İPİN GÜNAHI

 

   Esse

 

   Mustafa səni keçirməsin çənəsinin altına: sözü-sözə calamaqda, dil boğaza qoymadan onu-bunu günahlandırmaqda heç kimi irəli buraxmaz. Milçəyi böyüdüb fil eləməkdə pərgardı. Bapbalaca bir sözü, təzə-tər xəbəri hay-harayla, qışqıra-qışqıra, əl-qolunu oynada-oynada sənə, tək sənə yox, neçəsinə bər-bəzəklə çatdırır, xüsusi coşquyla təşbehlər işlədib hapa-gopa basır ki, gəl bu yazıq, dilsiz-ağızsız (o özünü belə adlandırır) kişinin and-amanına inanma.  

   Polis şöbəsinin önündən keçirdim. Rastlaşdıq. Heç qoymadı hal-əhval tutam, kefini, iş-gücünü soruşam. Əlini uzatdı şöbənin binasına:  

   - Ay müəllim, ay köhnə dost, bu xarabada oturanlar mənim kimi əfəl, savadsız, avam bəndələrin dərisini soyurlar. Burdakılar, and olsun o bir olan Allaha, hamısı rüşvətxor alçaqdı. Utanıb-qızarmadan balaca, bapbalaca bir hadisəni uşaq şarı kimi böyüdür, şişirdir-şişirdir, kağız-kuğuz toplayır, heç nədən sənə 50 maddə oxuyur, axırda da deyirlər: uzağa getmə, əlin cibində olsun. Oğraşlar elə qiymət oxuyurlar, qalırsan mat-məəttəl.  

   - Ay Mustafa de görüm: noolub, maddə, qiymət, hövsələni bas, səbirli ol. Əlindən bir xəta çıxıb? Sərxoş olub toyda dava salıbsan? Əlin gicişib yetimin, fağırın birini şapalaqlayıbsan? Bəlkə qoyun-quzunu basıb, kiminsə zəmisini otarıbsan, ?  

   - Yox, ay müəllim, araq içib dava salmaq nədi, mən o zəhrimarın daşını çoxdan atmışam. İnanmazsan, qapıda mələrtimiz yoxdu ki, qonum-qonşunun zəmisini otaram. A kişi, and ilsun Hacı Söhbətin oxuduğu Qurana üç-dörd ildən bir heç nədən məni dolaşdırır, salırlar sıxma-boğmaya, əlimdəkin alırlar əlimdən.g Arvadağa, tünbətünün qızı da mənə ağıl dərsi deyir: kişi pula qızırğunma, ver canını qurtar... Gedərsən türməyə. Uşaqlar qalar başsız.  

   İstədim ona səbir, dözm arzulayıb, ayrılam, qoymadı üyütdü, tökdü:  

   - Yazacam yuxarılara! Qoy Qasım müəllim keçsin əlimə.  

   - Neynirsən müəllimi?  

   - Ustadı. Bir az yeyib-içmək verirsən, yaxşıca düzüb-qoşar.  

   - niyə gətiriblər səni bura? Ay köhnə tanış, bir az asta danış (Həqiqətən Mustafa mənim köhnə tanışımdı. İllər öncə şəhər xəstəxanasında bir palatada yatmışıq. İkimizdə həkim Bayramov Kərimin nəzarəti altında mədə-bağırsağımızı "sağaldardıq". Elə bu kifayət elədi ki, harda görüşsək, kef-əhval tutaq, sağlamlıq durumumuzu dilə gətirək).  

   - Əşi vallah deyim. danışım. Utanıram. Düzün bilmək istəsən. üç metr ipə görə.  

   Təəccüblənirəm:  

   - ? Ədə başına at təpib, nədi? Necə yəni üç metr ipə görə sən boyda kişini ilişdiriblər? Belə haqsızlıq olar? İstəyirsən mən gedim polis rəisinin yanına.  

   - Yox, yox, sən Allah o fikrə düşmə. Qaş düzəltdiyimiz yerdə göz çıxararıq.  

   Halına acıyıram. Ayıb deyil, ip nəmənədi ki, ondan ötrü mənim bu köhnə tanışım şöbəyə gətirilsin?

      And-aman eləyir, yalvarır ki, rəislə görüşməyim. Niyə? Düşünürəm içimdə şübhə boy verir: deyəsən məsələ ayrı cürdü, burda nəsə qaranlıq məqam var. Nədi bu qaranlıq məqam?  

   Mustafanın haray-həşirinə yoldan ötənlər ayaq saxlayır. Daha dükanın üzü tozludu, dayanıb bu ip məsələsini çözələmək, təzə nəsə öyrənmək həvəsim sönür. Uzaqlaşıram ondan. Yolu keçəndən sonra geriyə boylanıram. Yenə əl-qol atır. ətrafına yığışanlara nəsə deyir, yəqin yenə kiminsə arxasınca söyüb-söylənir. Maraq doğuran budu ki, üç metr ipə görə köhnə tanışım çoxbilmiş quş kimi dimdiyindən ilişib. Heç ola bilməz axı, ipdən ötrü Mustafanı polis çək-çevirə, get-gələ salsın. Nəmənə şeydi bu ip? Düzdü, məişət qayğılarımız, ev-eşik işlərimiz onsuz ötüşmür. İp haqqında danışmağa, moizə oxumağa hacət. bu yerdə keçmişi, ötənləri yada salarkən öz-özümə gülməyim tutur. Keçmişdə kişi qadınların, biədəb səslənməsin, tumanbağısı imiş bu ip. Kəndir, zivə, ciyə, çatı, qatma, ovsar da deyirlər ona. Ataların öyüd-nəsihətinə fikir verin: "Sənin ipin üstə odun yığmaq olmaz", "Hər iplə quyuya düşməzlər", "İlan vuran ala çatıdan qorxar"...  

   Yaddaş cədvəlinin lap küncündən kiçik bir əfsanə boy verir:  

   Uzun illər sahibinə qulluq eləyən, susuz, ot-ələfsiz, səhralarda ömür sürən qoca nər taqətdən düşüb daha, heyi-hərəkəti yox ayağa qalxa, qoşula karvana, girə yük altına. Mömin bəndə olan sarban (sarvan - ərəbcə "dəvə" deməkdi, sarban isə karvanın sahibi, əni dəvəçi. Bunu ona görə xatırladıq ki, bəzi müğənnilər səhv eləyib, qəzəllərdəki "sarban"ı "sarvan" təki tələffüz eləyir) dostunun ölən-öləziyən həyatına, gözlərinin son işartısına baxır, baxır düşünürsə, halallıq istəyir dəvədən:  

   - Bağışla məni əziz dost, - deyir, - sənə çox əziyyət vermişəm: uzaq-uzaq diyarlara yük aparıb-gətirmişəm. ac, susuz qalıbsan... Ayrılıqdı, halal elə zəhmətini.  

   Qoca nər son gücünü toplayıb, yovşan kolununu arasından başını qaldırır. Çuxura düşmüş gözlərinin işartısı da bir az artır onu.  

   - Əzab-əziyyətlər, ağır yüklər, uzaq səfərlər alnımıza yazılıb bizim, - deyir, - bütün günahlarını bağışlayıram, bircəsindən başqa.  

   Sarban heyrətlənir:  

   - O nədi elə?  

   - Bəlkə yadından çıxıb, mənsə unuda bilmirəm hələ. Həmədana xurma aparırdıq. Bərk hirslənmişdin. Mənim ovsarımı bağladın boz eşşəyin quyruğuna. Bax bircə onu sənə bağışlamayacam.

   Eh, elə o gün? , elə gün görsəm yaxşıdı: iki polis işçisi Mustafanı məhkəmə tərəfdən gətirir şöbəyə. Cücəyə dönüb, rəhgi-ruhu avazıyıb, dil-dodağı təpiyib. Deyəsən işi yaşdı. Daha məni görən kimi haray-həşir qoparmır, qışqır-bağır salmır. Bir az da utanan kimidi. Yazığım gəlir tanışımın bu halına.

      Niyə qoluna qandal keçirsinlər onun? 

   Polis serjantı qonşum olduğu üçün yaxınlaşıb, görüşürəm Mustafayla:  

   - Noolub, niyə belə birtəhərsən ey!  

   - Heç, məhkəmə məni damladı. Aparırlar türməyə.  

   - Elə üç metrlik ipə görə? Bəlkə burda başqa var, ay Mustafa? Heç inanmağım gəlmir bir ipdən ötrü səni damlasınlar. Belə haqsızlıq ağlıma batmır.  

   - neyləyim, səhər-səhər demədim sənə, hökumət yoxdu?  

   - Axı, neyləyibsən ki?  

   - Günahım bilirsən nədi? O ip zibil var ha, mən Səringülün tövləsindən götürmüşəm, demə o ipin o biri ucuna arvadın danası bağlanıbmış. Mən bilməmişəm...

      Serjant qonşum qəhqəhə çəkir:  

   - Ay müəllim, bu Mustafanın çərənləməsinə bənd olma. Gözünün içinə kimi yalan danışır. O, həmkəndlisi, əri ölən, 4 uşaqla dörd divar arasında qalan Səringülün tövləsindən oğurluq eləyib. Cöngəni ip qarışıq açıb. Gecəykən aparıb Cəlilabad rayonuna, satıb qəssaba.  

   - Nəəəə, bəs ay Mustafa, sən deyirdin 3 metrlik ipə görə məni gətiriblər şöbəyə?  

   - Əşi, mən hardan bilim o ip şoğəribin bir ucuna da dana bağlanıb.  

  Mustafanın sərgüzəşti, dana oğurluğu yayıldı rayona. O kişinin 3 metrlik ip söhbəti qəliz, dolaşıq məsələymiş! Əldən-dildən pərgar Mustafa dana oğrusu imiş. İndi mən köhnə tanışımı necə təmizə çıxarım, yuyub yarpız üstə qoyum?  

   Necə günah işlədim, babala batım ki, ay camaat Mustafa 3 metr ipin güdazına gedib. Necə olsa, bircə əlacım qalıb, deyəm ipin "günahı" böyükdü! Əlimə iti bıçaq keçsin, doğram-doğram edəcəm, yandıracam bu "günahkar" iplərin hamısını...

 

 

   Əlibala Rəhimov

 

   Ədalət.- 2012 .- 26 sentyabr.- S.4.