Neftçala yeni uğurlar ərəfəsində
(əvvəli
ötən sayımızda)
"Bizim işimiz çox, məsuliyyətimiz
böyükdür"
Böyük bir kollektivə, 330 nəfər işçiyə başçılıq edən idarənin rəisi Elçin Ataş oğlu Əsədov 20 ildən çoxdur ki, istehsalatın bu sahəsində rəhbər vəzifədə çalışır. İdarənin ümumi səliqə-səhmanı, nizam-intizamı onun otağında daha çox hiss edilir. Rəisin özü də kifayət qədər ciddi adamdır. Bizə vaxt ayırmaq üçün hələ bir neçə dəqiqə də telefonla kimlərəsə məsləhət, kimlərəsə göstəriş verdi. Açıq pəncərədən payızın mülayim nəfəsi içəri dolsa da, otaqda sanki bir istilik vardı. Rəisin aramsız tapşırıqları, müxtəlif məsələlərə aydınlıq gətirməsi elə bil otağın da havasını dəyişmiş, isitmişdi. Nəhayət telefonu söndürüb:
- Hə indi rahat söhbət eləmək olar. Mən özüm haqqında danışmağı qəti sevmirəm. Sadəcə çalışmışam ki, üzərimə düşən işi layiqincə həyata keçirim. Rayonda bizim işimiz çox, məsuliyyətimiz böyükdür. 38158 hektar ərazinin suvarılma işlərini bizim kollektiv həyata keçirir. Yayın istisində bu qədər suvarılan ərazinin su təchizatını nəzarətdə saxlamaq doğrudan çətindir. 2600 hektar pambıq, 23789 hektar taxıl, 10120 hektar yonca, 1400 hektar həyətyanı sahələr, 12 hektar bostan-tərəvəz sahələrini vaxtlı-vaxtında su ilə təmin etmək üçün çox böyük zəhmət və təcrübə tələb olunur. Yonca sahələrinin suvarılması tamam başqadır, taxılınkı tamam başqa. Məsələn, yonca və pambıq ən çox su tələb edən bitkilərdir. Ərazimizdə olan sahələrin mexaniki yolla suvarılmasının bir böyük məsuliyyəti də elektrik enerjisi ilə çox həssas davranmaqdır. Elektrik enerjisi ilə səmərəli davranmaq işin əsas hissəsidir.
Qeyd etdiyim kimi, bu böyük ərazini vaxtaşırı su ilə təmin etmək üçün 995,8 kilometr uzunluğunda suvarma kanallarımız var. Bu kanallar palçıqdan, lildən daim təmizlənməlidir ki, ərazinin suvarılması zamanı vaxt və su itkisinə yol verilməsin. Eləcə də digər köməkçi kiçik su kanalları daim nəzarətdə saxlanılmalıdır. Bütün bu işləri həyata keçirmək üçün 13029 hidrotexniki qurğudan istifadə edirik. 43 nasos stansiyamız var, onlardan üçü səyyaridir, yəni, onlar suda üzən nasos stansiyalarıdır. Bu nasos stansiyalarının demək olar ki, hamısını yenidən inşa etdik. Qarın, yağışın, günün altında olan avadanlıqları bütün şəraiti olan binaların içərisinə köçürdük. Sözdə bunları demək asandır, ancaq bu işdə nə qədər əziyyət, xərc çəkdim mən bilirəm. Şərait yaxşı olmasa, yaxşı iş tələb etmək olmaz.
34123 nəfərə verilmiş pay torpaqlarının suvarılmasını da biz təmin edirik. Ərazilərdəki əkinlərin suvarılması işini 21 Sudan İstifadə Birliyi həyata keçirir. Biz onlara nəzarət və kömək edirik ki, suvarılma işləri ardıcıl və vaxtında aparılsın. İşimiz doğrudan çətin və məsuliyyətlidir, təsəvvür edin ki, rayondan 120 kilometr uzaqlıqda yerləşən Lapatin yaşayış massivinə hansı zəhmət, əsəb hesabına su veririk. Ancaq onlardan hələ bir nəfər şikayətçi yoxdur. Ona görə ki, uzaq olmasına baxmayaraq Lapatin daim diqqətimizdədir. Hə müəllim, yaxşı vaxtda gəlmisiniz. Yayda gəlsəydiniz sizinlə bu qədər danışa bilməzdim. Elə bilirəm işimiz barədə sizdə təəssürat yarada bildim.
Elçin
müəllim əslində Neftçala Rayon Suvarma Sistemləri
İdarəsinin çox gözəl eskizini çəkmişdi.
Neftçalalıların ürəyindən
xəbər verən sərəncam
Rayon mərkəzi Neftçala şəhəri kifayət qədər geniş ərazini əhatə edir. Burdakı parklar, bağlar, yaşıllıqlar, istirahət yerləri xeyli böyükdür. Yaşıllığı ilə öyünməyə haqqı çatan Neftçala rayonu yol infrastrukturuna xüsusi önəm verir. 39 saylı Yol İstismar İdarəsi 2012-ci ilin birinci yarısında yolların təmir edilməsinə və saxlanılmasına 726 min manat vəsait xərcləmişdir.
"Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
12 iyul 2012-ci il tarixli 2276 saylı sərəncamı isə rayon sakinlərinin lap
ürəyindən olmuşdur. Çünki barəsində sərəncam
verilən yol insanların istifadəsi üçün yararsız olduğundan sakinlər uzun
müddət əziyyət çəkməli olmuşlar.
Həmin sərəncama əsasən rayonun
11 yaşayış məntəqəsini əhatə edən
Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil
yolunun tikintisi və
yenidənqurulması üçün ilkin olaraq 5 milyon manat vəsaitin
ayrılması qərara alınmışdır.
Təhsil ən unudulmaz
sahədir
Son illər ölkə rəhbərliyinin Azərbaycan təhsilinə ayırdığı xüsusi diqqət heç şübhəsiz ki, Neftçala rayonuna da təsirsiz qalmayıb. Yeni məktəblərin tikintisi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi Neftçalada daim diqqət mərkəzindədir. 1 və 2 saylı Mayak, Kürqarabucaq, Yeniqışlaq kəndlərində yeni məktəblərin tikintisi buna bariz nümunədir. Rayon mərkəzindəki 1 və 2 saylı tam orta məktəblərin əsaslı təmir edilməsi təqdirəlayiq işlərdəndir.
Düz bir il əvvəl sentyabrın ilk günlərində Astanlı kənd sakinlərinin, ziyalılarının, müəllim və şagirdlərinin sevincli anlar yaşamasına səbəb isə 200 yerlik yeni məktəb binasının açılışı olmuşdur. Müasir texniki avadanlıqlarla, kompüterlərlə təmin edilmiş bu məktəbdə yəqin ki, şagirdlər daha həvəslə oxuyacaq, müəllimlər daha məsuliyyətlə çalışacaqlar.
Neftçala rayonunda məktəb tikintisi bu gün də davam edir. Xıllı qəsəbəsində 220, Xəzər kəndində 260, II Qaralı kəndində 200, Yuxarı Qaralı kəndində 360 yerlik məktəb inşa edilir. Kürkənd əsas məktəbinin tikintisi üçün isə müvafiq sənədlər hazırlanır.
İşin sürəti göstərir ki, Xıllı qəsəbəsində inşa edilən məktəb bu tədris ilində istifadəyə veriləcək. II Qaralı, Yuxarı Qaramanlı kəndlərində isə şagirdlər və müəllimlər gələn tədris ilində bu məktəblərdən istifadə edə biləcəklər.
Beləcə, Neftçala rayonu daha bir yayı arxada qoyaraq üzü payıza yol gedir. Uğurlar üçün isə fəsillərin elə bir əhəmiyyəti yoxdur.
Məmmədli
Səxavət
Ədalət.-
2012.- 18 sentyabr.- S.3.