Kameradan tanınan teatr aktyoru

 

   Əməkdar artist Şövqi Hüseynov hər tamaşaya müharibə kimi yanaşır 

 

   Gənc Tamaşaçılar Teatrının aktyoru əməkdar artist, Prezident mükafatçısı Şövqi Hüseynov görkəmli rejissor Cənnət Səlimovanın son illər Azərbaycan teatrına bəxş etdiyi istedadlı aktyorlardan biridi. Səhnədə Şeyx Sənan, Aydın, Yaqo, Salyeri, Skapen, Lopaxin, Feyerbax, Dərviş Məstəli Şah, Vəzir, Tanrıverdi... kimi mürəkkəb obrazlar yaradan aktyor bu gün də ustadından öyrəndiyini deyir, teatrda çalışdığı illəri tələbəlik dövrünün davamı sayır.   

   Dəbdə olan teleserialların çoxunda rol almasına baxmayaraq, özünü sırf teatr aktyoru hesab edir.

  

   - Boya-başa çatdığın Cəlilabad son dövrlər mədəniyyətimizə istedadlı xanəndələr, müğənnilər bəxş edib. Aktyor həmyerlilərindən söhbət düşəndə öncə yada düşən xalq artistləri Qabil Quliyev və Nurəddin Mehdixanlı qardaşları olur. Qazandığın titullara görə yəqin səni də məşhur cəlilabadlıların siyahısına daxil edirlər...

      - Məndən olsa Biləsuvarda doğulan xalq artisti Ramiz Novruzu da həmin siyahıya əlavə edərəm. Cəlilabadla Biləsuvar arasında bir addım məsafə var. Adları çəkilən və çəkilməyən tanınmış həmyerlilərimlə fəxr edirəm. Onlara böyük sayğı və ehtiramım var. Gözümü açandan ailəmizdə sənətə, sənətkara böyük hörmətlə yanaşıldığının şahidi olmuşam. Rayonumuzda ilk dram dərnəyinə dayım Firudin Sultanov rəhbərlik edib. Uzun müddət qəzet redaktoru olmaqla yanaşı bu sənətə də böyük həvəs göstərib. Böyük aktyorumuz Ələsgər Ələkbərov onun rollarını bəyənib. Dayım öz bacılarını da dram dərnəyinə cəlb edib. Anam da digər bacıları kimi dərnəyin fəaliyyətində fəalıq göstərib.   

   Şəxsən aktyor sənətinin sehrinə hansı gün, hansı zamanda düşdüyümü konkret xatırlamıram. Görünür bu da elə ilk məhəbbət kimi bir şeydi. Nə zaman gəldiyini bilmək olmur. Bircə onu bilirəm ki, orta məktəbdə oxuyanda anamın məsləhəti ilə dram dərnəyinə yazılmışdım. Baxmayaraq ki, atamın mənimlə bağlı fərqli planları var idi. O, oğlunun aktyor olmasını istəmirdi.   

   - Bakıya gəlib Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmağın onu göstərir ki, sonda sən deyən olub...   

   - Universitetdə xalq artisti, böyük pedaqoq və rejissor Cənnət Səlimovanın kursuna qəbul olundum. 1991-ci ildə, ikinci kursda oxuyanda xoşbəxtlikdən Cənnət xanım Rus Dram Teatrının baş rejissoru vəzifəsindən getdi...  

   - Xoşbəxtlikdən deyəndə ki, kurs rəhbərinizin işdən çıxmasına sevindin?  

   - Əlbəttə. Çünki ondan sonrakı proses mən də daxil olmaqla kurs yoldaşlarımın həyatını dəyişdi. Cənnət xanım öz teatrını-Kamera Teatrını yaratdı və bizi həmin teatrda işə götürdü. 20 ilə yaxın bir müddətdə 40-a yaxın tamaşa hazırladıq. Dünya, Avropa və milli dramaturgiyamızın inciləri sayılan əsərlərə quruluş verdik. Şekspirin, Çexovun, Axundzadənin, Cabbarlının əsərlərində mürəkkəb obrazlar oynadıq. Kamera Teatrı Samir Sədaqətoğlu, İlqar Fəhmi kimi gənc dramaturqlara "yaşıl işıq" yandırdı. Ali məktəbi başa vursaq da, artıq fəxri adlar alsaq da sanki Cənnət xanımın dərs prosesi davam edirdi. 2009-cu ilə kimi Kamera Teatrı sözün əsl mənasında bizim öz teatrımız oldu. Rol da oynayırdıq, mismar da vururduq, pərdə də asırdıq... Özümüzü çox xoşbəxt hiss edirdik.   

   - Belə çıxır ki, Kamera Teatrı Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra bu xoşbəxtlikdən məhrum oldun...    

   - Mən belə deməzdim. Gənc Tamaşaçılar Teatrı kimi təcrübəsi, geniş yaradıcı və texniki heyəti olan bir kollektivlə birləşəndən sonra daha böyük və müasir avadanlıqlarla təchiz olunan səhnədə oynayırıq, rahat şəraitli qrim otaqlarından istifadə edirik.

      - Gənc Tamaşaçılar Teatrında yeni bir mərhələ başlayır. İstedadlı rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov kollektivə baş rejissor təyin olunub. Gözləntilərin varmı?

      - Baş rejissor kürsüsündə kimin oturması mənim üçün o qədər də önəmli deyil. Aktyorun işi səhnədə üzərinə düşən işi yerinə yetirməkdi. Mənim üçün də əsas budu və bir də teatrda sağlam mühitin olmasıdı. Bəhram Osmanov istedadlı, özünü bu sənətdə təsdiqləmiş bir rejissordu. Düzdü, bu vaxta qədər onun quruluş verdiyi heç bir tamaşada oynamamışam, amma müşahidələrimə inanıb deyə bilərəm ki, Bəhram müəllim istedadlı, çalışmaq istəyi olan aktyorlara meydan verir.   

   - Çox gənc yaşlarından hər aktyora nəsib olmayan obrazlar yaratmısan. Aydın, Şeyx Sənan, Dərviş Məstəli Şah, Yaqo, Salyeri, Skapen, Lopaxin... Mənə elə gəlir ki, arzusunda olduğun rolların hamısını oynamısan...   

   - Arzular bitmir ki... Rol məsələsində aktyorlar acgöz olurlar. Rollar, obrazlar çoxdu. Onların hamısını oynamağa ömrümüz çatmaz. Bir az tələsmək lazımdı.   

   - Yaratdığın obrazlarla bağlı daha bir sualım var. Bu gün səhnədə Şeyx Sənanı və yaxud Aydını oynayırsan, sabah isə Dərvişi və ya Tanrıverdini. Tamam əks qütblərdə dayanan bu xarakterləri tamaşaçıya çatdırmaq asan deyil. Bildiyim qədəri ilə əlində sehrli çubuğun da yoxdu...   

   - Janrı təbii ki, quruluşçu rejissor müəyyən edir. Aktyor kimi mən hər obraza eyni cür yanaşmağa çalışıram. Mənim üçün səhnədə yaratmaq istədiyim insanın özü əsasdı. Onun düşdüyü vəziyyət faciə və ya komediya ola bilər. Ona görə də teatra canlı sənət deyirlər. Pikassonun və ya Prosmaninin çəkdiyi hansısa rəsm əsəri tutaq ki, zamanında başa düşülməyib. Müəllifin nə demək istədiyi illər keçəndən sonra aydınlaşır. Amma aktyorun səhnədə yaratdığı obraz bu gün alınmalı, başa düşülməlidi. Əgər tamaşaçı onu bu gün başa düşmədisə, sabah heç cür bu mümkün olmayacaq. Cənnət xanım demişkən, aktyor hər tamaşaya müharibəyə gedirmiş kimi çıxmalıdı. Bu müharibədə ya sən qalib gəlirsən, ya da tamaşaçı. Tamaşaçı səhnədə baş verənləri sona qədər diqqətlə izləməyə məcbur olursa deməli, müharibəni sən udmusan. Yox, əgər tamaşaçı zalı yarımçıq tərk edirsə, sən məğlub tərəfsən.   

   - Qalib gəldiyin müharibələr çox olub, yoxsa uduzduğun?  

   - Müharibənin statistikasını aparmamışam. Bircə onu deyə bilərəm ki, hər tamaşaya sonuncu tamaşa kimi çıxıram. Bu, məndə alınır, yoxsa alınmır, artıq başqa bir məsələdi.   

   Aktyorlar çox sadəlövh olurlar. Bəzən onlara elə gəlir ki, səhnə arxasındakı düşüncələrini tamaşaçı hiss etmir. Fikrimcə bu çox yanlış yanaşmadı. Çünki mən ürəyimlə tamaşaçının qarşısına çıxıram. Əgər ürəyim, beynim oynadığım obrazda deyil, başqa yerdədirsə, tamaşaçı hökmən onu hiss edəcək. Nə qədər peşəkar aktyor olsan da, bunu tamaşaçıdan gizlədə bilməzsən. Son dövrlər tamaşaçı aktyorun ürəyinə baxmaq üçün teatra gəlir, başqa heç bir komponentlə onu təəccübləndirə bilməzsən. Sənin səhnədə göstərmək istədiyin effektlərin on qat keyfiyyətlisini tamaşaçı internetdən tapa bilər. İnternetdə hər şey var, bircə ürək yoxdu.   

   Kamera Teatrında çalışanda tələbələrlə görüşə getmişdik. Görüşdə iştirak edən iş yoldaşımla səhnədə tərəf-müqabil olsaq da, bir-birimizi sevsək də, həyatda isti münasibətlərimiz yox idi. Küsmək, dalaşmaq olmamışdı. Sadəcə, məsələlərə baxışımız müxtəlif idi. Görüşdə iştirak edən qızlardan bir mənə sual verib dedi ki, aktyor yoldaşınızla həyatda danışmırsınız? Bir daha əmin oldum ki, tamaşaçıdan heç nə gizlətmək mümkün deyil. Həmin sual indi də qulaqlarımdadı.  

   - Bu gün istehsal olunan teleserialların əksəriyyətində rol alırsan. Bəs nə əcəb bədii film çəkən rejissorlarımızın diqqətini cəlb etməmisən?  

   - Əslində daha çox teatr aktyoru kimi tanındığıma görə sevinirəm. Çünki həmişə özümü teatr aktyoru hesab etmişəm. Düzdü, dram-kino aktyorluğu fakültəsini bitirmişəm. Lakin həmin fakültədə kino ilə bağlı bizə heç nə keçilməyib. Bədii filmlərə dəvət olunmağıma gəlincə, artıq bir filmə çəkilməyə başlamışam. Xalq artisti Eldar Quliyev "Dərvişin qeydləri" filmində mənə rol verib. Filmdəki 8 əsas qəhrəmandan birinə mən çəkilirəm.   

   - Necə deyərlər, buz əriməyə başlayıb.   

   - Belə də demək olar. Ümid edirəm ki, yaradıcı heyətin etimadını doğruldacam.

 

 

   Etibar CƏBRAYILOĞLU

 

   Ədalət.- 2012.- 29 sentyabr.- S.5.