Novruz Məmmədovdan "Ədalət"
vasitəsi ilə jurnalistlərə xahiş
"Həmin
sualları "Vaşinqton post", "Nyu-York Times",
"Qardian", "Ekonomis", "Leo-Mont"yə
göndərib izahat tələb edə bilərlər"
Prezident Administrasiyasının beynəlxalq
əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov
"Ədalət" qəzetinin suallarını
cavablandırıb.
- Sizcə, Ramil Səfərovun əfvi
niyə həm daxildə, həm də xaricdə bu qədər
kəskin reaksiya ilə qarşılandı?
-Bununla bağlı Azərbaycan
artıq öz mövqeyini bildirib. Ramil Səfərov Azərbaycana
gətirildiyi gün rəsmi Bakı bu barədə
mövqeyini açıqlayıb. Bununla bağlı bizim
atdığımız bütün addımlar beynəlxalq
hüquq çərçivəsindədir. Eyni zamanda da Azərbaycan
Konstitusiyasına uyğundur, burada qeyri-adi bir şey də
yoxdur.
-Rəsmi Bakı beynəlxalq
hüquq normalarından kənar addım
atmadığını deyir. Belə olan halda beynəlxalq təpki
nəyə işarədir?
-Siz özünüz də beynəlxalq
hüququn bununla bağlı sənədlərində görə
bilərsiniz ki, orada bunlar öz əksini tapır, biz
düzgün addım atmışıq. Sadəcə olaraq bu
gün, ümumiyyətlə Qərbdə xüsusilə Ermənistan-Azərbaycan
məsələsində həmişə Ermənistanın
yanında durma müşahidə olunur. Yəni məsələlərin
mahiyyəti kənarda qalır. Onlar istər-istəməz bu və
digər nəyisə bəhanə gətirərək erməni
tərəfinin mövqeyini tuturlar. Əslində belə bir
mövqe üstüörtülü olsa da Dağlıq
Qarabağ problemi ətrafındakı danışıqlarda da
özünü göstərir. Əks təqdirdə biz
bununla üzləşməzdik. Necə ola bilər ki, 20 ildən
artıqdır torpaqlarımız işğal altında
qalır, bir milyondan artıq məcburi köçkün və
qaçqınımız var, işğal altında qalan ərazilər
tamamilə dağıdılıb, bütün məktəblər,
xəstəxanalar, muzeylər, qəbiristanlıqlar, mədəniyyət
abidələri, yaşayış binaları
yandırılıb, məhv edilib bununla bağlı Qərb
konkret mövqe nümayiş etdirmir. Dağlıq Qarabağdan
əlavə yeddi rayonumuz da işğal altındadır, buna
Ermənistanın heç bir iddiası da yoxdur və ola da
bilməz. Amma bununla belə, Qərbdən, hər hansı bir
dövlətindən, təşkilatından konkret qətiyyətli
mövqe görə bilmirik. Baxmayaraq ki, 1992-93-cü illlərdə
BMT Təhlükəsizlik Şurasının işğal
faktorunun aradan qaldırılması üçün
müvafiq qətnamələri də qəbul olunub. Beynəlxalq
hüquq var və baxmayaraq ki, sözdə dövlətlərin
əksəriyyəti Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyirlər, amma
real münasibətdə biz bunu görmürük. Yəni biz
artıq bunu beynəlxalq aləmdə dövlətlərarası
proseslərin tərkib hissəsi kimi müzakirəyə
çıxara bilmişik. Bununla belə biz beynəlxalq arenada
erməni təəssübkeşliyi, yaxud da xristian təəsssübkeşliyini
görürük, müşahidə edirik.
-Azərbaycan kiçik dövlət
olsa da müstəqil ölkə olaraq Qərb
dünyasının iqtisadi, bəlkə də həm də
siyasi maraqlarının təmini baxımından çox irəli
gedib. Bu mənada rəsmi Bakı bu faktorlara əsaslanaraq
konkret Azərbaycana yönəlik siyasətə etiraz edə
bilməzmi?
-Azərbaycan bunu deyə bilər və
yeri gələndə də deyir. Sizdən və bütün
jurnalistlərdən xahiş edirəm, hər dəfə
xarici dövlətdən Azərbaycana gələn səfirindən
tutmuş prezidentinə kimi onlara ilk sualınız da bu olsun. Təəssüf
edirəm ki, jurnalistlərimiz bunu etmirlər. Əslində bu
jurnalistlərin ilk vəzifəsi olmalıdır. Biz dövlət
rəsmiləri olaraq bunu edirik. Amma çox təəssüflər
olsun ki, bu gün beynəlxalq proseslərdə, beynəlxalq
hüquqda müəyyən problemlər var. Baxmayaraq ki, sənədlərdə
hər şey düzgün, ədalətli göstərilir.
Amma praktikada təəssübkeşlik, müəyyən
geosiyasi maraqlar, müəyyən iqtisadi maraqlar, müəyyən
digər maraqlar özünü göstərdiyi
üçün hər dəfə ədalət prinsipi
pozulur. Böyük bir ingilis, alimi, filosofu, siyasətçisi
qeyd edirdi ki, beynəlxalq hüququ dünyanın güclü
dövlətləri özlərinə xidmət etmək
üçün yaradıblar. Təəssüflər olsun ki,
bəzən bunu müşahidə etmək olur.
-Novruz müəllim, Siz niyə bu
suallara jurnalistlərin xaricilərdən cavab
almadığına təəssüflənirsiniz. Axı biz
jurnalistlər də suallarımızı cavablandıracaq
ünvanlara üz tutmaq üçün imkan
yaradılmadığından təəssüflənirik...
-Əvvəla mən o jurnalistlər
haqqında danışıram ki, onlar istədikləri zaman həmin
səfirləri, həmin nümayəndələri aeroportda,
şəhərdə, müəyyən tədbir çərçivəsində,
müəyyən forumlarda, konfranslarda və s. yerlərdə
tuta bilərlər. İkinci bir tərəfdən də həmin
sualları "Vaşinqton post", "Nyu-York Times",
"Qardian", "Ekonomis" "Leo-Mont" və digər
qəzetlərin redaksiyalarına göndərib izahat tələb
edə bilərlər. Yəni biz də Avropanın tərkib
hissəsiyiksə, bunu edə bilərik. Təəssüflər
olsun ki, bizim jurnalistlər həmin suallara cavabı öz məmurlarımızdan
almaq istəyirlər. Halbuki, sizin dediyiniz suallar birbaşa
Avropa İttifaqının, ABŞ-ın, digər dövlətlərin,
beynəlxalq təşkilatların rəhbərlərinə
ünvanlanmalıdır. Görək onlar sizin
suallarınıza necə cavab verirlər. İnanın ki, biz
hər əlimizə düşən fürsətdə, hər
görüşümüzdə bu məsələləri
qaldırırıq.
-Bəs ekstradisiyadan sonra
Macarıstanın tutduğu mövqe, bəyanatın verilməsinin
səbəbi nə idi?
-Azərbaycandan onlar nə tələb
edə bilərdilər? Bizim Macarıstana verməli
olacağımız elə bir izahat yox idi. Onların bizdən
izahat istəməsinin yeri də yox idi. Əslində bu,
onlarla ikitərəfli münasibətlərin predmeti olan bir
iş idi. Biz onlarla razılaşmışdıq və
razılığa uyğun olaraq da onlar Ramili bizə göndərdilər.
Bizim tərəfdən də Azərbaycan prezidenti öz
hüquqlarından və Konstitusiyanın müddəalarından
istifadə edərək Ramil Səfərovu əfv etdi. Bunu
prezident NATO-nun baş katibi Andres Foq Rasmussenin Azərbaycana səfəri
zamanı keçirilən görüşdə də qeyd
etdi. Prezidentin bu qərarı da bugünkü şərait
üçün də, beynəlxalq hüquq çərçivəsində
ən düzgün addım hesab edilməlidir. Azərbaycan
bununla bağlı heç bir dövlətə izahat vermək
fikrində olmamışdır, olmayacaq da. Biz bunu ilk günlərdən
bəyan etmişik. Əslində elə bu, əvvəlcədən
ortaya qoyulmuş cavab idi.
-Ramil Səfərovun əfvi barədə
bir çox rəsmi açıqlamalar verildi. Bəzilərində
bu addımın atılmasında beynəlxalq konvensiyalara əsaslandığı
vurğulanmaqla yanaşı, prezidentin şəxsi nüfuzunun
rolu da önə çəkildi. Sizcə, bu iki ifadənin
yanaşı işlədilməsi nə dərəcədə
doğrudur?
-Azərbaycanın bugünkü
inkişafı, atdığı addımlar, dünyadakı
nüfuzu, Avroviziya kimi, gözəl bir mahnı müsabiqəsinin
Azərbaycanda keçirilməsi, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına üzv olması, prezidentin may ayında qurumun
iclasında sədrlik etməsi, bütün beynəlxalq aləmdə
onun nüfuzu bir çoxlarında qısqanclıq,
paxıllıq yaradır. Bizi istəməyənlər də
çoxdur. Ona görə də baş verən hadisələri
hər kəs öz maraqları çərçivəsində,
özü istədiyi kimi izah edir, şərh edir. Bu mənada
səsləndirilən fikirlərin hamısına cavab verməyə
ehtiyac yoxdur. Bunların hamısı o tərəflərin
mövqeyi çərçivəsindədir. Azərbaycan
prezidentinin addımı 1983-cü ildə qəbul olunmuş
Konvensiyaya uyğundur. Bu ortada olduğu halda kim nə deyir,
desin, kim nə danışır, danışsın. Bizim buna
cavab verməyə ehtiyacımız yoxdur və bizi buna təhrik
etmək də lazım deyil. Belə olanda az qalır biz
özümüzə bəraət qazandıraq.
Gültəkin
Ədalət.- 2012.- 12 sentyabr.- S.3.