Ceyhun
Musaoğlu: "Qoy başqaları da mənim kimi
yaşasın"
Müsahibim Jurnalist Ekspert Mərkəzinin
rəhbəri, yazar Ceyhun Musaoğludur.
- İstərdim
öncə sənin jurnalistikaya gəlişindən
danışaq. Neft Akademiyasını bitirmisən, bəs
jurnalistikaya necə gəlib çıxdın?
- 1991-ci ildə
iki "5"-lə Neft Akademiyasının axşam
şöbəsinə qəbul oldum. İkinci kursda oxuyanda,
1993-də əsgərlik yaşım çatdı və hərbi
xidmətə getdim. 4 ildən sonra, 1997-ci ildə hərbi xidmətdən
qayıtdım. Ali təhsilimi davam etdirməyə başladım.
Yaş çox, qayğılar düşüncəmi yükləyib,
müharibənin dumanı başımdan çəkilmir...
Kafedra müdirim dünya səviyyəsində öncül yer
tutan görkəmli alimimiz Rafiq Əliyev idi. O mənim həmin
dövrdəki psixoloji vəziyyətimi dəqiq anladı.
Ömrüm boyu Rafiq Əliyevə borcluyam. Həyatın tərifini
o, mənə öyrətdi. Qrup yoldaşlarımdan hər
şeyə görə fərqlənirdim. Əsasən də
yaşıma və başıma görə. İşləməliydim,
ev almalıydım, ailə qurmalıydım. Oxumaq planımda
yox idi. Elə o dövrdə, Şahvələd
Çobanoğlunun rəhbərlik etdiyi "Günaydın"
qəzetində işləməyə başladım. Daha
doğrusu başlamadım, hardansa "Günaydın"a
düşdüm. Jurnalistikadan ümumiyyətlə xəbərim
yox idi. Baxmayaraq ki, orta məktəbdə hamı mənim
jurnalist olacağımı dəqiqləşdirmişdi. Ona
görə ki, inşaları özüm yazırdım və
həmişə əla qiymət alırdım.
Yaşıdlarımdan fərqli olaraq, bədii kitab
oxumağı, şeirlər əzbərləməyi sevirdim.
Bəxtiyar Vahabzadəni, Səməd Vurğunu, Eldar
Baxışı, Müşfiqi, Cəfər Cabbarlını,
Süleyman Rüstəmi, Tofiq Bayramovu, Nüsrət Kəsəmənlini
əzbər bilirdim. Hansı bədii kitab
çıxırdı, valideynlərim onu mənə
alırdı və oxuyurdum. Yəqin jurnalistikaya yolum burdan
başlayıb. Tamam fərqli ixtisasa yiyələnməyimə
baxmayaraq, yenə jurnalist oldum. Bəlkə də neftçi
olsaydım indi qaz vurub, qazan doldururdum. Bəkə də...
Ancaq bu barədə heç düşünmürəm. Əksinə
sevinirəm ki, qismətim jurnalistika oldu.
- İlk
yazını xatırlayırsanmı?
- Əlbəttə
xatırlayıram. Baş redaktorum Şahvələd
Çobanoğlu, redaktorum Xədicə İsmayıl idi.
İlk yazımı "Günaydın" qəzetində
yazmışam. Mən Şahvələd Çobanoğludan
öyrəndim ki, əsas yazmaq deyil, pozmaqdır. O bunu təcrübədə
sübut elədi. Əsas açıqlama almaq, telefonla
danışmaq, informasiyanı gətirməkdir. Gənc həmkarlarımıza
da belə deyirəm. Əsas odu xəbəri gətir, onu mən
yazacam, sən də mənim yazdığıma baxıb, necə
yazmaq lazım olduğunu biləcəksən.
İlk dəfə
Sulardan Xilasetmə İdarəsinin rəisindən
açıqlama alıb yazmışam. Bir aydı işə
gəlirəm, amma hələ bir cümlə belə
yazmamışam. Çimərlik mövsümü idi, iclasda
Şahvələd bəyə dedim ki, necə müəyyənləşdirmək
olar, insan batmağa başlayandan neçə dəqiqə
sonra onu xilas etmək mümkün deyil, yəni boğulan insan
neçə dəqiqə mübarizə apara bilir... Sualım
çox xoşuna gəldi, dedi ki, bunu Sulardan Xilasetmə
İdarəsinin rəisi ilə dəqiqləşdirim.
İdarə rəis boğulmağa başlayan adamın 6 dəqiqə
mübarizə apara bildiyini dedi. Açıqlamanı
yazdım və məqalənin adı belə oldu: "Cəmi
altı dəqiqəmiz var". Yazı qəzetin manşeti
oldu. Hələ də həmin qəzeti saxlayıram.
- Sonra
hansı ilk yazılarından birinin sənin həyatında iz
buraxdığını düşünürsən?
- Bilmirəm
həyatda iz buraxmaq necə olur. Bircə onu bilirəm ki,
jurnalist həyatımda heç vaxt unutmayacağım
çox hadisələr baş verib. İlk hadisə AXCP sədrinin
müavini Əli Kərimlidən müsahibə almağım
oldu. Əli bəy müsahibədə nə
danışmışdı hamısını sözbəsöz
vərəqə köçürmüşdüm. Şahvələd
bəy yazını oxuyub hirsləndi, "Bu necə
yazmaqdı, Əli Kərimov nə deyib hamısını
köçürmüsən" ifadəsi hələ də
qulaqlarımdan çəkilmir. Ardınca soruşdu:
"Yurdçusan?". Başa düşmədim nə deyir?
Yurdçu nə demək idi? Anlamırdım, xəbərim
yox idi... Sən demə, cəbhədə yurdçu-klassik
qırğını gedirmiş, müharibədən gəlmiş
adam idim, elə bilirdim qırğın yalnız bir cəbhədə
ola bilər...
-
Görürəm Şahvələd Çobanoğlu sənə
çox yaxşı dərs keçib...
- Ona həmişə
minnətdaram. Qəzet dilində bir cümlə belə
yazmağı bacarmırdım. Sulardan Xilasetmə İdarəsinin
rəisi ilə telefonda danışmağıma qulaq asandan
sonra dedi ki, sən mütləq jurnalist olmalısan. Getmək
istəyirdim, icazə vermədi.
- Amma
bütün jurnalistlər kimi, sən də addım
atmağı öyrəndiyin ocağı tərk etdin.
- Getmək
mübarəkdi. Azdan-çoxdan xəbər yazmağı
bacarandan sonra daha çox yazmaq, daha çox pul qazanmaq istəyirsən.
"Günaydın"ın maddi vəziyyəti yaxşı
deyildi. Şahvələd bəy çox sağ olsun, imzamın
tanınmasında böyük rol oynadı. Sonra
"Hürriyyət" qəzetindən təklif gəldi.
Orda peşəkarlaşdım. Müxbirlikdən
redaktorluğa qədər yüksəldim. Ölkənin
ağır illəri idi - 2000-2003-cü illər. Ölkədə
cəmi 3 qəzet oxunurdu - "Yeni Müsavat",
"Hürriyyət", "Azadlıq". O qəzetlərdən
birinin redaktoru olmaq böyük üstünlük idi. Bir
müddət həftəlik nəşr olunan
"Politika"da çalışdım. Keçmiş
prezident Əbülfəz Elçibəy Kələkidən
qayıtdıqdan sonra, "Günaydın" qəzeti
"Yeni Günaydın" adıyla təkrar çap
olunmağa başladı. Həmin dövrdə AXCP-də
qarşıdurma pik həddə çatmışdı.
Artıq imzası olan jurnalistlərdən hesab olunurdum. Beləliklə
başa düşdüm ki, mən jurnalistika üçün
doğulmuşam.
-"Alma"qəzetində də
çalışmısan. Necə xatırlayırsan o qəzeti?
-"Alma" çox gözəl qəzet idi və o qəzetdə
peşəkar insanlar çalışırdı. Bu
yaxınlarda səhv etmirəmsə 7 yaşı tamam oldu və
mən "Facebook"da bu qəzet haqqında "Bizim
"Alma"mız" deyə yazdım. "Alma"nın
bütün yazarları tanınan və sevilən imzalar idi.
"Alma"dan sonra Zahir Əzəmət iki böyük sayta
rəhbərlik elədi, mən QHT rəhbəri oldum. Zahir Əzəmətin
saytda yaratdığı bölmələrin çoxusu indi
müstəqil saytlardır. Qəzetin redaktoru Elnur Astanbəyli
o vaxt da, indi də yüksək peşəkarlıq səviyyəsinə
malik jurnalistdi, redaktordu. Zahir Əzəmət həmişə
mənə deyirdi ki, maksimalistlik eləmə. O orta xətt tərəfdarı
idi. İzah edirdi ki, "Qabaqda olsan vurarlar, arxada olsan badalaq
atarlar". Doğurdan da Zahir Əzəmət bizim çox
maraqlı və hərtərəfli
ziyalılarımızdandır. Zahir "Alma"nı orta xətlə
irəli aparmaq istəyirdi. Amma digər redaktorlar
"Alma"nı tamam başqa cür görmək istəyirdi
və qoyduğumuz bir manşetlə hər şeyi alt-üst
etdik və o hadisədən sonra qəzetin büdcəsi 4 dəfə
azaldı. Mən o vaxt yazdım ki, "Alma" ucuzluğunun
qurbanı oldu". Doğurdan da, ucuz "Alma"nı kim
alardı ki? Düzdür, redaktorların maaşı
azalmadı, amma müəlliflərə yüksək qonorar
vermək imkanımız olmadı. Müəlliflərə az
qonorar verəcəyimiz üçün mən
uzaqlaşdım. Başa düşdüm ki, az qonorarla
yazılar yazılmayacaq və qəzet nüfuzdan düşəcək.
- Son
sığınacağın "Ədalət" qəzeti
oldu?
- "Ədalət"
mənim ata yurdumdu. Bu qəzetdən çox getmişəm, hər
dəfə də qayıdanda sanki ata yurduma dönmüşəm.
Mənimçün Aqil Abbası, İradə Tuncayı əvəz
edə biləcək ikinci şəxs yoxdu. Heç kimlə
işləmək mənə bu qədər rahat olmayıb. Ən
gözəl yer rahatlıq tapdığın yerdi. "Ədalət"də
çox rahatam. İradə Tuncay bir baxışı ilə
belə, yazara yüksək qiymət verməyi bacaran
insandı. Aqil müəllim də həmçinin. Xətrimi
qədərindən çox istəyirlər, hörmətimi
artıq şəkildə saxlayırlar. Yəqin ki, "Ədalət"dən
heç vaxt getməyəcəm. Guya getsəm nə dəyişəcək
ki, yenə qayıdacam...
İndi
oturduğumuz otaq hər zaman mənim olub. Harasa gedəndə
qapını bağlayıb getmişəm, kompyuter, digər əşyalar
qalıb burda. Sonra da Aqil Abbas zəng edib ki, "Ay bala, nə
vaxt qayıdırsan evinə, eşiyinə?" Mən də
getdiyim kimi, qayıdıb gəlmişəm.
- Arada
Simsar.az saytında məsləhətçi də oldun.
- Həmin
tarixi karyerama ləkə hesab etdiyimdən bu mövzuda
danışmaq istəmirəm. Sadəcə Murtuza Muxtarov
küçəsindən keçirdim, klaviatura səsi
eşidim, yuxarı qalxdım, bir neçə saatdan sonra
anladım ki, gəldiyim yerin jurnalistikaya dəxli yoxdu, sadəcə
kimsə diqqət cəlb etmək üçün
qarşısında monitor olmayan, "prosessorsuz"
klaviaturanı döyəcləyirmiş.
- Nəhayət
Jurnalist Ekspert Mərkəzini yaratdın...
- Hə, nəhayət
istədiyimə çatdım. 2004-cü il bələdiyyə
seçkiləri ərəfəsində Demokratik Jurnalistlər
Liqasının layihəsi oldu. Yadigar Məmmədliyə həmişə
minnətdaram ki, bir qrup jurnalistə layihə çərçivəsində
treninqlərin keçirilməsini təmin etdi. Nəticədə
6 aydan sonra seçkidən yazan jurnalistlərin qrupu
yaradıldı. Bu qrup seçkidən ən obyektiv
yazıları ilə diqqət çəkə bildi.
Masazırda keçirilən seçkidən
hazırladığım və "Seçki, yoxsa sünnət"
adı ilə dərc etdirdiyim reportaj həmin ərazidə
seçkinin nəticəsinin ləğvi ilə nəticələndi.
Bizim qrupun üzvləri demək olar ki, Seçki Məcəlləsini
əzbər bilirdi. Belə qərara gəldik ki, bu qrup mərkəzə
çevrilsin. Adını da mən
düşünmüşdüm: Jurnalist Seçki Ekspert Mərkəzi.
Bu adla qeydiyyatda problem yarandı və başa
düşdüm ki, adı dəyişmək lazımdır.
JSEM-dən bircə "S"-nı çıxardım və
JEM -Jurnalist Ekspert Mərkəzi qeydiyyatdan keçdi.
Anladım ki, "S" ilanvari olduğu üçün bizi
düz yolla apara bilməz.
- Nə
vaxt qeydiyyatdan keçdiniz?
-Yaranandan
il yarım sonra qeydiyyatdan keçdik.
- İndi
hansı layihələr üzərində
çalışırsınız?
- QHT-lərə
Dövlət Dəstəyi Şurası JEM-in layihəsini
qalib elan etdi. Çox sağ olsunlar. Beyin mərkəzlərinin
bir araya gətirilməsini və aktual mövzuların
müzakirəsini təşkil etməyi
düşünürük. Üç veriliş
hazırlayıb internet televiziyada yayımlayacağıq.
Bununla yanaşı, evsiz jurnalistlərin siyahısını
hazırlamaq istəyirik. Ancaq bu, çox çətin
prosesdi. Kimin evi var, kimin evi yoxdur - bunları müəyyənləşdirmək
olduqca çətindir. Yaxşı olar ki, hər jurnalsit
özü evinin olub-olmadığını, hansı şəraitdə
yaşadığını dəqiqliyi ilə desin. Yəqin
deyərlər. Hər halda jurnalist obyektiv olmağa
borcludur.
-Azərbaycan
jurnalistlərinin vəziyyəti sənə tanışdırmı?
Necədir jurnalistlərimizin vəziyyəti?
- Bu məsələdə
bölgü aparmaq lazımdır. Jurnalistlərin vəziyyətindən
danışarkən onların sosial vəziyyəti, jurnalist
nüfuzları, çalışdıqları media orqanın
nüfuzu və s. amillər nəzərə
alınmalıdır. Hər kəsin müəyyən problemi
var. Nüfuzlu jurnalistlər var ki, onların sosial vəziyyəti
ağırdır. Redaktorlar var ki, onların sosial vəziyyəti
yaxşıdır, ancaq çalışdıqları media
qurumunun nüfuzu aşağıdır. Baş redaktor var ki,
onun sosial vəziyyəti əladır, iki-üç
maşını var, amma qəzetində ən yüksək
maaş alan jurnalistin əməkhaqqısı 300 manatdır,
özü də evsizdir.
- Azərbaycanda
jurnalist yaradıcılığının keyfiyyəti necədir?
- Azərbaycanda
müstəqil jurnalistika çox zəifdir.
İnformasiyanı ya iqtidar verir, ya da müxalifət. Media da
buna uyğun fəaliyyət göstərir. Müstəqillik
demək olar ki, yoxdur. Hər partiyanın öz mətbuat xidmətinin
rəhbəri var və onlar partiya sədrləri adından
açıqlamalar hazırlayır. Əksər şəxslər
ideoloji müsahibələri şəxsən özləri
yazır və mətbuata ötürür. Bütün bunlar
varsa, jurnalistika nəyə lazımdır? Çox ciddi problem
içində yaşayan, imkansız jurnalistlərimiz var.
Redaksiyaların çoxu təmirsizdir. Hər redaksiyada
neçə jurnalistin rəqəmsal diktofonu var? Bütün
jurnalistlərin işləmək üçün kompyuteri
varmı? Gündəlik çıxan qəzetlərin ildə
154 min manat xərci var. Bu təkcə çap xərcidir.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu
qəzetlərə ildə 2 dəfə 50 min manat pul verir. Qəzet
həm yerdə qalan 54 min manatı tapmalıdır, həm də
əməkdaşlarına qonorar, maaş verməlidir. İstənilən
halda redaksiyaların təmiri məsələsi keçir
ikinci plana. Reklam bazarımız yoxdur. Məsələn,
Azercell-in reklamı qəzetlərə e-mail vasitəsi ilə
daxil olur, yayımlanır və ayın sonunda redaktora 100
manatlıq kontur göndərilir. Dünyanın heç yerində
belə aşağı qiymət yoxdur. Bu qəzetləri
aşağılamaqdır. Təsəvvür edin ki, Azərbaycan
mətbuatı mobil şirkətlərin əsarətindədir.
Hər kəsin əleyhinə yazmaq olur, həmin şirkətlərdən
heç birini tənqid etmək olmur. Halbuki o qədər tənqidə
layiq hərəkətlər edirlər ki... Türkiyə
mediası bu ucuzluğa getməz. Jurnalist hər dəfə
yazanda düşünməlidir ki, yazısı qəzetə
nə qədər pul gətirəcək və puldan onun da əməkhaqqı
veriləcək.
Bu gün mətbuatın
müstəqilliyindən danışırlar. Konkret bilmək
lazımdır ki, qəzetlərin müstəqil olması
mümkün deyil. "Yazarın mövqeyi redaksiyanın
mövqeyi ilə üst-üstə düşməyə bilər"
elanı səhvdi. Mövqelər mütləq üst-üstə
düşməlidir. Mənim qəzetimin kursuna uyğun olmayan
yazını dərc etməmək haqqım var. Ancaq jurnalistlər
müstəqil ola bilər. Onlar yazılarını peşəkar
səviyyədə hazırlayıb qəzetlərə
satmalıdı. Hər qəzet də öz kursuna uyğun həmin
yazıları almalıdı. Məhz belədə
jurnalistikanın müstəqilliyinə nail olmaq
mümkündür.
- Deməli
jurnalistin müstəqilliyi ön plana
çıxmalıdır...
- Əlbəttə,
jurnalist müstəqil olmalıdır. Bütün dünyada
vətəndaş jurnalistikası geniş yayılıb.
Bütün bunlar onu göstərir ki, jurnalistin müstəqil
olmaqdan başqa yolu yoxdur. Jurnalistlər müstəqil olsa, qəzetlərimiz
də müstəqilləşəcək.
- Bu qəzet,
sayt bolluğunda sən nə oxuyursan?
- Peşəmə
görə mütləq bütün qəzetləri və
saytları oxuyuram. Ən çox informasiya
aldığımız müxalifət qəzetləridir. Buna
çox təəssüf edirəm. Biz informasiyanı müstəqil
və iqtidaryönlü qəzetlərdən də ala bilərik.
Bunun olmamasının səbəbi qütbləşmədir.
Qütbləşmə mətbuata fayda vermir. Azdan-çoxdan
saytlarda informasiyalar olur.
- Çox
pessimist ovqatda danışırsan. Heçmi işıqlı
bir şey yoxdur?
-Yalnız
yazarlar işıqlıdır. Azərbaycanda hər zaman fərdlər
daha maraqlıdır. Elə bir qəzet redaksiyası yoxdur ki,
tam olaraq əla olsun.
-
Oxuduğun imzalar varmı?
- Mən
bütün imzaları oxuyuram. Amma Şahvələd
Çobanoğludan, Xədicə İsmayıldan, Adil
Qaçayoğludan, Mehman Cavadoğludan, Məmməd
Nazimoğlundan çox şey öyrənmişəm. Bizdə çox ciddi və
jurnalistika sərhədlərini keçən jurnalistlər
var.
- Öyrəndiyin jurnalistləri
saydın. Uzun müddətdir jurnalistikadasan və redaktorsan. Öyrətdiklərin də varmı?
- Öyrətdiklərimin adlarını çəkmək istəməzdim. Çünki onların sayı çoxdur. Əksəriyyəti
tanınmış qəzetlərdə, saytlarda
çalışır. Harda rastlaşsam, onlara kömək
etməyə çalışıram. Heyf ki, öyrənənlər
də uzun müddət jurnalistikada qalmır. 6-7 ay işləyib
sonra jurnalistikadan uzaqlaşır. Çünki jurnalistin
maaşı elə də yüksək deyil. 300-350 manatla necə
yaşamaq olar?
- Öyrətdiyin
jurnalistlərdən ən yadda qalanı kimlərdir?
- Məsələn,
Nicat Qafuroğlu çox ciddi jurnalistdir. Uzun müddət
televiziyada çalışdı, indi də öz studiyası
var, rejissorluqla məşğuldur, hazırda tammetrajlı bədi
filmi tamamlamaqla məşğuldur. Pərviz Sadayoğlu
hazırda "Azərbaycan" qəzetində
çalışır, olduqca dinamik jurnalistdi.
- Sənin
bir devizin var: Dünən yoxdu, bu gün olmayacaq, sabah həmişə
var. İndi də belə
düşünürsən ki, sabah həmişə var?
- Həmişə elə
düşünürəm ki, sabah həmişə var. Təkcə
düşünmürəm, həm də görürəm
ki, sabah həmişə olub, olacaq. İnsan sabahı
üçün yaşamalıdı. Şəxsən mənim
bu günüm çox gözəl və rahatdı. Həyatda
hər şeyim var. İstəyirəm başqalarının
da hər şeyi olsun. Ən boyük arzum odur ki,
başqaları da mənim kimi yaşasın. Onda görəcəklər
insan nə qədər möhtəşəm, həyat nə
qədər gözəl, sabah nə qədər
işıqlıdı.
Söhbətləşdi:
Cəlil Cavanşir
(publika.az)
Ədalət.- 2012.- 22
sentyabr.- S.5.