YENİ PROYEKTİMİZ:
ALTMIŞINCILAR
MEMAR CƏFƏR
QİYASİ - 70 və onun "Soyqırım Abidəsi və
Muzeyi" (4)
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn,
sevgili Türkiyə cümhuriyyətində ALTMIŞINCILAR
adıyla bir dərnək də var. Həmişə
könlümdən keçib belə bir təşkilat və
ya dərnək bizlərdə də olsun, amma bizlər
ayrı, Türkiyə ayrı. Hər zaman adları
ortalıqda hallanan yazar və sənət adamları
sonrakı nəsil tərəfindən heç də
gönül xoşluğu ilə qarışılanmayıb.
Açığını deyim ki, hətta onları insafla
müdafiə edənlər də qınaq sahibi olur. Mən
onların müdafisinə qalxmaq məqamında uzağam. Sadəcə
onlardan bəzilərini yenidən xatırlatmaq istərdim. Ən
çox o yaradıcıları ki, onlar ədəbiyyatçı
deyillər.Yazar-çizər deyillər. Amma bu sırada
yazarlar da ola bilər. Daşlaşmış
"ALTMIŞINCILAR" sırasına salınmayan
ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?
Qısa bir antrakt və yaxud haşiyə
"Qılınc insan əlində qorxuludur.
Baş-başa çatılmış qılınclar
sağlıq, hüzur və barışın
timsalıdır. Ayrıca ölkənin, millətin müdafiə
gücünü göstərir. Qılıncların parpar
yanan ağzının çölə tərəf yönəldilməsi
xaricdən gələcək hücumlara qarşı hər zaman
hazır olma anlamındadır. Şəhidlərin simvolik məzarı
bu qılıncların kölgəsi altındadır. Yəni
onlar cənnətdədirlər deməkdir".
Cəfər
Qiyasinin "İğdır soyqırım abidəsi"
kitabından
Oqtay Əkinci,
me"mar Cəfər Qiyasi haqqında "Cümhuriyyət"
qəzetində bir yazı yazacaq və Cəfər Qiyasi ona
belə cavab verəcək:
"Oqtay Əkinci irad tutur ki, bu qılınclar
"keçici" olaraq çatılıb. Me"mar
olaraq nə təklif edir? Mən onları bir-birinə
troslamı sarmalıydım? Oqtay bəy qılıncların
"hər an savaşa hazır" durumu üçün də
bizi qınayır. Bəli rəmzi qılınclar, kölgəsində
bütün insanlar üçün cənnət yaranır. Məmləkətdə
dinclik və barış olur. Oqtay Əkinciyə Anıtın
43.5 metr yüksəklikdə göyə doğru
qılıncın dırmanması da çox
ürküdücü görünür. 1915-20 il olayları mənim
nəzərimdə Türkiyə üçün
böyük faciə, türk ordusu üçün bu faciədən
bir daha şərəflə çıxmaq deməkdir.
Böyük olaylara həsr olunmuş me"marlıqdan
böyük miqyas tələb olunur.
Ən dəhşətlisi
Oqtay Əkinci Türkiyədəki bu me"marlıq əsərini
Azərbaycanlı me"marın layihələndirib gerçəkləşdirməsini
haqlı və doğru saymır".
Haşiyə.
Belə məlum
olur ki, Oqtay Əkinci nə memarlıq nədir bilir, nə də
dünya memarlıq təcrübəsindən, praktikasından
xəbəri var. Təbii onun bu iradında iraddan çox bir təəssüf
və bir paxıllıq yatır ki, biz də bunu açıq
aydın başa düşürük və başa
düşdüyümüz üçün də hətea
yüzlərlə Oqtayı olan Türkiyənin bugünkü
halı üçün acıyırıq. Çörəyini
yediyi və suyunu içdiyi bir Türkiyənin
"Cümhuriyyət" yazarı əgər özünə
türk deyirsə bir qrup erməni tərəfindən
aldığının belə fərqində deyil və Oqtay Əkinci
unutmamalıdır ki, bu şeyləri eynən Cəfər
Qiyasi də ona deyə bilərdi və yalnız ona görə
deməyib ki, Cəfər Qiyasi böyük bir etika məktəbini
də bitirib ki, Oqtay Əkincilər bundan mərhumdur. Oqtay Əkinciyə
görə bu anıtı orada bir erməni me"marı
ucaltsaydı o zaman Oqtay bunu çox haqlı saya bilərdi və
yenə də deyirik, dünya memarlıq tarixində yüzlərlə
əsər göstərmək mümkündür ki, bir memar
başqa bir ölkədə tikili aparmış və elə
indinin özündə də bu ənənə davam etməkdədir.
Oqtay Əkinci iradları və Cəfər
Qiyasi həqiqətlərinə davam edirik:
Türkiyə
ilə münasibətdə mənim üçün heç
vaxt "bizimki", sizinki anlayışı olmayıb,
olmayacaq da. Erməni məsələsi də bizim problemimizdir.
Oqtay bəyin iddia etdiyi kimi Azərbaycanla Ermənistan
arasındakı "rəsmi və dövlətlərarası
çatışmanın təməlində yatan ideoloji və
siyasi görüşlər" Türkiyə
üçün fərqli deyil. Ermənilərin ideoloji
prinsiplərinin əsasında türkə qarşı
düşmənçilik dayanır-haranın türkü
olmasından asılı olmayaraq, Anadolunun, Azərbaycanın,
İranın yoxsa Asiyanın.
Soyqırım abidəsinin müəllifi professor, doktor,
Cəfər Qiyasiylə
üz-üzə (davam edirik)
- Harda
qalmışdıq?
- Oqtay Əkinci
mənə deməyib və oxuduğun kimi "Cümhuriyyət"
qəzetində yazıb ki, bu Bozqurd və At simgələri
şovinizm elementləridir. Bax sən, bir rusun ayısı niyə
camaatı qıcıqlandırmır, ingilisin aslanı niyə
bu qədər söz-söhbət yaratmır və gözə
girmir, fransızın xoruzu niyə elə hey banlayır.
Axı bunlar bir totemdir, millətin, xalqın totemidir. İndi
bu Bozqurdu MNR özünə rəmz seçibsə, biz bundan
imtinamı etməliyik və Vali bəyə dedim ki, burada
Bozqurd simgəsi olacaq. At olacaq, Qartal olacaq. Sən bir işə
bax hətta oradakı bir çox millətçilər də
dedilər: Hocam niyə Bozqurd?
- Cəfər
müəllim, mənə elə gəlir ki, fikrimi qısa desəm
də həmən anlayacaqsan. Təmiz memarlıq
baxımından bir şey məni daha çox
maraqlandırır. Deyək ki, bizim sovetləşmə
zamanındakı memarlığımızla Türkiyənin
Cümhuriyyət sonrası yaranan memarlıq abidələrində
bir fərq, gəlişmə, inkişaf, dəyişiklik və
çağdaşlıq necədir? Çağdaş
memarlıq necədir, müqayisə edildikdə.
- Əvvəlcə
mən şəhərsalma baxımından deyim ki, Sovet
gerçəkliyi deyilən bir şeyi nə qədər bəyənməsək
də sovet şəhərsalma ənənələri
yaşayış və rahatçılıq baxımından
daha inkişaf etmiş, daha gəlişmiş bir
memarlıqdır. Açıq desək bizdə daha
üstündür. Özün də görürsən
Türkiyədə evlər, binalar o qədər yaxın, o qədər
sıxdır ki, sən öz pəncərəndən
baxıb başqasının öz evində nə elədiyini
açıq görə bilirsən. Pəncərə pəncərəyə
dayanıb sanki, divar divardır. Memarlıq baxımından da
deyək ki, əllincə illər, hətta konsktutivizm
dövrü, Stalin zamanı memarlığında da ümumi
bir prinsiplər var. Amma çağdaş memarlıq gələndə
Türklərin texniki imkanları bizdən çox üstündür.
Bütün bunlara baxmayaraq bir çox şeylərdə mən
bizim memarlığın üstünlüyünü görməkdəyəm.
Yəni türklərin o texniki imkanlar daxilində memarlıq
uğurları çox deyil. Türkiyə Avropa ilə
birbaşa əlaqəsi olan bir ölkədir. Mən həmişə
orada olanda deyirdim: biz Avropa ilə Moskva üstündən əlaqə
saxlayırdıq, amma sizin imkanlarınız bizdə
olsaydı, yəni biz daha güclü, daha qalıcı
şeylər yarada bilərdik. Bir də bax bizim memarlıq məktəbimiz
və bu məktəblərin hocaları vardı ki, əməlli-başlı
məktəb idi bu. Mən öz həyatımı deyim. Mən
düşündüklərini, bacarığını,
imkanlarını, nə bilim bütün qüvvəsini,
biliyini həyata keçirə bilməyən bir dövrün
qurbanı kimiyəm. Yəni güc vardı, təhsil
vardı, amma aldığımız bu təhsili həyata
keçirəcək imkan və şərait, məkan və
zaman yox idi.
- Bax Cəfər,
texniki imkan mənə görə hələ memarlıq deyil.
Yəni Türkiyədə bir gecədə bir bina tikilə
bilər. Məni çağdaş Türk
memarlığının və bizim memarlığın gələcək
qayğısı maraqlandırır. Yəni bizim əsrdən,
bizim günlərdən gələcək əsrlərə
Türkiyə nə aparır, yəni yüz illər
sonrasına nə aparır. Nə aparırıq. Bu məni
daha çox maraqlandırır.
- Təbii
texniki imkan memarlıq deyil, onun bir atributudur. Yenə də
deyirəm sırf memarlıq baxımından bizim memarlıq
daha dərin düşünə bilir. Amma bir şeyi də
unutmamalıyıq, elə Türklərin özündə
Atatürk Anıtı abidəsi kimi bir memarlıq nümunəsi
var. Səninlə mən razıyam. Bax Avropa, Amerika kimi ölkələrdə
nəhəng binalar yox olur. Halbuki o binalar elə
özlüyündə bir binadır. Və bizim bu gün elə
binalar işləməliyik ki, onlar tarixə bir şeylər
aparsın.
- Yəni
böyük memarlıq baxımından düşünəndə
bu günün Türkiyəsindən gələcək yüz
illərə və ya min illərə götürmək
üçün nəhəng əsərlər
yaradılmır. Yəni elə bax bu Soyqırım abidəsi
kimi bir şeylər çox azdır. Belə başa
düşürəm.
-
Haqlısan. Binalar var, amma mən Türkiyədən daha
çox şeylər gözləyirdim. Müstəqilliyinə
görə, bir başa Avropaya qapısı olduğuna görə
bunu deyirəm. Hətta onların öz memarları da etiraf
edirlər ki, o qədər ənənəsi olmayan Yaponiya
memarlığı artıq daha çox gəlişmiş və
inkişaf etmişdir. Hoca Sinan kimi memarı olan
Osmanlının varisi təbii ki, daha çox gəlişmiş
bir memarlığa sahib olmalıydı.
Bir şəxsi sual:
- Hörmətli
Cəfər Qiyasi, söhbətimizin xaricində sənə
bir sual vermək istəyirəm. Əgər bir az obyektiv baxsaq
və bir az insafla düşünsək bu gün Azəri
türkləri deyilən bizlərlə Türkiyə türklərini
bir çox tərəflərdən müqayisə eləsək
hansı, nə kimi şeylər qarşımıza
çıxar, kim daha çox gəlişmiş görünər.
- Vallah
Tofiq, mən əvvəllər oralara gedəndə bir az
zarafata salıb deyirdim: mən buralara gəlməzdən Azərbaycanın
dərdini çəkirdim, indi isə görünür
Türkiyənin də dərdini çəkməli
olacağam. Daha doğrusu Azərbaycanın problemləri yaddan
çıxdı. Çünki sizin problemlər daha
ağırdır. Və hətta milli münasibətlər,
milli irs söhbəti gələndə bilirsən orada
çoxlu Ahıska türkləri var və mən deyirdim ki,
siz Ahıska türklərinə ikinci sort adamlar kimi, gəlmə
bir adam kimi baxmayın, onlardan milliyyətçiliyi, onlardan
milləti və vətəni sevməyi öyrənin. Ona
görə ki, bütün o basqılara baxmayaraq, bizim hər
birimiz millətçilik üzrə həqiqətdə olmayan
bir akademiyanı bitirmişik. Bir faktı deyim: Mən fikir
verirdim ki, o Ahıska Türkləri hətta seçimlərdə
də belə içdən iştirak edirdilər və milli
qeyrəti, milli təəssübkeşliyi olan adamlara səs
verirdilər. Onlar azad olmayıblar və düşünün
ki, biz müstəmləkə ola-ola daha ayığıq. Və
hətta belə bir fakt deyim: hörmətli Vali bir
toplantıda açıq-açığına dedi: çox
istərdim ki, Hocam, yəni mən Türk vətəndaşlığını
qəbul eləyəydi. Gəlsin Türklərlə
çalışsın. Və hətta bizləri öyrətsin,
deyə bir ifadə işlətdi. Yəni onlar bizim peşəkarlığımızı
və milli təşəbbüskeşliyimizi daha çox dəyərləndirə
bilirlər.
Təzə
nə var, nə yox?
- Cəfər
müəllim, indi necə, onlardan və ya başqa yerlərdən
sifariş-zad gözlənilmir ki?
- Deyim ki,
bir başa bir quyu açıldı, içindən yüzlərlə
insanın skleti çıxdı. Ermənilər o vaxt
doxsandan çox kənd kişisinin Türklər demiş,
köy erkəyini və özü də seçmə
kişisinin belinə daş bağlayıb və bir-birilərinə
bağlayıb quyuya tökmüşlər diri-diri. Onun
üstünə mən bir abidə elədim və bir
çox yerlərdə göstərilidi. Bəyəndilər
və hələlik ki, səs-soraq yoxdur. Amma bu yaxınlarda
bizim Polad müəllim, Mədəniyyət Nazirimiz TURKSOY təşkilatı
üçün konkurs elədi və bir neçə layihə
istədi, onların arasında mənim layihəm bəyənildi.
Onu işləməliyik. Gerçəkləşsə Ankarada
ucaltmalıyıq. Amma başım açılsın yəqin
ki, İğdıra da gedəcəyəm.
- Bu
Anıt və Muzeyin maliyyəti nə qədər olub
Türkiyə üçün?
- Bu abidəni
yalnız və yalnız İqdır Valiliyi tikdirdi və
özü də hansı pula bilirsən? Naxçıvan
qapısı var və o qapıdan keçiddə
gömrük var, o gömrükdən alınan vəsaitdən
ayrılan pulla tikilib bu. Orada yığılan pulun bir hissəsi
Valiliyin sərəncamına keçir, Şəmsəddin bəy
məhz həmin vəsaiti götürüb bu gözəl
iş üçün xərclədi. Təxminən 600 min
dollar xərc çəkildi mənim fikrimcə. Və hətta
o Oqtay Əkinçi bu rəqəmi də şişirdib bir
xeyli artırmışdı.
- İndi nə
işlə məşğulsan?
- İndi,
sənə intervyü verməklə məşğulam
(gülür və gülürəm). Yox, əsas işimiz Azərbaycan
memarlığının ən gözəl nümunələrini
YUNESKO xətiyylə dünya memarlığı
siyahısına salmaqdır ki, artıq bir neçə əsər
siyahıya düşmüşdür. İçərişəhər,
Qız qalası, Şirvanşahlar sarayı, Qobustan, Atəşgah,
Naxçıvan abidələri... Onları da bu siyahı
üçün hazırlayırıq...
SON
Tofiq Abdin abdin
Ədalət.- 2012.-
22 sentyabr.- S.15.