Neftçala yeni uğurlar ərəfəsində

 

   Nəfəsləri kəsən istilər, alov kimi üzləri qarsıyan yay günləri arxada qaldı. Son yüzilliyin ən isti yaylarından biri ömrünü payıza verdi. Rəsmən payız başlamasa da, onun nəfəsi, ağaclara "naxış" verən rəngləri hər gün daha çox hiss olunmaqdadır. Bağ-bağçaların daha bəhrəli vaxtları olan payız həm də toy-nişan məqamıdır, yeni ailələrin sayının artdığı gözəl bir fəsildir.   

   Neftçala rayonunda qarşılaşdığım bir mənzərə bu yazının ilk sətirlərinin yaranmasına səbəb oldu. Ailə qurmağa hazırlaşan iki cavan toy axşamından əvvəl dostları ilə bərabər Ulu Öndərin əzəmətli heykəli qarşısına gül qoymağa gəlmişdilər. Üz-gözlərindən sevinc, fərəh yağan cavanlar şəkil çəkdirməyi də unutmurdular. Subaylığın son anlarını yaşayan bu cütlüyün valideynləri fərəhlə onlara baxırdılar. Bir azdan ata-ana olacaq bu gənclərin ilk ziyarətgahları yəqin ki, onlara daim uğur gətirəcək, onları xoşbəxt valideyn edəcək.  

   Bu ilin ilk 6 ayı ərzində Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən 586 nəfər körpənin dünyaya gəldiyi qeydə alınmışdır. Bu körpələrin sağlam böyümələri üçün onların hamısı yoluxucu xəstəliklərə qarşı peyvənd edilmişdir. Bir yaşa qədər körpələr arasında cəmi 2 nəfərin həyatını xilas etmək mümkün olmamışdır.   

 

   Söz həkimlərdən düşmüşkən  

 

   Söz sözü çəkər deyiblər. Söz həkimlərdən düşmüşkən qeyd edim ki, Neftçala rayonunda bu sahədə son vaxtlar xeyli təqdirəlayiq işlər həyata keçirilib. Rayon Mərkəzi Xəstəxanasında rayon sakinlərinə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yaxşılaşdırılmışdır. İndi Neftçalada 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi, 4 tibb məntəqəsi fəaliyyət göstərir. Neftçala Rayon Mərkəzi Xəstəxanasında və onun tabeliyində olan tibb müəssisələrində 937 nəfər çalışır. 131 nəfəri həkim, 439 nəfəri orta, 367 nəfəri kiçik tibb işçisi olan kollektivin bu yayda işləri xeyli çox olub. Onların ciddi səyləri nəticəsində heç kəs yayda daha çox təsadüf edilən yoluxucu xəstəliklərdən dünyasını dəyişməyib.   

   Daim öz üzərlərində işləyən xalatlılar tibbin yeni nailiyyətlərindən daim bəhrələnirlər. Elə ona görə də bu ilin birinci yarısında 10 nəfər həkim, 19 nəfər orta tibb işçisi ixtisasartırma kurslarında olmuşlar. Daha 13 nəfər həkim isə test imtahanlarından uğurla keçmişdir. Beləliklə, rayonda sertifikat alan həkimlərin sayı 39 nəfər olmuşdur.   

   İnsan varsa onun fiziki-bioloji qayğısı, problemi var. Bu mənada yaşadığımız indiki vaxtda fiziki qayğımıza qalan həkimlərin üzərinə böyük qayğılar düşür. Ona görə onların hərtərəfli hazırlığı labüddür.   

 

   Çox zaman adlar təsadüfi seçilmir

  

   İnsan yaşa dolduqca həyatın sirlərinə daha çox vaqif olur. Anlayırsan ki, ilk baxışda adi sadə görünən bir əslində dərin köklərə bağlıdır. Yaxud çox mürəkkəb görünən bir şeyin çox sadə həlli varmış.   

   Adlar da belədir, görünür insan öz adı altında böyüyür cəmiyyətdə özünəməxsus yer tutur.   

   Ömrün 60 ilini arxada qoyan, uzun müddət Neftçala rayonunun müxtəlif təsərrüfatlarına uğurla başçılıq etmiş Əlikömək Dadaşbala oğlu Babayevlə görüşümüz lap yerinə düşdü. El-obasını, insanları çox sevən bu təvazökar insan, həm əziyyəti müqabilində fəxri fərmanlarla bərabər "Əmək igidliyinə görə" medalına da layiq görülüb.   

   - Müəllim, bizim rayonda gördüyünüz abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf son aylar bir qədər vüsət alıb. Bu ilin ilk yarısında ümumi məhsul istehsalımız 81,3 milyon manata çatıb.   

   Bu dövrdə 4 yeni müəssisə yaradılıb ki, bu da rayon iqtisadiyyatına öz töhfəsini tezliklə verəcək. Yeni yaradılmış müəssisələr, fəaliyyətə başlamış fiziki şəxslər, idarə təşkilatlar hər vəchlə işsizliyin qarşısını almağa çalışırlar. 431 daimi yeri kiçik rəqəm deyil.   

   Rayonumuz əsasən əkinçilik maldarlıqla məşğul olur. Təsərrüfat işçisi kimi deyirəm, uğurlarımız kifayət qədərdir. Bu gün tövlələrimizdə 41397 baş iribuynuzlumuz, 130162 baş xırdabuynuzlumuz var. Bu il sahələrdən 980894 ton taxıl yığmışıq. Təmir-tikinti, abadlıq işlərinin sürətini azaltmamışıq. Haqqında danışdığımız dövr ərzində rayonun təmir-tikinti təşkilatlarının, müəssisələrinin bu sahədə gördükləri işin həcmi 2 milyon 327 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 13,5 faiz çoxdur. Bəlkə yolumuzu Suvarma Sistemləri ASC-dən salaq? Bir az uzaqda yerləşsə , siz qələm əhli üçün maraqlı olar. Rayonun iqtisadi inkişafında bu idarənin xüsusi yeri var.   

   Çox maraqlı insan olan Əlikömək müəllimin sözünü yerə salmaq düzgün olmazdı.   

 

   Könlün açıldığı yer  

 

   Rayon mərkəzindən xeyli uzaqda yerləşən Neftçala Rayon Suvarma Sistemləri ASC uzaqdan diqqəti cəlb edir. Müasir yaraşıqlı bir binada yerləşən idarənin həyət-bacası da binanın özü qədər səliqəli gözəldir. 2 mərtəbədən ibarət binanın birinci mərtəbəsindəki foyedə dövlət atributları, Ulu Öndərin fəaliyyətini əks etdirən foto-guşə, onun müdrik kəlamları yazılmış lövhələr vurulub. Müxtəlif rəsmi bildirişlərin, əmrlərin surətlərinin asıldığı lövhə isə burdakı ciddi nizam-intizamdan xəbər verir.   

   İkinci mərtəbədə idarənin texniki işçilərinin otaqları yerləşir. Hər iki tərəfi xidməti otaqlar olan dəhlizdə səliqə ilə sakitlik baş-başadır.   

   İdarənin sol tərəfində yerləşən təmir-quraşdırma sahəsində isə qəribə, bir az da nostalji mənzərə var. Burda bir vaxtlar hamının yaxşı xatırladığı ən müxtəlif tikinti materialları kifayət qədərdir. Adama elə gəlir ki, bu tikinti materialları lap qədimdə olub.   

   Müxtəlif təmir sahələrində çalışan işçilərin hamısı eyni rəng paltar geyinir. Hətta başlarına plastmasdan olan qoruyucu papaq da geyinirlər.   

   Böyük tikinti meydançasını xatırladan, könlün açıldığı bu mənzərə içimdə qəribə hisslər oyatdı. Demək belə müəssisələrimiz hələ var onların sayını artırmaq lazımdır.   

   Məlum oldu ki, bu idarənin işçiləri üçün istiliyi, işığı, suyu daimi olan hamam fəaliyyət göstərir. Bununla bərabər yaradılmış digər şərait insanların səliqə-səhmanına, sağlamlığına xidmət edir.   

   Etik qaydalara əsasən bu otaqlara baş çəkə bilməsəm , onların zahiri görünüşləri, burdakı insanların danışıqları çox şeydən xəbər verirdi.

  

   (ardı gələn sayımızda)

 

 

   Səxavət Məmmədli

 

   Ədalət.- 2012.- 15 sentyabr.- S.4.