.
Çünki Füzuli təhsil sistemində Yaqub müəllim
kimi, Əvəz müəllim kimi onlarla gözəl pedaqoqlar
və ziyalılar olub.
Füzuli rayon maarif şöbəsinin
(indiki təhsil şöbəsinin) uzun müddət müdiri
işləmiş Hüseyn Hüseynovun adı
çoxlarının yaxşı yadındadır. Rəhmətlik
Hüseyn müəllim Füzuli təhsilində elə bir
nizam-intizam yaratmışdı ki. o nizam-intizam bu gün də
bir çox məktəblərdə və təhsil
ocaqlarında qalıb. Indiyə kimi, yaxşı
yadımızdadır Hüseyn müəllim özü
heç bir xəbərdarlıq eləmədən qəfil məktəblərə
baş çəkər və dərslərdə əyləşərdi.
Elə ki, dərs keçən müəllim
hazırlıqlı gəlirdi və tədrisi yüksək səviyyədə
aparırdı, bax onda Hüseyn müəllimin çöhrəsində
təbəssüm hiss olunurdu. Vay o günə ki, müəllim
hazır olmayaydı və dərsi də səviyyəsiz
keçəydi. Bax onda rəhmətlik Hüseyn müəllimin
rəngi qapqara qaralardı və dilxor olurdu. Dərsi zəif
keçən müəllimin məsələsi maarif
şöbəsində müzakirə edilirdi və
nöqsanlara yol verdiyinə görə həmin müəllimə
töhmət elan olunurdu. Təbii ki, bu cür ciddi tədbirlərdən
sonra digər məktəb direktorları dönüş
yaradır və tədrisin keyfiyyətinə, səviyyəsinə
önəm verirdi.
Həmin ənənələri
Füzuli təhsil şöbəsinin keçmiş müdiri
Hafiz Tahirov da davam etdirdi. Hafiz müəllim bir pedaqoq və
ziyalı kimi işlədiyi uzun illər ərzində
Füzuli təhsilində öz izini qoydu və
sözünü dedi. Aydındır ki, insan harda işləməyindən
asılı olmayaraq, gərək hər hansı işə
yaradıcı yanaşsın və pedaqoji kollektivlərin
dilini tapa bilsin. Məhz bu dil, bu münasibət yarananda həmin
kollektivdə xoş əhval-ruhiyyə hökm sürür.
ALMAZ
HƏŞİMOVANIN GƏLİŞİ
Əlbəttə, bayaq dediyimiz
kimi, təhsil sistemində islahatlar aparmaq, yeniliklər yaratmaq
və yaxşını pisdən ayırmaq o qədər də
asan deyil. Ən azından ona görə ki, rayon təhsil
şöbəsinin müdiri vəzifəsində işləmək
savadla, bacarıqla yanaşı, zəngin təcrübə də
tələb eləyir. Yəni zəngin təcrübəsi və
dərin biliyi olan insanlar nəsə təhsil sistemində
yeniliklər eləməyi bacara bilər. Bu mənada uzun
müddət məktəb direktoru işləmiş, gözəl
ziyalı və pedaqoq Almaz Həşimovanın rayon təhsil
şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi
heç də təsadüfi deyildi. Bayaq dediyimiz kimi, Almaz
xanımın Füzuli təhsil sistemində öz çəkisi,
öz yeri və öz nüfuzu var. Üstəlik də bu
xanım həmişə rayonun ictimai həyatında
yaxından iştirak edib və bəzən də ona dəmir
xasiyyətli insan kimi baxırlar. Çünki bu
xanımın xasiyyətinə və xarakterinə hamı
yaxşı bələddir. Həm ürəyi
yumşaqdır, həm sadədir, həm də tabeliyində
olan işçilərə qarşı çox tələbkardır.
Məhz bu məziyyətlərinə
görə də Almaz Həşimovanın rayonda çox
böyük hörməti və nüfuzu var. O, fəaliyyətə
başladığı ilk gündən ciddi addımlar
atdı. Yəni rayon təhsil sistemində mövcud olan bir
çox problemləri həll etdi. Ali və orta
ixtisas məktəblərinə qəbul
zamanı zəif nəticə göstərən məktəb
direktorlarına ciddi xəbərdarlıq
elədi, hətta bəzilərini vəzifədən
çıxardı. Amma buna
görə heç də Almaz
xanımdan vəzifədən çıxan adamlar
narazılığını bildirmədi. Çünki onlar
yaxşı başa
düşürdülər ki, öz vəzifə borclarını lazımi səviyyədə
yerinə yetirməyiblər və buna
görə də tutduqları vəzifədən
uzaqlaşdırılıblar.
Bütün problemləri qanun
çərçivəsində və demokratik prinsiplər əsasında
həll edən Almaz Həşimova yaxşı bilirdi ki, bu
atılan addımlar gec-tez öz bəhrəsini verəcək.
Almaz xanım həm də bir neçə yaşlı
direktoru yeni gənclərlə əvəzlədi.
Əlbəttə, bayaq dediyimiz
kimi, bu yeniliklərin həyata keçirilməsi zaman-zaman
öz bəhrəsini verməyə başladı. Orta məktəblərdə
intizam daha da möhkəmləndi, şagirdlər müxtəlif
olimpiyadalarda və müsabiqələrdə uğurla
çıxış elədi. Üstəlik ayrı-ayrı
müəllimlərin və pedaqoqların da işində əsaslı
dönüş yarandı. Bütün bunlar ona dəlalət
edirdi ki, Füzuli təhsili keçmiş ənənələri
yaşadaraq gələcəyə doğru daha inamla irəliləyir...
(ardı gələn sayımızda)
Faiq
QİSMƏTOĞLU
Ədalət.-2012.-7
avqust.-S.3.