Uzaq-yaxın Yardımlı

 

   (əvvəli ötən sayımızda)

  

   Yol dağlarda ən böyük qayğıdır

  

   Bu doğrudan belədir, elə yazımızın əvvəlində də yolla bağlı bəzi məqamlara toxunmuşdum. Aylarla zəhmət, xərc çəkib bir yolu başa vurmamış güclü bir yağışın törətdiyi daşqın bütün əziyyəti bir andaca yox edir. Ona görə də dağlarda yol təsərrüfatını qorumaq çox çətindir.   

   Qış mövsümündə sakinlərin hərəkət etmələri üçün xeyli çətinlik yaradan kənd yollarının təmiri də ötən müddət ərzində yardımlıların ən böyük qayğılarından olmuşdur. Yardımlı Rayon İcra Hakimiyyətinin, Respublika Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə şəhər və kənd yollarının təmiri üçün bir sıra texnikalar müvəqqəti olaraq Yardımlıya verilmişdir. Həm də rayonun 44 saylı Yol İstismar İdarəsinin texnikalarından istifadə etməklə şəhərdə 6 kilometrə yaxın, uzunluğu 7 kilometr olan Yardımlı-Bozayran-Bürzümbül yolu çınqılla döşənmişdir. Jiy-Ərsilə yolunun çınqıl örtük ilə döşənən hissəsi 3 kilometrdən çoxdur.   

   Uzunluğu 7 kilometr olan Zeynələzir-Honuba yolunda torpaq işlərinin miqyası genişləndirilmiş, yol tamam yararlı vəziyyətə gətirilmişdir.   

   Bu məqamda onu da qeyd etmək lazımdır ki, rayon sakinləri ilə bərabər yerli təşkilat və idarələr də yol təsərrüfatının qorunması üçün rayon rəhbərliyinə müxtəlif təkliflərlə müraciət edirlər. Belə təkliflər əsasında aparılan işlər daha uğurlu nəticə verir.

  

   Şərait olan yerdə həyat da var  

 

   Bu həmişə belə olub, belə də olacaq. İnsanlar daha yaxşı şəraiti olan məkan seçməyə çalışırlar. Şəhərlər də beləcə yaranır.   

   Ancaq bütün insanların da şəhərlərdə yaşaması mümkün deyil. Bu gün respublika əhalisinin 49 faizi kəndlərdə yaşayır.   

   Yardımlı rayonunda əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilir. Bu gün Yardımlının 88 yaşayış məntəqəsi üzrə 15 faizi yəni, 1222 abonent qazdan istifadə edə bilir. Yardımlı şəhəri 68, Sırıq və Əngövül kəndləri 100 faiz mavi qazdan yararlanır. Bozayran, Urakəran, Qabaqdibi, Köryədi kəndləri də bu xidmət növündən qismən faydalana bilir. İndi rayonun 8 kəndinə mavi qaz verilməsi işlərinə başlanmışdır. Yaxın vaxtlarda rayon üzrə qazlaşmanın faizinin Ölkə Prezidentinin elan etdiyi kimi 90-95 faizə çatdırılmasına nail olunacaq.   

   Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksələn xətt üzrə inkişaf edir. İndi Yardımlıda çoxşaxəli internet istifadəçilərinin sayı 160 nəfərdir. Televar, Çayüzü, Şəfəqli, Pirimbel, Hamarkənd kənd istiqamətlərində bu xidmət üçün fibrooptik kabel çəkilmişdir.   

   Sakinləri fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün bu sahədə də bir sıra tədbirlər həyat keçirilmişdir. 50-yə yaxın köhnə dayaqlar yenilənmiş, vaxtı keçmiş, istehsalata yararsız elektrik naqilləri dəyişdirilmiş, transformatorlar təmir edilmişdir. İndi bu rayona 24 saat fasiləsiz olaraq elektrik enerjisi verilir.   

   Yardımlıda ümumi uzunluğu 52,2 kilometr olan su, 58,2 kilometr olan kanalizasiya xətlərinin çəkilməsinə start verilmişdir. Kəndlərdə də içməli su probleminin aradan qaldırılmasına başlanmışdır. Rayon İcra Hakimiyyəti və "Azərsu" ASC-nin təşəbbüsü ilə rayonun OdrağaranAlçabulaq kəndlərində artezian quyuları qazılmışdır. Viləş çayının Qaraqaya qolundan istifadə etməklə rayonun 18 kəndində içməli su problemi aradan qaldırılacaq. Bu işlərin həyata keçirilməsi üçün artıq layihə də hazırdır.  

   İnsanın normal yaşaması üçün sosial şəraitin olması lazımdır. Yardımlıda bu şərait hər ay, hər il bir az da genişləndirilir.   

 

   Sağlamlıq ən böyük var-dövlətdir  

 

   Bir dəfə yaşanan bu dünyada sağlam ömür yaşamaq hər kəsə nəsib olmur. Milyonçu xəstədən sağlam dilənçi olmaq daha yaxşıdır deyib müdriklər. Etiraf edək ki, sağlam insan cəmiyyətə daha çox xeyir verir. Çünki sağlam bədəndə sağlam ruh olar kəlamını da ariflər deyib. Yardımlı rayonunda yaşamaq, təbiətin bütün gözəlliyindən yararlanmaq əlbəttə, xoşdur. Ancaq sağlamlığı qorumaq üçün həkimlərsiz keçinmək indiki zamanda xeyli çətindir. Ona görə də burda insanlara göstərilən tibbi xidmətin səviyyəsi hər an genişləndirilir.   

   Bu ilin ilk yarısında da belə olub. Rayon Mərkəzi Xəstəxanasında 421 nəfər şəkərli diabet, 515 nəfər ruhi-əsəb, 156 nəfər onkoloji, 100 nəfər vərəm, 7 nəfər talassemiya digər xəstələr qeydə alınmışdır. Bu xəstələrə lazımi tibbi yardım müalicə göstərmək üçün ağxalatlılar səylə çalışmışlar.  

   Qeydə alınmış imtiyazlı xəstələrə 42622 manat dəyərində dərman sarğı materialları verilmişdir.   

   Ötən müddət ərzində rayon xəstəxanalarında 5 nəfər stasionar müalicə almışdır. Bu xəstələrdən cəmi 64 nəfəri cərrahiyyə əməliyyatına məruz qalmışlar. 1 yaşa qədər körpələr arasında ölüm faktına cəmi iki dəfə rast gəlinmişdir.   

 

   İctimai asayiş daim nəzarətdədir 

 

   Xeyli ərazisi olan Yardımlı rayonunda ictimai asayişi qorumaq elə asan deyil. Rayon mərkəzindən 35-40 kilometr uzaqlarda yerləşən kəndlərə nəzarət etmək xeyli çətindir. Buna baxmayaraq Yardımlı rayon hüquq-mühafizə orqanları öz işlərinin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. 2012-ci ilin ilk 6 ayında Yardımlıda 30 cinayət hadisəsi qeydə alınmışdır. Polis işçilərinin səyi nəticəsində bu cinayətlərin xeylisinin - 87,9 faizinin üstü açılmışdır.  

   Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 50 kiloqram kalium permanqanat perekursoru aşkarlanıb götürülmüşdür. 15 kiloqramdan çox narkotik vasitə zərərsizləşdirilmişdir. 26 ton 480 kiloqram yabançı xaş-xaş aşkarlanaraq məhv edilmişdir. Rayon hüquq-mühafizə orqanları rayon mərkəzi ilə bərabər ucqarlarda da "Narkotik maddələr faciə yaradır" mövzusunda dəyirmi masalar təşkil etmiş, gənclərə bu zərərli vərdişlərdən kənar gəzmələri tövsiyyə olunmuşdur.   

   Yardımlı rayonu mərkəzdən uzaq olsa da, diqqətdən kənarda deyil. Ona görə də bu rayonun uğurları hələ qarşıdadır.

 

 

  Səxavət Məmmədli

 

  Ədalət.- 2012.- 20 sentyabr.- S.3.