AŞIQ YƏHYA QAYMAQLInın Mənzərəsi

 

   Yenə könlüm sizi yaman istəyir,  

   Ayrılıqdan çəkdim aman, a dağlar.  

   Saz da yoxdu çalam dərdim dağılsın,  

   Həmdəm olmur mənə kaman, a dağlar.

  

   "Dilqəm" üstə sükutları pozaydım,  

   Soyadımı budaqlara yazaydım,  

   Çən gələydi, Çınqıllıda azaydım,  

   Bürüyəydi məni duman, a dağlar.  

     

   Qarağatı salxım-salxım dərəndə,  

   Əvəliyi dəstə-dəstə hörəndə,  

   Kol dibində körpə bulaq görəndə,  

   Döyünər qəlbimdə ümman, a dağlar.  

   

   Sadiq qurban bəyaz- qulac qollara,  

   Zülf dağılıb, dodaq batıb ballara,  

   Həsrət-həsrət boylanırmı yollara,  

   O ay qabaq, qaşı kaman, a dağlar.

  

    Allah sənə rəhmət eləsin, Ağamalı Sadiq Əfəndi! Məzarın dağlar başında, daşın yollar ayrıcında, budaq-budaq bölünüb hələ sağlığındaykən, bir boz qurd hayqırtısı ilə göydə mələklərlə sevişə-sevişə, yerdə dəli ozanlar sayaq ağ saçlı İncə   

   Dərəmizin ayağına düşüb yalvara-yalvara oxuyan sən deyildinmi?.  

   Mənim dərdim özgə dildə oxunmaz  

   Oxu, aşıq, oxu mənim dərdimi-- deyib ünvanlandığın görəsən hansı aşığın sazının sehiri, səsinin möcüzəsi olub, havalı ozan?  

    ... Nə bilim. Hər kəlmən, hər sözün fikrimi,xəyalımı yenə haralara aparıb çıxardı. Səndən, sənin ruhundan, şeirindən, sənin yoxluğundan qopub ayrılmaq, bu yoxluqdan var olub qayıtmaq, nəyisə yazmaq nə çətin şeydi, Bəy Əfəndim. Adınla başladım, əjdaha ağzından qopmuş kimi sarılıb çaldığın qara sazda yaşayan bir şeirinlə başladım. Sənin kimi havalı ozanların, haqq aşıqlarının ruhunu çağırıb yol aldım yenə müqəddəs bildiyimiz qara sazın qul yolçularına...  

   ...El yaylağa köçən vaxtlar idi. Kənd-kəsəkdə adam qalmazdı. Hərə öz tanış-bilişi, qohum əqrabası ilə köçünü yığıb yaylağa yollanardı. Atlar yəhərlənər, köç arabaları hazırlanar, üzü dağlara, yaylaqlara -Quzu Dağına, Çayqoşana, Göy Dağa, Dəli Dağa doğru yol alardıq. Allah rəhmət eləsin İbrahim Qarasultanoğluna da...Bu dəm köniümdən keçdi ki, onun "Yaylaqlar" seirinin iki-üç bəndini xatırladım ki, hər kəsdə o zamanın köç ovqatını yaşadım:

  

   Saza- sözə sığışmayan gözəlsən,  

   Baldırğanlı, quzqulaqlı yaylaqlar.  

   Sən şeirsən,musiqisən, qəzəlsən,  

   Şəlaləli, buz bulaqlı yaylaqlar

 

   Dumanların dağ yuxarı sürünər,  

   Çobanların yapıncıya bürünər.  

   Köhlü Yoğuş Armuddudan görünər,

    Quzu dağı qar zolaqlı yaylaqlar.  

   Qatıq doğraması dağda xörəkdi,  

   Körəməzdi, yağ-şor ilə çörəkdi,  

   Qonaq gəlsə arançıya gərəkdi,  

   Xına rəngli, üz- quymaqlı yaylaqlar.  

   Aran köçü kömbə xəmri yoğrulan,  

   Erkəkləri şaqqalanıb qovrulan,  

   Gecə gündüz həsrətinlə qıvrılan,  

   İbrahimdi, bil Qaymaqlı yaylaqlar.

  

   (bir İbrahim Qaymaqlının " Yaylaqlar " şeiri, bir də Ağamalı Sadiq Əfəndinin " Dağlar "seiri məni hamişə nostalji hisslərə kökləyir, köç yollarını, burnumuzun ucu göynəyən, tamarzı yaylaqlarımızı xatırladır.)  

   Uşaq vaxtlarımız idi, yaylaqdaydıq. El-oba biçənəklərdə binə yerini düzəldir, dəyələrini qururdular. Hərə gətirdiyi azuqəni açıb şirin-sirin yeyir, kimi ocaqüstü quzu pörtdəməsi bişirir, kimi samovarlara od salıb buğlana-buğlana kəkotu çayı dəmləyir, hər qayğıdan, hər qəmdən uzaq bizlərsə qayalarda kəkliklərin səsinə bənd olub, burnumuzda kəkotu ətri uşaqlığın xanlıq, sultanlıq dövrünü yaşayırdıq. Hardansa qulağıma gələn bir məlahətli səs, axşamüstü dağ mehinə bürünüb yanıqlı neyin titrəməsi kimi iliyimə-qanıma hopdu. Bu yanğılı, titrək səs məni sanki uşaqlıq dünyamdan alıb apardı. Kimsə "Naxçıvani" havası üstə Ağamalı Sadiq Əfəndinin yazının önündə yazdığım " Dağlar" seirini oxuyurdu. Elə oxuyurdu sanki çəmanzarından ayrı düşmüş bülbül oxuyur. Bulaq suyu kimi dupduru, dağ havası kimi tərtəmiz o səsin şirinliyi, ovsunu, sehiri o vaxtdan bu vaxta yaddaşımdan silinmir ki, silinmir. O zamanlar mən nə Ağamalı Sadiq Əfəndini tanıyırdım, nə onun seirini, nə Naxçıvani havasını bilirdim... Mən elə bilirdim ki, oxuyan da, yazan da, sazda bu mahnını yaradan da həmin qızın elə özüdü. Çox sonralar bildim ki, mənim yaddaşımda hələ də o səslə oxuyan qız sən demə Qaymaqlı Aşıq Yəhyanın qızı Reyhan xanım imiş. Sən demə, o səs, o avaz, o nəfəs, o hava da elə atası Aşıq Yəhyadan keçibmiş qızı Reyhana. Bu gün nə Aşıq Yəhya var, nə Reyhan xanımdakı o səs, o həvəs. Ancaq onlar mənim yaddaşımda kövrək xatirələr, həzin duyğular kimi gümüldəyə-gümüldəyə hələ də oxuyurlar.   

   Allah rəhmət eləsin Aşıq Yəhyaya. Qaymaqlı Aşıq Yəhyanı deyirəm... Bu dünyada gözü-könlü tox gəlib, bütöv bir ömür sürən, dünya dolanmasına, şan-şöhrət şirinliyinə, heç kimə, heç nəyə əyilmədən yaşayan, ömrün 60-nı yelə, sazını-sözünü elə verən İncəli Aşıq Yəhya Məmmədov. 1931-ci ildə Qazax mahalının Qaymaqlı kəndində anadan olub. Aşıqlıq sənətinə 1947-ci ildən başlayıb, ustadı Aşıq Avdı Qaymaqlı olub. Aşıq Yəhya çox məlahətli səsə, yüksək avaza malik olub. Dastan və rəvayətlər danışmaqla məclisi ələ alar, Borçalıda, Gəncədə, Qazaxda el şənliklərini yüksək səviyyədə idarə edərmiş.  

   Dünyaya gəldiyi gündən ölümü də özü ilə doğulan, bir ağ quş avazında ölümə qımqımılar oxumağa gələn, özündən sözü dərin, sözündən dərki, dərdi dərin, ağır taxtalı kişi - Akif Səmədin dediklırindən: "Allah qəni-qəni rəhmət eləsin Yəhya kişiyə.  

   Ala kölgəli göy yaylaqlarda çaldı çağırdı. İncə - Gəncəbasarda, Aran - Dağ Borçalı mahalında, Qarayazı - Qaraçöp ellərində, viranə Göyçədə adı- sanı, xətir-hörməti, etibarı, ilqarı adnanıydı. Bağrı qara saza bir dəfə də olsun xəyanət etmədi. Pul-para üçün hər nadana, kala sazı dindirmədi. İncitmədi qara sazı".

      Aşıq Yahya başında Aşıq Avdı dayanan İncə aşıq yetirməsi idi. Neçə illər Aşıq Cəlal Qəhrəmanovla birgə Aşıq Avdıya qulluq edib, 1961-ci ildən isə müstəqil aşıq kimi öz ustadından xeyir-dua alıb el məclisləri aparıb. Aşıq Yəhya həm yaradan, həm də yaşadan aşıqlarımızdan olub. Borçalı havaları kimi tanınan ürfan havaları - "Sultanı", "Zarıncı", "Bəhmanı", "Sallama Kərəmi", "Mansırı", "Dol Hicranı", "Keşişoğlu", "Osmanlı divanisi", "Gövhəri", "Süsənbəri", "Qaytarma" kimi digər az-az ifa olunan aşıq havalarımızı yaşadanlardan olub. Ən sevdiyi havalar və şeirlər isə "Naxçıvani" havası üstə Ağamalı Sadiq Əfəndinin "Dağlar" şeiri və "Mina Gəraylı " üstə şair Cəlilin "Kəklik" şeiri olub.  

   Borçalı havalarının bu gün ən mahir ifaçısı Aşıq Cahangirin dediklərindən: "Aşıq Yəhya mənim çox sevdiyim və bəyəndiyim, təkrarsız aşıqlardan idi. Mən köhnə havalardan "Ağır Şərili"nin icəliklərini və gözəlliklərini məhs Qaymaqlı Aşıq Yəhyadan götürmüşəm"  

   Xasiyyətcə çox mülayim və kövrək olan Aşıq Yəhya övladları üçün hər şeyindən keçən bir ata olub. Üç oğlu, dörd qız övladı olub. Oğullarından və qızlarından sənətini davam etdirənlər var. Kiçik oğlu Əmrahın dediklərindən: "Mənim adımı atam ustad aşıqımız Əmrah Gülməmmədovun adından qoyub. Ustad aşıqlara və böyük şairlərə hədsiz sevgiləri olan atam ömrünün son günlərini yaşayanda, qohum-əqraba başına yığışıb son görüş edəndə də o, böyük Səməd Vurğunu yada salıb, onunla bağlı xatirələrini danışırdı..."  

   "İnsan mənzərələri" silsilə yazılarının müəllifi, şair-rəssam Məmməd Dəmirçioğlunun xatirələrindən:  

   "Kəmərli kəndinə toya dəvət almışdım. Əmim oğlu Əmirxanla birgə getməliydik. Taleyin fürsəti elə gətirdi ki, aşıq Yəhya da bizim dəstəmizlə birgə gedəsi oldu. Yol boyu mənə olan sevgilərini izhar edib söylədi ki, Məmməd, sən ki, Ağamalı Sadiqin heykəlini elə yaratmısan, hesab et ki, bütün İncəlilərin ürəyində özünə bir heykəl ucaltdın. Həm də mənim ürəyimdə bir Dəmirçioğlu abidəsi ucaltmısan. Allah mənə fürsət verə, sənə sazlı-sözlü bir məclis düzənləyəm.   

   Nə zamanıydı ki, İncə dərəsinin bu urvatlı, bu müdrik, bu kami aşığı Aşıq Yəhyayla görüşüb, onun sazının, sözünün sehrində bulunmaq arzusundaydım...  

   İncə toylarının təm-tərağı, özünə məxsusluğu məlum məsələdi. Aşıq Yəhya toya qonaq kimi dəvət olunduğundan, elə bir masa arxasında əyləşmişdik. Mən orada şahid oldum ki, İncəlilər bu, uca könul sahibi, saz-söz sərrafını nə qədər sevirlərmiş. Demək olar ki, hamı bir nəfər kimi gəlib onunla məxsusi olaraq görüşür, kef-əhvalını sorurdular...  

   Aradan uzun müddət keçmədi. İncəliyə edəcəyim bu səfərimdə hökmən aşıq Yəhya ilə görüşməyi planlaşdırmışdım.  

   Ata yurdumda əmioğlu Əmirxanla görüşüb, hal-əhval tutdu. Əmirxan xeyli tərəddüddən sonra eyhamla söylədi ki, aşıq Yəhya xəstələnib. Çox məyus olub onunla görüşməyə tələsdim. Yol boyu əmioğlu aşıq Yəhyadan danışıb söylədi ki, səni yaman arzu edirdi, yaxşı ki, gəldin.  

   - Zəhrimar özu də boğazından yapışıb - söylədi Əmirxan. Ürəyimdən bir sızıltı keçdi ki...  

   Yatağında uzanmışdı ustad. Məni görəndə yerindən dikəlmək istədi. Gözlərində bir işıq şölələndi. Doluxsunmuş gözlərindən bir duman silinib, yerini ilıq bir təbəssumə tapşırdı. Əyilib alnından opdüm.   

   - Hayıf, Dəmirçioğlu, nə mən arzuma çata bildim, nə də sən, - deyib güclə eşidiləcək xırıltılı səslə söylədi..."  

   1994-cü ildə 63 yaşında dünyasını dəyişdi Aşıq Yəhya. Ustadı Aşıq Avdı kimi, sənət yoldaşı Aşıq Cəlal Qəhrəmanov kimi sinəsində dürlü-dürlü şeirlər, dastanlar, havacatlar köçdü bu dünyadan.  

   Çox həlim, mülayim xasiyyətə malik Aşıq Yəhya ölən günə qədər heç kəsin qəlbinə dəyməmiş, elin, xalqın yaddaşında urvatdı bir insan, sevilən sənətkar kimi qalmışdı. İncə Dərəsinin ab-havasını almış, ədəb-ərkanını görmüş aşıq, özündən öncə və sonra gələn hər bir şairi və aşığı kimi heç bir ekran, efir, qəzet və jurna qapısı döyməmiş, şan-şöhrət dalınca qaçmamışdı.  

   Aşıq Yəhya eyni zamanda hərdən könlünü ovutmaq üçün şeirlər də yazarmış.

  

  

    SƏNNƏN

  

   Dindir məni, sədəfli saz,  

   Qoy sağalsın yaram sənnən.  

   Yaraşıqsan məclislərə,  

   Çox yaxındı aram sənnən.

  

   El içində var hörmətin,  

   Şənlikdi arzun, niyyətin.  

   Halallıqdı sənin zəhmətin.  

   Heç uyuşmaz haram sənnən.

  

   Aşıq Yəhya bu həvəsdə,  

   Yanıq Kərəmi de pəsdə.  

   Xalqın toylarda, məclisdə  

   Əhvalını soram sənnən.

  

 

    QOYNUNDA

  

   Mənin arzum, niyyətimdi,  

   Olam dağların qoynunda.  

   Yazda, yayda qonaq gedəm,  

   Qalam dağların qoynunda.

  

   Göydən yağış yağa-yağa,  

   Gedib çıxam Nazar dağa.  

   Binə düşəm Sarıbulağa,  

   Güləm dağların qoynunda.

 

   İçəm buzlu bulaqlardan,  

   Keçəm güllü yaylaqlardan.  

   Dəlidağa oylaqlardan,  

   Gələm dağların qoynunda.

 

   Yəhyanın budur murazı,  

   Şənlik sevən xoş avazı.  

   Dostlarıma telli sazı  

   Çalam dağların qoynunda.

  

  

   YAŞADIM

  

   Bir kamil ustada qulluq eylədim,  

   Vuruldum sazında telə, yaşadım.  

   Oxudum dərsimi, pür kamal oldum,  

   Ustad qədri bilə-bilə yaşadım.

 

   Sənət yollarında çəkdim cəfalar,  

   Neçə dastan bildim, neçə havalar.  

   Ellər məclisində sürdüm səfalar,  

   Belə püxtələşdim, belə yaşadım.

  

   Dolanıb elləri olmuşam halı.  

   Gəzdim Qarayazı, Təhlə, Borçalı.  

   Doğma Vətənimiz Qazax mahalı,  

   Vətənimdə gülə-gülə yaşadım.

 

   Sevmədim namərdi, mərdə güvəndim,  

   Aqillərdən ağıl, kamal öyrəndim.  

   İncə dərəsində Qaymaqlı kəndim,  

   Yəhyayam, öyündüm elə, yaşadım.

  

   Bax beləcə, dəyərli oxucular. Bu da mənim Qaymaqlı aşıq Yəhya haqqında yaddaşımda çözələnən xatirələrim və bildiklərim. Bu yazıda adları çəkilən söz və saz ustalarımız bu gün həyatda yoxdurlar. "Ölüblər" - deyirik. Əslində kimin ölü, kimin yaşadığını illər sonra zaman deyəcək. Adını çəkdiyim və çəkə bilmədiyim bu böyük saz və söz xiridarları hər zaman mənim üçün dağdır, zirvədirlər. Biz isə ətəklərində fırlanan pərvanələrik. Bu xırdaca yazımı da mən onların nurdan bəzəkli ruhlarına ərmağan göndərib, əlimi qaşımın üstünə qoyub, eləcə uzaqlardan bayatı çağırıb, bir laylalı zümzüməynən oxuyardım:

 

   Çağırıram uzaqlardan,

    Haray dağlar, haray dağlar.  

   Saçlarıma yağar oldu,  

   Qar ay dağlar, qar, ay dağlar.

  

   Bivəfaya könül verdim,   

   Cəfasını çəkdim, gördüm.  

   Sizəsöylənəsi dərdim  

   Var ay dağlar, var, ay dağlar.

  

    ( A. Sadiq)

  

   Sizə nə qədər söylənəsi dərdim, sözüm qaldı, Sadiq Əfəndi, Akif Səməd, Şair Cəlil, Avdı babam, Aşıq Cəlal, Aşıq Yəhya. Yeriniz behişt olsun, Ustadım, Əfəndim, Xocam, Ozanım! Onsuz da ünlü şairimiz Məmməd İlqar demiş "Yaxınlaşır uzaqlar..." Bir şey qalmayıb. Görüşərik, inşallah.

  

  

   Qələmə aldı: Çiçək Mahmudqızı

 

   Məmməd Dəmirçioğlunun təqdimatında

 

   Ədalət.- 2012.- 22 sentyabr.- S.12.