Qarabulaq kəndinin ay işıqlı şairi

 

   O, kənddə yaşayır- Xızının Qarabulaq kəndində, ata yurdunda. Amma uzun müddət doğulduğu kəndə qonaq kimi gəlib-gedib, çünki həyatını, taleyini şəhərlə bağlamışdı. Əmək kitabçasının müvafiq bəndi "fəhlə", "qazmaçı köməkçisi" sözləri ilə başlayır. Ədəbi aləmdə az-çox tanınandan sonra qırx ilə yaxın redaksiyalarda, nəşriyyatlarda çalışıb. Nəhayət, yaşı altmışı haqlayanda qərara alıb ki, başındakı dağ havası, könlündəki bənövşə həsrəti, o dərələri, yamacları, çəmənləri dolaşmaq həvəsi onu Qarabulağa çəkib aparır. Odur ki, qayıdıb ata yurduna. Doğrudur, Ağasəfa Yəhyayev şəhərdən, qaynar ədəbi mühitdən uzaq düşdü, amma şeirdən, poeziyadan uzaq düşmədi.  

    Hər bir şairin elə öz sağlığında yazdığı "vəsiyyət" şeirləri olur, biri yazır ki, məni doğma kəndimdə, yol kənarında dəfn edərsiniz, birisi də yazır ki, son günlərimi kənddə, bir bulaq kənarında keçirmək istəyirəm və s. Başqa bir şair isə kəndə atasının, ya da anasının ölüm xəbərini eşidəndə yüyürür. O şairləri titrədən doğma kəndlərinin, doğulduqları yerin, məkanın həsrətidir. Ağasəfa də vaxtilə belə bir şeir yazmışdı:

  

   Hər gecə yuxuma girdi dağ-dərə,  

   Hər gecə ulduzlar çağırdı məni  

   Bu çılğın şəhərdə azı yüz kərə,  

   Tale yapdı məni, yoğurdu məni.

  

   Üzü dağlaradır hər gün maşın da 

   Bir ümid qaynayar, çağlar başımda:  

   Harda öləcəyəm, mən bu yaşımda?  

   Harda öləcəyəm?  

   Dağlar başında...

  

   İndi Ağasəfa elə o dağlar başındadır və Xızının Qarabulaq kəndində doğulan Ağasəfa imzalı o şeirlərdə daha vəsiyyət ovqatı da çəkilib gedib, Qarabulağın dumanına qarışıb. Bir yoxsul komaya sığınıb sərin dağ havasını udasan, hər gün gördüyün çiçək ola, gül ola, gözün dolusu sevdiyin o gözəl mənzərələrini seyr edəsən, heç ölüm barədə fikirləşməyə dəyərmi?   

   Keçən il, bax bu vaxtlar Ağasəfanın yaşadığı Qarabulaq kəndində oldu. Giləzidən keçdik, sonra qarşıda müxtəlif rənglərlə "boyanmış" dağlar çıxdı qarşımıza. Şəhər tünlüyündən, insan basırığından uzaq olan, az qala bir yarpaq xışıltısını belə eşitdiyimiz bu yollar Bakıda gördüyümüz müasir yollara bənzəməsə də, çılpaq dağlar, sıra ilə cərgələnmiş dərələr, boyu çox da uca olmayan ağaclar o yol narahatlığını bizə unutdururdu. Gəlib Qarabulağa çatdıq. Bu elə bir kənddir ki, oranın görkəmi çox-çox kəndlərdə gördüyümüz müasir sivilizasiyanın görüntülərindən uzaqdır. Yetmiş yaşına doğru yürüməkdə olan Ağasəfa bu kəndin ağsaqqallarından sayılır. Dağ kişilərinin görkəmini, cüssəsini adətən palıda bənzədiblər və kökü dərinliklərə, yaşı yüzdən o tərəfə gedib çıxan palıdlarla dağ kişilərinin doğrudan da bir bənzəyişi var. Amma Ağasəfa o dağ kişilərinə və palıdlara heç oxşamır, arıq, elə mənim kimi cansız (bir il öncə ağır xəstəlikdən qurtulub) bir adamdır. Amma bu arıq adamın içi, mənəvi dünyası dopdoludur, o arıq sinənin altındakı ürəkdə hər gün gördüyü, tamaşasından doymadığı dağların bulaqları çağlayır.

  

   Dərələr keçmişəm, dağlar aşmışam,  

   Küləklər o ki var dəyib sinəmə.  

   Dağlara şirincə layla qoşmuşam,  

   Dağlar da başını əyib sinəmə.

  

   Almışam döşümə ildırımları,  

   İndi bilmişəm ki, canım poladdır. 

   Hələ yol gedirəm Günəşə sarı,  

   Mənə torpaq arxa, səma qanaddır.

  

   İşığın eşqi var dəli başımda,  

   Qəlbimi Günəşdə yoğuracağam.  

   Lap son nəfəsimdə...  

   Zirvə qaşında  

   Bir papaq qar kimi ağaracağam.

  

   Ağasəfa Yəhyayev çox təvazökar insandır. Mən bilən, heç bir fəxri adı da yoxdu, müəllimlik məvacibiylə dolanır, həyətində bağ-bostan da becərir. Və onun təvazökarlığı şairliyində də hiss olunur, bəzi üzdəniraq həmkarları kimi yazıları barədə tənqidçilərdən ya şair dostlarından tərif ummur. O bilir ki, bu poeziya ümmanında bir zərrə olmağı da yetər, təki bu zərrədə bir dəniz saflığı olsun.  

   Ağasəfanı "təbiət şairi", "torpaq şairi" kimi ənənəvi ifadələrlə təqdim etmək istəməzdim. Ancaq onun şeirlərində təbiətin təsviri, peyzaj lövhələri, insan-təbiət münasibətləri özünəməxsus poetik zərifliklə işlənib və bunları oxuduqca fikirləşirsən ki, qırx il şəhərdə yaşasa da, təbiət, doğulduğu kənd onun içində olub.

  

   Sağ tərəfin dərin dərə, sol qaya,  

   Yol keçilməz, yol sıldırım, yol qaya.  

   Başın üstə çətir tutsun sal qaya,  

   Səpələnsin yaz yağışı dağlara..

  

   ***

  

   Bəyaz qar, yumşaq qar, xoş gördük səni,  

   Körpə qar, uşaq qar, xoş gördük səni.  

   Büllur qar, işıq qar, xoş gördük səni,  

   Torpağa aşiq qar, xoş gördük səni.

  

   ***

  

   Şimşəklərin bənzəri var qılınca,  

   Ağ buludu oxşatdım balınca.   

   Qara bulud buludun dalınca  

   Bu zirvədən o zirvəyə at çapır.

 

   Hər bir oxucunun istənilən bir şairdən öz zövqünə görə seçdiyi, bəyəndiyi şeirlər olur. Əgər məndən soruşsalar, Ağasəfanın hansı şeirini daha çox bəyənirsən. Cavabım bu olar ki, onun sərbəst vəzndə yazdığı "Ay işığında Qarabağ etüdləri" şeiri... Bu, Ağasəfanın ən "romantik" şeiridir deyərdim. Süzülür süzüm-süzüm Quş nəğmələri... Arı şanından süzülən bal kimi. Oxuyur quşlar... Yellənir, sallanır Ay Ana laylasından Uşaq yuxusuna girən qoğal kimi.  

   Bir çox şeirlərində Ağasəfanı bədbin, az qala həyatdan əlini üzmüş görəndə qətiyyən təəccüblənmirəm. Bunlar şairin yaşantılarıdır. Amma bu yaşantıların başqa bir ifadə üsulu da var. Ən çox da bu gün hamımızı düşündürən, həyəcanlandıran mətləblərə toxunur. Bu şeirlərdə publisistikadan süzülüb gələn notlar olsa da, hər halda, biz onları publisistikanın deyil, poeziyanın nümunələri hesab edirik:

  

   Örtülü bazara aparır bu yol,  

   Milləti üyüdür açıq, tək qapı.  

   Qapıda cibgir var, ehtiyatlı ol,  

   Əli cibindədir, gözü tük qapır.

  

   Burda pula satır qardaş qardaşı,  

   Pullunun əlindən öpən də olur.  

   Kasıbsan, deyinmə, tərəzi daşı,  

   Bir də görürsən ki, təpəndə olur.

      

   Gözün kimi gəzir burda, ay yoluq,  

   Baxtına kim düşər bu baxabaxda.  

   Pulun başındadır dostluq, qohumluq,  

   Burda dost axtarma, cibini axtar.

  

   Ağasəfa həm də satirik təbli şairdir. Kitablarındakı şeirlərin bir qismi həmişə satirik şeirlər olur. Böyük Sabirdən, bizim satirik şeirin ənənələrindən süzülən işıq bu şeirlərdə açıq hiss olunur.Bu satirik şeirlərdə günümüzün, çağımızın artıq əngələ, maniəyə çevrilmiş mənfi, neqativ halları tənqid atəşinə tutulur. Bu şeirlərin bir qismi (hansı ki, iki, üç, dörd misradan ibarətdir) hədəfi daha düzgün nişan alan snayper güllələrini xatırladır. Lap ulu Sabirin kiçik həcmli taziyanələri kimi. Deyir ki: "Bir əl gördüm, Uzanıb məzardan çölə. Öyrəncəli əldir, Alağağı qalıb, Rüşvət gözləyir hələ". Deyir ki: "Kağız-kuğuz Qalaq-qalaq- "papka-papka". Əvvəl daşbaş alırdılar, İndi "şapka".   

   Çoxlu satirik şeirlərin müəllifi olsa da, Ağasəfa lirik şairdir və bu lirika onun son iki kitabında toplanan səkkiz poemasında da aşkar nəzərə çarpır. Lirik qəhrəmanın düşüncələri formasında qələmə alınan bu poemalar Ağasəfanın həyata, gerçəkliyə daha geniş, daha əhatəli münasibətini ifadə edir. Məsələn, çoxdan yazdığı "Yarpaqlar tökülür" (Meşəbəyinin düşüncələri) lirik poeması insan və təbiət doğmalığını əks etdirir. Nakam bir eşqin faciəsini yaşayan meşəbəyi sevdiyi qızın bu meşədə qoyub getdiyi izlərinin xatirəsiylə yaşayır, birisi kəkliyə güllə atanda, birisi nərgizi tapdalayanda, başqa birisi bir quşa qəsd edəndə o qızı xatırlayır. Bu poema dərdin, kədərin içində işıq, sevinc, səadət axtarışına həsr olunmuşdu. "Günəşin dalınca gedən oğullar" adlı poemasında isə Ağasəfa müharibədən qayıtmayan oğulları yad edir, anaların intizarını lirik, həzin misralarla əks etdirirdi.   

   Ağasəfanın şeirlərində bir şair obrazı var - Müşfiq. O, Müşfiqi çox sevir. Bu sevgini izhar eləmək üçün təkcə ithaf, tərənnüm şeirləri yazmaq, ya da Müşfiq sənətinin gözəllikləri ilə öyünmək azdır. "Qanlı imza" poemasında Ağasəfa 37-ci ildə Müşfiqi bada verənlərdən birinin ölümünü təsvir edir. Son dəqiqələrində həmin "ustad" Müşfiqi xatırlayır. Xəyali bir dialoq baş verir:

  

   -Gedirəm, qaytarma əvvələ məni,  

   Gedirəm dünyadan...  

   Əfv elə məni.  

   -Gör neçə ildir ki, sızlayır yaram. 

   Nahaqdan tökülən qanım yerdədir.   

   Səni əfv eləyim?  

   Yox... Bacarmaram...  

   Sən getdin..

      -Mən getdim, ruhum qayıtdı.  

   Ruhumla əvvəlki mənzilə döndüm.  

   -Gör necə dünyadı, necə həyatdı,  

   Sən heykələ döndün...  

   Mən külə döndüm.

 

   ...Orda, Qarabulaq kəndində, o gözəl təbiətin qoynunda Ağasəfa həyatdan, dünyadan nakam gedən neçə dostunu xatırladı. Rüfət Zəbioğlunu andı. Dedi ki, Rüfət Zəbioğlu sovet dövründə sözü cəsarətlə üzə deyən satirik şair idi. Onun "Pul ilə" satirası o illərdə dillər əzbəri idi.

  

   Bacıoğlu yetişir   

   arzuya hər kəs pul ilə,  

   Quruda əl-qol açıb üz,   

   sudasa gəz pul ilə.  

   Qulaq as, yaxşı eşit   

   sözlərini sən dayının,  

   Ərzəni yazma qələmlə,   

   pozular, yaz pul ilə.  

   Dağı dağ üstə qoyub,   

   aləmə səs salmaq olur,  

   İstəsən, dərs də verər   

   alimə qanmaz pul ilə.

 

   Orda, o dağlar qoynunda Ağasəfa Cabir Novruzun ölümünə heyifsiləndi, istedadlı tənqidçi Nadir Cabbarlının vaxtsız vəfatına təəssüfləndi. "Nadir sözünü sonacan deməyib getdi".   

   Orda, o dağlar qoynunda hiss elədim ki, şəhərdən, qaynar ədəbi mühitdən çox-çox uzaqda da əsl poeziya yaratmaq olar. Orada "çeşmələr önündə qocaman dağlara baş əyib kasıb sərçələri dənləmək" , bir komaya sığınıb gecələr ay işığını doyunca seyr eləmək nə böyük səadətmiş.

    Amma heyf ki, çoxumuz bu səadətdən məhrumuq. Orda, o Qarabulaq kəndində bir anlıq Ağasəfaya döndüm, bu misraları pıçıldadım:

  

   Quzeydə qar xonçası,  

   Güney yaşıl səməni.  

   Sil qəlbimdən bu yası,  

   İlahi, bu gün məni  

   Pərvazlanan quş elə...

 

  

    Vaqif YUSİFLİ

 

    Ədalət.- 2012.- 22 sentyabr.- S.9.