SÜFRƏ MƏDƏNİYYƏTİ

 

  ESSE

 

   Aqillərdən birinin sözüdür: cavanın əli güclü olur, qocanın dili. Bu gün Avropaya yön alan cavanlar yaxamdan möhkəmcə yapışıb, məni daşa-divara çırpsalar belə, dilimi dinc qoyan, sözümü geri götürən deyiləm: mən nostaldiya xəstəliyinə tutulmuşam, tez-tez tifaqı dağılan sovet dönəmində yaranmış ədəbiyyat, incəsənət əsərlərini şedevr bilirəm və onları imkan düşdükcə yenidən oxuyuram, baxıram. Ədəbiyyata hələ yaxın düşməyək, kinoya əl uzadaq. "İncəsənətin ən əhəmiyyətlisi kinodur" - deyən V.İ.Leninin sözlərinə inanıb, yada salaq: sovetin vaxtında çəkilmiş hansı kinomuzu sevmirik, hə?  

   Yayın od ələyən istisində "Dərviş Parisi dağıdır" bədii filminə baxdım və ləzzət aldım. Orda bir epizod var: Hatəmxan qardaşı oğlu ilə - bircə qızını ərə vermək istədiyi gənclə - kəskin danışmır, onu Müsyo Jordana qoşulub Parisə getmək istəyindən çəkindirmək üçün dilə tutur: "Orda nə var axı, -deyir, -onlar stul üstə oturur, biz yerdə. Bax, beləcə bardaş qurub otururuq.g Onlar xörəyi qaşıqla yeyir, biz əllə"... Deyim ki, ünlü sənətkarımız Adil İsgəndərovun ifasında Hatəm xan obrazı dolğundur, canlıdır, heç vaxt unudulmayacaq.  

   O kinoya baxandan iki ay ötüb və iç dünyamda yeni ideya yazanıb: qərblilərin əxlaqını, açıq-saçıqlığını, xüsusən süfrə mədəniyyətini gördük. Onda bəs görəsən, başqa sahələr bir yana, biz müsəlmanların süfrə mədəniyyəti necə olmalıdı?  

   Bildiklərimi qoy qələmə alım. Bəlkə hayıl-mayıl olub, Avropaya üz tutan gənclərimizə mənim bu qeydlərim müəyyən mənada təsir edər.

 

      Əvvəlcə "bir inci saflığı" olan suyu içmək barədə:  

 

   - Gündüz ayaqüstə su içməyin;  

   - Sormaqla su içmək məsləhət deyil;  

   - Gəlin su içməzdən əvvəl "bismillah", içəndən sonra "əlhəmdüllah" deyək;  

   - Suyu üç dəfəyə içmək lazımdır...  

 

   İndi isə keçirik yeməyə;  

   - Yeməkdən qabaq hər iki əlimizi yumalıyıq;  

   - zəruri etiyacımızı ödədik, nuşican. İndi gəlin əllərimizi yenidən yuyaq və dəsmalla qurulayaq;  

   - qayda belədir; ev sahibi yeməyə birinci başlamalı və qonaqdan sonra əlini süfrədən çəkməlidir. Belə etsək, qonaq utanıb-çəkinməz, iştahla, doyunca yeyər;  

   - yeməyin əvvəlində "Bismillah" deməliyik, əgər süfrədə neçə növ təam varsa, hamısına əl uzadanda "Bismillah" deməyimiz məsləhətdir. Axı, bütün nemətlər bizə Allahın göndərdiyi ruzidir, payıdır.  

 

   Başqa bir nüans:

 

      - Əgər toxuqsa, iştahımız yoxsa, niyə süfrə arxasında əyləşməliyik? Bunu bizə məcbur edən var?  

   - əgər doymuşuqsa, yeməyi davam etdirməyin mənası yoxdur;  

   - isti xörək yemək olmaz. Bu, orqanizmə ziyan verər. Tələsməyin, necə deyərlər, ələmsöyünlüyün mənası yoxdur. Kimdi səni arxadan qovan?  

   - süfrə arxasında sərbəst əyləş, sağında-solunda əyləşənə dirsək atma, onunla zarafatlaşma, xısınlaşma;  

   - yemək zamanı fikrin özündə olsun, başqasında yox. Gözünü qarşında əyləşənə zilləmə, daha doğrusu, ətrafındakı ilə gözləşmə, işarəylə heç kəslə əlaqəyə girmə.  

   - yeyərkən ağzını marçıldatma;  

   - tikəni bu əngindən o birisinə tez-tez ötürmə;  

   Yediyimizi, içdiyimizi üfürməyək;   

   - Süfrəyə çörək qoyulandan sonra tələsmək lazım deyil. Birliyi, yəni ailənin o biri üzvlərinin, xüsusilə böyüklərin əyləşməsini gözləmək ədəbdəndir. Ata-ana süfrənin baş tərəfində əyləşməli, böyük-kiçik münasibətləri pozulmamalıdır. Bu məsəli unutmayaq:  

   "Allahsız yerdə otur, böyüksüz yerdə oturma":  

   - Çörəyi bıçaqla doğramayın;  

   - süfrənin bəzəyi, birinci nemətdir çörək. Çörəklə əl silməzlər, bu günahdır. Onun bir qırıntısını ayaq altına salmaq olmaz, yoxsa evin, ailənin ruzisi, bərəkəti qaçar. Ovuntu varsa, ovcuna yığ, at ağzına;  

   - əlinizlə əti sümükdən ayırın, sonra yeyin. Daha doğrusu, ağzınıza sümük qoymayın. Kimləsə danışa-danışa, fikriniz başqa yerdə olar və ağzınızdakı sümük qırıntısı sizə ziyanlıq verər:  

   - yemək yeyərkən meyvənin qabığını soymayın. Qoz, fındıq, şabalıd kimi meyvələr nəzərdə tutulmur ha!  

   - yaxşı olar ki, meyvəni, tərəvəzi yeməyin sonunda qəbul edəsən;  

   - yeməkdən sonra çay içmək, papiros çəkmək məsləhət deyil. Heç olmasa yarım saat fasilə verilməlidir. Həyət-bacada hərəkət eləmək, gəzişmək məsləhətdir;  

   - dişlər təmizlənməli, yuyulmalıdır.  

 

   Mövzumla bağlı bir xatirə yarpağı:  

 

   1972-ci ildə ikinci dəfə ali təhsil alarkən qəzetdə işləyən jurnalist dostum zəng elədi mənə: "Tez gəl dəmiryol vağzalına, yer var oraya gedəcəyik". Görüşdük, məqsədi açıqladı:

      - Mərdəkana tələsirəm. Mayestro Niyazi Avstriyadan qayıdıb. Redaktorun tapşırığıdı, onunla müsahibəni biz verməliyik. Səni bilirsən niyə aparıram? O, ağır təbiətli insandı. Gərək dediyini düz yazasan, artırıb-azaltmayasan. Söhbətlərimizə diqqətlə qulaq as. Mənə onun cavablarını yadında saxla. Dostumu qınamadım. O vaxt jurnalistin diktafonu vardı, kamerası. Əlində bir bloknot idi, bir qələm.  

   Bağ evində mehriban görüşdü bizimlə. Əlində qayçı vardı, üzüm tənəklərinin qurumuş budaqlarını doğrayırdı. Elə görə-görə həmsöhbət oldu bizimlə. Günorta gəldik balaca bağ evinə. Döşəməyə xalça sərilmişdi, nə stol var idi, nə stul. Bir-birimizə baxdıq. O, deyəsən fikrimizi "oxudu".  

   - Oturun aşağı, bardaş qurun. Biz süfrədə belə əyləşməliyik.g Həcər xanım qarşımıza boşqab qoydu. Pah, qaşıq yoxdu. Bulud qabdakı döyüdən əvvəl bizə, sonra özünə yemək qoydu. Sağ qolunu dirsəyə kimi çırmaladı. Bizonun kimi.  

   - Başlayaq, - dedi, - plovu əllə yeyərlər, qaşıqla yox. yağ da tökün... Sonra təriflədi Həcər xanımı, onun bişirdiyi plovu heç harda yeməmişəm.  

   Doyandan sonra bizonun kimi barmaqlarımızı yaladıq.  

   Axırda "ilahi şükür" dedik.  

   Söhbəti qırıq-qırıq da olsa, maraqlı idi:  

   - Bizim Azərbaycan kimi sərvətli, dövlətli diyar yoxdu. Bütün nemətlərimiz var, amma onun qədrini bilmirik.  

   g Vyanada Həcərin bişirdiyi plov yadıma düşdü. Restoranda sifariş verdim. Gətirdilər. Güclə bir qaşıq götürdüm. Yeməli deyildi. Bir qab düyüyə görə məndən 42 dollar pul aldılar.  

   Bizim Talış zonasında sədri düyüsü var. onun plovunun dadı, tamı, ləzzəti, ətri bihuş edir adamı...

  

  

   Əlibala Rəhimov

 

   Ədalət.- 2012.- 27 sentyabr.- S.4.