QAX ÖZÜNÜN ƏN YÜKSƏK İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYMUŞDUR

 

MİLLİ KÖKLƏRİ ÜZƏRİNDƏ YENİDƏN QURULAN ŞƏHƏR

 

Ötən il ölkəmizin təmsilçilərinin "Eurovision" yarışmalarında 1-ci yerə çıxması, bu il bu yarışmalara çox böyük qonaqpərvərliklə ev sahibliyi etməsi, onun ardınca idmançılarımızın London yay olimpiadasında əldə etdikləri möhtəşəm qələbə və nəhayət bu yaxınlarda Azərbaycan Milli Ordusunun Macarıstanda həbs olunan zabitinin möhtərəm Prezidentimiz tərəfindən ölkəmizə gətirilərək əfv olunması dövlətimizin günbəgün artan beynəlxalq nüfuzundan, iqtisadi qüdrətindən, xalqımızın milli-mənəvi dəyərlərinin zənginliklərindən xəbər verir. Bütün bunların sevincini yaşayan ölkə vətəndaşları dövlətimizin yaratdığı əlverişli şəraitdən yararlanaraq daha böyük əzmlə qurub yaradır. Son dövrlər nəinki, paytaxtımız, ən ucqar bölgələr belə öz milli kökləri üzərində sanki yenidən qurulur, abadlaşır, gözəlləşir.   

   Belə bölgələrdən biri də Qaxdır. Təsadüfi deyildir ki, hörmətli Prezidentimiz ötən ilin noyabrında bölgəyə səfəri zamanı ictimaiyyət nümayəndələrilə görüşündə demişdir: "Hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm. Rayon inkişaf edir, gözəlləşir, belə gözəl memarlıq əsərləri yaradılır. Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl guşələrin yaradılması yəqin ki, Qaxdan başlayıb."  

   Bəli, Qax bu gün öz milli kökləri üzərində yenidən qurulur. Şəhərin qədim yaşayış məhəlləsi olan "İçəribazar" çox böyük yaradıcılıqla, vətən sevgisi ilə, yerli rəhbərliyin gərgin əməyi, sənətkarların yüksək peşəkarlığı ilə aparılan təmir-bərpa işlərindən sonra öz tarixi görkəmini almışdır. Burada milli üslubda aparılan təmir-bərpa işləri, milli sənətkarlıq emalatxanaları, bərpa olunan qala qapıları məhəlləyə daxil olan hər birimizin qan yaddaşını, tarixi yaddaşını elə oyadır ki, bu zaman keçirdiyimiz hissləri, xəyalımızda canlanan, tarixi keçmişdən xəbər verən mənzərələri heç cür sözlə ifadə etmək, qələmə almaq mümkün deyil.  

   "İçəribazar"dan mətbuatda bir çox materiallar dərc edilmişdir. indidən sonra da yazılacaq, oradakı ayrı-ayrı abidələr, bütövlükdə məhəllə haqqında tarixçilərimiz hələ öz mülahizələrini söyləyəcəklər.   

   Bu günlər qaxlılar daha böyük sosial-iqtisadi əhəmiyyət daşıyan layihələrin reallaşması üçün əzmlə çalışır, qurub yaradırlar. Hazırda "İçəribazar"ın ətraf məhəllərində, küçə meydanlarında, parklarda adamların rahatlığına, bölgənin sosial-iqtisadi inkişafına xidmət edən, tarixi keçmişimizin gələcək nəsillərə çatdırılmasına, turizmin inkişafına köklənmiş tikinti-quruculuq işləri artıq tamamlanmaqdadır. Heydər Əliyev, Azərbaycan prospektlərində, İmam Mustafayev, Vidadi, Qaçaq Nəbi, Nəriman Nərimanov, Məhəmməd Füzuli küçələrində, "Beşmərtəbəli" yaşayış binalarının yerləşdiyi ərazidə digər bir çox küçə məhəllələrdə çapma daş qırmızı kərpiclə üzlənmiş divarlar, yerli ağac materiallarından hazırlanmış qapı darvazalar, məhəllələrin girişlərində inşa olunmuş müasir memarlıq abidələrini xatırladan simvolik qala qapıları, yeni işlənmiş kirəmit yapıqlar digər abadlıq, bərpa işləri bu yerləri seyr edənlərdə yüksək ovqat yaradır.  

   Hazırda Qax böyük bir tikinti meydanını xatırladır. Möhtərəm Prezidentimizin təməlqoyma mərasimində iştirak etdiyi Qax şəhərinin, Qaxbaş Qaxingiloy kəndlərinin su-kanalizasiya sisteminin, şəhərin Nərimanov küçəsindəki Heydər Əliyev mərkəzinin inşasında tikinti işləri sürətlə davam edir. Buradakı insanların gözləri önündə ağlagəlməz sürətlə ucalan, ucaldıqca xüsusilə gözəlləşən, yerli inşaat materiallarından milli sənətkarlıq üslubunda inşa olunan bu böyük mədəniyyət obyekti böyük, mükəmməl bir memarlıq abidəsini xatırladır. Şəki-Qax avtomobil yolunun, Kürmük çayı üzərində 700 p/m, Malax çayı üzərində 54 pm uzunluqda körpülərin, idman kompleksinin, dövlət sosial müdafiə fondunun rayon şöbəsinin, rayon baytarlıq idarəsinin, təhsil şöbəsinin inzibati binalarının, Əlibəyli kənd xəstəxanasının, "El Resort" hotel kompleksinin konfrans zalının, süd emalı müəssisəsinin, dörd doqquz mərtəbəli yaşayış binalarının, "Səngərqala" istirahət kompleksində beşmərtəbəli, Ağçay kəndi ərazisində 3 mərtəbəli hotel binalarının, zəlzələdən zərər çəkmiş məktəblərin yerində tikilənlər daxil olmaqla 12 məktəb binasının, şəhərdə 80 yerlik uşaq bağçasının inşasında tikinti işləri sürətlə davam edir. Büdcədə nəzərdə tutulmuş 841 min manat hesabına rayonun Turaclı-Marsan, Almalı, Qum-Çinarlı, Tasmalı Marsan kəndlərinin giriş yollarının təmirinə başlanmışdır. Rayonun təsərrüfatlarının, yaşayış məntəqələrinin sel-sulardan mühafizəsi suvarma suyu ilə təchizatının yaxşılaşdırılması üçün böyük layihələr həyata keçirilməkdədir. Heydər Əliyev parkında yenidənqurma, abadlıq işlərinə başlanmışdır. Bütün bu adını çəkmədiyimiz digər onlarla obyektlərdə aparılan tikinti-quruculuq işləri ilə paralel rayonda genişmiqyaslı abadlıq işləri həyata keçirilməkdədir. Hər yerdə nümunəvi səliqə-sahman yaradılır, yaşıl zolaqlar salınır, gül kolları, ağaclar əkilir, çəmən otu səpilir.  

   Hazırda Qax aparılan quruculuq işləri nəticəsində ətraf aləmin təbii gözəlliklərini tamamlayaraq daha da zənginləşdirən, füsunkar edən bir bölgəyə çevrilmişdir. Həyata keçirilən tikinti, quruculuq işləri, icra olunan infrastruktur layihələrinin nəticəsidir ki, ilkin məlumatlara görə bu il rayona istirahətə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Söz yox ki, turizm obyektlərinin maddi texniki bazasının möhkəmləndirilməsi, turistlərə göstərilən xidmətlərin çeşidinin və səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən digər tədbirlər də rayona turist axınının artmasına səbəb olmuşdur.

  

   BÖLGƏDƏ ZƏNGİN TƏHSİL ƏNƏNƏLƏRİ DAVAM EDİR

  

   Qax rayonu çoxsaylı ziyalıları, zəngin ənənələrə məxsus təhsili ilə sayılıb-seçilən bölgələrdəndir. Bu gün rayonun uğurlarından danışarkən bu bölgədə təhsilin inkişafı istiqamətində əldə olunmuş nailiyyətlər barədə qısaca da olsun məlumat vermək yerinə düşərdi. Ötən tədris ilində rayon üzrə 7198 nəfər şagirdin 2397 nəfərinin biliyi "əla" və "yaxşı" qiymətləndirilmiş, təlim müvəffəqiyyəti 98.4 faiz olmuşdur. Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən "İlin ən yaxşı məktəbi" müsabiqəsində şəhər 4 -li tam orta məktəbi rayonu müvəffəqiyyətlə təmsil edərək qalib adını qazanmış, bu məktəbin müəllimləri Məmləkət Hüseynova və Rübail Əfəndiyeva "İlin ən yaxşı müəllim"i müsabiqəsində fərqlənmişlər. Respublika fənn olimpiadalarında rayonun ümumtəhsil məktəblərini təmsil edən 8 şagirddən 5 nəfəri müvəffəqiyyətlə iştirak edərək mükafatlandırıcı yerlərə layiq görülmüşdür.

  

 (ardı gələn sayımızda)

 

 

Novruz ŞABANOV

 

Ədalət.- 2012.- 13 sentyabr.- S.3.