HƏSƏNOĞLUNUN
DİLİ - 2
"Türk
millətinin dili Türkcədir. Türk dili dünyada ən
gözəl, ən zəngin və ən asan öyrənilə
biləcək bir dildir. Onun üçün hər bir
Türk, dilini çox sevir və onu yüksəltmək
üçün çalışır. Bir də Türk
dili, Türk milləti üçün müqəddəs bir
xəzinədir. Çünki Türk millətinin
başına gələn nəhayətsiz fəlakətlər
içində əxlaqının, ənənələrinin,
xatirələrinin, mənfəətlərinin, qısaca bu
gün özünün milliyyətini yaradan hər bir
şeyin dili sayəsində qorunduğunu dərk edir. Türk
dili Türk millətinin qəlbidir,
yaddaşıdır".
Atatürk
Bundan əvvəlki yazının bir hissəsində Qaramanoğlu Məmməd Bəyin, Türkcənin istifadəsi ilə bağlı fərmanını təqdim etmişdim. Məmməd bəy ilə Atatürkün yaşadığı dövrlər nəzərə alındıqda arada təqribən səkkiz əsrlik bir vaxtın olduğu nəzərə çarpır, ancaq hər iki şəxsiyyət də dilin Türk milləti üçün nə qədər böyük bir dəyər olduğunu vurğulayırlar.
Məqaləyə mövzu götürdüyüm klassik ədəbiyyatımızın qütb ulduzlarından biri olan İzzəddin Həsənoğlu da yaşadığı dövrdə həmin həssasiyyəti göstərmiş ulu babalarımızdan biridir. Onun "Sirətin Nəbi" adlı əsəri təzə tapılıb. Bilirsiniz ki, "siyər" adlı əsərlər Həzrət Məhəmməd Peyğəmbərin həyatı, mübarizələri, peyğəmbərliyi, Məkkə və Mədinədə yaranan hadisələr və iştirak etdiyi hərblər, xarici dövlətlərin rəhbərlərilə məktublaşmaları, bağladığı sazişlər barəsindədir. "Siyəri Nəbi" və ya "sirətin nəbəviyyə" adlı əsərlər daha sonralar qısaca "siyər" şəklində yad edilib. Bu cür əsərlərin yaranmasının əsl səbəbi Məhəmməd Peyğəmbərin nümunəvi şəxsiyyətinin bütün detallarının qeyd edilərək gələcək nəsillərə təhvil verilməsidir. Bundan qərəz də İslam dininə mənsub insanların, öz peyğəmbərlərinin şəxsiyyətini nümunə götürmələri və sözün əsl mənasında İslam prinsiplərinə əməl edən insanların yetişdirilməsidir. Müqəddəs kitabımız "Qurani-Kərim"in hər yerində peyğəmbərimiz Həzrət Məhəmməd hər sahədə nümunəvi şəxsiyyət kimi təqdim edilir. Çünki həyatın hər bir yönündə, bəşəri münasibətlərdən tutmuş hüquqi mövzulara kimi kompas rolunu oynayan Quran ilə Məhəmməd Peyğəmbərin həyatı və getdiyi yol tamamilə üst-üstə düşür, onları bir-birindən ayırmaq olmur. Quranın yozumlanması, Həzrət Məhəmmədin sözlərinin, yəni hədislərinin harda, haçan və hansı səbəbə görə söyləndiyi məsələləri tamamilə siyər kitablarının mövzusu olub.
Peyğəmbər və ondan sonra gələn dörd xəlifə dövrü, digər vaxtlar üçün nümunə olmuş olsa da təəssüflər olsun ki, Həzrət əlinin qətlindən sonrakı hadisələr, Əhli-Beytin başına gətirilən bəlalar, xüsusilə əməvilər dövrü İslam aləmində ayrı-seçkiliyin, İslami prinsiplərin yolundan yayındırıldığı dövr olubdur. Bu gün özəlliklə də ərəb yarım adasında görülən hadisələrin bünövrəsi o vaxtlardan qoyulub. Əməvilərlə başlayan siyasi intriqalar və məzhəblərin yaranması və məzhəbi toqquşmalar İslam mədəniyyətində silinməz izlər, qanlı düşmənçiliklər salıb. İslam dünyasının məzhəbi çəkişmələr səbəbiylə bir-birinin ətini yeməsi, onları İslam dininin müsəlmanlara əmr buyurduğu "elm və texnoloji ixtira etmək" hədəfindən yayındırmış, əvəzində əzbərçiliyi mənimsətmişdir. Cəhalətin təlatüm yaratdığı müsəlman toplumlarında xürafatın hakim olduğu əzbərçilik daim ön planda olub, çünki elmdən bəhrələnən araşdırmaçılıq əzbərçiliklə zidd qütblərdə dayanır və bu yol olduqca çətindir. Cəhalətin qaranlıq dəhlizində korlar sayağı yol gedən əzbərçilər elmdən cin dəmirdən qorxan kimi qorxublar, ondan min işıq ili uzaqda dayanıblar. Tutulan əzbərçilik yolu, Anadolu Türkcəsindəki bir ifadəylə desək, üzünün birinə çəkilən şillə ilə o biri üzünü döndərib "buna da birini çək sənə bir şey demərəm" xarakterində çələbisayağı insan tipini yetişdirib. Elmin yaratdığı gücdən məhrum qalan və İslam dinini mənimsəyən cahil xalqlar, kafir dedikləri millətlərin güclü dövlətlərinin qarşısında, sındıqca gözyaşını selə döndərib və üzünü Allaha tutub onları qarğıyıb, Tanrıdan onlara bəla endirməsini istəyib. Halbuki Ulu Tanrı, müqəddəs kitabımızda "düşmənə silahı ilə qarşılıq verin" buyurub. Onun ulu peyğəmbəri də "elm Hinddə də, Çində də olsa axtarıb tapın" deyib. Allahın aslanım, Həzrət Peyğəmbərin isə "mən elm şəhriyəm, Əli isə onun qapısıdır" deyə işarə etdiyi İslamın dördüncü xəlifəsinin, "mənə bir söz öyrədənin bir dəfə qulu olaram" deməsinin mənasını ya başa düşməyib və ya onların dediklərinə laqeyd yanaşaraq fikir verməyib. İslam dünyasının üzləşdiyi bugünkü acınacaqlı vəziyyətinin təməlində yatan əsl səbəb bizə görə sadalanan bu fikirlərdir.
Siyər kitablarının yazılması məsələsi Peyğəmbər zamanında onun hədislərinin yığılması ilə başlayıb. Ancaq Həzrət Məhəmməd Məkkədə olarkən öz sözlərinin "Qurani-Kərim"in ayələri ilə bir-birinə qarışdırılacağından nigaran olub yığılan hədislərin yandırılmasını əmr buyurub və söylədiyi sözlərin toplanmasını qadağan edib. Hədislərin yığılıb-yazılmasına ancaq Mədinə dövründə icazə verib. Bu icazə də İslam tarixinin yazılmasının özülü olubdur. Bu cür əsərlər ilk öncə Peyğəmbərə yaxın səhabələr, onların övladları tərəfindən yazılsa da daha sonra fars dilində də yazılmağa başlanıb. Fars dilində bu əsərlərin yazılmağa başlanmasıyla birlikdə onlarda mənqibə xarakterli, şişirdilmiş ifadələrin (pafos) hakim olduğu bir dilin və üslubun da yer tutduğu müşahidə olunub. Şübhəsiz ki, siyər əsərlərinin yazılması İslam tarixi və mədəniyyətinə müsbət təsir bağışlayıbdır.
Türklər İslam dinini qəbul etdikdən sonra daimi olaraq onun peyğəmbəri haqda məlumat almaq, onu öyrənmək üçün peyğəmbər barəsində yazılan ərəb və fars dilindəki əsərləri tərcümə edib və bununla da həm İslam peyğəmbəri, həm də İslam tarixi haqda dolğun məlumat sahibi olmağı məqsəd götürüb. Əlbəttə qonşuluqda yaşayan farsların və ərəblərin siyər əsərlərini tərcümə edərkən də onların üslubundan təsirlənib və ifadə tərzlərindən müəyyən hissələr götürüblər.
Bunu da qeyd etməliyəm ki, siyər əsərləri nəsr, nəzm və həm nəsr həm də nəzm nümunələrini özündə hifz edəcək şəkildə üç növə ayrılır. Nəzm şəklində olanlar isə xalq arasında daha çox maraqla qarşılanıb, çünki altmış üç və doxsan doqquz beyt arasında dəyişən həcmdəki mənzum hissələri əzbərləmək nəsr tərzindəkilərə baxdıqda daha asan olub.Türklər arasında yazılan siyər əsərlərdən ən önəmlisi isə Ərzurum bölgəsində dünyaya gəlib orda boya-başa çatan anadangəlmə kor olan Mustafa Daririn yazdığı əsərdir. Mustafa Darir əsərini, Həsən əl Bəkrinin siyər əsərinin təsirində qalaraq Misirdə, Məmluk ölkəsində yazıb, eynilə klassik şairimiz Füzulinin, "Leyli və Məcnun" adlı əsərini yaradarkən ulu babamız Nizaminin təsirində qaldığı kimi.
İşin maraqlı yönü budur ki, İzzəddin Həsənoğlu haqda istənilən qədər dolğun məlumat da yoxdur, daha düzü tapılmayıb. Bir neçə şeirinin bilinməsi də buna gözəl bir nümunədir. İlk yazımda işarə etdiyim kimi, yadlar gəlib bizim heç bir maddi vəsaitlə satın alına bilməyəcək qiymətdəki əsərlərimizi su qiymətinə alıb ölkələrinə aparıblar. İnsaflı və ziyalı olanlar onları ya özləri saxlayıb, ya da milli muzeylərinə bağışlayıblar. Türklərə nifrət eliyənlər isə bəlkə də o əsərləri məhv ediblər. Eynilə 1931-ci ilin may ayında Türkiyədə yaranan hadisə kimi. O vaxt, dünya arxivçilik tarixində yeganə nümunə kimi Osmanlı dövrünə məxsus arxiv sənədləri, yəni milli yaddaşımızın bir hissəsi, məsuliyyətsiz, mədəniyyətdən və şüurdan kasad bir-iki nəfərin məharətiylə (ə) oqqası (1.282 kq) üç quruş on pula Bolqarıstana satılıb. Tarixi sənədlər eynilə ot kimi xorumlanıb, möhkəm-möhkəm bağlanıb və qatara yüklənərək vaqonlarla Bolqarıstana yollanıb. Vəziyyətdən xəbər tutan "Son Posta" qəzetinin yazıçısı İbrahim Haqqı əlaqəli yerlərə vəziyyəti çatdırsa da heç kəs ona fikir verməyib. Axırda iş böyüyüb və mətbuat orqanları məsələni qabardıb, xalq hövl ilə ayağa durandan sonra məclis oyanıb və bir qərar çıxararaq işə əl atıb. Yollanan arxiv sənədlərinin bir hissəsi geri alınsa da tamamı alına bilməyib. İndi o arxiv sənədləri üstündə araşdırma aparmaq istəyən hər bir şəxs Bolqarıstan dövlətinə pul köçürməlidir ki, onların ancaq üzünü görə bilsin. İçimizdə belələri də vardır. Xalqımızın, dövlətlərimizin başına gətirilən oyunlar bu cür satqın xarakterli deməyim, elmin insanda yaratdığı milli mənsubiyyət şüurundan xəbərsiz insanların əməlləri ucbatından deyil ki?!
Həsənoğlunun yazdığı və dostumun Finlandiyada tapıb satın aldığı "Sirətin Nəbi" adlı əsər, xalqın ruhuna uyğun qələmə alınıb. Xalq arasında maraqla qarşılanması və kütlələr tərəfindən oxunması üçün on üçüncü əsrin dililə və mənqibəvi xarakterdə yazılıb. Buna təbii hal kimi baxmalıyıq. Nümunə üçün 202a/11 nömrəli beytdə belə bir ifadə vardır;
"Nagahani təpdi
çıxdı bir dağal
Kim anun adı idi əbdi Hübəl"
"Dağal" sözü Azərbaycanın hər tərəfində işlədilir və bəzi yerlərdə o "cığal, dığal" kimi də dilə gətirilir. Əsər, Həzrət Əlinin cənglərini mövzu götürən əsərlərin xarakterində yazılıb. Bu səpkidə yazılan əsərlərə xalq daha maraqla yanaşırdı, onlar əldən-ələ gəzir və kütlələrin yaddaşına hopurdu.
(ardı
var)
Seyfəddin Altaylı,
Ankara altaylı
Ədalət.- 2012.- 15 sentyabr.- S.13.