"İnanmıram
damarında türk qanı olan adam belə
söz desin"
"Adını
siyasətçi qoyanlar indi durub deyirlər ki, biz Koroğlu,
Qaçaq Nəbi deyilik. Bəs onda sən
kimsən, Səhl Sumbatsan, Şöylü Məliksən,
satqınsan, kimə xidmət edirsən?"
Yeni Azərbaycan
Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı
"Ədalət" qəzetinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik.
- Ramil Səfərovun
azadlığa çıxmasını Siz necə şərh
edərdiz?
- Ramil Səfərovun
ekstradasiyası və əfv olunması cənab prezidentin qətiyyətli
siyasətinin və Azərbaycan ordusuna, zabitinə, vətənpərvər
övladımıza diqqət və qayğısının nəticəsidir.
Ölkə başçısı bu
addımı atarkən yalnız və yalnız Azərbaycanın
milli, dövlət marağını, eyni zamanda da Ermənistanla
müharibə şəraitində olduğu bir zamanda ölkənin
qətiyyətli mövqeyini ortaya qoyub. Prezident
dəfələrlə qeyd edib ki, biz siyasətimizi kimlərəsə
baxaraq müəyyən etmirik. Bizim siyasətimizin
ana xəttini Azərbaycanın milli maraqları təşkil
edir və biz milli maraqlar tələb edən hər bir
addımı atırıq, bundan sonra da belə olacaq. Ramil Səfərovun Macarıstanda həbs olunması
və ömürlük həbsə məhkum edilməsi ədalətsiz
idi. O zaman ermənilərin, ermənipərəst dairələrin
təsiri, bu məsələ ətrafında yaradılan
hay-küy Macar məhkəməsinin qərarının ədalətsiz
olmasına səbəb olmuşdu. Ramil Səfərovun
erməni zabitini zərərsizləşdirməsi əslində
zorən atılan addım idi. Azərbaycan
bayrağının təhqir olunması, ermənilərin
Dağlıq Qarabağda törətdikləri vəhşiliklər,
torpaqlarımızın işğalı zamanı yol verdikləri
vandallıqların erməni zabiti tərəfindən tənəli
ifadəsi Ramili belə addım atmağa sövq edib. Əslində bu erməni provakasiyası, erməni
fitnəkarlığı idi. Bu fitnəkarlığın
nəticəsində də bizim zabitimiz həbs olunmuşdu.
- Rəsmi Bakı
Ramil Səfərovun ekstradisiyası ilə paralel onu əfv etməklə
hansı reaksiyalarla üzləşəcəyini
hesablamışdı?
- Hesab edirəm ki, ayrı-ayrı
beynəlxalq qurumların, nüfuzlu təşkilatların
yaydıqları bəyanatlar Azərbaycanın həmin
qurumlarla münasibətinə mənfi təsir göstərməyəcək
və biz tutduğumuz yolla gedə biləcəyik. Proqnozlaşdırma məsələsinə gəlincə,
Azərbaycan siyasəti tamamilə elmi əsaslara və
möhkəm nəticələrə istinadən həyata
keçirilir. Yəni xarici siyasətimiz
heç bir təsadüfə istinad etmir, hər şey
hesablanır. Bu cür reaksiyalardan da Azərbaycan
çəkinmədiyini göstərir. Bu
Azərbaycanın müstəqil siyasət yeritməsinin bariz
nümunəsi, həmçinin Azərbaycanın öz
maraqları ortada olduğu zaman heç nədən geri
çəkilməyəcəyinin göstəricisidir.
-Ekstradisiya artıq böyük
uğur idi. Bununla kifayətlənmək
olmazdımı?
-Ekstradisiya olunduqdan sonra Ramil Səfərova
qarşı atılan addımların ədalətsiz
olduğu nəzərə alınıb və prezident tərəfindən
əfv olunub. Beynəlxalq qanunlar var, beynəlxalq
hüquq var. Həbs olunan şəxslərin bu və ya digər
ölkədən öz dövlətlərinə, vətəndaşlıqlarını
daşıdıqları ölkəyə
köçürülməsi, ekstradisiyası qaydaları
mövcuddur. Həmin qaydalara görə,
ekstradisiya olunan məhbus həmin ölkəyə qədəm
qoyduqda o ölkənin qanunları çərçivəsində
məhbus kimi sayılır. Azərbaycan
qanunlarına görə də ölkə
başçısı kimi prezident ölkədə əfv etmək
səlahiyyətinə malikdir. Ramil Səfərov
da Azərbaycan vətəndaşı olaraq ölkəyə qədəm
qoyduğu andan dövlətin qanunları ona şamil olunurdu.
Prezident də ona görə onu əfv etdi.
Əfv etməsəydi, o zaman Ramil Səfərov
başqa variantla Azərbaycan həbsxanalarına göndərilirdi
və burada həbsdə saxlanılırdı. Amma onu Azərbaycanda həbsxanaya göndərmək
erməni fitnəkarlığına haqq qazandırmaq, erməni
vəhşiliklərinin, ermənilərin törətdikləri
cinayətlərin unudulması demək olardı. Biz erməni vəhşiliklərini, Xocalı faciəsini
heç zaman unutmamışıq.
- Əfv qərarının
çıxarılması Azərbaycanı dünyayla
üz-üzə gətirdi...
- Gəlin sualı elə burda da
saxlayaq. Ramil Səfərov məsələsi Azərbaycanı
dünya ilə üz-üzə qoymayıb. Bu məsələ Azərbaycanı
quduzlaşmış erməni faşizmi ilə, həmçinin
də erməni faşizminə, erməni işğalına dəstək
verən, erməni pulu ilə siyasi səhnədə olanlarla
üz-üzə qoya bilər. Bütövlükdə
Ramil Səfərovun əfv olunması dünya ictimai rəyində
heç də Azərbaycan əleyhinə kampaniya ilə
müşayiət olunmur. Bunu normal anlayan, başa
düşən tərəflər də, qüvvələr də,
mətbuat da var. Vaxtı ilə ASALA və digər terror təşkilatlarının
üzvü olmuş ermənilərin, beynəlxalq miqyaslı
terrorçuların, Monte Melkumyan kimilərin Ermənistana gətirilərək
azad olunması, milli qəhrəman səviyyəsinə
qaldırılması tamamilə dünya qanunlarına, beynəlxalq
normalara zidd idi. Təəssüf ki, həmin
dövrdə beynəlxalq terror fəaliyyətində
iştirak edən ermənilərin Ermənistana gətirilərək
bağışlanmasına həmin beynəlxalq təşkilatlar
heç bir reaksiya vermirdilər. Biz isə
digər məsələlərdə olduğu kimi, bu məsələdə
də ikili standartları görməkdəyik. Ona görə də bu gün Azərbaycan, müstəqil
qətiyyətli siyasət yeridir.
- Azərbaycana ünvanlanan
çağırışlarda atılan addımın
Dağlıq Qarabağ probleminin həll
danışıqlarına təsirsiz ötüşməyəcəyi
təhdidləri gəlməkdədir...
- Bu, nəyə mənfi təsir
göstərir göstərsin, biz mövqeyimizdən geri
çəkilməməliyik, çəkilməyəcəyik
də. Biz düşmənlə üz-üzəyik.
Düşmən bütün sahədə-ideoloji,
siyasi, beynəlxalq, diplomatiya, iqtisadiyyat, mətbuat, internetdə
bizimlə vuruşur. Ona görə də
düşmənlə düşmən dilində
danışmaq lazımdır. ATƏT-in Minsk Qrupu əgər
doğrudan da bölgədə sülhə, əmin-amanlığa
çalışırsa Ramil Səfərovun işğal
olunmuş torpaqlarının geri qaytarılması istiqamətində
çalışsın, işğalçı Ermənistana
yox deyə bilsin. Xocalı faciəsi törədiləndə
Zori Balayanın yazdığı, yaxud da Monte Melkumyanın
qardaşının Kolumbiyada çap olunmuş kitabında
yazdıqları vəhşilikləri görsünlər.
İşğalçı Ermənistan,
dünya bizə bir yaxşı söz deyəcək deyə,
biz gətirib zabitimizi həbsxanaya salmalıydıq? Mən tamamilə bunun tərəfdarı deyiləm.
Bəzən ölkəmizdə də
nadanların, yaramazların "Ramil Səfərov ermənini
yatdığı yerdə öldürüb" ifadəsini
işlətməsi məndə onlara qarşı ikrah və
nifrət yaradır. Vəziyyət o həddə
çatıb ki, erməninin uydurduğu versiyaları bu
gün bəzi yaramazlar Azərbaycan mətbuatına
çıxarıb təsdiq edirlər. Mən onların
azərbaycanlı olduğuna inanmıram, inanmıram
onların qanı təmiz olsun, inanmıram qanı həqiqi
türk qanı olan adam belə söz
desin.
- Axı bu elə bir məsələdir
ki, birmənalı fikir söyləmək mümkün
deyil...
- Bir neçə gün əvvəl
Türkiyə televiziyası beynəlxalq miqyasda bizə təpkiləri
göstərən bir epizod verdi. Onlar bunu bizim bəzilərə nümunə olacaq
şəkildə təqdim etdi. Erməni
zabitinin necə bayrağımızı, millətimizi təhqir
etdiyini və buna görə də Ramilin onu
öldürdüyünü bizimkilərə də nümunə
olaraq formada göstərdi. Mən Macarıstanda, paytaxt
Budapeştdə türmədə görüşmüşəm
və bir saat yarım söhbət
etmişik. Ramil mənəvi cəhətdən
də, ideoloji cəhətdən də təmiz,
bütövlükdə Azərbaycan millətinə xas
xüsusiyyəti özündə daşıyan bir gəncdir.
Macar həbsxanasında da ona bir zabit kimi
yanaşırdılar və macar zabitləri Ramilə deyiblər
ki, bizə qarşı belə ədalətsizlik olsa biz də
düşmən zabitinə belə edərdik. Adını siyasətçi qoyanlar indi durub deyirlər
ki, biz Koroğlu, Qaçaq Nəbi deyilik. Bəs
onda sən kimsən, Səhl Sumbatsan, Şöylü Məliksən,
satqınsan, kimə xidmət edirsən?
- Azərbaycan
ASALA-nın xaricdəki diplomatlarımıza qarşı terror
təhdidlərini nəzərə almışdı?
- Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları, səfirlikləri yüksək səviyyədə qorunur. Onların təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan hökuməti kifayət qədər işlər görüb. Həmçinin təmsil olunduğumuz dövlətlərdə də ASALA-nın bu hay-küyü ilə əlaqədar lazımi tədbirlər həyata keçirilib. Inanıram ki, ASALA həmin iddialarını yerinə yetirmək iqtidarında deyil və belə qurumlardan da Azərbaycan çəkinəcək səviyyədə deyil. ASALA terrorçu qrupdu və bu terrorçu qurumun himayəçisi Ermənistandır, erməni lobbisidir, ona yaxın olan dairələrdir. Ermənistan rejiminin özü bu gün terrorçudur, Dağlıq Qarabağda qurduqları terrorçu rejim də elə ASALA-nın quyruğudur. ASALA bir bəyanat verib deyə, biz ondan çəkinəsi deyilik. ASALA əgər hansısa hərəkət edəcəksə ondan da qat-qat güclü adekvat cavabı veriləcək. Azərbaycanın həm iqtisadi, həm siyasi gücü, həm beynəlxalq aləmdə nüfuzu kifayət qədərdir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə də qadirdir. Avroviziya yarışması ərəfəsində də Azərbaycanda terror törədiləcəyi barədə iddialar vardı. Amma milli təhlükəsizlik, hüquq-mühafizə orqanlarımız elə işlədilər ki, Bakıda heç kim heç nə edə bilmədi. İndi də heç kim heç nə edə bilməyəcək.
- Fəaliyyətini dayandırmış ASALA-nın gündəmə gəlişi təsadüfdür?
-ASALA vaxtılə soyuq müharibə dövründə yaradılmış təşkilatlardan biridir. Soyuq müharibə illərində Sovet İttifaqı ilə Qərb dünyası arasında böyük çarpışma gedirdi. Bu zaman sovet ideologiyasının təbliği, sovet sisteminin fəaliyyəti üçün müxtəlif terror təşkilatları yaradılmışdı. ASALA da onlardan biri idi və erməni terrorçularından, həmçinin sovet pulu ilə çalışan bəzi qruplardan ibarət idi. Eyni zamanda da erməni lobbisinin maliyyə dəstəyi, vəsaiti ilə yaraılmışdı. ASALA Türkiyəyə qarşı yaradılmışdı və türk diplomatlara qarşı terror aktları həyata keçirirdi. Buna adekvat olaraq Alparslan Türkeşin rəhbərliyi ilə Türkiyədə də, Avropada da Bozqurdlar təşkilatı yaradılmışdı. ASALA qudurğanlıq edib türk diplomatlarına qarşı terror törədəndə Bozqurdlar onları zərərsizləşdirirdilər. Nəticədə ASALA Bozqurdların qarşısında təslim oldu və özü müxtəlif vasitələrlə türk diplomatlarına qarşı mübarizəni dayandırmaq istədiyini çatdırmaq istəyir. Terrorçuya qarşı gərək onların öz silahı ilə mübarizə aparasan. Görünür, ASALA keçmiş sahibləri tərəfindən yenidən dirildilərək Yaxın Şərqdə, regionda alətə çevrilmək istəyir. Amma bu gün dünya dəyişib, bu gün bütövlükdə dünyada terrora münasibət dəyişib, terrorun hamı üçün təhlükəli olduğu dərk olunur. Xüsusilə də terrorun mülki vətəndaşlara qarşı yönəldildiyinin nə qədər ağır nəticələr verdiyi hamıya bəllidir. Ona görə də inanmıram ki, ASALA-nı dirildənlər onun vasitəsilə öz məqsədlərinə çata bilsin. ASALA-nı dirildənlər gec-tez öz səhvlərini, yanlış yolda olduqlarını başa düşəcəklər. ASALA-nın Azərbaycanı hədələyən bəyanatları sabun köpüyü kimi əriyib gedəcək.
- Ermənistandakı rejimin
terrorçu olduğunu dediniz. Axı
terrorçu ilə döyüşürlər,
danışıq yolunu seçmirlər. Azərbaycan isə
danışıqlar yolunu seçir...
- Dağlıq
Qarabağ problemi ilə əlaqədar Ermənistanla zərurətdən
danışıqlar aparırıq. Biz
danışıqlar masasından kənarda dursaq, beynəlxalq
təşkilatlarda danışıqları istəməyən
tərəf kimi görünə bilərik. Ona görə də biz danışıqları
aparırıq və məsələni sülh yolu ilə həll
etmək istəyirik. İrəvan rejiminin
başında duran şəxsləri erməni xalqı müəyyənləşdirir.
O şəxslər hələlik orda oturursa, onlarla
danışacağıq. O şəxsləri digərləri əvəz
edəndə onlarla danışacağıq. Yəni
rəsmi şəkildə onların terroru dəstəklədikləri
bilindiyi halda biz rəsmi danışıqları onlarla
aparmalıyıq. Bu beynəlxalq oyun
qaydalarıdır, biz də ona əməl etməliyik. Amma danışıqlar apardığımız tərəfin
qeyri-konstruktiv və səmimi olmadıqlarını da bilirik.
Buna bamayaraq biz beynəlxalq hüququn, beynəlxalq
diplomatiyanın qaydalarına əməl edərək
danışıqları davam etdiririk. Aparılan
danışıqların da qansız, sülh yolu ilə nəticə
verməsinə çalışırıq. Zaman bizim xeyrimizə işləyir, qoy bunu kimlər
istəyirsə uzatsın. İrəvan
rejimi öz qəbirini qazır və erməni xalqını
da özü ilə birlikdə fəlakətə aparır.
Əgər sülh yolu ulə problem həllini
tapmazsa, növbəti müharibə başlasa, bundan ən
çox ziyanı erməni xalqı çəkəcək.
Erməni xalqı zamanında özünə rəhbərliyə
gətirdiyinin kimliyini, mənşəyini müəyyən edərək
qərarlar qəbul etməlidir ki, daha az
itki ilə bu problemdən çıxa bilsin.
- Azərbaycanın beynəlxalq
konvensiyalara uyğun addım atdığı bildirilir. Belə olan halda Azərbaycan niyə Macarıstan da
daxil olmaqla həmin konvensiyalara qoşulan dövlətlərdən,
qurumlardan bəyanatlar aldı, hesabatlar tələb olundu?
- Bunların bir çoxu daxili rəy
üçündür, bəziləri isə erməni lobbisinə
xoş gəlməyə çalışır. Desinlər, onların nə deməsi bizim
üçün o dərəcədə önəmli deyil.
Gültəkin
Qəhrəmanlı
Ədalət.- 2012.- 8 sentyabr.- S.9.