Masallıda
tarixləşən Beynəlxalq Folklor
Festivalı
Festival bu yurdun
qədim tarixə, mədəniyyətə malik
olduğunu bir daha sübut etdi
(əvvəli
ötən sayımızda)
Masallı rayonu İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə yaradılmış təşkilat komitəsinin tədbirlər planı əsasında rayonun müxtəlif ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxışlar keçirilmişdir.
Bütün
bunların məntiqi nəticəsi kimi qərara
alınmışdır ki, 2012-ci ilin 7 sentyabrından 9 sentyabrına kimi Masallı rayonunda Beynəlxalq
Folklor Festivalı keçirilsin.
Folklor
Festivalının qonaqları
Belə bir möhtəşəm tədbirin keçirilməsi əlbəttə, elə də sadə görünən məsələ deyil. Tədbirin uğurla başa çatması üçün bütün detalları dəfələrlə saf-çürük etmək, qonaqlara xüsusi diqqət ayırmaq ancaq sözdə asan görünə bilər.
Masallıya isə qardaş Türkiyədən 19, İranın Təbriz şəhərindən 6, Qazaxıstandan 8, Latviyadan 8, Rusiyadan Dağıstan və Kabardin-Balkar vilayətlərinin hər birindən 15 nəfər iştirakçı gəlmişdir. Naxçıvan Muxtar Respublikasının 15 nəfərdən ibarət "Şərur" qrupu da qonaqlar sırasında olmuşdur. 100 nəfərdən artıq qonağın nümunəvi istirahət mərkəzlərində yerləşdirilməsi və digər qayğıların yüksək təşkili də unudulmamışdır.
Qonaqlar siyahısında iştirakçı ölkələrin səfirlərinin də yer alması məsuliyyəti daha da artırmışdır.
Qonaqlar cərgəsində Milli Məclisin deputatları Elmira Axundova, Sabir Rüstəmxanlı, Nəriman Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət və Siyasət şöbəsinin müdiri Fikrət Babayev, Respublikanın Xalq Artisti İlham Əsgərov, Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov yer almışlar. Paytaxtda yaşayan Masallı ziyalıları, jurnalistlər, televiziya işçiləri də tədbirin müsafirləri olmuşlar.
Hadisələri
qabaqlayaraq qeyd edək
ki, bu festivalda
iştirak edən ölkələrin
nümayəndələri, Masallıya qonaq
gəlmiş iştirakçılar öz
ölkələrinə çox zəngin
təəssüratla qayıtmışlar. Onlar
tədbirin çox yüksək səviyyədə
təşkil olunduğunu, belə təmasların
xalqlar arasında dostluğun
möhkəmlənməsinə kömək etdiyini
bildirmişlər.
Festivalın ilk
günü
20-yə
yaxın folklor qruplarının iştirak etdiyi Beynəlxalq
Folklor Festivalı Heydər Əliyev
adına Xatirə Parkının qarşısındakı meydançada açılış mərasimi
ilə işə başlamışdır. Festival
iştirakçıları, nümayəndə heyətinin rəhbərləri,
digər qonaqlar və rəsmilər ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət etmək və abidəyə gül qoymaqla bu şəxsiyyətə olan
münasibətlərini bildirmişdir.
Sonra Nizami Gəncəvi adına parka gələn qonaqlar burda təşkil edilmiş sərgiyə baxmışlar. Festival iştirakçıları Azərbaycanın, xüsusən də cənub bölgəmizin milli mətbəxinin ləziz yeməklərinin dadına baxmağı da unutmamışlar.
Günortadan sonra isə festival iştirakçıları Nizami parkındakı səhnədə öz milli geyimlərində məşqlərə başlamışlar. Məşqləri izləyən tamaşaçıların alqışları qonaqları daha da ruhlandırmışdır.
Günün sonunda saat 18-də Beynəlxalq Folklor Festivalının təntənəli açılış mərasimi olmuşdur. Bir neçə saat çəkən konsert proqramından sonra isə qonaqların şərəfinə böyük ziyafət verilmişdir.
İştirakçı dövlətlərin nümayəndələri
elə ilk andan
Masallı qonaqpərvərliyi ilə üzləşmişlər.
Bayramın ikinci
günü
Festivalın ikinci günü səhər saat onda Gənclər Meydanında toplaşan qonaqlar bir sıra görüşlər və hazırlıqlardan sonra Boradigah qəsəbəsinə yola düşmüşlər. Qəsəbədə çox böyük hörmət və ehtiramla qarşılanan folklor kollektivləri də eyni həvəslə yerli sakinlər qarşısında çıxış etmişlər. Xatirə şəkilləri çəkdirməyi unutmayan qonaqlar Boradigahdan zəngin təəssüratla qayıtmışlar.
Günün ikinci yarısında Şərəfə kəndində çıxış edən festival iştirakçıları daha böyük coşqu ilə qarşılanmışlar. Bir-birindən maraqlı musiqi nömrələri yəqin ki, uzun müddət kənd sakinlərinin xatirəsində yaşayacaq.
Həmin günün axşamında hər tərəfə
sərinlik çökəndə isə Masallı şəhərinin
mərkəzində yerləşən Nizami
parkındakı Gənclər Mərkəzində qonaqlar üçün diskoteka təşkil edilmişdir.
Rayon sakinlərinin də iştirak
etdiyi diskotekada musiqi səsləri gecəyarıya kimi davam etmişdir.
Bu da son
Bir sıra mətbuat orqanlarının, televiziya kanallarının yaydığı xəbərlər, göstərdikləri sujetlər Masallıdakı festivalın uğurlarını bəlkə də tam əks etdirmir. Çünki festivalı izləmək və zövq almaq daha geniş anlamdır.
Tədbirin sonuncu günü folklor kollektivləri yenə səhər saat 10-da Nizami parkında görünmüşlər. Sonra onlar Masallı rayon Diyarşünaslıq Muzeyinə səyahət etmişlər. Qonaqlara Masallının tarixindən, mədəniyyətindən, milli-mənəvi dəyərlərindən geniş məlumat verilmişdir.
Günorta yenidən Nizami parkına yığışan tədbir iştirakçıları xeyli çəkən məşqə başlamışlar. Masallı sakinləri axşam saat 19-da keçirilən yekun konsertində məşq zamanı görüb-eşitdikləri musiqi səhnələrinin bir daha şahidi olmuşlar.
Mərasim sentyabrın 9-da axşam saat 22-də Gənclər Mərkəzində qonaqlara qiymətli hədiyyələr, diplomlar verilməklə başa çatmışdır. Bu təltiflərdən sonra müsafirlər yenidən diskotekaya dəvət olunmuşlar. Maraqlı diskotekadan sonra qonaqlar yerli sakinlərin müşayiəti ilə Masallının küçələrinə çıxmışlar. Möhtəşəm atəşfəşanlıq qonaqları heyrətləndirdiyi qədər də mütəəssir etmişdir. Beləcə, son başlanğıcdan daha maraqlı olmuşdur.
Masallıda keçirilən Beynəlxalq Folklor Festivalı bu rayonun timsalında ölkəmizin nə qədər zəngin mədəniyyətə, tarixə, etnoqrafiyaya malik olduğunu bir daha sübut etmişdir.
Səxavət
Məmmədli
Ədalət.-
2012.- 27 sentyabr.- S.3.