İran
İnqilabına aldanan şair:
Səhənd
Göytürklərin torunu: Bulud Qaraçorlu
Səhənd
1926-cı ildə Azərbaycanın qədim
elm və mədəniyyət mərkəzi olan Marağa şəhərində
anadan olub. Əsli Qaraçorlu (Göytürk dövlətini
yaradan Aşina oğulları dəmirçi idi və
onların iki tayfası xüsusi qılınc buraxırdı.
Hər tayfa da istehsal etdiyi qılınca öz adını
vermişdi. Tayfalardan birinin adı "Bilgətəkini",
digəri isə "Qaraçori" idi. Hər iki
tayfanın nişanı buraxdıqları qılıncın
üstündə xüsusi şəkildə həkk olunurdu.
Göytürk imperiyasının sərhədləri Azərbaycanı
da əhatə edirdi. Bulud Qaraçorlunun nəsli
Göytürkləri yaradan həmin Qaraçori tayfasına
gedib çıxır.) tayfasına mənsub idi . Valideynləri
haqda Səhəndin təbirincə desək, atası "əyri-üyrü
bir xətlə öz adını cızmalardı, tayfada
ağ-qaradan başı çıxan təkcə anası idi
ki, o da düz-qələt, fəqət Quran oxuyardı".
Azsavadlı zəhmətkeş ata və anasının
oxşamaları, nağılları, söhbətləri,
öyüdləri onun qanına, yaddaşına hopur, elini,
ulusunu sevən bir gənc kimi yetişdirirdi.
İlk təhsilini
Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən
Razi, az müddət keçdikdən sonra isə Səhənd
təxəllüsü ilə şeirlər yazmağa
başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan
xalqının milli istiqlaliyyəti uğrunda
apardığı çətin mübarizə dövrünə
- 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına
təsadüf edir.
Milli hərəkatın
fəal üzvü
O, milli hərəkatda fəal iştirak edir. 1945-ci ildə Pişəvərinin rəhbərliyi
ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması,
ölkədə aparılan
misli görünməyən
mütərəqqi islahatlar
onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı.
Lakin vətənin azadlığı uzun sürmədi. O zaman Azərbaycan Amerika,
Böyük Britaniya və
Sovetlər Birliyi kimi iri dövlətlərin siyasi,
iqtisadi maraqlarının toqquşduğu
bir məkan olduğundan
Şərq və Qərb qarşıdurmasının sınaq
meydanına çevrilmişdi. Beləliklə,
dünyanın başı üzərini yeni
bir fəlakət - III Dünya
müharibəsinin başlanması təhlükəsi
almışdı. Yaranmış təhlükəni aradan götürmək üçün
bu iki
qarşıdurmanın meydanına çevrilmiş
üçüncü tərəf qurban verilməli idi. Bu qurban isə hələlik
ilk müstəqil addımlarını atan və zəngin mədəniyyətə, geniş coğrafi əraziyə,
böyük neft
ehtiyatlarına malik olan
Azərbaycan oldu...
Uzun illər Azərbaycan
Milli Hökumətinin super
dövlətlər arasındakı siyasi oyunlara qurban verildiyi siyasətçilər tərəfindən
açıqlanmır, məxfi saxlanırdı. Bəzən
siyasətçi və tarixçilərin açıq
söyləyə bilmədiyini yazıçı və
şairlər boynuna götürüb
ədəbi üsullarla xalqa
çatdırmağa nail olurlar.
Ömrü xalq və Vətən uğrunda
mücadilələrdə keçən, bu
yolda həm qələmi, həm də
tüfəngi ilə çarpışan Səhəndin
şeirlərində siyasi hadisələrin
gedişi ilə bağlı bir növ "xoruzun quyruğu" görünürdü:
Gərəkdir
Şərqdə boğula bu səs,
Deyə köhnə dünya
verdi əl-ələ.
Londonda
başladı gizli hərəkat
Vaşinqtondakı qoşun,
tədarükat
Xəlicə yollandı hərbi gəmilər.
Tarixdə vətənə, hədəfə
yola
Can qurban edənlər heç də az deyil...
Amma bir millətin
qurban olması
Tarix göstərməmiş
heç vaxt, heç zaman
Qoy bir də
söyləyim dünyalar
bilsin,
Sülhə qurban oldu bu Azərbaycan?!
O illərdə yaranmış
Birləşmiş Millətlər
Təşkilatının ilk həll edəcəyi münaqişəli problem Cənubi
Azərbaycan məsələsi
olur.
İşğaldan
sonrakı şair həyatı
Qısa bir müddətdə
istiqlalını yaşayaraq
çiçəklənib dirçələn diyar yenidən zindana çevrilir. Səhənd
hayqıraraq xalqının
başına gətirilənləri
bütün dünyaya
çatdırırdı.
Qarğış zəmanənin
qanunlarına,
Qarğış ürəkləri
ayıranlara
Qarğış insanları
qəfəsə salıb
Bəşər hüququndan
dəm vuranlara.
Milli Hökumət qan içində boğulduqdan sonra onun qurucularına, müdafiəçilərinə divan tutuldu, bir çoxu
dar ağaclarından asıldı, sağ qalanlar zindanlara atıldı, vətəndən
sürgün olundu. Milli Hökumətin süqutundan sonra Azərbaycan dilində mətbuat və kitab nəşrinə qadağa qoyulduğu üçün 40-cı illərin
sonu, 50-ci illərin əvvəllərində gizli
çap olunan nəşriyyələr ana
dilinin qorunmasında böyük rol oynayırdı. O dövrdəki
əsərlərin əksəriyyəti
zindanlarda, sürgünlərdə
yazılır, gizli yollarla çoxaldılıb
xalq arasında yayılırdı. Təsadüfi
deyil ki, o zamanlardan başlamış,
ta 1978-1979-cu illər İran inqilabına qədər ölkədə
Azərbaycan türkcəsi
ilə çap olunan kitablarda çap yeri və ili göstərilmirdi.
Bulud Qaraçorlu Səhəndin 1951-1953-cü illərdə
zindanda yazdığı
"Araz" və
"Xatirə" poemaları
da elə bu əsərlərin sırasındadır. Bu iki
əsərdə 1945-1946-cı illərdəki milli-azadlıq
hərəkatı və
onunla bağlı arzuları, ümumiyyətlə
xalqın azadlığı
ilə birgə fikirlərini bədii dillə qələmə almışdı.
Pəhləvi şovinizminin
fars dilini silah gücünə qafalara yeritmək siyasəti ilə heç cür barışa bilməyən
üsyankar şair
"Yasaq" şerində
yazırdı:
Taleyimə sən bax!
Düşüncələrim yasaq,
Duyğularım yasaq,
Keçmişimdən söz
açmağım yasaq,
Gələcəyimdən danışmağım
yasaq.
Bütöv Azərbaycan aşiqi
Səhənd 1967-ci ildə
ilk dəfə dünya
şöhrətli alim-şərqşünas
Rüstəm Əliyevlə
tanış olur.
Professor vasitəsilə bu
taydakı qan qardaşları ilə əlaqə yaradır. Onlara şeir ərməğanlarını göndərir.
Əvəzində bir-birinin
ardınca M.Rahim, S.Rüstəm, B.Vahabzadə,
Qabildən və başqa şairlərdən
cavab mənzumələri
gəlir. Özündə
iki qardaşın nisgil və həsrətini daşıyan
bu çoxsaylı məktublar onun poetik ərməğanlarının
bir silsiləyə çevrilməsinə səbəb
olur. O, Rüstəm Əliyevə xitabən yazdığı "Üçüncü
ərməğan" şerində
hakim Pəhləvi reciminin
qədim və zəngin tarixə, ədəbiyyata malik olan xalqın dilinə qarşı apardığı qadağa
siyasətini pisləyirdi:
Zöhhaklar, fironlar, hitlerlər dünyada,
Neyləsə, neyləsə,
neyləsə, neyləsə,
Açgilan tarixi, varaqla, baxqılan,
"Dilində danışma!"
demədilər bir kəsə.
Şairin yaxın dostu Gəncəli Səbahi Səhəndi Vurğuna oxşadırdı.
Bu çox yerinə düşmüş bənzətmə
idi. Səhənd həm zahirən, həm də daxilən S.Vurğuna bənzəyirdi. Səhənd
özü dahi şairin pərəstişkarı
idi. Elə şerlərində də
onun təsiri hiss olunurdu. O da S.Vurğun kimi 30-cu poetik şeir üslubunu davam etdirirdi. O, tək S.Vurğunun deyil, ustad Şəhriyarın, görkəmli söz ustalarımız M.Ə.Sabirin,
M.Ibrahimovun, S.Rüstəmin
əsərlərindən bir
örnək kimi istifadə edib, formalaşmış ədəbi
aləmdə özünəməxsus
yerini tapmışdı.
İslam inqilabına aldanan şair
1978-1979-cu illər İran inqilabının qələbəsindən
ruhlanan şair Xomeyni hakimiyyətinin Cənubi Azərbaycanda milli problemləri həll edəcəyinə
inanmış və Xomeyninin hakimiyyətə gəlişini alqışlayaraq
ona "İmama salam" şerini həsr etmişdi. Şair hətta Xomeyninin "nə sağa, nə sola, islama" şüarını
nəzmə çəkməyi
də vacib saymış, ruhanilərin
hakimiyyətə gəlməsindən
sonra azərbaycanlıların
da öz milli haqqlarına qovuşacağına ümid
etmişdi. Ömrü
"bağlı döyüşlərdə
keçən" əyilməz
Səhənd özünə
cəbhədaş adlandırdığı,
"Əlinin xələf
oğlu" deyərək
öyündüyü Xomeyninin
onun ümidlərini doğrultmadığını, "şöhrəte-ədle islam"ın
quru söz olduğunu və bir vaxtlar "dodaq danışarsa od tutar yanar,
gərəkdir zəxmələr-əllər
söyləsin" deyən
şair artıq hakim rejimin təkcə ana dilində sözə deyil, saza, musiqiyə də qadağa qoyduğunu görmədən
öldü.
Səhəndin başqa bir əsərində -
1978-ci il 29 Bəhmən
üsyanına həsr
etdiyi şerində öz təbəddülatlarını,
daxili tərəddüdlərini
dilə gətirməsi
də diqqəti çəkir:
Bilmirəm, ağlayım,
bilmirəm gülüm,
Bilmirəm, açılıb,
ya solub gülüm.
Danışmağa tutmur ağzımda dilim,
Axı, dostlar, mən Təbrizdən gəlmişəm...
Ömrün qürubuna doğru
Ömrünün son aylarında
böyük ürək
yanğısı ilə
yazdığı bu poetik parçalar Səhəndin son üç
ildə üzə çıxarılan şeirlərindəndir.
Zaman-zaman türklərə
qarşı gah gizli, gah da
açıq dövlət
səviyyəsində aparılan
təbliğat, repressiya,
terrorlar az da olsa, təsirsiz
qalmamışdır. Fədakar
şair xalqın azadlıq hərəkatındakı
məğlubiyyətinin bir
səbəbini də milli ruhun zəifliyində,
milli təəssübsüzlükdə
görürdü. Şair
söndürülmüş milli ruhu və
şüuru oyatmağa
çalışırdı.
Bu şərəf, bu şövkət, bu qüdrət, bu şan
Busa, doğrudan da, bizə ar olsun.
Həyatın amansız bir qanunu var,
Təəssübsüz bir
millət gərək
xar olsun.
Türkçülük avazı
ilə yazıb-yaradan
şair bu gün türkoloqların ən aktual mövzusuna çevrildiyi
12 türk soyuna 40 il öncə şerində abidə ucaltmışdır:
Daşdan-daşa çaldım
ürək çaxmağın,
Bağrımı qov edib, tonqal yaxmışam.
Alışdırıb elin
sönən çırağın,
Gecənin bağrına məşəl taxmışam.
1979-cu ildə Səhəndin qəfil ölümü Azərbaycan xalqını
sarsıtdı. Bütün
ömrü boyu xalqının azadlığı
uğrunda çalışan
şair, inqilabın xalqa verdiyi nisbi
yenilikləri görmədən
öldü. İrandakı
Azərbaycan ziyalılarını
öz ətrafında
toplayan, Azərbaycan Cəmiyyətinin fəallarından
olan Səhənd o zaman onun orqanı
olan "Varlıq"
jurnalının ilk sayını
görə bilmədi.
Dərgi elə 1-ci sayını ilk baharda dünyasını dəyişən
Səhəndin xatirəsinə
həsr etdi, sonrakı saylarda isə çap olunmamış əsərlərdən
örnəklər verdi.
Səhəndin qələm
dostlarının ona həsr etdiyi şeirlər ədəbiyyatımızı
zənginləşdirdi. Şairlərdən
ustad Şəhriyar, Sönməz, Coşğun,
Müzəffər, Əli
Təbrizi və başqa şairlər ona şeirlər ithaf etdilər. Tanınmış şair
Sönməz yazdığı
şeirin elə 1 misrasında onun haqda çox şey söyləyirdi:
O yaltaqlanmadı, məcaz yazmadı
Özün itirmədi, yolun azmadı.
Vətən xatirinə, dil xatirinə
Dastanlar yaratdı, nəğmələr qoşdu.
Onun haqda həmçinin
ədəbi yazılar,
xatirələr çap
olundu. Bu yazı və şeirlər də Səhəndin həyatında, yaradıcılığında
qiymətli sayılan keyfiyyətləri önə
çəkirdi.
Bu istedadlı şair
hələ də mükəmməl tədqiq olunmamış,
xidmətləri obyektiv dəyərləndirilməmişdir.
Sabir Səhənd ancaq
ana dilində yazırdı və bu yolda nə qədər
təqiblərlə, təzyiqlərlə üzləşsə
də heç bir qadağa, maneə onu yolundan döndərə bilmirdi.
Əsərləri çap
olunmadığından geniş oxucu kütləsi də Səhəndi olduğu kimi tanıya,
qiymətləndirə bilmirdi. Səməd
Behrəngi bu məsələyə diqqəti
cəlb edərək yazırdı: "Şəhriyar
"Heydərbabaya salam" əsəri
ilə bütün Şərqdə
yaxşı tanındığı halda Səhəndin
xidmətləri diqqətdən kənarda
qalmışdır".
Mənbə:
Bulud Qaraçurlu Səhənd. "Dədəmin
kitabı". Stokholm, 2006.
Pərvanə Məmmədli.
"Cənubi Azərbaycan mətbuat tarixi".
Bakı, 2010.
Cəlil Cavanşir
Ədalət.- 2012.- 14-15
sentyabr.- S.4.