YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

 

MEMAR CƏFƏR QİYASİ -70 və onun "Soyqırım Abidəsi və Muzeyi" -2

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlümdən keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də gönül xoşluğu ilə qarışılanmayıb. Açığını deyim ki, hətta onları insafla müdafiə edənlər də qınaq sahibi olur. Mən onların müdafisinə qalxmaq məqamında uzağam. Sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o yaradıcıları ki, onlar ədəbiyyatçı deyillər.Yazar-çizər deyillər. Amma bu sırada yazarlar da ola bilər. Daşlaşmış "ALTMIŞINCILAR" sırasına salınmayan ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?

  

   (Yazılar Türkiyədə "Ortadoğu"    

   Qəzetində də çap olunmuşdur)

  

   "Biz ulu Ağrı dağı önündə beş qılınc yüksəltdik. Məhəmməd Peyğəmbərin hədislərindən də anlaşımaqdadır ki, baş-başa çatılmış qılınclar barış və səbir simgəsidir".  

   Təbrik edirəm, Cəfər bəy!  

   Keçdiyimiz günlərdə "Ortadoğu" qəzetində bir xəbər çap olundu: "Biganəlik". Xəbər beləydi: "Soyqırım Abidəsinin me"marı Prof. Dr. Cəfər Əlioğlu Qiyasi də yüksələn abidənin Ermənilərin bütün iddialarını çürütdüyünü bildirdi. Abidə haqqında bilgi verən Prof. Dr. Qiyasi belə dedi: Soyqırım Abidəsi üçün seçilən yer İqdır şəhərinin Doğu girişində, yəni Azərbaycan, İran və Ermənistandan gələn yolların qovşağındadır. Bu yerin Abidə üçün seçilməsində məqsədimiz İqdıra qonşu ölkələrdən gələn müsafirlər, ilk olaraq bu Abidəylə qarşılaşmaqdır".

   Bu xəbərin əslində heç bir əksikliyi yoxdur, amma mənə görə burada bir şey əksikdir. Və yazını da bu səbəbdən yazmağı düşündüm. Bu bənzərsiz və qiyməti biçilməyən Soyqırım Abidəsinin me"marı mənim dostum və son dərəcə hörmət etdiyim me"mar-alim və xüsusi olaraq mənim evimin ən əziz adamı Cəfər bəy Qiyasidir. Yəni Cəfər bəy Azəri kökənlidir (amma Cəfər bəy hər zaman özünü Türk olaraq bilib) dədələri bir zamanlar Güney Azərbaycanından Qüzey Azərbaycana yerləşən bir ailənin övladıdır. Universitet illərini Bakıda keçirmiş və Bakıda me"marlıq sənətinin sirlərini öyrənmiş bir alim olaraq tanınmışdır. Və bu gün onun bu uğurunu oxuduğumda istər-istəməz keçmişə döndüm və Cəfər Qiyasinin bir me"mar kimi qazandığı uğurları xatırladım və bu uğurlar üçün nə qədər çalışdığını və vuruşduğunu yadıma saldıqca inanın onun bugünkü uğurunu necə təbrik edəcəyimi bilmirəm... qiyməti biçilməz bir şeydir...  

   Cəfər Qiyasi məmləkəti Azərbaycanda gözəl tanınan bir aydındır və bunu da özəlliklə vurğulamaq istərdim ki, bugünkü uğurlarını qazanmaq üçün Cəfər Qiyasi az sarsıntılar keçirməmiş və illərin acısı canında buraya qədər gəlmişdi. Azərbaycanda demokratik fikrin oyanmasında, demokratik düşüncənin inkişafında Cəfər Qiyasinin inkar olunmaz xidmətləri olmuşdur.  

   Və tələbəlik illərində Cəfər Qiyasi Ermənistandakı Erməni soyqırımını anladan abidə haqqında danışanda gözləri dolardı və sanki içinin üsyanı yaş olub gözlərindən axardı və inanılmaz bir tərzdə içindən bunlar keçirmiş güman ki: nədən bizim belə bir Abidəmiz olmasın? Nədən biz belə bir abidəni tikməyək, inşa etməyək?  

   Cəfər Qiyasi məncə bugün çox məmnun olmalıdır və mənə görə ona verilən bu imkanı da Cəfər bəy gözəl dəyərləndirərək gözəl bir Abidə yaratmışdır düşüncəsindəyəm. Belə bir sual meydana çıxa bilər: Türkiyədə belə bir Abidəni yaradan me"marlar və sənət adamları yoxdumu? Var. Amma mən də belə bir sual vermək istərdim:  

   Türklüyün banisi olaraq tanınan Yusuf Akçura buralara haralardan gəldi?  

   Türklüyün böyük ustadı İsmail Qaspralı buralara haralardan gəldi?  

   Türklüyün yaradıcılarından biri olan Ziya Göyalpın müəllimim dəyərək hörmət etdiyi və Türklüyün uca başı olan Əli Bəy Hüseynzadə buralara haralardan gəldi?   

   Cəfər Qiyasi də belə bir ideyanın və belə bir əxlaqın davamçısı olmuşdur uzun illər qapılar arxasında olan Sovetlər Azərbaycanında və bütün basqılara baxmayaraq yenə də novruz gülü kimi boy verib bugün İqdırda belə bir anlamlı və tarixi Abidənin me"marı kimi ortaya çıxmışdır.  

   Dostum Cəfər Qiyasi yalnız öz arzusunu deyil, mənim kimi milyonların arzusunu ifadə edəcək bir Abidənin yaradıcısı və me"marı olaraq Türk dünyasına çox böyük bir xidmət vermişdir. Səni ürəkdən təbrik edirəm Cəfər bəy... Türk dünyasında bir Azəri sənətçinin yadigarı tarixi bir faciənin möhürü olaraq boy verib yüzillərə qovuşacaq...

  

   Vali Şəmsəddin Uzunun Üsyanı...

  

   İqdırda ucaldılan "Soyqırım Abidəsi və Muzeyi" açılışını dəyərləndirən yazar Erdal Yalçın yazısının başlığını belə vermişdir "Biganəlik". Xəbərin əsas məğzində yer alan aşağıdakı cümlələri eynən oxuculara çatdırıram: "Vali Uzun İqdırda inşa edilən "Soyqırım Abidəsi və Muzeyinin açılışındakı çıxışında, dövlət səviyyəsində bəzi adamların burada olmadıqlarını gördükdə, bundan çox böyük üzüntü yaşadığını da söylədi. Mədəniyyət Nazirliyindən, Xarici İşlər Nazirliyindən təmsilçilərin olmamasını böyük bir təəssüflə və heyrətlə qarşıladığını anladan Vali Uzun "Yoxsa Ermənilərin xətrinə toxunmamaq üçünmü gəlmədilər. Bizim ermənilərdən torpaq tələbimiz yoxdur. Əsla olmayacaqdır. Amma Ermənilər üçün qan və torpaq tələbi davam etməkdədir" deyə çıxışında söyləmişdir.

   Bəli, hörmətli Vali Şəmsəddin Uzunun bu iç acıdan sözlərini sadəcə bir xəbər olaraq oxumaq insafsızlıq olardı. Bunun alt qatı var.Bir Sibel Canın Amerikaya gedib-gəlməsini bir zırpı xəbər eləyən, bu qızın kimlə yatıb, kimlə məzələndiyini manşetlərə çıxaran, bir Rus Nataşasının haqlı-haqsız arxasına düşüb onların Türkiyə içində yaşadıqlarını bu yazıq millətin gözünə soxan Türk mətbuatı belə bir hadisənin üstündən çox duyarsız adlayıb keçir və hörmətli Valinin söylədiyi kimi "ermənilərin xətrinə toxunmamaq" kimi bir qorxu içində yaşayıb belə bir tədbirdə iştirak eləmədikləri ağıl almaz bir şeydir.

      Hörmətli Vali! Sovetlərdə yaşamış olan bizlər belə şeyləri çox gördük və açığını etiraf etmək gərəkdir ki, Türkiyə kimi bağımsız və müstəqil bir məmləkətdə bunları görmək bizim içimizi ağrıdır və Sizin bu hisslərinizə baş əyirik. Amma sizin bu üsyanınız ilk deyil. Baxın, heç bir sözünü dəyişdirmədən illər öncəsi eynən Sizin üsyanınızı xatırladan bir başqa hadisəni (təbii biz bunları müqayisə eləmək istəmirik) xatırlatmaq istəyirəm. Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertinə biganə qalan mətbuat və Dövlət adamları haqqında qəzetçi Hasan Hüsrevin yazdıqlarına diqqət edək: "Bundan 4-5 il öncə indi vəfat etmiş olan Erməni əsilli kino sənətçisi Paracanov Türkiyəyə gəldiyində qiyamət qopmuş və yer-yerindən oynamış, adama hələ bir mükafat da verilmişdi. Çünki Bələdiyyə Başkanı Sosyal Demokrat idi. İndi bu Simfonik Orkestr təriflənirsə bizim zərif Refah Partiyalılar inciyər deyə mətbuat tut yemiş bülbül oldular... Paracanova erməni olduğu üçün qarşı deyiləm... Paracanov məsələsində məni çaşdıran, adamın bizə elədiklərini görə-görə ona mükafat verməmiz oldu".  

   Bəli, hörmətli Vali, bu yazı 1994-cü ildə yazılmışdır və Türkiyənin XX yüzilin sonunda bir mənzərəsidir və Sizin güllə kimi açılan (sizin mətbuat belə hallarda BOMBA sözünü işlətməyi daha çox sevirlər) sözləriniz bu biganələrin heç vecinə belə olmadı, amma inanın hörmətli Vali, Azəri xalqında bir ata sözü var. Deyərlər: zər qədrini zərgər bilər. Belə olduqda Sizin bu üsyanınızı dəyərləndirməmək və buna qatılmamaq mümkünsüz.

  

   "Xətirlərinə toxunmaq"...

  

   Nə əzizmiş xətri bu ermənilərin? Kim atdı ilkin bu addımı? Ermənistanın girişində illərdir boy verib göstərilən və Ermənistana gələn müsavirlərin baş çəkdiyi və ya baş çəkdirildiyi Soyqırım abidəsini kim düzəltdi ilk dəfə? Biz eləmədik və bunu unutmamalıyıq ki, XX əsrin sonunda belə ermənilər bu düşmanlığını gizləmir və dünya ictimaiyyətinə yalan-palan satmaqdan bezmirlər.  

   Hörmətli Vali! Türkiyədə yaşadığım bir neçə ildə Sizin bu baxımdan çalışmalarınızı izləmişəm və Sizə yalnız və yalnız minnətdarlığımı bildirirəm. Və hörmətli Vali, Qarabağ olaylarının ilk günlərində biz çox yalvardıq, insanlıq adına barış istədik, amma olmadı hörmətli Vali, sonuc bəlli. Xatırlayıram həmən olay günlərində Dövlət adamlarımız çox yalvardılar və Azərbaycan xalqını sakitləşdirərək ermənilərə sayqılı davranmağı istədilər. Amma ermənilər daha irəli getdilər. Bugünkü acı durum ortaya çıxdı. Həmən günlərdə yazar Anar televizyonda bir çıxışında bunları söylədi: "Canım, sevmirlər bu adamlar bizləri. Sevmirlər. Bir mahnımız var o yadıma düşdü: Səni sevəcəyəm sən sevməsən də...  

   Yazıqlar olsun bizlərə, hörmətli Vali... Yazıqlar olsun...

  

   Və olan oldu:  

   Dəmirəl Azəri me"marın əsərini ziyarət etdi...  

  

   Türkiyənin ən tanınmış qəzetlərindən biri olan "Hüriyyət" qəzetinin 30 noyabr 1999-cu il tarixli nömrəsində bir xəbər çap olunmuşdur. Xəbərdə deyilir: "Cümhurbaşqanı Süleyman Dəmirəl dünən İqdırda, Genelkurmay Başkanı, Orqeneral Hüseyin Kıvrıkoğlu və qüvvət komutanlarıyla birlikdə, əski Vali Şəmsəddin Uzun tərəfindən inşa edilən "Soyqırım Abidəsi və Muzeyini" ziyarət etdi. Dəmirəl, Soyqırım Abidəsi"nin Türkiyənin bütün tarixini əhatə elədiyini "Tarixdən də nifrət yerinə dostluq öyrənmək gərəkdir, deyərək, bu abidə Türkiyəyə sahib çıxmağın bir abidəsidir. Çox gözəl bir abidədir" demişdir.  

   Bir neçə ay əvvəl bu abidə açılarkən həmən o Şəmsəddin Uzun isə abidənin açılışı günündə aşağıdakıları söyləmişdi: "Vali Uzun İqdırda inşa edilən "Soyqırım Abidəsi və Muzeyi"nin açılışındakı çıxışında, dövlət səviyyəsində bəzi adamların burada olmadıqlarını gördükdə, bundan çox böyük üzüntü yaşadığını da söylədi. Mədəniyyət Nazirliyindən, Xarici İşlər Nazirliyindən təmsilçilərin olmamasını böyük bir təəssüflə və heyrətlə qarşıladığını anladın Vali Uzun "Yoxsa ermənilərin xətrinə toxunmamaq üçünmü gəlmədilər. Bizim ermənilərdən torpaq tələbimiz yoxdur. Əsla olmayacaqdır. Amma ermənilər üçün qan və torpaq tələbi davam etməkdədir" deyə çıxışında söyləmişdir.  

   Bu xəbər isə "Ortadoğu" qəzetində mənim bu abidə haqqında yazdığım ikinci yazıdan bir hissədir ki, buraya daxil eləyirəm.  

   Bu xəbərin başlığını oxumayan hər kəs düşünə bilər: bu xəbərlərin bizə nə dəxli var? Mən bu suala geniş cavabı "Ortadoğu" qəzetində vermişəm və həmən qəzetləri də dostum, illərlə tanıdığım, gözəl ziyalı və memar, memarlıq nəzəriyyəçisi Cəfər Qiyasiyə də göndərmişəm. Məsələ bundadır ki, həmin tarixi abidənin me"marı sizin də gözəl tanıdığınız Cəfər Qiyasidir. 

   Mən bu xəbəri iki ay əvvəl də yaza bilərdim, ancaq bir çox texniki səbəblər mənim əl-qolumu bağladığına görə bir az gec yazıram və üstəlik də düşündüm ki, bəlkə də bizim qəzetlər bu haqda yazı verə bilərlər. Bunu bilmirəm, amma mən "Hürriyət" qəzetindəki xəbəri oxuduqdan sonra və Şəmsəddin Uzunun da o dediklərini yada saldıqdan sonra düşündüm ki, ədalət və haqq nə zaman olsa da öz yerini tapır. Şəmsəddin Uzunun bu haqq səsini eşidən olacaq. Eşitdilər, amma çox gec eşitdilər ki, həmən abidənin müəllifi artıq o zaman buralarda deyildi və inanın ki, mən "Ortadoğu" qəzetində yazdığım iki yazıda da demişdim. Məgər Türkiyədə belə bir memar yox idimi? 

   Vardı, amma bir çox türk memarı bu işin altına girməzdi, neyçün, ona görə ki, elə bu memarlıq abidəsinin açıldığı günlərdə bir çox qəzet bu haqda bir kəlmə də olsun yazmadı və hətta "Aydınlıq" qəzeti "Erməniləri küsdürəcəyik" deyə bir yazı da yazmışdı.

   Təbii, mən bu xəbərdə Cəfər Qiyasinin uğurunu geniş anlatmıram, amma onu yenə də ürəkdən təbrik eləyirəm və yuxarıda iki qəzetdən verdiyim misallar ortadadır. "Hürriyət" qəzeti bu gözəl abidənin müəllifinin adın belə çəkmədən təbii ki, üstünlüyü Süleyman Dəmirəlin oraya gəlməsinə bağlamışdır ki, bəlkə də Dəmirəl oralara gəlməsəydi altı altda, üstü üstdə qalacaqdı.  

   Erməniləri niyə incidək ki... Daha mənim sözüm yoxdur.  

   Ürəkdən təbrik edirəm qardaşım Cəfər Qiyasi...

  

   (DAVAM EDƏCƏK)

 

 

   Tofiq Abdin

 

   Ədalət.- 2012.- 8 sentyabr.-  S.15.