"Ölülər"i
vermirlər ki, mollaların xətrinə dəyər"
Azərbaycanın xalq artisti,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəylinin Milli
Musiqi Günü münasibətilə APA-ya müsahibəsi
"Biz Üzeyir bəyin
çörəyini yeyirik"
- Fərhad müəllim, ilk əvvəl Sizi qarşıdakı Milli Musiqi Günü münasibəti ilə təbrik edirik. Bu il Üzeyir Hacıbəylinin doğum günü hansı formada qeyd olunacaq?
- 18
sentyabr tarixi bizim üçün çox müqəddəs
bir tarixdir. 70-ci illərdə maestro Niyazi sentyabrın
18-də açıq hava altında öz orkestri ilə
Üzeyir bəyin əsərlərini ifa etməyə
başlayıb. Bu, çox təsirli idi və
maestro Niyazinin vacib xidmətlərindən biridir. Ondan sonra Heydər Əliyevin müvafiq sərəncamı
ilə bu gün Musiqi Günü kimi təsdiq olundu. Artıq neçə ildir ki, sentyabrın 18-də
hamımız Üzeyir Hacıbəylinin adını
daşıyan bu akademiyanın önündə
çıxış edirik. Həmişə
bir söz deyirəm - biz hamımız Üzeyir bəyin
çörəyini yeyirik. Bu həqiqətən
də belədir. Heyf ki, 20-ci illərdə
onun Ceyhunla birgə arzuları puça getdi və Ceyhun bəy
Parisə getdi. Mən Maestro Niyazidən də, atamdan da
soruşurdum ki, çox maraqlıdır, Musiqi
Konservatoriyasının yaranmasının təşəbbüskarı
olan Üzeyir bəy, niyə bu boyda savadı, dahiliyi ilə təşəbbüskarı
olduğu Konservatoriyanın rektoru olmadı. Həmin vaxt şəxsən
Üzeyir bəy Nəriman Nərimanovla görüşərək
hazırda əyləşdiyimiz Musiqi Akademiyasının
yaradılması təklifini verdi. Bundan
sonra isə Nəriman Nərimanov Bakı Musiqi
Akademiyasının yaradılması üçün fərman
verdi. Bildirdilər ki,
qardaşı Ceyhunla əlaqədar onun başının
üzərində həmişə Damokl qılıncı
vardı. Üzeyir bəy 37-ci ilə qədər
tutulacağından qorxurdu. Yalnız Stalin ona partiya
buraxılışı verdikdən sonra ona heç kim dəymədi və ancaq 38-ci ildə o, bu
Musiqi Akademiyasının rektoru oldu. Balet, opera, simfonik
muğamlar, kamera musiqi, Xalq Çalğı Alətləri
Orkestri, Rəqs və Mahnı Ansamblı, Asəf Zeynallı
adına Musiqi Kolleci, bizim Bakı Musiqi Akademiyamız,
Bülbül adına məktəb... Hansı mədəniyyət
ocağına baxırsan, Üzeyir bəyin əl izi var. Həqiqətən
də bu insan dahi idi. Bu gün
"Ölülər" filmini efirə verməyə
qorxurlar ki, birdən mollaların xətrinə dəyər.
Amma əsrin əvvəlində Cəlil Məmmədquluzadə
bu əsəri yazıb, onlar bizdən çox cəsarətli
idilər.
"İcra başçısı da birinci sırada
padşah kimi əyləşir"
- Fərhad müəllim,
sözsüz ənənəni yaşatmaq lazımdır. Amma yeni əsrdə yeniliyə, kreativliyə ehtiyac
duyulur. İllərdir 18 sentyabr tarixi
Bakı Musiqi Akademiyasının qarşısında
çıxışlar və musiqi sədaları ilə qeyd
olunur. Bu standartdan kənara
çıxmağın, bu günü kütləviləşdirməyin,
daha fərqli nələrsə etməyin zamanı yetişməyib?
- Vaxtilə Üzeyir bəyin adına musiqi mükafatı olub. Maestro Niyazi
Üzeyir Hacıbəyov adına
mükafatın laureatı idi. Bilirsiniz, bununla
bağlı mən daha çox əyalətlərə getməyi
təklif edərdim. Bu gün hər
şey Bakıdadır. Yaxşı ki,
artıq neçə ildir Şəkidə və Qəbələdə
musiqi festivalları keçirilir. Bu, Gəncədə,
Lənkəranda niyə olmasın? Müstəqilliklə
əlaqədar rayonlarda konsertlər verilirdi, orada kimlər
çıxış edirdi. Üzeyir bəyin
bir notunu belə orda eşitməmişəm. Siz müstəqilliyi qeyd edirsiniz, bu müstəqilliyə
şou-biznesin nə aidiyyəti var? Üzeyir
bəyin, Fikrət Əmirovun, Niyazinin əsərləri səslənmir,
yalnız toyxanadakı kimi "danqadaq" olur. Hamı oturur, icra başçısı da birinci
sırada padşah kimi əyləşir. Çox
gülməlidir. Standart var, mən
razıyam. Bunun ən yaxşı yolu,
Fransadakı kimi ən kiçik şəhərdə belə
musiqi festivalının təşkil olunmasıdır. Biz də bunu etməliyik. Düşünürəm
ki, Üzeyir bəylə bağlı günlər mütləq
bütün Azərbaycana şamil olunmalıdır. Gəncədə,
Sumqayıtda, Lənkəranda da qeyd edilməlidir. Bir fikrimi də səsləndirmək istəyirəm.
Heydər Əliyev adına muzeylər, mədəniyyət
mərkəzlərində lektoriyalar ola bilər. Çünki Heydər Əliyev bütün əsərləri
əzbər bilirdi. Onun sevimli əsərləri
- Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov,
Niyazi, Cahangir Cahangirov, Arif Məlikovun əsərləri idi.
Qoy bizim tələbələrimiz mütəmadi
olaraq gedib o mərkəzlərdə konsertlər versinlər,
leksiya oxusunlar. Bilirsiniz, təbliğat işində biz
bir az passivik.
Yalnız onu
düşünürük - aha, tikdik, gözəllik var,
fontan var, güllər var, vəssalam. Bəs
sonra bunları istifadə etmək lazımdır. İstər idman kompleksləri olsun, orada da bu problem
var. Rayonlarda da idman komplekslərinin qapılarını
bağlayıblar, özü də burada idmanla məşğul
olmaq pulludur. Niyə pullu olmalıdır?
Bu uşaqlar idmana getməlidir, bəs
çempionlar harada yetişməlidir? Həqiqətən
də çempion belə ailələrdən yaranır, biz isə
bunu etmək istəmirik. Biz vaxt itiririk, bir
gün gələcəklər bu yola, çünki işlətmək
lazımdır. Niyə hər şey
Bakıda olmalıdır? Belə olmalı
deyil. Sevinirəm ki, Qəbələdə
maarifçilik yaranıb və tamaşaçı öyrənir.
"Yerli kanallara yol bağlıdır"
- Klassik bəstəkarlıqda vəziyyət
necədir? Yazan varmı?
- Ötən il
biz Qəbələdə gənc bəstəkarlar
üçün bir gün təyin etdik. Ceyhun Allahverdiyev, Pikə
Axundova və bir neçə başqa gənc bəstəkarımız
var. Sadəcə, onların əsərləri təbliğ
olunmur. Onlar yalnız Filarmoniyada təbliğ
edilir, ora isə yalnız klassik musiqisevərlər gedirlər.
Amma yerli kanallara bu yol bağlıdır. İndi "Mədəniyyət" kanalı var və
bu uşaqları təbliğ etmək lazımdır.
- Sizcə, gələcək nəsillərə
çatdırmaq üçün 3-4 bəstəkar yetərlidirmi?
- 70 milyonluq Türkiyədə 2-3
böyük bəstəkar var. Avropada, Almaniyada güclə
1-2 bəstəkar taparsan, amma ifaçılar çoxdur. İndi Almaniyada Bethoven, Brams yoxdur, onlar alman idi.
İndi soruşurlar ki, niyə Üzeyir bəy,
Qara Qarayev yoxdur, bu cür insanlar 200 ildən bir dünyaya gəlir.
Burada mən böyük problem görmürəm.
Bizi maarifçilik məsələsində daha
vacib işlər gözləyir. Çünki
bəstəkarlar çox olanda özləri üçün
ifa edirlər, plenumlar çağırırlar, mən deməzdim
ki, ora çox insan gedib qulaq asır, amma maarifçilikdə
biz uduzuruq. Telekanallarda da, yazılı mətbuatda da bu
barədə çox az yazılır. Mən anlayıram, şou-biznes xəbərləri
daha çox oxunur, bazar bunu tələb edir, amma ciddi
materialın sadəcə üzərindən keçirlər.
İfaçıların da təqsiri var, biz Azərbaycan
bəstəkarların əsərlərini daha çox ifa etməliyik.
Çox şadam ki, Bakı Musiqi
Akademiyasının Kamera Orkestri çox yaxşı vəziyyətdədir.
Gələn il Berlində Gənc Orkestrlərin
festivalı olacaq, bizim uşaqlar Qara Qarayevin, Fikrət Əmirovun
simfoniyalarını hazırlayırlar və orada
çıxış edəcəklər. İstedadlı
uşaqlarımız var, ciddi musiqiçilərə bir az diqqət artırmaq lazımdır.
Əvvəla
onların sənəti maddi baxımdan o qədər də gəlir
gətirmir. Onlar toylarda iştirak etmirlər, qonorarı
isə konsert verəndən verənə alırlar, məbləğ
isə gülməli görünəcək qədər az olur. Ona görə də belə
sənət sahiblərinə xüsusi diqqət
olmalıdır. Sağ olsun gənclər və idman
naziri Azad Rəhimov, o Kamera Orkestrini himayəyə
götürdü. Hazırda Gənclər
Orkestri kimi fəaliyyət göstərir və uşaqlar ayda
heç olmasa 80 manat alırlar. Tələbələrdir,
onlar həvəslə işləyirlər. Gürcüstanda violençel kursuna gedənlərə
xüsusi təqaüd verilir. Çünki
gedən yoxdur, amma ora getməsələr, axı orkestrin fəaliyyəti
batacaq. Violençel, simfonik orkestr olmasa, sən nə
"Koroğlu"nu, nə "Yeddi gözəl"i, nə
"Qız qalası"nı eşidə
biləcəksən. Orada başa
düşürlər ki, ciddi musiqiçiyə ciddi diqqət
lazımdır. Uşaqlar bu kursa qəbul
olmaq üçün imtahan verirlər. Heç imtahan da
lazım deyil, çox sağ olsunlar ki, gəlirlər. Bu musiqi alətlərini seçənlər
sözün həqiqi mənasında ona heyrandır. Belə uşaqlar çox azdır. Bizim
vaxtımızda bir yerə on adam gedirdi,
indi camaat menecer, biznesmen, kompüter mütəxəssisi olmaq
istəyir. Bu sahələrdə işləmək
istəyənlər çoxdur, nəinki saatlarla, bu royal
qarşısında ifa etmək istəyən. Bax, sən gedəcəksən, mən iki saat bu
royalda çalacağam.
"Notu bilməyən toydan 15-20 min alır"
- O zaman belə çıxır
ki, Bakı Musiqi Akademiyası abituriyent sarıdan əziyyət
çəkir?
- Açıq deyim, sovet
dövründə bəstəkarın hörməti çox
idi. Bəstəkar Fikrət Əmirov, maestro Niyazi
deputat idi, xüsusi mənzillə təmin olunurdu. Əlbəttə bu gün də prezidentin xüsusi
təqaüdü təsis olunub, yaşlı adamlar alır.
Kobud şəkildə desəm, notu bilməyən adam
hansısa bir qrup yığır, toylardan 15, 20 min alırsa,
akademiyaya gəlmək, harmoniyanı oxumaq, saatlarla çalmaq,
məşqlərdə hər bir notu təmizləmək, bu
cür milyon problem onun nəyinə lazımdır?... O yolu
seçəndə isə problemdən uzaq olur, hamı
tanıyır, hörmət edir, hər yerə dəvət
olunur, bahalı maşınlarda gəzir. Belə
şəraitdə ciddi musiqiçinin olması böyük qəhrəmanlıqdır.
Ona görə də bu uşaqlara baxıb, nə
yaxşı varsınız deyirəm. Onlar
lazımdır, onlar olmasa nə olacaq?
- Qəbələdə
Müslüm Maqomayevin yubileyi keçirilirdi. O tədbirə
münasibətiniz necədir?
- Müslümlə bağlı
Moskvada, Bakıda daha çox tədbirlər olacaq. Bakıda oktyabrın 7-də onun şərəfinə
böyük bir gecə keçiriləcək. Qəbələdəki yubiley həmin gün orada
olanların Müslüm yaradıcılığına bir
töhfəsi idi. Tamara xanım Sinyavskaya o tədbiri
çox bəyəndi və dedi ki, "nə yaxşı
sizin belə vokalçılarınız var". Yubileyin bədii səviyyəsi çox yüksək
səviyyədə idi.
- Fərhad müəllim, əsas
problemlərdən biri də müəllimə verilən əmək
haqqının aşağı olmasıdır. Azərbaycanda
əsasən musiqi sahəsində çalışan müəllimlər
dünyanın başqa-başqa ölkələrində
işləməyə üstünlük verir.
- Əslində bu
sual mənə ünvanlanmamalıdır. 90-cı
illərdə hamının ürəyində bir arzu var idi -
Türkiyəyə gedib pul qazanmaq. Doğrudan həmin
vaxt bizdə maaş 20 dollara yaxın idi. Amma biz 30-35 dollar alırdıq. Həmin vaxt bizim
akademiyanın 35 müəllim və professor heyəti
Türkiyəyə getdi, orada onlara 1500 dollar maaş,
üç otaqlı mənzil verildi. İndi
1500 dollar Bakıda heç nədir, o zaman üçün
böyük pul idi.
"Şirkət qarovulçusu da 500 manat alır, mən
də"
- Amma heç indi də Azərbaycanda
bu maaşı alan yoxdur...
- ...Hə, o da yoxdur.
Bəzən deyirlər, vətəni satıb,
getdilər. Xaricdə belə şey yoxdur.
Xaricdə professor harada yaxşı şərait
varsa, ora gedir. İtalyan Almaniyaya gedib orada
işləyir. Orada vətəni satmaq kimi
məsələlər yoxdur. Vətən
ona şərait yaratmalıdır, yaratmırsa, bu yazıq nə
etməlidir? Ona görə də mən
bunu normal hesab edirəm. Həmişə
deyirəm, gedin. İndi çoxu qayıdır, baxmayaraq
ki, maaş Türkiyədəkindən 4-5
dəfə azdır. Bu, büdcədən
asılıdır, sözsüz hökumətin qərarı
olmalıdır. Əgər mən rektor 500 manat
alıramsa, ayrı nə demək olar... Hansısa
şirkətin qarovulçusu da 500 manat alır, mən də.
Əgər məni işdən
çıxaracaqlarsa, gedib özəl şirkətdə
qarovulçu işləyəcəyəm. Bu, belə olmamalıdır.
- İnanmaq çətin
də olsa qarşıdan Sizin 65 illik yubileyiniz gəlir. Yubileyinizi necə qeyd etmək istəyirsiniz?
- Yubileydən danışma, nə
yubiley? Uşaqlar mənim üçün
sürpriz konsert hazırlayırlar. Yubileyim
yeni Opera Zalında və Caz klubda keçiriləcək.
Biri ciddi opera konserti, biri isə caz konserti olacaq.
İkisində də tələbələrim
çıxış edəcək. Çox
sevinirəm ki, son illər ərzində yeni nəsil
vokalçılar, caz musiqiçilər inkişaf edir. Avropadan gələnləri Caz Mərkəzində qəbul
etdim və Emil Əfrasiyab onları tarın, muğamın
sintezi ilə heyran etdi. Almaniyanın səfiri
ağladı və dedi ki, bu, möcüzədir.
Mən də dedim "Qarabağ budur, eşidirsən?"
- Fərhad müəllim bilirsiniz
ki, Azərbaycanda 65 yaş senzi ilə bağlı müvafiq
qanun var. Mən və ya başqa biri bu akademiyanı Fərhad
Bədəlbəylisiz təsəvvür etmir, amma qanun
qanundur... 65 yaş stressi, vəzifədən getmək qorxusu
yaşamırsınız?
- Hər şey prezidentdən
asılıdır və dövlət başçısı
necə qərar verəcəksə, elə də olacaq. Əsas məsələ ondadır ki, Üzeyir bəyin
ənənələri pozulmasın. Hər
gün gedirik, Üzeyir bəylə salamlaşır, dərdləşir,
zarafatlaşırıq. O, sanki canlı orqanizmdir.
Sözsüz, yaşlı nəsil istər-istəməz getməlidir,
bu nə qədər kədərli də olsa, təbiətin
qanunu var. Bizdə istedadlı, bacarıqlı ifaçılar
var. İnanıram ki, gec-tez bura kim gəlsə
də, Üzeyir bəyin ənənələrini pozmayacaq...
- Fərhad müəllim,
Bakı Musiqi Akademiyası ilə Milli Musiqi
Konservatoriyasının birləşməsinin tərəfdarı
deyilsiniz?
- Biz yaxşı ünsiyyət
yaratdıq. Deməzdim ki, bizdə bir problem var.
Bizdə muğamla əlaqədar kafedra var, Məcnun Kərimovun
laboratoriyası var. Deməzdim ki, ayrıldıq. Milli Konservatoriyanın uşaqları bizim
uşaqlarla birgə layihələrdə
çıxış edirlər. Onda ikinci
Konservatoriya niyə olmasın? Arzu edərdim
ki, Gəncədə də, Lənkəranda da Konservatoriya
olsun. Musiqi ilə bağlı hər
hansı yeni ocağın yaradılmasına tərəfdaram.
Burada bir problem görmürəm. Siyavuş Kərimi ilə dostuq və bu illər ərzində
hansısa inciklik və problemlərlə
rastlaşmamışıq. Bütün
problemləri bir yerdə həll edirik. Onlar
yeni bina qururlar, lap yaxşı, qoy olsun. Yeni
bir səhnə, yeni idman zalı olacaq və daha böyük
bina olacaq. Biz balacayıq, onlar isə maşallah
çoxdur, gənclər tara, kamana gedirlər.
Bax orada abituriyentlərlə heç zaman problem
olmayacaq. Arada onlara yaxşı mənada
qısqanclıqla baxıram. Təəssüflənirəm
ki, skripkaya, simfonik orkestr üçün vacib olan aləti
öyrənməyə çox gəlmirlər. Bu da bir problemdir və problemin üzərində
işləyirik. Hər hansı azərbaycanlının
musiqini hiss etməməsinə inanmıram. Düzdür,
qayda-qanunla, nizam-intizamla problemlər var, amma sənətlə
bağlı problem yoxdur.
"Şuşa üçün çox
darıxmışam"
- Şuşadakı
evinizi necə xatırlayırsınız?
- Mənim nənəm axı Qacar
nəslindən idi. Onların çox
böyük evi vardı. Nənəmin babası
1840-cı illərdə İrandan qaçdı və I Nikolay
ona təqaüd verdi. Onlar əvvəl
Tiflisə, Tiflisdən isə Şuşaya gəldilər.
Şuşada məskunlaşıblar, Qacar nəslindən
neçə nəfər rus ordusunun generalı olub. 40 oğlu var idi, biri - nənəmin atası Heydərqulu
idi. Mən uşaq idim, nənəm məclislərə
Qarabağ xanlarını dəvət edirdi, çay
içib, paxlava yeyirdilər, şeir deyib, muğam oxuyurdular.
Onlar çox aristokrat şəraitdə
yaşayırdılar. Çox kefdə idilər,
düşünürdülər ki, elə həmişə
belə olacaq... Ermənilər də
yavaş-yavaş, yavaş-yavaş hər şeyi ələ
keçirirdilər. Axırda da faciə baş verdi. Yaxşı ki, Niyazi, atam bu
biabırçılığı görmədi.
- Hər il 18 sentyabr tarixində
çıxışınızda "O gün olsun Üzeyir
bəyin "Koroğlu" uvertürası Cıdır
düzündə səslənsin" arzusu ilə
çıxış edirsiniz və hər il bu arzu Bakıda,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının qarşısında səslənir...
- Şuşa
üçün çox darıxıram. Amma bu
vəziyyətdə mən ora necə gedim? Hansı qisimdə gedim, qonaq kimi? Bu, mənim
üçün təhqirdir, ev sahibi kimi də
gedə bilmirəm. Qalmışam belə.
Hə, hər dəfə burada deyirəm -
Üzeyir bəyin "Koroğlu" üvertürası
Cıdır düzündə səslənsin. Yenə bu ümidlə yaşayıram, ayrı
ümidim, arzum yoxdur.
Ədalət.- 2012.- 19 sentyabr.- S.4.