Əsrləri adlayan yurd yeri
Qərb bölgəsinin incisi
Qədim insan məskənlərindən
olan Tovuz rayonu tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları
yurd yerlərindəndir.
Tarixdə Şəmşədil,
Şəmşəddin, Touş
adları ilə tanınan bölgə Tovuz rayonu kimi
1930-cu il avqustun 8-də təşkil
olunub. Rayon Azərbaycan
Respublikasının şimal-qərbində
yerləşərək əlverişli
iqtisadi coğrafi mövqeyə malikdir.
Ərazisinin ümumi sahəsi 1903 kv.kilometrdir, bu, ölkə ərazisinin 2,2 %-nə, Gəncə-Qazax iqtisadi rayonunun isə 15,2 faizinə bərabərdir.
Tovuz rayonu Azərbaycanın
qərb bölgəsində
yerləşir. Şəmkir, Gədəbəy və Ağstafa rayonları ilə həmsərhəd
olan Tovuzun Ermənistan və Gürcüstanla dövlət
sərhədləri vardır.
Tovuzun qədim türklərin
yaşayış məskəni
olması, bu bölgədə türk soyunun ənənəvi hakimliyi inkaredilməz həqiqətdir.
Geoloji-coğrafi
mövqeyinə, mülayim
iqliminə görə
ən qədim yaşayış məskəni
ola bilməsi
əraziyə diqqəti
artırırdı. VII əsrdən üzü bəri daş kitabələr, "Kitabi
Dədə-Qorqud" dastanları
və Tovuzun elə bugünkü demoqrafik halı rayonun adının qüdrətli oğuz türk-doqquz oğuz tayfalarının adı ilə bağlı olduğunu sübut edir. Dağ oğuzları bu
ərazidə öz ulu babalarını - qədim türk-hun tayfalarını əvəz
etdilər, başqa sözlə, Tovuz ərazisi e.ə. III əsrdən başlayan böyük hun axınlarında tam məskunlaşdı,
burada türklər yaşamağa başladı.
Xunan, hun toponimləri
ilə bağlı bu gün də
rayonda Xınna, Əsrik, Axınca və sair yer
adları yaşayır.
Ümumiyyətlə, yer, çay,
kənd, dağ, dərə adlarının
hamısı qədimə
gedib çıxmaqla,
birmənalı şəkildə
türk mənşəyini
saxlayır. Quşçu,
Qaralar, Dondar, Qovlar, Ocaxlı, Şırdaxan, Alplı kimi toponimlər ayrı-ayrı müəlliflərin
tədqiqatlarında qədim
türk adlarıdır.
Bu kənd və
obaları özündə
yaşadan oğuz türk tayfalarının ayrı-ayrı nəsilləri,
qolları ilə bağlı olan toponimlərin hərəsi
bir mənanı ifadə edir.
İnamla demək olar ki, Azərbaycanın çox az
bölgəsi Tovuz qədər yer-yurd adlarında türkçülüyü
saxlaya bilmişdir. Alakol, Ağdam, Ağacqala, Qalaboyun, Köhnəqala, Şıxheybət
kimi tarixi türk coğrafi adlarını yada salmaq kifayətdir. Məsələn, Alp tayfaları oğuz
turklərinin ən cəsur və ədalətlisi, dağlarda
məskən salanları
idi. Sonradan əkinçiliklə bağlı şəraitə
görə düzənliyə
köçmüşlər. Hətta bəzi tədqiqatçılara, məsələn,
Yusif Səfərova görə Albaniya adı da "dağ", "uca" mənası verən Alp toponimindən törəmişdir.
Qafqaz Albaniyasının əsas ərazilərindən
hesab olunan Tovuz ərazisində albanlara aid qala tipli tikililərə əsasən uca dağ zirvələrində
(Əsrik dərəsində)
rast gəlinir.
Ərəblərin Azərbaycana yürüşləri,
Albaniya dövlətinin
süqutu dövrlərində
Tovuz artıq daimi yaşayış məntəqəsi kimi formalaşmışdı.
Alban tarixçiləri
Qanzaki, Musa Kalankatlı
məlumatlarında Tovuzun
adını çəkmişlər.
828-ci ildə ərəb sərkərdəsi
Buğa ilə Babəkdən ayrı düşən xürrəmilər
arasında döyüşlərin
də Tovuz ərazisində getdiyi qeyd olunur.
İnkişafın ilk mərhələsi
1883-cü ildə Bakı-Tiflis dəmiryolunun çəkilməsi
Tovuzun iqtisadi inkişafında əhəmiyyətli
rol oynadı.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Şəmşəddil-Tovuz ərazisində
də milli-mənəvi
dəyərlərin qorunub
saxlanılması və
inkişaf etdirilməsi
işi sürətləndirildi.
Qori, sonra isə Qazax müəllimlər seminariyalarının əraziyə
yaxın olması bölgədə ziyalıların
xüsusi çəkisinin
artmasında mühüm
rol oynadı.
SSRİ tərkibində
Azərbaycan SSR yaradıldıqdan
sonra, 1930-cu ilin avqustunda Tovuz rayon inzibati vahidi kimi təşkil olundu, 1963-cü ildə ləğv edilərək
ərazisi Qazax rayonuna verildi, lakin bir il
sonra - 1964-cü ildə
yenidən müstəqil
rayona çevrildi.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Tovuz rayonu
da bir tərəfdən
sevinc yaşadı, digər tərəfdən
isə xain ermənilərlə 69 km. ümumi
sərhəddə böyük
narahatlıqlar başlandı,
müharibənin ağrı-acısını
yaşadı. Məlum münaqişə
dövründə Tovuzun
yüzlərlə igid
övladı düşmən
gülləsindən şəhid
oldu, lakin bir qarış torpağını mənfur
düşmənə vermədilər.
Tovuzun Naiq Nəsir
oğlu Yusifov və Qasım Qara oğlu Rzayev kimi milli
qəhrəmanları gənclərin
vətənpərvərlik nümunəsidirlər.
Rayonun fiziki-coğrafi mövqeyi
və relyefinin müxtəlifliyi iqlim şəraitinin rəngarəng
olmasını şərtləndirir.
Kür çayı vadisini əhatə edən ərazilərdə
quru-subtropik iqlimin, düzənlik hissədə
və yüksəkliyi
1000 metrə qədər
olan ərazilərdə
mülayim-isti quru iqlimin, yüksəkliyi
1000-dən 2000 metrə qədər
olan ərazilərdə
mülayim-soyuq meşə
iqliminin mövcudluğu
rayonun flora və faunasının zənginliyindən,
turizm imkanlarının
genişliyindən xəbər
verir. Ərazisindən
Axıncaçay, Tovuzçay,
Əsrikçay, Zəyəmçay
adlı 4 dağ çayının axması,
dağlıq ərazilərdə
zəngin meşələrin,
təbii bulaqların,
əsrarəngiz gözəlliyi
olan təbiət mənzərələrinin, tarixi
abidələrin mövcudluğu
turistlərin qəbulu
üçün əlverişli
şərait yaradır.
(ardı
gələn sayımızda)
Ədalət.- 2012.- 28 sentyabr.- S.3.