Qarabağın qeyrətli oğlu

 

   Zamanın gərdişi ötdükcə dünya köhnəlir. Həyata insan gəlir, həyatdan insan gedir. Dünya dolur, boşalır. Dünya yeniləşir. Dünyaya gələnlər izlər salır, Haqqın dərgahına köçəndə bu dünyada qoyduqları izə görə xatırlanırlar. Əgər bir şəxs özündən sonra yaxşı bir ad qazanıb, yaxşı iz qoyub gedirsə, qazandığı ada uyğun rəhmət qazanır yaxud da əksinə...   

   Vətən uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçıları ilə 1988-ci ildən başlanan savaşda minlərlə igid oğullarımız düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmiş, şəhid olaraq cənnətə qovuşmuş özündən sonra yaxşı izlər qoyaraq xatirələrdə əbədiləşmişlər. Onlardan biri onu tanıyanların yaddaşında həmişə haqsızlığa qarşı üsyankar bir gənc kimi qalan Bahadur Şahmurad oğlu İmanovdur.   

   Bahadur İmanov 15 iyul 1970-ci il tarixdə Qarabağın dilbər guşəsi olan Füzuli rayonunda, ecazkar təbiətə malik Qacar kəndində anadan olmuşdur. 1977-1987-ci illərdə doğma kəndlərindəki orta məktəbdə təhsil almışdır. Təhsil aldığı müddətdə əla qiymətlərlə oxumuş, şagird yoldaşlarından fərqlənmiş, həmişə sinif nümayəndəsi olduğundan başqalarına nümunə göstərilmişdir. Hələ orta məktəbdə təhsil alarkən onda idmana, xüsusilə onun güləş növünə böyük maraq yaranır. Elə bu maraq arzular da onu rayon mərkəzində yerləşən güləş məktəbinə gətirib çıxarır. Burada da o, həmişə olduğu kimi başqalarından fərqlənir. Güləş üzrə rayon respublika üzrə keçirilən turnirlərdə dəfələrlə qalib olur.   

   Orta məktəbi uğurla başa vurduqdan sonra Bahadur hərbçi olmaq arzusuna düşür. Bu məqsədlə sənədlərini 1988-ci ildə Səmərqənd ali hərbi məktəbinə təqdim edir. Amma təcrübəsizlikdən müsabiqədən keçə bilmədiyi üçün qəbul ola bilmir çox məyus olur. Elə həmin ildə ordu sıralarına çağırılır. 1988-1990-cı illərdə Rusiya Federasiyasının Maqadan vilayətində, Anadır şəhərində hərbi-əsgəri xidmət keçir. Hərbi xidməti müddətində dəfələrlə qulluq etdiyi hərbi hissədə komandirlərinin təşəkkürünə layiq görülür. Nümunəvi xidmətinə, bir əsgər kimi yüksək döyüş hazırlığı ilə başqalarından fərqlənib seçildiyinə görə Bahadur İmanov xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən "Nümunəvi əsgər" fəxri döş nişanı ilə təltif edilir. Hərbi xidmətini başa vurduqdan sonra o, Bakı Energetika texnikumuna daxil olurtexnikumu fərqlənmə ilə bitirərək, təhsilini Rusiyada, Volqoqrad Energetika texnikumunda, iqtisadiyyat fakültəsində davam etdirir.   

   1991-ci ilin yayında Qarabağın səmasını artıq qara buludlar alanda Bahadur təhsilini yarımçıq qoyub doğma vətəninin müdafiəsinə qalxır. Rayonda, kənddə ilk könüllülər batalyonları yaradılarkən o, birincilər sırasında həmin dəstələrə üzv olur. Atası Şahmurad İmanov doğma Qacar kəndinin cavanlarını başına yığıb könüllülərdən ibarət özünümüdafiə dəstəsi yaradır. Qacarlılardan ibarət olan bu könüllü dəstə rayonun Qacar, Cəmilli, Divanalılar, Yuxarı Yağlıvənd kəndləri yaxınlığında mövqe tutaraq düşmənin bu kəndlərə hücumlarının qarşısının alınmasında dəfələrlə qəhrəmanlıq nümunələri göstərirlər. Aprelin 10-da Qacar kəndi ərazisində erməni işğalçı qüvvələri ilə baş verən 15 saatlıq şiddətli döyüşdə digər igid həmkəndliləri kimi Bahadur da qəhrəmanlıq numayiş etdirir.  

   28 iyun 1992-ci il tarixində Azərbaycan ordusunun bütün cəbhə boyu sonda uğursuzluqla nəticələnən hücumu zamanı Bahadur bir əsgər kimi Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində həyata keçirilən ağır döyüş əməliyyatlarında özünü qorxmaz, igid bir döyüşçü kimi göstərir. Döyüşün sonunda yaralanmış və mühasirədə qalmış əsgər dostlarının sağ-salamat döyüş mövqelərindən çıxarılmasında Bahadur vətənini canından artıq sevən bir əsgər kimi nəyi bacarırsa, onu da edir. O, 1992-ci ilin yayında daha bir neçə döyüş əməliyyatlarında (Xəzəz dağı, Kəkilli qaya, Haçagədik və s.) iştirak edir və fərqlənir. Onun 18 yaşı hələ tamam olmamış qardaşı Məmmədxan da keçirilən bəzi döyüş əməliyyatları zamanı əsgərlərə ərzaq və hərbi sursat çatdırılmasında fəal iştirak edir.   

   8 oktyabr 1992-ci il tarixdə səhər saat 5 radələrində erməni işğalçı qüvvələri böyük qüvvə ilə Xəzəz dağı yüksəklikləri istiqamətindən Qacar kəndinə tərəf güclü hücuma keçirlər. Kəndin ərazilərində qızğın döyüşlər gedir. Erməni silahlıları ilə üzbəüz döyüşdə bir düşməni məhv edib digərini əsir götürmək niyyəti ilə (həmin ərəfədə bizim ermənilərdə girovlarımız vardı və onlar əsirlərlə dəyişdirilirdi) ehtiyatla ona - öz ovuna yaxınlaşan Bahadur qəflətən özü düşmən snayperinin gülləsinə tuş gəlir. Güllə onun boğaz nahiyəsindən dəyir. Amma o, bir anlıq heç nə olmamış kimi az müddət də olsa, yaralı halda döyüşü davam etdirir. Bahadurun yaralandığını, qan itirdiyini görən döyüşçü dostları (Adil adlı bakılı əsgər, həmkəndliləri, sinif yoldaşları - Alik, Məhəmməd, Natiqdaha bir nəfər) onu çətinliklə, eyni zamanda ustalıqla döyüş mövqeyindən çıxararaq təcili xeyli aralıda, Qaraxanbəyli kəndində yerləşən hospitala çatdırmağa çalışırlar. Maşında döyüşçü dostu Adilə "yaman üşüyürəm" - deyən Bahadur saat 11. 20-də hospitala çatdırılır. Həkimlərin bütün səylərinə baxmayaraq, 30 dəqiqə sonra Bahadur İmanov hospitalda dünyasını dəyişir.  

   Vətənini, Qarabağını, döşma Qacar kəndini qızğın məhəbbətlə sevən cəsur döyüşçü Bahadur İmanovun ölməz adı əbədiləşdirilmişdir. Onun təhsil aldığı doğma Qacar kənd orta məktəbi hazırda Bahadur Şahsuvar oğlu İmanovun adını daşıyır.

 

 

  Nazim Tapdıqoğlu (Vəlişov)

  Bakı Slavyan Universitetinin

  elmi işçisi, tarixçi-tədqiqatçı

 

  Ədalət.- 2012.- 11 sentyabr.- S.4.