Masallıda tarixləşən Beynəlxalq Folklor Festivalı

 

Festival bu yurdun qədim tarixə, mədəniyyətə malik olduğunu bir daha sübut etdi

 

Dağlarda, hündür ağaclı meşələrdə payız daha yaxşı hiss edilir. Hər yerdə qəribə bir sakitlik hökm sürür. Yarpaqları daha erkən rəngini dəyişən dəmirağacına palıd, fısdıq, vələs ağacları da qoşulur. Dərələrə, yamaclara payız nəfəsi hər gün daha artıq sığal çəkdiyindən təbiətin yaşıl donu öz təravətini, rəngini bir xeyli də itirir. Həzin, romantik, bir qədər də qüssəli - təbiətin müdrik fəsli payız başlayıb daha.  

   Respublikanın cənub-şərqində, Bakıdan 232 kilometrlik məsafədə yerləşən Masallı rayonu ölkəmizin ən füsunkar guşələrindən biridir. Təsadüfi deyil ki, cənubda yerləşən rayonlar içində turizmin inkişafı bu rayonda daha çox hiss edilir. Dağlara sığınan onlarla istirahət mərkəzləri, otellər, məşhur "İsti-su" Masallını indi dünyada məşhur etmişdir. Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Neftçala rayonları ilə həmsərhəd olan bu rayonda hal-hazırda 200 mindən çox əhali yaşayır. Əhalinin çox böyük əksəriyyətini - 183 minini azərbaycanlılar təşkil edən Masallıda bu gün 17 min nəfərdən çox talış məskunlaşmışdır. Şərqdən Xəzər dənizi, qərbdən Talış dağları ilə əhatə olunan Masallı rayonu 08 avqust 1930-cu ildən inzibati rayon mərkəzi kimi ölkə ərazisində özünə yer alıb.  

   Zəngin mədəniyyətə, qədim tarixə malik Masallı rayonu həm də intellektual səviyyəsi yüksək olan rayonlarımızdandır. Hələ çox əvvəllər - 1274-cü ildə Səfəvilər sülaləsinin yaradıcısı Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin də burda olması təsadüfi hadisə deyil.

   Masallı Azərbaycana, eləcə də dünyaya 230 nəfərdən çox elmlər doktoru, elmlər namizədi, 6 nəfər general, 100 nəfərə yaxın şair, yazıçı və digər nüfuzlu şəxslər verib. İqtisadi sahədə uğurlarına görə 50 nəfərdən çox masallılı Sosialist Əməyi Qəhrəmanı fəxri adına, Lenin ordeninə layiq görülüblər.   

   Qarabağ müharibəsində döyüşən 5 mindən çox Masallı igidlərindən 150 nəfəri şəhidlik zirvəsinə yüksələ bilmişdir. 4 nəfər Masallı rayon sakini isə bu müharibənin milli qəhrəmanı olmuşdur.   

 

   Bir qədər "Masallı" adı haqqında  

 

   Adlar, eləcə də yer adları elə-belə, təsadüfən yaranmır. Tarixi-etnoqrafik, coğrafi amillər, məşğuliyyət yer adlarının yaranmasında əsas rol oynayır. Bu mənada Masallı da istisna deyil. "Masallı" coğrafi adının yaranması haqqında indiyə kimi müxtəlif fikirlər, təxminlər, mülahizələr var. Ərazisində qədim insanların 15-20 min il əvvəl yaşamış bu rayonun təşəkkül tarixi adi mənbələrdə bir sıra versiyalarda verilir. Masallı sözünün "Mosullu" sözündən yaranması, yaxud bu ərazilərdə Masal adlı bir xanımın yaşadığı və onun şərəfinə Masallı adlandırılması ehtimal edilir.

   Bir sıra tarixi mənbələrdə bu ərazilərdə yaşayanlar bir vaxtlar İranın Masal əyalətindən köçüb burda məskunlaşdıqları üçün bu məkan "Masallı" adlandırılıb. Nəticə etibarı ilə onu demək daha doğru olardı ki, "Masalllı" sözündəki "Masal" yer, ərazi mənasında, "lı" şəkilçisi də məkan bildirir.  

   Masallı çox qədim zamanlarda - antik dövrdə Midiyanın, sonra Qafqaz Albaniyasının, XVI-XVII əsrlərdə Səfəvilər dövlətinin tərkibində olmuşdur. XIX əsrin ortalarında isə Yardımlı, Cəlilabad, Lənkəran, Astara, Lerik rayonlarından biri kimi Lənkəran qəzası daxilində həyat sürmüşdür.   

   Yeni Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev 2 dəfə bu gözəl məkanda olmuşdur. Respublikamızın prezidenti İlham Əliyev də dəfələrlə Masallıya gəlmiş, sakinlərlə səmimi görüş keçirmişdir.

  

   Tarixi qədimdir bu yurdun  

 

   Yazılı mənbələrdə, tarixi sənədlərdə bu günümüzə qədər gəlib çıxan bir sıra məlumatlar hələ yurdumuzun dəqiq faktları deyil. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar, tədqiqatlar hər gün yeni-yeni suallar meydana çıxarır. Bitib-tükənməyən bu suallar isə ölkəmizin daha qədim tarixə, mədəniyyətə malik olmasından xəbər verir. Qeyd etdiyimiz kimi, 15-20 min il əvvəl qədim insan məskəni olmuş Masallıya bir sıra tarixi şəxsiyyətlər də təşrif gətirmişlər. Çox əsrlik tarixi olan bu rayonun zaman güzgüsü isə 1952-ci ildən fəaliyyət göstərən Hişkədərə kəndindəki tarix-diyarşünaslıq muzeyidir. Burdakı palentologiya, etnoqrafiya şöbələrində 19 mindən çox qiymətli eksponatlar yığılmışdır.   

   Masallının Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Ərəb, Qızılağac, Öncəqala, Qəriblər, Köhnə Alvadı kəndlərinin ətrafında qədim şəhərin, qala kurqanlarının yerləri müəyyən edilmişdir. Bu yerlərdən tunc, dəmir, antikorta əsrlər dövrünə məxsus xeyli maddi-mədəniyyət nümunələri yığılmışdır. Bütün bunların hamısı Hişkədərə muzeyinin eksponatıdır.   

   Masallıda 168 qədim abidələr, saraylar, qalalar, hamamlar var. Bu yadigarlardan 51-i tarixi-memarlıq, 70-i arxeoloji, digərləri XX əsr abidələridir.   

   Bu rayonda III-IX əsrlərə aid Mahmudabad kəndindəki arxeoloji abidə, IX-XI əsrlərə aid "Ərkivan" qalası, XIX əsrə aid Hişkədərə kəndindəki "Nəzirə Xanım" türbəsi, XIX əsrə aid Boradigah məscidi, tunc dövrünə aid Şərəfə kurqanı digər tarixi-memarlıq abidələri var.   

   Azərbaycanın folklor paytaxtı - Masallı  

   Qədimliyi, zənginliyi ilə dünyaya səs salan Azərbaycanın bütün guşələrində milli-mədəni abidələrimiz saysız-hesabsızdır. Bu mənada Masallı rayonu folklor nümunələri ilə daha çox öyünə bilən bir diyardır. Neçə illərdir burda fəaliyyət göstərən "Halay" folklor ansamblı indi bütün planetdə məşhurdur. 2011-ci ilin avqustunda "Halay" Macarıstanda təşkil edilmiş beynəlxalq festivalda çox uğurla çıxış edərək bir sıra rəqsləri və ifaları ilə mədəniyyətimizi, adət-ənənələrimizi layiqincə nümayiş etdirmişlər.   

   Masallı rayonunun zəngin folklorunu nəzərə alan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 1912-ci ildə Masallı şəhərini "Azərbaycanın Folklor Paytaxtı" elan etmişdir. Nazir Əbülfəz Qarayevin 02 fevral 2012-ci il tarixli 37 saylı əmrinə rəğmən rayonda bu yöndə bir sıra tədbirlər həyata keçirilmişdir.

  

   (ardı gələn sayımızda)

  

  

  Səxavət Məmmədli

 

  Ədalət.- 2012.- 26 sentyabr.- S.3.