"Söz ciddi məsələdir, əyləncə deyil"

 

   Fərhad Yalquzaq: "Ədəbiyyata azca yardım göstərilsə, bizim inkişafımız vulkan kimi püskürər"

 

   Müsahibimiz rəssam və yazar Fərhad Yalquzaqdır.  

   - Əvvəlcə təqdimatdan başlayaq: kimdir Fərhad Yalquzaq - rəssam, yoxsa yazıçı?  

   - Fərhad hər şeydən öncə rəssamdır, ruhən özünü boyalar aləmində görür, duyğularını, arzularını boyaların və xətlərin, yaxud çeşidli formaların araclığı ilə çatdırmağı xoşlayır. Digər tərəfdən, boyalarla ünsiyyət qurmaq mənə hər zaman nəsib olmur, bəzən çox yoruluram, bu vaxt köməyə nəsr və poeziya çatır. Mən boyalardan aldığım zövqü artıq sözlərdən və cümlələrdən də almağa başlamışam. Buna çox sevinirəm, yəni ilişib yalnız boyalar aləmində qalmamışam.  

   - Rənglərlə dil tapmaq asandır, sözlərlə?  

   - Boyalarla dil tapmaq daha çətindir, çünki burada birbaşa şüuraltı aləmə müraciət etməli olursan. Şüuraltı aləmdənsə həmişə aydın cavab gəlmir... Sən ona ixtiyarsız tabe olmaq məcburiyyətində qalırsan, ona etibar etməli olursan. Və şüuraltının təsiri altda söylədiklərini sonradan kimsə anlaya bilmir, heç sən özün də çox zaman onu anlamaqda çətinlik çəkirsən. Sözlərlə isə həm oynamaq asandır, həm də fikri çatdırmaq.   

   - Deməli, ən sadiq dost sözdür. Amma "sözlə oynamaq" dedin, sadiq dostla, yaxşı köməkçi ilə oynamaq nə dərəcədə uğurlu seçimdir?   

   - Əslində sözlə oynamaq deyərkən sözü oyuncağa çevirməkdən söhbət getmir. Söz ciddi məsələdir, əyləncə deyil. Ancaq sözə həddindən artıq ciddi yanaşan yazar özünü istəmədiyi bir çərçivəyə sala bilər, necə ki, sözü oyuncağa çevirən bir yazar da sonunda özünü xaosa atmış olur... Bilmirəm, bəlkə də kimsə xaos yaratmaqla bir ədəbiyyat, yeni bir cərəyan icad etdiyini düşünə bilər, ancaq mənim aləmimdə, hətta absurdun, mücərrədin özündə də bir dayanış nöqtəsi olmalıdır, yəni yazar ayağını hansısa bir istinad nöqtəsinə dirəməlidir, yoxsa yazdığının başlanğıcı olmadığı kimi, sonu da olmaz. Söz doğrudan da, dostdur, onu incitmək, zorlamaq olmaz, ancaq bir çocuq oynayaraq böyüdüyü kimi, bir yazar da sözlərlə oynasa, özünü çərçivələrin inhisarına atmasa, yaradıcılıqda böyüyə bilər.  

   - Ədəbiyyatımızın indiki durumu səni qane edirmi? Bildiyim qədər, rəssamlar qalmaqallardan uzaq dururlar. Ədəbiyyatdakı qalmaqallar səni qorxutmur ki?  

   - Ədəbiyyatımızın indiki durumu öz dinamikliyi ilə məni qane edir... Yazarlarımız imkanlarının məhdudluğuna rəğmən yaradıcılıqdan qalmırlar, həm çoxlu mütaliə edirlər, öyrənirlər, həm də öyrəndiklərindən bəhrələnə bilirlər. Əlbəttə, ədəbiyyatda nifaq toxumu səpənlər, paxıllar və b. antipodlar olub və olacaq, zatən pis olmasa, yaxşının da qədri bilinməz.   

   Rəssamlar arasında da intriqalar var, bir mentalitetin daşıyıcılarıyıq axı... Ancaq bu, özünü ədəbiyyatdakı kimi büruzə vermir, çünki ədəbiyyat adamı sözünü yazıb çatdırır onların cəmiyyətdə görünməsi, tanınması, yaxud hansı yuvanın quşu olması toplumda bəlli olur. Rəssam isə qapılır öz emalatxanasına...   

   - Bəzi ədəbiyyat adamları tərki-dünyalığı, özünə qapalı olmağı seçir. Sənin təxəllüsün çox şey deyir əslində... Sənin təkliyə meyllənməyin, tənhalığı sevməyin ilə bağlıdır? verir təklik sənə?  

   - Mən Yalquzaq təxəllüsünü 1999-cu ildə götürmüşəm, o zaman gerçəkdən təkliyi çox sevirdim, insanlardan uzaqlaşıb emalatxanada özümü toplumdan təcrid edirdim. Təklik insana düşünməyə, özünü dərk etməyə bir imkan yaradır. Təklik tənhalıq demək deyil, çünki sən təkliyi özün seçirsən istədiyin zaman təklikdən uzaqlaşa bilirsən, bu müvəqqəti anlam daşıyır. Tənhalıq isə sənin başqaları tərəfindən təcrid olunmağın sonucunda baş verir bu zaman keyfiyyətli bir yaradıcılıqdan danışmaq yersizdir.   

   Yaradıcı insanın təkliyə çəkilməsi təbii bir şeydir. Pol Sezann adlı bir fransız postimpressionisti vardı, o, hətta küçədə it hürəndə işləyə bilmirdi, fırçasını atıb molbertdən uzaqlaşırdı. İndi, yəni ailə qurandan sonra mən öncəki kimi təkliyə qapıla bilmirəm bu, özünü mənim rəssamlıqdakı yaradıcılığımda göstərir. Bu iki-üç ildə bir ciddi əsər yarada bilməmişəm. Buna bir çarə axtarıram.  

   - Bəs yaradıcı adamın içkiyə meyllənməyinə necə baxırsan?   

   - Mən içki içəndən sonra rəssamlıqla məşğul ola bilirəm, nəsrlə. Ancaq nadir hallarda şeir yazıram, onu da ayılandan sonra ciddi redaktə edirəm. Yaradıcı adamın içkiyə meyli təbiidir, həm bizim kimi normal olmayan bir toplumda. İçki qısa müddətə olsa insanı bədbin fikirlərdən, stressdən uzaqlaşdırır. Ancaq içkiyə həddindən artıq meyl edəndə sonradan daha çıxılmaz bir depressiyaya düşmək ehtimalı hər zaman var.

      - Qəliz rəsm çəkmək, qəliz əsər yazmaq haqqında düşünürsən? İncəsənət xalq üçün olmalıdır, yoxsa məhdud çevrə üçün?  

   - İncəsənət xalq üçün yalnız o zaman ola bilər ki, xalq özü incəsənəti dərk etmək səviyyəsinə yüksəlsin - söhbət qəliz, yəni abstrakt əsərlərdən gedir. İncəsənət hər şeydən öncə onu duyub dərk edənlər, anlayanlar üçündür, bu isə hər adama verilmir. O ki qaldı qəliz əsər yazmağa, yaxud tablo yaratmağa, mən bununla artıq məşğul oluram. Rəssamlıqda buna nail olmaq nisbətən daha asan görünür, boyaların dili zatən mücərrəddir, qorxmasan səmimi olsan, eyni zamanda istedadın buna imkan versə, keyfiyyətli, savadlı tablolar yaratmaq olar.   

   O ki qaldı ədəbiyyata, buna artıq Qərb ölkələrində çoxdan başlayıblar, Kafkanı, Lorkanı götürək. Bizdə qəliz ədəbiyyat yaradan bir yazar hələ tanımıram, bəlkə var, mən sadəcə olaraq, ədəbiyyat aləmində iməkləməyə başlamışam. Gələcəkdə qəliz ədəbi əsər yaratmaq arzum var, bir az püxtələşmək lazımdır, yoxsa bu təşəbbüs sonradan bayaq söylədiyim söz oyununa sonucda xaosa çevrilə bilər.  

   - Uğursuzluq, başa düşülməmək səni qorxutmur ki?  

   - Başa düşülməmək hələ uğursuzluq demək deyil. Uğursuzluq başa düşülsən qəbul olunmamaqdır. Başa düşülməməkdən qorxmuram, zatən çox vaxt özüm üçün yazdığım, yaxud çəkdiyim üçün bu, məni o qədər ilgiləndirmir.   

   - Mütaliə ilə aran necədir? Kimləri nəyə görə oxuyursan? Sənə təsir edən yazıçılar kimlərdir?  

   - Demək olar ki, hər gün oxuyuram, oxumayanda özümü çox rahatsız hiss edirəm. Lap çocuqluqdan bir az ipə-sapa yatmayan birisi olsam da, kitabxanalarla aram yaxşı idi, çeşidli kitabxanalardan hər həftə 5-6 kitab götürüb oxuyurdum. Son aylarda çağdaş Azərbaycan yazarlarını oxuyuram: Seymur Baycan, Əli Əkbər, Əsəd Qaraqaplan, Qan Turalı b. Hazırda Aydın Əfəndinin şeirlər kitabını ateizm haqqında 1986-cı ildə buraxılmış bir kitabı oxuyuram. Kimi nəyə görə oxumağıma gəldikdə, mən zövq aldığım üçün oxuyuram. Vladimir Sanin adlı bir rus yazarı var, onu bizdə demək olar ki, heç kim tanımır. Mən onun 16 kitabını iki il sürəsində dörd dəfə oxumuşam, hamısını, çünki hədsiz zövq alıram onun yazılarından.

      - Bildiyim qədər, yeni roman yazırsan. Bu barədə danışaq...  

   - "Dumana qarşı" adlı yeni ilk romanımı artıq yazıb tamamlamışam, qalıb redaktə işi. Roman əsasən mənim öz yaşantılarım üzərində qurulub, bir növ skelet-memuardır, ancaq içərisində fantaziyalara da varmışam. Bu, ayrı-ayrı zamanlarda yazdığım esselərin hekayələrin toplumudur, sadəcə, romana uyğunlaşdırmağa çalışmışam...

  

  

   Cəlil Cavanşir

 

   Ədalət.- 2012.- 13 sentyabr.- S.3.