BU YERLƏRİ GƏLİB GÖRSƏN...

 

  ... Dünyanın o qədər gözəl dağları, çayları, meşələri və ormanları var ki, onları gəzməklə və görməklə heç vaxt insan doya bilmir. Biz bəzən ən uzaq və ucqar ölkələrə gedib oranı gəzirik, amma iki addımlığımızda olan rayonlarımıza, kəndlərimizə və ellərimizə getmirik. Gedəndə də gözəlliklərin aurasına düşüb ordan qayıtmaq istəmirik...

  

   GÖZƏL MƏKAN FÜZULİ

  

   Füzulini çox vaxtı yazarlar qeyri-adi bir gözəlliyi olan yerlərə bənzədirlər. O gözəlliyin nə qədər desən dağları, çayları və ormanları var. İndi çoxlarının da görmədiyi və ayaq basmadığı Füzuli rayonunun kəndləri, meşələri və ormanları işğaıl altındadır. O kəndlərə gedəndə, o yaylaqlara qalxanda adam özünü cənnətdə hiss eləyirdi. Hiss eləyirdi ki, təmiz hava udur, təmiz su içir və gözəl də bir məkanın üstündədir. Hoğanın, Cəmillinin, Yuxarı Veysəllinin, Rəfəndinin... digər gözəl yaşayış məntəqələrinin əldən getməsi və işğal olunması bizi o yerlərə, o bulaqlara, o çaylara həsrət qoysa da içimizdə həmişə o sevgio istək yaşayıb, xəyallarımızda tez-tez o yerlərə gedib çıxmışıq...

  

   DAŞI-DAŞ ÜSTƏ QOYMAQ ASAN DEYİL

  

   Bayaq itirilimiş Füzuli torpaqları haqqında danışdıq. Amma biz o torpaqları müvəqqəti olaraq əldən vermişik. Allah qoysa, tezliklə Ali Baş Komandan, prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nəinki Füzulinin işğal altında olan yaşayış məntəqələrini, eləcə də cəmi Qarabağın işğal olunmuş torpaqları geri qayıdacaq. Bunu xalq və millət özü geri qaytaracaq. Döyüşə-döyüşə, vuruşa-vuruşa və ən nəhayət bütün qüvvəsini səfərbər etməklə...  

   Bu gün Füzulidə çox böyük quruculuq və abadlıq işləri görülür. Bu da təsadüfi deyil. Çünki regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bu layihələr zaman-zaman gerçəkləşdirilir. Indi siz təsəvvür edin, erməni işğalçıları Füzulini zəbt edərkən onun bir yaşayış məntəqəsində belə həyat əlaməti qoymayıblar. Yəni qabaqlarına hansı ev, hansı bina və hansı tikili çıxıbsa, ona od vurub yandırıblar.   

   Yanmış, kül olmuş kəndləri, qəsəbəni və eləcə də yaşayış məntəqələrini bərpa etmək o qədər də asan olmayıb. Ən azından ona görə ki, daşı-daş üstə qoymaq, onu ucaltmaq, burda yaşayan insanların ən böyük arzusu və istəyi olub. Daş-daş üstə qoyuldu, evlər tikildi və yenidən yaşayış məntəqələri öz sakinlərini ağuşuna aldı...

  

   BƏRPA OLUNMUŞ EVLƏR...

  

   Əlbəttə, Füzulinin 22 yaşayış məntəqəsi və 1 şəhəri işğaldan azad olunandan sonra orda sürətli bərpa işləri görülməyə başladı. Zarafat deyil, 22 kənddə ermənilər tərəfindən yandırılmış evlər yenidən tikilməli və əhalinin istifadəsinə verilməl idi. Horadiz şəhərində Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Mollaməhərrəmli, Babi, Araytılı, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Dilağarda, Aşağı Kürdmahmudlu, Əhmədbəyli, Qarabağ, Yuxarı Kürdmahmudlu, Şükürbəyli, Alxanlı, Mahmudlu-1, Mahmudlu-2, Böyük Bəhmənli kəndlərində yanmış evlər yenidən bərpa edilərək və tikilərək əhalinin istifadəsinə verildi.   

   Bununla yanaşı, Qayıdış və Zobucuq qəsəbələrində yeni yaşayış sahələri və evlər tikildi. Özübu evlərin bərpası ayrı-ayrı təşkilatlar tərəfindən həyata keçirildi. "Dövlət Qaçkınkomu"nun, Respublika Bərpa Agentliyinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, Beynəlxalq Xilasetmə Komitəsinin, Norveç Ali Komissarlığının, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin gücü ilə bu layihələr reallaşdırıldı. Ümumiyyətlə, bu qurumların xətti ilə 4211 ev, 1024, 496, 1038, 276, 318 ev hər cür şəraiti olan evlər inşa edilərək əhalinin istifadəsinə verildi. Bütün bunlar ona dəlalət edirdi ki, yurd-yuvasına qayıtmış insanlar üçün hər cür şərait yaratmaq çox vacib idi. Birincisi ona görə ki, qaçqınlıq həyatı yaşayan insanlar ikinci dəfə öz vətəninə dönəndə ağır çətinliklə üzləşməsin. Ikincisio addımların atılması vətəninə dönən insanlarda çox böyük inam yaradırdı. Elə bu inam və istək onları vətənə, torpağa daha ürəkdən bağlayırdı...

  

   QAYIDIŞ

  

   Allah heç kimə qürbətdə və başqalarının qucağında yaşamağı qismət eləməsin. Çünki atalar yaxşı deyib: "El-elə sığışar, ev-evə sığışmaz". Hətta atanın, qardaşının geniş mənzilində yaşasan belə, içində bir qəriblik, bir sıxıntı və bir niskil hiss eləyirsən. Üstəlik də başqasının ocağında, evində qalmaqla onun yerini daraldırsan. Nə yaxşı ki, 1994-cü ilin yanvarında aparılmış uğurlu əməliyyat nəticəsində Füzulinin 22 yaşayış məntəqəsi erməni işğalından azad olundu. Bax bu xəbəri eşidəndə yerindən-yurdundan və ocağından didərgin düşmüş insanlar sevinclərindən gecələr yata bilmədilər. Hansı ki, onlar əvvəllər yurd yerinin dərdindən, ağrısından və acısından rahatlıq tapa bilmirdilər. İndi isə xoş xəbər onların hər birində böyük sevinc yaratmışdı. Bu sevinci yaşamaqbu sevinci yaşatmaq üçün böyük ürək lazım idi. Və bu böyük ürək də füzulilərdə vardı.  

   1994-cü ildə əgər işğaldan azad olunmuş yaşayış məntəqələrinə 23750 qaçqın qayıdıbsa, sonrakı illərdə bunların sayı qat-qat artıb. Və bu gün Füzulinin işğaldan azad olunmuş yaşayış məntəqələrində 65 mindən çox insan yaşayır. Bu da o deməkdir ki, torpağa və vətənə yenidən dönən insanlar hər şeyin qədrini bilməyə başlayıblar. Yəni onlar vətəninin bir qarış torpağını da, bir udum havasını da, bir fincan suyunu da sevə-sevə qoruyurlar. Onlar yaxşı bilirlər ki, qürbət nə deməkdir, çətinlik və məşəqqət insanı hansı problemlərlə üzləşdirir. Bütün bunların hamısını incəliyinə qədər yurda qayıdan insanlar çox yaxşı bilirlər və onu dəyərləndirirlər. Vətənə qayıdışdan sonra torpağa bağlanan insanlar qurub yaratmaq və işləmək arzusu ilə hər gün işə tələsirlər. Xoşbəxt o insandır ki, öz ocağında, öz yurdunda nəsə bir görür.

  

   CİDDİ ADDIMLAR

  

   Füzulidə abadlıq və quruculuq işlərinə bütün dövrlərdə böyük önəm verilib. Bu da təsadüfi deyil, ölkə başçısı, cənab İlham Əliyev cəbhə bölgəsi olduğu üçün rayonun sosial-iqtisadi inkişafına böyük diqqət yetirir. Cənab prezident Füzulidə səfərdə olarkən bir fikri xüsusilə vurğulayıb ki, burda yaşayan və işləyən insanlar qəhrəmandırlar. Bəli, bu həqiqətən də belədir. Erməninin ağzının içində böyük bir şəhər tikmək, abadlıq və quruculuq işləri görmək o qədər də asan deyil. Kimsə çox yox, cəmi bir axşam Horadiz şəhərində gecələsə və axşamlar da ermənilərin atdığı güllələrin səsini eşitsə onda bilər ki, burda yaşayan insanlar nə qədər mərd və mübariz adamlardılar. Ona görə ki, cəbhə bölgəsində hər an atəşkəs tez-tez pozulur.   

   Üstəlik də ermənilər yaxınlıqdakı Horadiz şəhərində möhtəşəm quruculuq işlərini görüb, paxıllıqdan ürəkləri partlayır. Əllərindən bir gəlməsə də insanları və əhalini qorxutmaq üçün gecə saatlarında atəşkəsi tez-tez pozursilaha əl atırlar. Təbii ki. onların bu addımları cavabsız qalmır. Azərbaycanın çox güclü və qüdrətli ordusu onları susdurur.

  

 

 (ardı gələn sayımızda)

 

 Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2012.- 11 sentyabr.- S.3.