SUİ-QƏSDÇİ, YOXSA BÖYÜK XİLASKAR?..

 

   (Əvvəli qəzetin 18 sentyabr sayında)

  

   Qəribədi, Tanrı insanlığı xəlq edəndən bəri yüz milyardlarla insan doğulub, yaşayıb, izsiz-tozsuz da yer üzündən silinib gedib. Onların adı, nişanəsi olan nə varsa əlahəzrət zamanın təkərləri altında əbədilik yox olub. Amma bu sırada elələri də var ki, nə vaxt yaşamasından asılı olmayaraq adları insanlığın yaddaşına yazılır, xalqının tarixinə çevrilir, hətta ümumbəşəri tarixin bir parçasına dönür. Əlbəttə bunu, Allahın insanlar arasından seçdiyi peyğəmbərlərdən tutmuş böyük sərkərdələrədək, möhtəşəm elm və sənət adamlarınadək aid etmək mümkündü.   

   Əslində tarix və şəxsiyyətlərlə bağlı iki fərqli fikir mövcuddur. Bəziləri iddia edir ki, tarixi məhz qəhrəmanlar, görkəmli şəxsiyyətlər yaradır, digərləri isə belə hesab edir ki, həmin şəxsiyyətləri tarixin özü yaradır. Yəqin bu iddiaların hər ikisində haqlı dəlillər vardır. Amma mənə elə gəlir ki, tarixin və ya tarixi şəxsiyyətlərin hansının yaradıcı olması iddialarını rahat buraxmaq lazımdır. Tarix elə qəhrəmanlarıyla, şəxsiyyətləriylə, böyük dəyişiklikləriylə, fəlakətləriylə, təbiət hadisələriylə, qanlı döyüşləriylə... xalqların, insanların yaşadığı keçmişdir, tarixdir.   

   O da bir çoxları kimi yaşadığı həyatla, əməlləri ilə tarixin bir hissəsinə çevrildi. Haqqında təhqiqatlar aparıldı, yazılar yazıldı. Anadan olanda Auqusto Joze Ramon Pinoçet Uqarte adlandırılan, amma dünyanın daha çox general Pinoçet adıyla tanıdığı adamdan bəhs edirəm.  

   Amma o, situasiyanı dəyərləndirməyi, özü də dəqiqliklə dəyərləndirməyi bacarmışdı. Dövlət başçısının mütləq inamını və rəğbətini qazanan Pinoçet vəzifə pilləsində daha da yüksəldi. Prezidenti müdafiə edənlərin ön sırasında olan Parts ordunun baş komandanı, Auqusto Pinoçet isə əvvəlcə paytaxt qarnizonunun başçısı, az sonra isə piyada qoşun birləşmələrinin komandanı təyin edildi. Bu 1971-ci ildə baş vermişdi. Onda Salvador Alyendeyə elə gəlirdi ki, həmin generalların yüksək postlar tutması ordudakı vəziyyəti sabitləşdirəcək, hərbçilərin siyasi proseslərə cəlb olunmasına nöqtə qoyulacaq. Zahirən belə də görünürdü. Hətta o vaxt mətbuata açıqlamalarında General Uqarte belə demişdi: "Biz (hərbçilər) siyasəti sevmirik. Lakin proseslərə müdaxiləni bizə vəziyyətin zəruriliyi və vətənpərvərlik borcumuzu anlamağımız diqtə etdi. Biz - peşəkar hərbçilərik". Əslində isə bu cür davranışlar artıq yüksək çinli hərbçilərin birbaşa siyasətin içərisində olması demək idi. Və Pinoçet məqsədinə doğru irəliləməkdəydi. Çünki buna hələ ehtiyacı var idi.

  

   ALYENDENİN MƏHVİNƏ SƏBƏB OLAN SƏHVİ

  

   Kim həyatında doğru olmayan addımlardan sığortalanıb ki? Heç kim. Salvador Alyende də gələcəkdə onun süqutuna, hətta ölümünə səbəb olacaq ən böyük səhvini etdi. Belə ki, ordunun komandanı general Partsın yerinə general Auqusto Joze Ramon Pinoçet Uqarte gətirildi. O artıq sonuncu mərhələyə başlamaq üçün işlərini tam şəkildə tamamlamışdı. Lazım olan postlarda ona sadiq dostları əmr gözləyirdilər. Hələ bir il əvvəl Birləşmiş Ştatlarda MKİ-nin yardımı ilə hazırlanmış çevriliş planının zamanı yetişmişdi. Auqusto Pinoçetin başçılığı ilə 1973-cü il 11 sentyabrda Çilidə hərbi qiyam baş verdi. Dövlət başçısına sadiq qüvvələr hakimiyyəti xilas etmək üçün müqavimət göstərməyə başladılar. Pinoçet isə bunu da nəzərə almışdı. Çünki o, ordunun içərisində çevrilişə qarşı çıxanların olacağını qabaqcadan bilirdi. General Uqarte Salvador Alyendeni pis tanımırdı. Bilirdi ki, prezident xaraktercə qorxaq adam deyil.   

   Auqusto Pinoçet hərbi hissələrə əmr vermişdi ki, tapşırıqlar heç bir şərt altında, heç bir müqavimət qarşısında dayanmamalıdır. "Sosialistlərin kommunistlər"in birliyi Çilini idarə etməməlidir. Fəaliyyətində hər kəsə nümunə olan general Auqusto hərbçilər arasında böyük nüfuza malik idi. Bioqrafların çoxu Generalın hakimiyyəti ələ almasında rol oynayan səbəblər haqqında yazarkən bu adamın öz işində nümunəvi olmasını elə önə çəkmirlər. Amma məncə çevriliş günü məhz bu amil başlıca rollardan birini oynadı.   

   Auqusto Pinoçetin qüvvələri çox keçmədi ki, dövlətin ən vacib qurumlarını ələ keçirdilər. Çilinin rəsmi hakimiyyəti demək olar ki, iflic vəziyyətinə gətirildi. Təkcə Santyaqonunn mərkəzində yerləşən La-Moneda sarayı inadla müqaviməti davam etdirirdi. Azsaylı şahidlərin dediklərinə görə, prezident Alyende hərbi çevriliş haqqında xəbər alanda əvvəlcə hərəkata Pinoçetin rəhbərlik etdiyini təəccüblə qarşılayıbmış.   

   Prezident əks cəbhədə duranların xəbərdarlığına baxmayaraq hakimiyyətini qorumaqdan vaz keçməmişdi. Bəlkə Salvador Alyende bu dəfəki hərbi qiyamın da əvvəlkilər tək yatırılacağına inandığı üçün müqavimətin bir nəticə verəcəyinə inanmışdı. Amma hadisələr göstərdi ki, o, həyatının itirilməsinə səbəb olacaq tarixi səhvini sonadək sürdürüb. Alyende həm unutmuşdu ki, bu dəfə qarşısında məhz özünün etibar etdiyi, hərb sənətini gözəl bilən, daha qətiyyətli, daha ağıllı, daha cəsur bir şəxs dayanıb.

  

   30-CU PREZİDENT...

  

   Saraydakı müqaviməti qırmaq üçün Pinoçet əmr verdi. bundan sonra La-Monedaya amansız hücum başladı. Çox keçmədi ki, hər şey bitdi. Salvador Alyende məhv oldu. Əslində prezidentin ölümü ilə bağlı uzun illər iki versiya irəli sürülüb. Bəzilərinin dediyinə görə o, saraya hücum edənlər tərəfindən öldürülüb. İkinci qənaətə görə isə Alyende ən son anda özünü öldürüb. Pinoçet əsgərləri sadəcə olaraq onu güllələyəndə ölmüş cəsədə atəş açıblar. Bundan sonra bir sıra media quruluşlarının hərbi xunta adlandırdığı hərbi komandanlıq Çilidə hakimiyyəti ələ aldı. Az sonra Auqusto Pinoçet 30-cu prezident oldu.

      Uzun müddət Alyendeni müdafiə edən insanlar baş verənləri lənətləyərək bunu Çili üçün ən böyük faciə adlandırdılar. Onlar Alyende hakimiyyətini ideal bir şəkildə təqdim etməyə çalışırdılar. Amma həqiqətdə bunlar belə deyildi. Bu bir fakt idi ki, Alyende iqtidarı öz dövründə müxtəlif sahələrdə böhran yaşayırdı. Onu hakimiyyətə gətirən milyonlarla insanın ölkədə vəziyyətin tezliklə düzələcəyinə inamları itməyə başlamışdı. Ən başlıcası isə bu idi ki, dövlətin ordusunda çevriliş üçün zəmin şərait vardır bu da artıq o deməkdi ki, ölkədə siyasi rəhbərlik zəifdir, yerində deyil. Tarixdə zaman-zaman sübut olunub ki, hakimiyyətdə qalmaq üçün təkcə yaxşı ideyalara malik olmaq kifayət etmir. Onları həyata keçirə bilmirsənsə cavabını verməlisən.   

   Auqusto Pinoçet hakimiyyətə gələndən sonra ölkədə vəziyyət dəyişdi. Ən başlıcası isə daha kimlərsə çevriliş etmək fikrinə belə düşmədilər. O, Çilidə vəziyyəti stabilləşdirəndən sonra öz razılığı ilə hakimiyyətdən gedərək, ağıllı şəkildə prezident kürsüsünü seçkilər yolu ilə mülki adamlara təhvil verdi. Onun hakimiyyətdə olduğu 17 il müddətində səhvlər, yanlışlar, bəzi qanun pozuntuları, müxtəlif sahələrdə problemlər yaşansa da dövlət etibarlı şəkildə idarə edildi. Əslində Auqusto Joze Ramon Pinoçet Uqarte bir çoxlarının iddia etdiyi kimi ölkəyə zərbə vurmadı. Məhz onu dövründə Çilidə qayda-qanun bərqərar olundu, sənayedə, iqtisadiyyatda, beynəlxalq münasibətlərdə stabilllik yarandı, siyasi, hərbi, ictimai özbaşınalıqlara son qoyuldu. Əhali az sonra onu hörmətlə qarşıladı.   

   Heç şübhəsiz, bəzilərinin iddia etdiyi kimi çililər Pinoçeti qatil, sui-qəsdçi, amansız diktator kimi qəbul etsəydilər, o, hakimiyyətdən gedəndən sonra cəmiyyət, insanlar Pinoçetlərin Çilidə yaşamasını cəhənnəmə döndərədi. Lakin bu baş verməmişdi. Generalın bütün övladları, nəvələri, qohumları vətənlərində sakit, qınaqsız bir həyat sürdülər indi bu dəyişməyib. Məlum olduğu kimi General Uqartenin beş övladı - Auqusto Marko Antonio adlı iki oğlu, Lusiya, Jaklin Veronika adlarında qızları olmuşdur. Hələ sağlığında nəvələri nəticələrinin sayı isə 30-u ötmüşdü.

  

 

   (Ardı qəzetin 2 oktyabr sayında)

 

 

   BABƏK YUSİFOĞLU

 

   Ədalət.- 2012.- 25 sentyabr.- S.3.