Vətənə
və Xalqa layiqli xidmət...
Azərbaycan Respublikasının
dövlət atributlarından biri də Azərbaycan ordusu ilə
yanaşı Daxili İşlər Nazirliyidir, bu nazirliyin
sistemində olan idarələr və qoşun hissələridir,
polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil
dövlət bir neçə böyük sütun
üstündə fəaliyyət göstərə bilir. Hər
bir dövlət üçün, o cümlədən müstəqil
Azərbaycan dövləti üçün bu sütunlardan
biri də Daxili İşlər Nazirliyi, polis
orqanlarıdır.
Heydər Əliyev,
Azərbaycan
xalqının ümümmilli lideri
Azərbaycan polisi çox
mühüm funksiyanı icra edir. Hər bir müstəqil
dövlət üçün onun daxili işlər
orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda
ictimai-siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu
çox yüksəkdir.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Nərimanov metrostansiyasının
yaxınlığında yerləşən Uşaq Stamotoloji
Mərkəzinin yanında taksi xidməti göstərənlərdən
birinə yaxınlaşıb "İçərişəhər"ə
gedəcəyimi bildirdim.
Ortaboylu, ağsaçlı
sürücü ani bir cəldliklə çantamı alıb
"Allah sizləri bizə çox görməsin, sizlər
olmasaydınız bu gün mən həyatda yox idim" deyəndə
həm maraqlı bir yol-yoldaşı tapdığıma, həm
də maraqlı bir yazının mövzusu olacaq bir hadisə
haqqında eşidəcəyimə sevindim. Bir də axı
söhbət paqondaşlarımızdan, onların xidməti fəaliyyətindən,
vətəndaşlara münasibətindən gedirdi.
İndi oxuduğunuz yazını
taksi sürücüsü Namaz Yadigarov başına gələn
bir əhvalat kimi necə danışıbsa, mən də
nöqtəsinə, vergülünə toxunmadan sizinlə
bölüşürəm.
"Bəlkə də Qarabağ
uğrunda döyüşəndə heç ağlıma gətirməzdim
ki, məni qanı-qanımdan, canı-canımdan olan biri, yəni
öz azərbaycanlım bıçaqla dəlik-deşik edəcək.
Üstündən aylar keçsə də hələ də
günahımın nə olduğunu, onun məni nəyin
üstündə vurduğunu anlaya bilmirəm.
Hadisə belə olub. Soyuq yanvar
axşamıydı. Taksi xidməti göstərən
dostlarımla Uşaq Stamotoloji Mərkəzinin
qarşısında dayanmışdıq. Soyuq qılınc
kimi kəssə də canımızı dişimizə tutub
bir parça çörəkpuluna görə
dözürdük. Saat 11 olardı. Üç nəfər gəldi.
Onlardan biri qabağa gəlib mənim maşınıma
söykəndi. O biri isə saymazyana "Kimindi ə, bu
maşın,- deyib səsini ucaltdı və dedi:
"Komsomol". Mən dilləndim: "Qardaş, Komsomol dairəsi
aeroport yolu üstədi". Sözümü qurtarmamış
o biri dostuna tərəf dönüb: "Bu nə deyir, mənə
ilişir? Mən bunu bu saat "yortacam" deyib,- söyə-söyə
üstümə şığıdı. Onda gördüm
ki, böyrümə nəsə sancıldı. İki,
üç dəfə hərəkəti təkrar elədi.
Yerə yıxıldım, o isə əl çəkmək
istəmirdi. Əlim, ayağım və qarnım qan
içində idi. Taksi sürənlərdən Şamil
adlı dostumuz özündə güc tapıb
bıçağı onun əlindən vurub yerə saldı.
Mən ona məni xəstəxanaya deyil, polis idarəsinə
çatdırmağı xahiş etdim. Sonra nə oldu
xatırlamıram"...
Əziz paqondaşlarım, Namaz kişi
ilə yol boyu uzanan söhbətimiz zamanı ona kömək
edən, ona xəsarət yetirənləri yaxalayan polis əməkdaşlarından
birinin yaşadığım ərazidə xidmət aparan, Nərimanov
RPİ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri,
polis baş serjantı Nazim Həsənov olduğunu biləndə
bir anlıq təsəvvür edin ki, necə sevindim. Telefon
nömrəmi Namaz kişiyə verib axşam onu xilas edən
polislə-Nazimlə görüşəcəyimi dedim və
onu da birlikdə çay içməyə dəvət
etdim...
Polis baş serjantı Nazim Həsənovu
məhəlləmizdə hamı yaxşı tanıyır.
Onu, sözün əsl mənasında, hər kəs
özünə doğma, yaxın bilir. Nazimi insanlara sevdirən
zəhmətkeşliyi və insanpərvərliyidir. Dəfələrlə
şahidi olmuşam ki, o, yolu keçməkdə çətinlik
çəkən yaşlı insanların qoluna girib, məktəbli
uşaqların əlindən tutub yolu keçirib.
Paqondaşım tarixçidir.
1991-ci ildə BDU-nun tarix fakültəsini bitirib. Rus və
ingilis dillərini mükəmməl bilir. Yeri gəlmişkən,
onu da qeyd edim ki, ölkəmizdə keçirilən
"Eurovision" mahnı yarışması zamanı onun əcnəbi
dilləri bilməsi ölkəmizə gələnlərə
şəhərimizdə gəzməli-görməli yerləri
ziyarət etmələri, zəngin maddi və mənəvi dəyərlərimiz
haqqında ətraflı bilgiyə malik olmaları
üçün yaxından kömək olub...
Şəhriyar parkında
görüşdük. Namaz kişi "Bax, mənim həyatımı
qurtaran, məni ölümün cəngindən alan
budur",- deyib onun boynunu qucaqladı...
Söhbət zamanı yenidən həmin
günə qayıtdılar...
Nazim Hüseynov danışmağa
başladı: "Mən Namaz kişini çoxdan
tanıyıram. O, ikinci qrup Qarabağ müharibəsi əlilidir.
Füzulidən olan məcburi köçkündür.
Füzülinin Üçtəpə deyilən ərazisində
yaralı yoldaşını döyüş meydanından
çıxararkən minaya düşüb. O yerlərə
yaxşı bələdəm, çünki o zaman mən də
orada döyüşmüşəm. Ancaq inanın səmimiyyətimə
ki, həmin gün onu gətirən taksidə onun
özünün yaralı olduğunu mən bilməmişəm.
Məlumatı alan kimi həmkarlarım Mikayıl Sayılovla
və Ramal Əliyevlə birlikdə hadisə yerinə tələsdik.
Hər tərəf qan idi. Hadisənin şahidi olan Şamil
adlı taksi sürücüsü ilə birlikdə cinayəti
törədənlərin arxasınca düşdük. Onlar Fətəli
xan Xoyski küçəsi ilə hərəkət edirdilər.
Maşını saxladıb onlara yaxınlaşanda içkili
olduqları məlum oldu. Hadisənin şahidi olan Şamil
kişi bildirdi ki, Namazı vuran onların arasında yoxdur.
Sonradan 18-ci PB əməkdaşlarının
apardığı əməliyyat-axtarış fəaliyyəti
nəticəsində Namaza ağır bədən xəsarətləri
yetirmiş Şahbazov Əli Qəşəm oğlu
yaxalanmış və istintaqa təslim edilmişdir. Fikrimcə,
mən və paqondaşlarım elə bir böyük qəhrəmanlıq
göstərməmişik. Öz insanlıq və vəzifə
borcümüzü yerinə yetirmişik"...
Həmkarımı diqqətlə
dinləyən Namaz kişi gözlərinin yaşını
silib - "Qardaşoğlu, o hadisədən sonra xatirimdən
silinməyən bir nüans baş verdi və hər dəfə
yadıma düşəndə beləcə kövrəlirəm",
- dedi:
"15 gün olardı ki, xəstəxanadan
çıxmışdım. Birdən axşamüstü
qapımız döyüldü. Açanda gözlərimə
inanmadım. Gələn Nazim idi. Bazarlıq edib yolunu bizdən
salmışdı. Mən də Nazimi çoxdan
tanıyırdım və xəyalıma belə gətirməzdim
ki, o, həm də mənim xilaskarım olacaq"...
Vaxt sanki uçmuşdu. Maraqlı
bir hadisənin qəhrəmanları ilə görüşdən
xoşhal olmuşdum. Və ürəyimdə bir zamanlar
qanını, canını Vətən torpaqları uğrunda
döyüşlərdə qurban verən, əlil və
şikəst olan, bu gün də sıralarımızda cinayətkarlıqla
mübarizə aparan, ictimai asayişin keşiyində
ayıq-sayıq duran paqondaşlarımıza- Azərbaycan
Polisinə "afərin" dedim.
Ona olan inamı, etimadı şərəflə
doğruldan polis baş serjantı Nazim Həsənov kimi Vətənin
mərd övladlarının iftixar hissi keçirməyə,
fəxr etməyə tam haqları var və bizlər də
onlarla, onların bu işıqlı əməlləri ilə
qürur duyuruq.
Hafiz Təmirov,
polis baş leytenantı
Ədalət.- 2012.-
20 sentyabr.- S.4.