İnsanlıq
və insanlığın tərənnümü
Bu yaxınlarda ədəbi-bədii
prosesləri daima izləyən, mütaliədən qalmayan
dostum, tanınmış iş adamı Zakir Məmmədov
görüşlərinin birində mənə bir şeir
kitabçası verib onu oxumağı tövsiyə
etdi.Sözün düzü, günümüzün informasiya
axarında qələm tutan, imkanı olan bir
çoxlarının özlərini bədii
yaradıcılıq sahəsində də təsdiqləmək
istəyənlərin sayının artması və əksər
hallarda onların yaratdıqlarının maklaturadan başqa
bir şey olmadığını düşünüb,
dostumun verdiyi kiçik həcmli bu şeir kitabına da bir qədər
ehtiyatla yanaşmalı oldum.Əfsuslar olsun ki, kitabın
müəllifinin adı, yaradıcılığı, onun fəaliyyət
sahəsi haqqında da bir bilgim yox idi və qəribədir ki,
kitabın ön sözü, redaksiya tərəfindən
yazılmış bir izahedici yanı da yox idi.Lakin
bütün bunlar məndə əsərə və müəllifə
olan marağımı nəinki azaltmadı,əksinə nədənsə
daha da artırmış oldu.
Kitabı vərəqlədikcə
anladım ki, onun müəllifi Vaseh Şabranlı orijinal təfəkkür
tərzinə malik və çoxlarından öz dəst-xətti
ilə fərqlənən bir şəxsiyyətdir.Kitabı
oxuduqca özünə güvənən, dünya,aləm,
insan və insanlıq haqqında öz sözünü deyə
bilən bir müəlliflə rastlaşdığını
hiss edirsən. Hiss edirsən ki,müəllif illərdən bəri
çeynənmiş yolla getmək istəmir, poeziyamızda
kök salmış ənənəvi və əslində
günümüzdə belə tez-tez təkrarlanan və
heç bir yenilik gətirə bilməyən mövzu və
poetik obrazlardan uzaqlaşa bilir. Bir sözlə, öz yolu ilə
getməyi,dünyaya, kainata, bəşəriyyətə və
cəmiyyət həyatına öz müasir insanın
gözü ilə baxmağı önəmli sayır.
Kitabın misralarını oxuduqca
müəllifin lirik, bədbin hisslərə
qapandığını da görmürsən, əksinə
onun qlobal düşüncə tərzinin xüsusiyyətlərini,
bizi əhatə edən gerçəkliyə, həyatın
-real hadisələrinin gedişinə daha çox ümumləşdirici
bir münasibətini də hiss edirsən. "Dirilik və
zaman" ("Elm və Təhsil", 2012)
adlandırdığı şeir kitabçasında Vaseh bəy
bir daha yuxarıda zikr etdiyimiz əslində olduqca əhatəli
və mürəkkəb sosial-mədəni hadisələri qələmə
aldığı zaman öz zəngin potensial ensiklopedik bilgilərindən
məharətlə istifadə etməsini hiss etmiş oluruq. Bu
bilgilər isə ictimai elmlərin və texnologiyanın
nailiyyətlərinə təməllənir.
Kitabda müəllif tez-tez fəlsəfənin
qanun və kategoriyalarına, bu sırada zaman, məkan, hərəkət,
əksikliklərin vəhdəti, kəmiyyət dəyişmələrinin
keyfiyyət dəyişmələrinə keçməsi kimi
anlayışların, həmçinin astronomiya və təbiət
elmlərinin müddəalarına müraciət edir.Lakin əslində
elm adamları üçün məlum olan bu gerçəkliklərin
qələmə alınmasını müəllif ona görə
mühüm sayır ki, bir daha hüdudsuz kainat, məkan
içərsində bir sosial-bioloji varlıq olaraq insanın nə
qədər yalqız, kiçik, tənha olduğunu ifadə
etmək, insanları birliyə,bir-birilərinə olan
qardaşlıq münasibətinə, birgə hərəkətə,
fəaliyyətə səsləmək mümkün olsun.
Kitabda gələcəkdə
insanın nələr kəşf edəcəyi,özünü
və ətraf mühiti yaxşılığa doğru necə
dəyişə biləcəyi kimi fikirlər də yer
almaqdadır və burada biz Jül Vern kimi müəllifin
elmi-fantastik,həmçinin sosial-utopik fikirləri,xəyalları
ilə də rastlaşa bilirk. "Kim bilir, nə vaxtsa insan zəkası
kəşf edər bədənlə uçmaq duası"
fikrini irəli sürən müəllif bir daha sosial utopik
xarakterli idealını da oxucularına çatdırmağa
çalışır:
Bəlkə də tapsaydıq
quştək keyfiyyət
Mümkündü bəsləyək
başqa bir niyyət,
Uçaraq itərdik ənginliklərdə
Birləşib qurmardıq dövlət,
cəmiyyə.
Ümumiyyətlə Vaseh
Şabranlı nədən yazırsa yazsın, aydan,
ulduzlardan, günəşdən, təbiət hadisələrindən
və s. İnsan amili hər zaman mərkəzi yer
tutduğunu, insanın yer üzündə yeganə
düşünən sosial-varlıq olduğunu başqa
canlılardan fərqli olaraq yeni dəyərlər gerçəkliklər
yarada bilən sosial qüvvə olduğunu vurğulayır.
Lakin müəllifin "İnsan" şeirində bu
xüsusilə özünü göstərməkdədir.
Burada insan zəkasının hüdudsuz potensial imkanlarına
malik olması,onun yaratmaq,qurmak əzmi, "tarixlər yaradan tək
qüvvə olması", onun həqiqi dəyərinin verilməsinin
vacibliyi, yer üzünün insanlarının millətindən,
dinindən, irqindən asılı olmayaraq bir planetdə
yaşamaq haqlarının olması kimi fikirlər təsadüfi
deyil ki, hakim kəsilir:
Deyirlər gəlmişik Yerə
göylərdən
Fərqi nə Günəşdən,ya,Yupiterdən?!
Böyük Kainatın
övladıyıq biz
Hələ ki,tüstümüz
yüksəlir Yerdən.
Müəllif bu iri həcmli
şeirində bir daha zaman çərçivəsində
insanlıq, cəmiyyət,bəşəriyyət
üçün faydalı işlər görməklə ad
qazanmış insanları yüksək dəyərləndirir:
Bəşər xatırlayır o
kəsləri ki,
Tarixdə iz qoyur:-
Dahi,ya arman!-
deyir.
Kitabda insan fenomenlərindən
sayılan sevmək,sevilmək, əxlaqi
davranışlar, tərbiyələndirmək məharəti,bədii
fəaliyyətə həvəs və.s. kimi
anlayışlar da öz bədii izahını tapmaqdadır.Məsələn,
müəllif gözəllik anlayışını izah edərkən
bu misraları oxucuyla paylaşmağa çalışır:
Şəhvərsiz vücudla,məhvərsiz şüur,
İnsançün
həmişə sayılıb qüsur.
Vücudda tarazlıq,şüurda
məntiq,
Olduqda,gözəllik
eyləyir zühur.
Zənnimizcə, burada eski yunan
filosofu Aristotelin "Poetika" əsərində yer
almış "kalokaqatia" anlayışının, yəni
fiziki kamilliklə mənəvi kamilliyin vəhdətindən
yaranmış gözəllik haqqındakı
konsepsiyasının təsirini izləmək mümkün
olur.
Ümumiyyətlə, Vaseh bəy
insanın kamilləşməsi,hərtərəfli
inkişafı prosesini haqlı olaraq onun təbiətlə
olan münasibətində, tədricən bu münasibətlərin
daha mürəkkəb bir hal olmasında görür.Həqiqətən
də insan gözəlliyi anlamaqdan öncə təbiət
içərisində öz yerini tanımalı,
özünü təbiətdən,təbiət hadisələrindən
və digər canlılardan ayıra bilməli,sonra təbiət
hadisələrini anlamalı, daha sonra onun qanunauyğun
haqlarından öz məqsədləri üçün
istifadə edə bilməli və nəhayət,təbiətin
gözəlliklərini idrak etmək səviyyəsinə
yüksələ bilməli idi.
Antropoloji fəlsəfə tarixində
bu inkişaf mərhələləri barəsində az
yazılmayıb,lakin bədii ədəbiyyatımızda,zənn
edirəm ki, insan-təbiət münasibətləri bu aspektdə
öz bədii inikasını tapmamışdır.
Vaseh bəyin əsasən insan
fenomenləri və mövzusunu açıqlayan bir digər
şeirində də daima kamilləşən insanın fəal
əkən-biçən,inkişaf edən
obrazı öz bədii ifadəsini tapmaqdadır.Burada eyni
zamanda insanın digər canlılardan fərqli olması
ideyası xüsusi olaraq vurğulanmaqdadır:
Ruzisini özü əkən,həm biçən
Peşələr öyrənən,təlimlər keçən,
Daim Kamilləşmək yolunu
seçən
O,hansı
canlıdır? - Əlbəttə insan!
Şeirin digər bəndində isə
müəllif insanın gözəllik hissinin, bədii-estetik
zövq və təlabatlarının tədricən
inkişafından söz açarkən bu keyfiyyətlərin
də yalnız insanlara xas bir mərifət olduğunu
isbatlamağa çalışır və yazır:
Gözəlliyi duyub ilhamı
coşan
Musiqi yaradan,nəğmələr
qoşan.
Yaratmaq həvəsi qaynayıb
daşan
O,hansı
canlıdır?-Əlbəttə,insan!
Vaseh bəy insanı statik bir
varlıq kimi deyil,əksinə dinamik bir
varlıq olaraq görmək istəyir və bununla birlikdə əslində
onun güclü və zəif tərəflərini,həmçinin
həddindən artıq həssas və duyğulu bir varlıq
olduğunu, emosional əhvalının tez dəyişən
olmasını da açıqlamağa çalışır:
Haqsız sözdən əhvalı
tez qarışan,
Deyinən,inciyən,küsən,barışan,
Uğursuz işindən olan pərişan,
O hansı canlıdır?-Əlbəttə
insan!
İnsanın olduqca mürəkkəb
sosial-psixolojik bir varlıq olmasını da unutmayan müəllif
Alman Filosofu İ.Kant kimi iki bir-birinə zidd keyfiyyətlərin-xeyir
və şərin,mələk və
şeytanın olmasını da şeir dili ilə ifadə edə
bilir:
İçində vicdanla iblis
vuruşan
Təkəbbürlə miskinliyi
qarışan
Həsəd duyan,şöhrət
üçün yarışan
O,hansı
canlıdır? -
Əlbəttə,insan!-
sözlərini etiraf edir.
Fikrimizə haqq qazandırmaq eyni
zamanda müəllifin hər zaman mütəfəkkirlərdən,o cümlədən Batı mütəfəkkirlərindən
faydalandığını təsdiqləmək
üçün bir daha onun öz misralarına müraciət
etməli oluruq:
Vaseh,hey oxudun
Aristoteli
Sokratı,Xəyyamı,Kantı,Hegeli
Unutma:Ən əvvəl
peyğəmbərdədi
Tanrını tanıdan,oyadan eli!
Vaseh bəyin bu misralarından onun
elm və sənət adamlarına nə qədər
böyük önəm verdiyini bir daha hiss etmək heç
bir çətinlik törətmir.Eyni zamanda müəllif eyni
sayqı və dəyəri qadınlarımıza da aid
edir,onları aya,günəşə bənzədir,dirilik
çeşməsi və qaynağı adlandırır, mərdliyin,qeyrətin,
namusun rəmzi olaraq qiymətləndirir və bir daha qeyd edir
ki,
Dirilik çeşməsi,qaynağı qadın!
Analıq-haqqındır,həm də muradın.
Torpaqdan can tapdı,qalxdı
bitkilər,
Bəşər doğrulmazdı sən
olmasaydı!
Şairin Tanrıya, Peyğəmbərlərinə,
dünya mütəfəkkirlərinə olan dərin
sayqısı ilə birlikdə,onun ən
gənc yaşlarından, daha doğrusu müəllifin öz
dili ilə desək "On altı yaşından qəlbinə
girmiş" və ustad saydığı Ömər Xəyyam
şəxiyyətinə olan sönməz və ədəbi
sevgisini onun şeiriyyətini davam etmək arzusunda
"Ustadıma" adlı şeirində xüsusi olaraq dilə
gətirməkdədir.
"Arzudur- Gün gələ
yetişə əyyam
Məni
çağıralar "ikinci xəyyam".
İdrakından doğub
çünki ulduzum
Ruhundan bəşər verilən
payam!
Vasehəm-əzəldən zəka
vurğunu,
Sevdim Nizamini,Səməd
Vurğunu.
Canımda yaşayır Nəsimi,Sabir,
Xəyyamsa
çaşdırıb məndə duyğumu.
Kitabda adət-ənənələrimiz
böyüklərə,hörmət hissi,valideynlərimizə,
dinimizə dilimizə bağlılıq kimi mövzular da yer
almaqdadır.Bu baxımdan "Ata-anama", "Zaman",
"Ruhi", "Nəfs", "Etiraflar və diləklər",
"Duymayacağam" kimi şeirlərində bu söylədiyimiz
meyli xüsusilə aydın bir şəkildə görə
bilərik.
Şair şeirlərində
"İstər yaxşılığın, istər pisliyin,əvəzini
bir gün çıxacaq zaman", "Qınama
Tanrını, ey nankör insan,onun əməlində axtarma
nöqsan", "Yaltaqlıq, azğınlıq, hiylə
torundan,çıxmağa səslər bəşəriyyəti",
"Şüurum verdikcə səhv qərarları,gün-gündən
çoxaldı günahkarlığım", "Cümlədə
səbrlə məkanı axtar,dərk elə vurğuda incə
çaları" kimi insana xas zəngin düşüncə
tərzinə mənəvi kamillik uğrunda irəliləyişini,mürtəci,mənfi
keyfiyyətlərdən azad olmaq arzusunu ifadə etməyə
çalışır.Müəllif bir şeirində isə
açıq bir şəkildə insanları millətinə
irqinə görə deyil,fəaliyyətinə,
davranışına, insanlıq qarşısında sosial məsuliyyət
hissinə görə dəyərləndirməyi mühüm
bilir:
Talışam,ləzgiyəm,türkəm,ya
Kürdəm,
Düşüncəm naqissə,hamıya dərdəm.
Dünyanın sakini,bəşər
oğluyam,
Davranışa görə namərd,ya,mərdəm!-deyir.
İnsanın əxlaqi keyfiyyətlərini
və davranışını haqlı olaraq sosial mühitə,ailə tərbiyəsində görməyə
çalışır və aşağıdakı sonuca
varır:
Hər kəs sahibidir bir heysiyyətin
Fərqli tərbiyənin,zövqün,səhhətin.
Kitabı oxuduqca bir qənaətə
gəlmək olur ki,ümumilikdə Vaseh şeirlərinin təsnifatını
verməli olsaq onları geniş mənada iki yerə bölmək
mümkün olur, yəni bir qrub şeirlərdə insan,onun
dünyagörüşü mənəvi-əxlaqi
düşüncələri,hissi -emosional və psixoloji
xüsusiyyətləri yer alırsa, ikinci qrub şeirlərində
daha çox onun təbiət elmləri,texnoloji kəşflər,zaman-məkan
problemləri ilə əlaqədar şeirləri
tutmaqdadır.
Bu şeirlərədə biz
işıq sürəti, kainatın zənginlikləri,gecə-gündüz,bitkilər aləmi,yer
kürəsi,idrakın gücü kimi anlamların diqqət mərkəzinə
gətirməsini hiss edirik. Hətta qəzəllərində
belə Vaseh bəy ənənəvi olaraq daha çox sevgi-məhəbbət
mövzusundan uzaq olub əsasən yenə də təbiət
elmləri,bitkilər aləmi,torpaq,səma, Günəş,
Kainat və s. anlayışlara müraciət edir,şeir dili
ilə onların mahiyyətini,möhtəşəmliyini, əlçatmazlığını,
əbədiliyini dilə gətirir.Bu qəbildən olan
şeirlərində,xüsusilə də "Kainat"
şeirində bütün bu anlayışları
yaşadığımız Yer Kürəsi ilə əlaqələndirən
müəllif xüsusi olaraq xatırladır ki,
Bütün canlıları Yerə
bağlayan,
Nəfəs,qida
verib,diri saxlayan
Dilsiz bitkiləridir,heyif
ki,azdır
Onların dərdini duyub anlayan!
Şeirin digər bir bəndində
həmin fikri,daha doğrusu təbiətə
olan qayğılı münasibətin günümüzdə
olduqca önəmli olduğunu xatırladan Vaseh bəy bir daha
yada salır ki,
Yox olsa dərələr,meşələr dağlar,
Nə küləklər
əsər, nə sular çağlar.
Ölüm sükunəti
çökər hər yana,
Heyran olduğumuz
büsat dağılar.
Şairin kitabın əvvəlində
yer almış "Tanrıya" və "Tanrım"
kimi şeirlərində də Vaseh bəy yenə də fəza
cismləri,kainat,gecə-gündüz,od, su, torpaq kimi
anlayışlara müraciət edir, onların arasında səbəb-nəticə
əlaqələri görür,sonunda isə onlarının
hamısının Tanrının iradəsinə tebe
olduğu fikrini xatırlamağa çalışır:
Görünməyən zərrələrdən
yığan
Dünyanı Tanrıdır,
Ulduzlara yol ayırıb,
verən
dövranı Tanrıdır,
Bədəndə olmaz dirilik
döyünməzsə
onda ürək,
Riqqət üçün damar
qoyub
dolduran qanı
Tanrıdır.
Bəşəriyyət
Kainatı
adlandırır
"əbədiyyət"
Varlıqların ömrü
üçün
yazan fərmanı
Tanrıdır.
Kitabdakı şeirlərin demək
olar ki, əksəriyyəti heca vəznində olub və tamamilə
anlaşılan bir dildə yazıldığından söhbət
elmi kəşflərdən,fəlsəfi
konsepsiyalardan gedəndə belə oxucunun mətnin ideya-məzmunu
daha yaxından anlamasına köməklik göstərmiş
olur.
İnanırıq ki,bu
həcmə kiçik şeir kitabı özündə zəngin
bilgilər sistemi ehtiva etməklə birlikdə onların bədii
bir dillə oxucularına çatdırılması yolunda
müəllif Vaseh Şabranlı başarılı bir yol
keçmişdir. "Dirilik və Zaman" şeir
kitabının şeir həvəskarlarının,xüsusilə
də gənc oxucularımızın, tələbə gənclərimizin
diqqətini çəkəçəyinə inanır,sosial
dəyişmə, antropoloji fəlsəfə kimi fənlərin
tədrisi zamanı əlavə dərs vəsaiti kimi belə
istifadə oluna biləcəyinə inamımız
böyükdür.Bundan sonra da Vaseh Şabranlıya
başarılar diləyir, poetik
yaradıcılığında yeni-yeni orijinal şeirlərinin
işıq üzü görməsini arzulayırıq.
Babək
Qurbanov,
Fəlsəfə
elmləri doktoru,professor
Ədalət.- 2012.- 15 sentyabr.- S.10.