Oya Ergün: "Sənətçi
vaxtında işığı görən insandır"
Müsahibim Türkiyənin
tanınmış opera müğənnisi və musiqi
araşdırmaçısı Oya Ergündür. Oya xanım
hazırda Azərbaycanda yaşayır və musiqiçi kimi fəaliyyətini
davam etdirir.
- Oya xanım, oxucularımıza sizi
necə təqdim edək?
- Azərbaycana 8 ay öncə gəlmişəm.
Uzun illər Hollandiyada təhsil almışam və orda
yaşamışam. Həyat yoldaşımın işi ilə
əlaqədar Azərbaycana köçdüm. Həyat
yoldaşım təqaüdə çıxdıqdan sonra,
burdan bir iş təklifi aldı və təklifi qəbul etdi.
Təbii ki, Azərbaycana gəlməklə bağlı mənim
də fikrimi soruşdu, gəlmək istəyib-istəmədiyimi
öyrəndi. Dedim ki, Azərbaycan əsil musiqi, sənət
ölkəsidir. Burda özümü rahat hiss edərəm və
qərar verdim ki, Azərbaycana gəlirəm. Universitet müəllimi
idim. Müəllimlikdən ayrıldım və gəldim Azərbaycana.
İstanbul Barosunda solistliyimə davam edirəm və ancaq
konsertlərə gedirəm. Təəssüf ki, İstanbul
Barosunda operalara qatıla bilmirəm. Azərbaycanda musiqi sənəti
güclü olduğu üçün, bundan sonra fəaliyyətimi
burda davam etdirəcəyəm.
-Buralar necədir, alışa
bildinizmi?
-Azərbaycan eynən Türkiyə
kimidir. Daha doğrusu Azərbaycan insanı, Türkiyə
insanı kimidir. Şərtlər fərqli olsa da,
insanların təbiəti eynidir. İnsanları yardımsevər,
qonaqpərvər, mehribandır. Bu baxımdan artıq
özümü azərbaycanlı kimi hiss edirəm.
-Hazırda Azərbaycanda nə
işlə məşğulsunuz?
-Bu yaxınlarda Xəzər
radiosunda musiqi proqramı hazırlayacağam.
-Adı və yönümü nə
olacaq proqramın?
-Proqramın adı "Oya
kimi" olacaq. Türkcə pop musiqisi yayımlayacağam. Mən
əslində opera müğənnisiyəm, amma proqramım
pop musiqisinin gözəl və müasir nümunələrini
yayımlamaqla məşğul olacaq. Yəni bundan sonra xalq və
klassik mahnıların orkestr vasitəsi ilə ifası ilə
məşğul olacağam.
-Bakıya gəlməzdən
öncə Azərbaycan musiqisi ilə
tanışlığınız var idi?
-Əlbəttə. Azərbaycan
musiqisini çox yaxşı tanıyırdım. Ən
çox tanıdığım da Rəşid Behbudov idi.
Uşaq olanda atamda Rəşid Behbudovun valları vardı. 3-4
yaşımdan onun mahnılarını dinləyirdim. Uşaq
yaşlarımdan onun mahnılarını öz
mahnılarımız kimi bilirəm və oxuyuram. Bu
yaxınlarda hazırladığım diskdə də onun
mahnılarından biri yer alacaq, adı "Nazəndə
sevgilim"dir. Eyni zamanda "Hardasan" adlı bir xalq
mahnısı da mənim diskimdə yer alacaq. Bundan əvvəl
Hollandiyada bir diskim işıq üzü
görmüşdü. Azərbaycanda isə bu ilk albomum
olacaq.
-Bizim müasir musiqi ilə
tanışlığınız varmı?
-Opera
musiqiçilərinizi, bəstəkarlarınızı
yaxşı tanıyıram. 2005-ci ildə Hollandiyada
konsert verirdim. Daha doğrusu böyük bir konsertin bağlanış
mərasiminin solisti idim. Orda sizin iki böyük
bəstəkarınızla tanış oldum. Bunlardan biri Firəngiz
Əlizadə, digəri
isə Cavanşir Quliyev idi. Tofiq Quliyevi çoxdan tanıyırdım. Oqtay Kazımini
də dinləmişdim.
Firəngiz xanımla münasibətimiz
çox yaxşıdır.
Bura gəldikdən sonra onun Bəstəkarlar İttifaqının sədri
olduğunu da öyrəndim və görüşümüz də
olub. Firəngiz xanım mənə
iki əsərini təqdim edib və onların üzərində işləyirəm.
Təəssüf ki, məşqlərdən
sonra Firəngiz xanımla görüşmək
imkanımız olmayıb.
-Bakıda konsertiniz olacaqmı?
-Əlbəttə.
Bakıya ilk dəfə
gələndə sizin
əməkdar artist Tünzalə
Ağayeva ilə konsertimiz oldu. Bu ayın 15 filarmoniyada
konsertimiz olmalı idi. Yeni səfirimiz gəlmədiyinə
görə bu konsertin də vaxtı dəyişdirildi.
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluşu
ilə bağlı Mahnı Teatrında konsertimiz olacaq. Yavaş-yavaş çalışmalarım başlayır. Buranın da
musiqi həyatına yavaş-yavaş alışıram.
-Bizim mahnıları bəyənirsinizmi?
-Azərbaycanın
musiqi ənənəsi
çox gözəldir.
Hər kəsin musiqidən anlayışı var və demək olar ki, hamı
gözəl musiqi dinləmək istəyir.
Hər kəs peşəkar musiqi duyumuna sahibdir. Bu da
Azərbaycanın musiqi
sənətini zənginləşdirir.
Mən Azərbaycanın bəstəkarlarını
Avropada tanımışam
və şahidəm ki, böyük orkestrlər bu bəstəkarların əsərlərinin
arxasınca qaçır.
Mən Firəngiz Əlizadəyə,
Tofiq Quliyevə heyranam. Cavanşir Quliyevi çox
sevirəm.
-Türkiyədə
daha çox tanınan musiqiçilərimiz
kimlərdir?
-Əzizə
Mustafazadəni Türkiyədə
hər kəs tanıyır. Mənim bütün
dostlarımın evində
onun diskləri, albomları var. Dünyada da, Əzizə Mustafazadə çox tanınan bir bəstəkardır.
-Şöhrətin
sənəti öldürdüyü
bir dövrdə yaşayırıq. Musiqini necə,
şöhrət öldürə
bilirmi?
-Hər sənətkarın
öz tutumu, öz dünyagörüşü
var. Şöhrətə çatdıqdan
sonra bəzi sənətkarlar öz tutumlarından artıq şöhrət qazandırları
üçün başlarını
itirirlər. Bəzən sənətçidən başqa şeylər tələb olunur. Bu isə enerji
bütünlüyünü pozur. Ancaq şöhrətin zirvəsində olduğu halda, sənətçi kimliyini qoruyan sənətkarlar da var. Məsələn, klassik musiqidə belə insanlar çoxdur. Bethoven, Motsart kimi insanlar
özlərini bütünlüklə
musiqiyə həsr etdikləri üçün,
şöhrət onları
maraqlandırmır. Bir çox
musiqiçilər var
ki, onlara şöhrət mane olmur.
Amma populyar musiqidə belə şeylər olur. Bizdə Sertab Erenerin
hər albomunda hökmən bir neçə əsil sənətə aid musiqi olur.
-Başqa kimlər var?
-Bu çox çətin sualdır. Bizdə Timur Selçuk adlı sənətçi
var ki, əsil
sənətlə məşğuldur.
O möhtəşəm sənətkardır.
Həm
pop musiqi ilə, həm də klassik musiqi ilə məşğul olur. Sertap Erenerin həm
səsi, həm də onun üçün
bəstələnən musiqilər
çox gözəldir.
Amma elə musiqilər var ki, bu
gün dinlənilir, diskotekalarda səsləndirilir,
amma gələcəyə
qala bilməyəcəklər.
-Gələcəyə
qalmayacaq musiqiyə ehtiyac varmı?
-Bu artıq çətin məsələdir.
Bizdə
bir oranjimançı
vardı, Onno Tunc. O qəzetlərin
birinə verdiyi müsahibədə demişdi
ki, "Bizim gördüyümüz iş
artıq sənət deyil, ticarətdir." Bu pop musiqinin içindən
çıxan birinin dediyi sözdür. Çox möhtəşəm fikirdir.
İnsanları əyləndirən musiqi, əsil sənət deyil. Burda əsas məqsəd çox satıb, pul qazanmaqdır.
-Sənətçini
həm də ziyalı, örnək şəxsiyyət olmalıdır.
Müasir musiqiçilərin ziyalılığı, örnək
olmaq imkanı varmı?
-Sənətçi
vaxtında işığı
görən insandır.
Sənətçi əlli
il sonra
üçün yaşayan
insandır. İndi bir çox şeylər tabudur, amma 50 il
sonra tabu olmaya bilər. Sənətçi bunu görən
insandır. Sənətçi qorxusuz yaşamalıdır.
Sənətçinin ziyalı şəxsiyyəti
olmalıdır. Amma cəmiyyət
də sənətçiyə
sahib çıxmalıdır.
-Bizdə cəmiyyətin örnək
alacağı musiqiçilər
varmı?
-Mənim tanıdığım bütün
musiqiçiləriniz cəmiyyətin
örnək ala biləcəyi
şəxsiyyətlərdir. Məsələn, Firəngiz Əlizadə,
Cavanşir Quliyev çox örnək insanlardır. Tünzalə Ağayeva çox gözəl və mədəni xanımdır.
İndi çox populyar olan musiqiçilərinizi
tanımıram, amma əminəm ki, örnək alınacaq insanlardır.
- Son olaraq, Azərbaycanda nə qədər qalmağı
düşünürsünüz?
-Həyat yoldaşımın Azərbaycanda
4 illik müqaviləsi
var. 3 il dəqiqdir, amma 5 ildə ola bilər.
Nə qədər qalsam, burdan narazı deyiləm.
Hazırda albom üzərində
çalışıram və
gələcəkdə də
sizin xalq mahnılarınızla bağlı
araşdırmalarım olacaq.
Burda çox böyük və geniş işlər görmək istəyirəm. Radioda da
türk pop musiqisini təbliğ edəcəm.
Türkiyədə, Hollandiyada necə
çalışqan musiqiçi
olmuşamsa, burda da bacardıqca fəaliyyətimi davam etdirəcəm.
Cəlil Cavanşir
Ədalət.- 2012.- 20 sentyabr.- S.4.