AKİF SƏMƏD
Bu
payız da gəldi. Əslində bu nizam, bu düzgü
Allahın pozulmaz qanunlarındandır ki, insanlar yer altında,
göy üzündə xeyli nizamları pozsalar belə, təbiətin
pozulmaz qanunları qarşısında çox acizdirlər.
Beləcə,
neçə-neçə aylar, illər ötüşdü,
payızı qış əvəzlədi, qış yerini
bahara təslim etdi, çox şey təzələndi,
çox şey unuduldu. Unudulanlar olduğu kimi, unudulmayanlar da
çox oldu...
Akif Səməd
unudulmadı. Heç kim unutmadı, heç kim unuda bilmədi
mənim lopabığ arxadaşım Akif Səmədi...
Görüşlərimizin birində çox hörmətli
abimiz Aqil Abbas söylədi ki, Dəmirçioğlu, sənin
"İnsan mənzərələri"-ni izləyirəm.
Akiflə bağlı yazın xoşuma gəldi, sən Akifə
bir də qayıt.
Əslində
biz Akifə hər gün qayıdırıq, Akif bizə
qayıda bilmir. Daşa dönmüş bir ağac kimi yol
qırağındaca bitib qalıb.
...
Ağac yaxın, daş doğmadı,
Adamdan Akif Səmədə...
Heç kim unutmadı Akifi,
daşa, daş ağaca dönüb yol qırağındaca
bitəndən sonra adamlara daha yaxın, daha doğma oldu.
Sevdalı müridlərindən olan Həmid Ormanlı,
etibarlı dostları - Ramiz Hümbət, İbrahim
İlyaslı, Etiram İnam, Nəvai və digərləri
onun "seçılmış əsərləri"nin
birinci cildini nəşrə hazırladılar, Nayma xanım
Qaramanlı isə həmin kitabı mətbəəsində
öz hesabına nəfis formada çap elədi.
Yeri gəlmişkən bu xeyirxah
İncəli xanımına mən də öz təşəkkürümü
bildirmək istəyirəm. O,tək Akif Səmədin yox, bir
neçə incəli şairlərinin kitabını, eyni
zamanda mənim "Söz-söz açılan göy
üzü" kitabımı da öz hesabına çap
etmişdir.
Akif Səmədlə mənim xeyli
yaşanmış xatirələrim var. Onlardan bir
neçəsini yazıb dərc etdirmişəm. Maraqlı
olacaq deyib "Xoruz əhvalatı"nı da hüzurunuza təqdim
etmək qərarına gəldim.
Omrünün-günün ən maraqlı
zamanını, yaradıcılığının qaynar,
çılğın dövrünü yaşayan arxadaş,
günlərin birində xəstələnir. Ürəyi Akif
Səməd ağırlığına dözməyib, bir
balaca çat verir. ( Fil ürəyi də dözməzdi ona).
Həkimlər xeyli müalicədən sonra içməyi
qadağan edir. Bir neçə ay həkimlərin məsləhətinə
əməl edən şair, günlərin birində İncəliyə
səfər edir. Dostlar, qohumlar, Akif sevərlər onu ziyarətə
gəlirlər. Xəstəhal olduğu üçün
müvəqqəti olaraq içmədiyini bilən dostlar,
mümkün qədər içki məclislərindən uzaq
saxlayırlar Akif Səmədi. Bir gün əmisi İmir,
Akifgilə ismarıc göndərir ki, şeytanın ayağını
sındırıb onlara da qonaq gəlsin. Akif də eləmə
tənbəllik, axşamtərəfi əmisigilə təşrif
buyurur. Həyət bacaya göz gəzdirən şair,
"Maşallah İmir əmi, həyət-bacan toyuq-cücəylə
doluymuş"- deyib dodaqaltı pıçıldayır.
Qardaşoğlunu mehribanlıqla qarşılayan İmir əmi
xoş-beşdən, kef-əhvaldan sonra qonağı içəri
dəvət edir:
-
Ağrın alem, Akif, ayə eşitdim arada bir az xəstələnibsən.
De görüm indi nətərisən, ağrın, ajın
qalmayıb ki?
- Sağ
ol, ay İmir əmi, ürəkdi dana, arada şuluqluq eyləyir,
sözümə baxmer.
- Ayə, a
qardaşoğlu, bu köpöğlunun ürəyi
nağayrsın. Ayə, ona o qədərmi zulum ellersən.
Ağrın alem, o zivildən az hörtdətsən. İndi həkimlər
nə der? Eşitdiyimə görə içgini qadağan
ediblər.
Akifin fikri
nazlı-nazlı cövlan eyləyən çil xoruzun
yanında idi. Üzünü İmir əmisinə tutaraq
bığaltı gülümsədi:
- İmir əmi,
maşallah yaxşı toyuq- cücələrin var. O çil
xoruz da dərisinə sığmır. Gör bir nağayrersən,
yaman içməyim tutub, istəyirəm səninlə əlli-əlli
ataq, nə dersən?
- Ayə,
ay şair! Ayə öy-eşik sənə qurbandı, bu nə
sözdü, keç içəri.
Nolajax,
qonum-qonşuya hay düşür ki, Akif Səməd gəlib.
Qonşudan da bir-iki nəfər gəlir. Məclis düzənlənir,
fətir, pendi, göy-göyərti gəlir, bir az
ağnağaz edib çil xoruzun bişməsini gözləyirlər.
Az keçməmiş üstü qurutdu xəngəl siniləri
buğlana-buğlana süfrəyə gəlir. "Yəqin
xoruz xəngəldən sonra gələcək" deyə
fikirləşən şair xəngəli
gırcınlayıb sinini bir tərəfə itələyir.
Bir xeylı fasilədən sonra süfrə
yıgılır, çay dəsgahı başlayır. Akif
könülsüz-könülsüz çaydan bir qurtum
alıb öz-özünə: " Demək belə,
çıl xoruzu kəsməyə əlin gəlmədi. Bu mənə
borc əlsun"- deyə pıçıldayaraq cibindən qələmini
çıxarıb salfet kağızına nəsə qeyd
edir...
Bu məsələdən
heç üç gün keçməmiş İmir əmiyə
xəbər çatır ki, evin yıxılmasın, Akif sənin
çil xoruzuna bir müxəmməs bağlayıb,
aşıq Dilman da dastan edib bütün məclislərdə
oxuyur.
"Pahoo,
yəqin məni biabır edib"- deyə düşünən
İmir kişi ondan- bundan eşidir ki, xəsis İmir əmi
kimi dillərdə dastan olub. Çox götür-qoydan sonra
fikirləşir ki, Akiflə Dilmanı bir də evinə qonaq
çağırsın. Çıl xoruzu kəsib
dil-ağız etsin ki, indi də səxavətini qələmə
alsın. Elə də edir. Kəndə gəlmiş şairlə
aşığı evinə dəvət edir. Gözlərinin
qabağında çil xoruzu kəsir. Məclis qurulur,
İmir əmi üzünü aşıq Dilmana tutaraq:
-Ayə,
ağrınalem, o nə müxəmməsdi elə
oxuduğun? Bir oxu görüm, şair bizim xoruza nə
qoşub?- deyərək stəkanlara başı
xamırlıdan süzməyə başlayır.
Aşıq Dilman sazı köynəyindən
çıxararaq zili-zil, bəmi- bəm edib, alır görək
nə deyir:
İmir əmi,
göz dəyməsin,
Nə
yaraşer xal xoruza.
Xəsis
olma, keç pulundan,
Göz
muncuğu al xoruza.
Fikir vermə
bahasına,
Qurban olsun
pul xoruza.
Yaman
nazlı-nazlı gəzer,
Darmı gəler
yol xoruza?
Səsi
sanki, bülbül səsi,
Baxçaya, bağa yaraşer.
Lələkləri
durna teli,
Arana,
dağa yaraşer.
Yağın yaman qıt vaxtıdı,
Qaymağa,
yağa yaraşer.
Gücümmü var dastan
qoşam,
Gözləri
qumral xoruza.
Biri iki
yüz manatdı,
Gözündən qoyma qırağa.
Fərhadın
iştahı iti,
Çoxları düşüb marağa.
Gördün ki, qaraltı gəler,
Əl at
silaha, yarağa.
Bir him eylə
poçt Məmmədə,
Xəbər
çatsın düz Qazağa.
Yerli- dibli
qurban olsun,
Dər, təpə,
yal xoruza.
Qulağında qızıl tənə,
Boynunda var
boyunbağı.
Geşdə
çıxıb seyr edəndə,
Bağlayın yolu-yolağı.
Səhər-səhər
quymaq verin,
Axşam-axşam qayğanağı.
Beçə-
meçə, fərə- mərə,
Baş əysinlər
çil xoruza.
Namazın
ağzı sulaner,
Qapıdan
gələndə səsi,
Xoruz ilə
yüz vurmağa,
Akifin də
var həvəsi.
Neçə
gündü fəğan eylər,
Saz əlində
aşıq Məsi.
Qonşu
Musa boyun olub,
Al-qumaşdan
çul xoruza.
Sən demə,
müxəmməsdə adları çəkilən
qonşular da məclisdəylərmiş. Hamı şaqqanaq
çəkib guluşür. Özünü nə qədər
sərt göstərməyə çalışsa da, İmir
kişi də dodaq altı qımışır.
-Akif,
canınçün onda çox balacaydı, əlim gəlməmişdi.
Ayə bir xoruz nə olan şeydi ki, məni biyabır edibsən
el oba yanında? Bax xoruzu kəsmişəm, sən canın bu
dəfə elə yaz ki, el-oba mənim səxavətimdən
danışsın.
-İmir
əmi, sən xoruzun qızartmasını bəri elə,
qalanıyla işin olmasın - deyib əlindəki zəri
ovcunda firlayaraq, şaqqıltı ilə nərdin içinə
tulladı. Bir tas, iki tas, üç tas, xoruzun əti gəlmədi
ki, gəlmədi. Pıç-pıç, xısın-
xısın düşür məclisə. Xəbər gəlir
ki, xoruzun əti hlə bişməyib. Yenidən nərdə,
dominoya başlayır məclis üzvləri. Gecə
keçir, xoruz bişmir ki, bişmir. Məclis əhlinə
aydın olur ki, xoruz beş illik xoruz imiş. Nəhayət
iştahlar pozulandan sonra xoruzun əti gəlir süfrəyə.
Akif budun birini dişinə çəkib, xeyli
dartışdırır, bir tikə qopara bilmir.
Üzünü İmir əmisinə tutub deyir:
-İmir əmi, canın
üçün bunun üzürü günahından betər
oldu- deyib yenə əlini cibinə uzadır. Salfetqanın
birini açıb yenə nə isə qeyd etməyə
başlayır...
Həə,
mənim əzizlərim. Bu məsələ uzanır, yenidən
bir həcv qoşma meydana gəlir. O zamanlar üçün
boyük populyarlıq qazanır bu xoruz əhvalatı.
Hansı evdə qonaqlıq düzənlənər, orada xoruz
müxəmməsi sifariş olunar, hansı qapıda
başıpapaqlı xoruz görsəydi kəsdirərdi,
arkadaşımız Akif Səməd. Beləcə-beləcə
qohum-əqrəbaların toyuqları xoruzsuz
qalmışdı.
Günlərin
birində iş elə gətirdi ki, mən, Nəvai,
aşıq Dilman Akif Səmədgilə qonaq gedəsi olduq.
Akif otaqdan çıxana qədər xanımı Maisə
xanım bizi qarşılayıb "xoşgəldin" elədi.
Gözümüz həyət-bacada lovğa-lovğa firlanan
çıl xoruza sataşdı. Üç dost bir-birimizə
baxdıq. Sən demə, qapı ağzına
çıxmış Akif bizim hərəkətlərimizə
göz qoyurmuş:
- Nə
müştəri gözünnən baxersiniz, arkadaşlar?
Olmuya ağzınız sulandı?- deyib lopa
bığlarını sığallayaraq
gülümsundü.
- Ayə,
qardaş, sən camaatda xoruz, beçə qoymadın qala. Az
qalıb ki, adları qızıl kitaba düşsün - deyib
Nəvai çil xoruza işarə etdi.
-Kəsilməlidi!
Mən dərhal
qərar çıxardım. Dilman da mənim fikrimlə
razılaşdı.
-Akif, qərar
qətidi, özümüzdə acımızdan
ölürük, kəsməyi məndən.- deyib Nəvayi əlini
əlinə sürtdü.
Haxvəkili
Maisə xanım Akifdən tez dilləndi:
- Ay
qardaşlar, belə o çil xoruz da, toyuqlar da sizə
qurbandı, təki sizi kmi dostlara qismət olsun -deyib, xoruzu
tutmaq istədi.
-Elə
şey ola bilməz - deyib Akif Maisə xanımı
dayandırdı.
-Başınız haqqı bir müxəmməs
yazılmasa, bu məsələ baş tutan deyil. Duxunuz
çatır üçünüzə bir müxəmməs
yazın, xoruz qurbandı sizə - dedi.
Məsələ
qəlizləşdi, beləliklə xoruzun canı bu
ölüm fərmanından qurtardı.
Uzun çəkmədi.
Günlərin birində Dilmana, Nəvaiyə xəbər
göndərdim ki, müxəmməs hazırdı. Xəbər
Akif Səmədə çatır ki, bəs nə durmusan,
xoruzun müxəmməsi hazırdı.
-Ola bilməz,
- deyib cığallıq edir ki, gətirin oxuyun, xoşuma gəlsə
xoruz istədiyiniz vaxt kəsiləcəkdi.
Beləliklə
Dilmangilə yığışıb xudmanı bir məclis
qurduq. Keflərin durulan vaxtı Akif dilləndi:
- Ayə bə
hanı müxəmməsiniz, oxuyun görək nə
yazıbsınız?
Elə bu
ara Dilman sazı sinəsinə basıb aldı görək nə
dedi:
Akif Səməd,
insafa gəl,
Nəzər
sal öz xoruzuna.
Bir
müştəri gözüylə bax,
Çətindi,
döz, xoruzuna.
Manatla yox,
dollar ilə,
Verərik
yüz xoruzuna,
Görən
kimi qatarlandı,
Sinəmdə
söz xoruzuna.
Sağ ol,
yaxşı saxlayıbsan,
Beş kilo
gələr azınnan.
Xatının Maisə xanım,
Çox
oynayıbdı nazınnan.
Alxan
coşar, meydan sular,
Dəmirçoğlunun
sazınnan.
Yaman dilə-dişə
düşüb,
Dəyəcək
göz xoruzuna.
Bir him eylə,
biz hazırıq,
Rəssam
Qafar, Nəvai var.
İncəlidən
Nazim gələr,
Sumqayıtdan Məmməd İlqar.
Bir az
dil-ağız eyləsək,
Dilman da
bülleten alar.
Kababçı özüm olacam,
Düşəndə köz, xoruzuna.
Xəsis
olsan İmir kimi,
İncəliyə
hay salacam.
Aşıq Sadığa söyləyib,
Şöhrətə məktub yazacam.
İlham,
Dilman oxumasa,
Mən
aşıq Məmməd olacam,
Biz yeməsək,
kəfənliyə,
Alacam bez
xoruzuna.
Söz
tamama yetir,Akif ayağa qalxıb:
- Xoruz
halalınızdı, istədiyiniz vaxt gəlin. - deyib xoruzun
halallığını verdi.
Yeni il
qabağı, dekabr ayının 31-də
yığışdıq Akifgilə. Nəvainin
Naxçıvanlı dostu Mahir müəllim də qonaq gəlmişdi.
Belə qərara gəldik ki, xoruzu Mahir müəllim kəssin.
Nəvai operator olaraq xoruzun kəsilmə mərasimini videolentə
aldı. Mən də sözümə sadiq qalaraq
kababçılığı öhdəmə
götürdüm. Heç vaxt yaddan çıxmayacaq bir Yeni
il şöləni qurduq Akif Səmədin ailəsində...
Qeyd etmək
istəyirəm ki, xoruz əhvalatı bununla da bitmədi. Bu əhvalatdan
sonra xoruz qırğınları davam etdi, Məmməd
İlqar çox bərkinsə də onun da qara xoruzu növbəti
qurbanlardan oldu, xeyli müxəmməslər, qoşmalar, gəraylılar,
hətta divanilər yazıldı. Şair dostumuz Rəfail
İncəyurd söz verib ki, yazılanları toplayıb bir
kitab halına salsın. Ona uğurlar, mənsə bu balaca
xatirəmlə sizlərlə sağollaşıram, əziz
oxucular.
Məmməd Dəmirçioğlunun
təqdimatında
Ədalət.-
2012.- 8 sentyabr.- S.12.