Uzaq-yaxın Yardımlı

 

   Masallıdan Yardımlıya uzanan 56 kilometrlik məsafənin xeyli hissəsi yaşıl meşəlikdən keçir. Viləş çayının sahili boyunca uzanan avtomobil yolu rahat olduğu üçün maşının dağlara necə qalxdığı hiss edilmir. Dolanbac yolların sağsol sahillərindəki uca dağların yaşıl donu - meşələrə bir sakitlik çöküb. Dəmirağacının qızarmış yarpaqları uzaqdan nəzəri cəlb edir. Palıd, vələs, fısdıq ağaclarının da yarpaqlarına da artıq xal düşüb. Aşağılardan axan Viləş çayının səsi də indi əməlli-başlı eşidilir. Çünki bu yollarda şütüyən maşınların sayı azaldığından, qonaq-qaraların yol kənarında məclis qurmaları tamam seyrəldiyindən çayın səsi dağları başına götürüb.   

   Yardımlı rayonunun məşhur "şəlalə"sindən sonra dağlarda meşələr seyrəlir. Bir qədər sonra isə meşəsiz dağlar bir-birinə söykənərək üfüqə doğru uzanır.   

   Yol işçiləri qarşıdan gələn qışa hazırlıq məqsədi ilə işə başlayıblar. Yaz yağışlarının bu avtomobil yolunda öz izləri var. Daha dəqiq desək, yol bir neçə yerdən sel sularının təsirinə məruz qalıb. Bəli, dağlarda yolu qorumaq elə də asan deyil. Bir leysan yağışı bir göz qırpımında əməlli-başlı fəsad törədə bilər.   

   Bu da Yardımlı, cənubun İrana doğru sonuncu rayonu. "Qəribə təsadüfdür, tədbirə tələsirdik, Yardımlıya tələsən jurnalistlə rastlaşdıq. Elə bizimlə şəhər 1 saylı məktəbdə keçirilən "Bilik günü"-ndə iştirak edərsiniz". Yol yoldaşlarımdan birinin təklifi lap ürəyimcə oldu.   

   Elmdir hər bağlı qapını açan    1 saylı tam orta məktəb rayon mərkəzində, axarlı-baxarlı bir məkanda qərarlaşıb. Şagird və müəllimlərin sevincinə qoşulan valideynlər də sanki bir anlıq uşaqlaşıblar. İlk dəfə məktəbə gələn körpə balaların gözlərində sevinclə bərabər bir heyrət də var.  

   Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Balışovla da görüşümüz burda oldu. Digər məktəblərə də baş çəkməli olan Manaf müəllim vaxt tapıb Yardımlı rayon təhsili haqqında danışmağa həvəslə razı oldu:  

   - Mərkəzdən xeyli uzaq olsa da, Yardımlı rayonunda təhsilin inkişafına xüsusi diqqət göstərilir. Dövlət Proqramına uyğun olaraq 220 yerlik Ostayır, Alçabulaq, Şəfəqli, 80 yerlik Gendərə, Gügəvar, 360 yerlik Kürəkçi məktəblərinin tikintisi uğurla davam etdirilir. Çayüzü uşaq bağçasının əsaslı təmiri də diqqətdə olan işlərdəndir. 180 yerlik Anzov məktəbinin, 55 yerlik Yolocaq uşaq bağçasının tikintisinə yaxınlarda başlanacaq.

   80 yerlik Fındıqlı Qışlaq, Solğard, Zenqaran ibtidai, 220 yerlik Avaş, 360 yerlik Zevin orta məktəblərinin tezliklə inşa edilməsi əsas qayğılarımızdandır.   

   Rayonumuzda təhsilin səviyyəsi də xeyli yüksəkdir. Bu il 672 nəfər 11-ci sinif şagirdindən 511 nəfəri müvafiq qiymət alıb. Bu isə 76 faiz göstərici deməkdir. Vəlixanlı kənd tam orta məktəbinin məzunu Məmmədli Xəyalə Təyyar qızı Respublika Təhsil Naziri Misir Mərdanovun əmri ilə qızıl medala layiq görülmüşdür. Mart ayında keçirilən ayrı-ayrı fənlər üzrə olimpiada yarışlarında iştirak edən şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, kimyaçı Cümşüdlü Kamran Əhəd oğlu 3-cü olmuşdur. 10-cu sinif şagirdi Şərifzadə Günay Samiq qızı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. Ancaq elə bilirəm ki, ən böyük uğurlarımız hələ qabaqdadır, çünki bizə göstərilən qayğının başqa alternativi ola bilməz.   

   Təki siz deyən olsun Manaf müəllim, bütün bağlı qapıları açan ancaq elmdir.   

   Bəs iqtisadçı nə deyir

      "Bilik günü" münasibətilə keçirilən tədbirlər rayonda əməlli-başlı qələbəlik yaratmışdı. Belə tədbirlərdə daim həvəslə iştirak edən Rayon Maliyyə İdarəsinin rəisi Malik Abışov rayon iqtisadiyyatı barədə danışır:  

   - Bildiyin kimi Yardımlı rayonu dağlıq ərazidə yerləşir və biz əsasən əkinçilik və maldarlıqla məşğul oluruq. İqtisadçılar rəqəmlərlə danışmağı daha çox sevdiklərindən mən də rəqəmlərlə danışacağam. Bu ilin ilk yarısında bu ilin məhsulu üçün ötən ilin payızında 2872 hektar sahədə taxıl səpini aparılmışdır. Əkinlərlə əlaqədar 1248 nəfərə 2415 hektar əraziyə görə 97802 manat yardım ödənilmişdir. Nəticələrimiz də pis olmadı, zəmilərdən kifayət qədər məhsul götürdük.   

   2012-ci ilin 6 ayı ərzində Yardımlı rayonu üzrə 32,2 milyon manatlıq məhsul istehsal edilmişdir. Maraq üçün deyim ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur. Adambaşına düşən məhsulun dəyəri 528 manata yüksəlmişdir. Tikinti işlərinin miqyasını da böyütmüşük. Yerli büdcəmiz hesabına 2203200 manatlıq tikinti işləri aparmışıq.

      Yenə bu ilin ilk yarısında əsas kapitala yönəldilən investisiyaların həcmi 2013119 manata yüksəlmişdir. İndi Yardımlıda orta aylıq əməkhaqqı 225 manatdır. Yaşayış sahəsi 1791 kvadrat metr olan 23 fərdi yaşayış evini sakinlərin özləri öz vəsaitləri hesabına ərsəyə gətirmişlər.   

   Sahibkarlara da imkanımız daxilində kömək etməyə çalışmışıq və lazımi şərait yaratmışıq. Horani kəndində 5 nəfər sahibkar öz vəsaitləri ilə sutkada 1,5 ton süd qəbul edən məntəqə inşa etmişlər. Haqqında danışdığım dövr ərzində sahibkarlıq subyektləri tərəfindən 31,2 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu rəqəm rayonun bu sahə üzrə göstəricisinin 97 faizi deməkdir.   

   Dolanışığı nisbətən zəif olan ailələr də daim rayon rəhbərinin diqqətində olmuşdur. Belə ailələrin müəyyənləşməsində şəffaflıq maksimum qorunub saxlanmışdır. 557 belə ailənin 3063 nəfər üzvünə 37320 manat ünvanlı sosial yardım verilmişdir.   

   Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanına əsasən Sovet dövründən qalmış əmanətlərin qaytarılmasına başlanmışdır. İndiyə kimi 1069 nəfər əmanətçiyə 461765 manat vəsait ödənilmişdir.   

   Elə bilirəm ki, Yardımlının iqtisadi həyatında sizə bir xeyli məlumat vermiş oldum.   

   Malik müəllim öz rayonu haqqında həmişə olduğu kimi indiqürurla danışdı.

  

 

  (ardı gələn sayımızda)

 

  Səxavət Məmmədli

 

 Ədalət.- 2012.- 19 sentyabr.- S.3.