ƏNVƏR ƏHMƏDİN ŞEİR DÜNYASI-2

 

  ƏDƏBİ HƏYAT

 

  Poetik yaradıcılıqda əsl hünər təkcə lirik şeirlə bəlli olmur, epik qol-poema yaradıcılığı da şairin istedadını aşkara çıxarır. Dahi Füzulini təkcə ölməz qəzəlləri məşhurlaşdırmayıb. "Leyli və Məcnun" məhəbbət dastanı da ona dünya şöhrəti qazandırdı. Çoxəsrlik poeziyamızda epik mənzərə çox genişdir, elə keçən əsrdə-XX əsrdə ədəbiyyatımızın bir çox uğurları poema janrının nailiyyətləri ilə bağlıdır. Ənvər Əhmədin poeziyası ilə bağlı keçən yazımızda biz onun şah əsəri olan "Tərəkəmə" poemasından söz açdıq. Keçən il "Yazıçı" nəşriyyatında müəllifin "Tərəkəmə" də daxil olmaqla doqquz poeması ayrıca kitab halında çap olunmuşdur.   

   Müxtəlif illərdə yazılsa və çap olunsa da bu poemaları birləşdirən bəzi məqamlar diqqəti cəlb edir.   

   Fikrimcə: Ə.Əhmədin poemaları "poema-çağırış" və "poema-monoloq" xarakteri daşıyır. Yəni bu adları səciyyələndirərkən həmin poemaların həm məzmununu, həm hə bu məzmunun necə, hansı formada ifadə edildiyini nəzərdə tuturuq. Daxili nitq, eyni zamanda, çağırış, fikrin monoloq vasitəsilə ifadəsi bu poemaların ilk baxışda nəzərə çarpan cəhətləridir.  

   "Daş qanı" və "Xarı bülbül" poemaları fikrimcə, Ənvər Əhmədin keçən əsrin 90-cı illərinin şair düşüncəsində əks olunan ictimai-siyasi hadisələrinin ən doğru poetik reaksiyasıdır. Diqqət yetirsək, hər iki poemada müxtəlif müraciət obyektlərinə üz tutulduğunu görürük. Ən yaxşı cəhət odur ki, buradakı xitablar, müraciətlər qətiyyən publisistik çalarlara bürünmür, bir yeni ahəngin işığında mahnıya, nəğməyə dönür:

  

   Sığınıb bir qara daşa,  

   Yenib dərdliylə baş-başa,  

   Batır gözündəki yaşa  

   Xarı -Bülbülüm,Bülbülüm!...  

   Saçına gül düzən əllər,  

   Bu ağrıya dözən əllər  

   Hanı Şuşalı gözəllər?!  

   Xarı -Bülbülüm, Bülbülüm?...

  

   Əlim çatmır, ünüm yetmir,  

   Canımdan bu ağrı getmir,  

   Gözlərimdən əksin itmir,  

   Xarı-Bülbülüm, Bülbülüm!..

  

   Qeyd edək ki, hər iki poemada o illərin kədərli, bədbin ovqatından doğan nostalji motivlər də diqqəti xüsusilə cəlb edir. "Mən Şuşaya necə gedim?!" ovqatı ilə "Mən Şuşaya qayıdacam!" nikbin sədası arasında təbii ki, fərqli, bir-birini inkar edən məqamlar nəzərə çarpır. Ümidsizliyi ümid və inam əvəz edir. Biz bunu 90-cı illər poeziyamızda da tez-tez hiss edirdik.O zamanlar vurulan yaralar çox isti idi, hələ soyumamışdı. "Tanrım, zülmün nə ağırdı. Məni əcəl tez çağırdı, Mən Şuşaya necə gedim?!" deyən şair elə bu şeirin ardınca yazır ki:

  

   Bir xülya yox, bu, inamdı,  

   Bu, arzudu, bu, bir kamdı  

   Ürəyimə bir hiss damdı  

   Mən Şuşaya qayıdacam!

  

   Ümumiyyətlə, "Xarı bülbül" poemasının əsas tərənnüm obyekti və mən deyərdim, əsas qəhrəmanı Şuşadır. Şuşa təkcə tarix və gözəllik mənbəyi kimi tərənnüm olunmur, Şuşa varlığın mənası, həyatın, gözəlliyin yaranışı kimi nəzərə çarpdırılır.Baş bədəndən, ürək candan ayrılmadığı kimi şair də Şuşadan ayrılmağı təsəvvürünə gətirmir:  

  

   Mən doğrandım o torpaqda,  

   Ruhum itdi, çıxdı canım

      Şuşada!  

   Mən kül oldum o torpaqda,  

   Yandı-yandı xanimanım-

  

   Şuşada!

     

   Canım çıxsın, gözüm çıxsın,  

   Səbrə dönüm o torpaqda.  

   Şuşada!  

   Qəbul etsə Qarabağım  

   Bircə ovuc torpaq olum  

   Qəbrə dönüm o torpaqda-

  

   ŞU ŞU DA!

  

   Ə. Əhmədin poemalarında bu nostalji hisslər, bu bədbinlik çalarlarının varlığı tamamilə təbiidir. İnsan üçün ən qiymətli, varlığı qədər əziz nə varsa, onları itirdikdə belə bir vəziyyətə düçar olduğu təbiidir. İllər gəlib keçir, Qarabağ həsrəti isə bitib-tükənmir.Ənvər Əhmədi də mən Qarabağı sevən, onun otunu, çiçəyini, dağını, dərəsini Vətən bilən, bayatısıyla şair olan bir söz ustadı kimi tanıyıram.   

   Elə güman etməyin ki, adlarını çəkdiyim poemalarda Ənvər Əhməd yalnız nostalgiya ilə yaşayır.Əlbəttə, böyük dərd özüylə bu dərdi zərrə-zərrə sənə içirməlidir, amma hər bir dərdin sonunda bir işıq görünməlidir. Ən acı məğlubiyyətin də sonu var, hər şey dəyişə bilər. Bir də ki, Qarabağla bağlı tarixi bir ənənə olub: hansı qəsbkar ora diş qıcayıbsa, torpağına göz dikmək niyyətinə düşübsə, onun məşum taleyi də sonralar məlum olub. Hərçənd ki, indi dünyada qüvvələr nisbəti heç də arzuladığımız kimi deyil, ölkələr var gözləri görə-görə həqiqəti yalan kimi qələmə verir, ya da onun varlığına göz yumurlar. Ancaq buna baxmayaraq Azərbaycan həqiqəti get-getə dünyanı, tərəqqipərvər mühiti bürüməkdədir.  

   Ə.Əhmədin poemalarında biz doxsanıncı illərin poeziyasına xas olan publisistik tonu da görürük. Şair şeirinin poetik ahəngini itirməyərək, ictimai həyatda, respublikada, Milli Məclisdə, ziyalılar arasında baş verən hadisələri poeziyanın real həqiqət gündəliyinə çevirir, necə deyərlər, poeziyanın "dördüncü mikrofonu" işə düşür. Şairi milyonlarla insanların "Azadlıq" deyə haray çəkdiyi, bu harayla da dünyanın inqilab saatının yaxınlaşdığını xəbər verdiyi anlar düşündürürdü:  

 

   Meydan cəllad kötüyü,   

   başı kəsilən Vətən  

   Ey Vətəni, milləti   

   ürəkdən sevənim, sən.  

   Niyə ayılmamısan,   

   xalqın sənə sözü var,  

   Meydan alov püskürür,   

   qor altında közü var.  

   O gecə bu millətin   

   tarixin güllə yazdı,  

   Bu xalqın məzarını   

   tarixin özü yazdı.  

   O gecə bir ölkənin   

   saçlarına duşdu dən  

   O gecə yüz il qədər   

   qocaldın sən, ey Vətən!  

   Qarabağ! Qaryağdı,   

   Bülbül, Natəvan  

   Yoxsan, Qarabağsız   

   ey Azərbaycan!  

  

   "İttiham" poemasına gəlincə deyə bilərəm ki, bu, Ənvər Əhmədin 90-cı illər poetik düşüncələrinin ümumiyyətlə, onu düşündürən problemlərə münasibətin yekunu kimi səslənir. Artıq ilk poemalarındakı minor motivlər, nostalji hisslər, müəyyən dərəcədə bədbin notlar get-gedə aradan qalxır. Bu, Azərbaycan ziyalısının 90-cı illərdəki evolyusiyası idi. O artıq mübarizə qalibiyyətin yollarını düşünür, bunun da ancaq döyüş yolu ilə başa gələcəyinə inanır:  

  

   Vətən düşübdür qana,  

   Hərə çəkir bir yana.  

   Bunlar mənə deyir ki,  

   torpaq əsir olanda   

   Silah uyumaz qında.  

   Sən ey əsgər oğlan,   

   qaldır, qaldır başını.  

   Qarışdır od-alovla milli   

   qan yaddaşını.  

   Şairlərin adından  

   Sənə əmr edirəm mən,   

   yar düşmənin bağrını,  

   Çək millətin canından   

   bu dəhşətli ağrını.  

   Zaman bizi səsləyir   

   bütöv bir can olmağa!  

   Azərbaycan olmağa!

  

   Mən Ənvər Əhmədin poemaları haqqında söhbəti yenə uzada bilərəm. Deyə bilərəm ki, onun yaradıcılığında lirik poema janrı üstünlük təşkil edir səciyyəsinə görə bu poemalar öncə qeyd etdiyimiz kimi "poema-çağırış" xarakteri alır. Yəni onun poemalarında müəyyən bir hadisənin təsviri ya xronikası olmur. Poemalarında lirik publisistik düşüncə axarı üstünlük təşkil edir. Şairin hissi, həyəcanı, duyğu düşüncələri ilə yanaşı ölkədə, məmləkətdə baş verən ictimai-siyasi, qanlı-olaylı hadisələrin əks-sədası ilə qarşılaşırıq.  

   Ənvər Əhmədə poetik yaradıcılıqda, xüsusilə epik poeziya yollarında uğurlar arzulayırıq!

 

 

   Vaqif YUSİFLİ

 

   Ədalət.- 2012.- 15 sentyabr.- S.9.