Əsrləri
adlayan yurd yeri
(əvvəli ötən sayımızda)
Rayon ərazisində beynəlxalq turist marşrutuna daxil edilməsi üçün Qovlar qəsəbəsi və İbrahimhacılı kəndində şərab dequstasiya zalları və konyak klubu vardır.
Həmin obyektlər ehtiyac olduğu təqdirdə xırda əlavələr edilməklə müasir dizayn əsasında yeniləşdirilə bilər. Qovlardan Gədəbəy rayonun Saratovka kəndi istiqamətində tarixi Xınna dərəsindəki Alakol kəndində şəhərgah, Yanıqlı kəndində XVII əsrə dair məscid və XII əsrə aid türbələr, Qəribli və Abdal kəndlərində orijinal arxitekturaya malik qədim Alban məbədləri mühafizə olunur. Eyni zamanda həmin marşrut boyunca "Çinarlı", "Sınaqlı", "Haçaqaya" kimi bir sıra ziyarətgah və pirlər də mövcuddur. Zəyəm dağ çayında turist marşrutu boyunca səyahətçilərin balıq tutması, su idmanı və üzgüçülüklə məşğul olması, qəlyanaltı və nahar üçün müasir standartlara uyğun lazımi obyektlər yaratmaq mümkündür.
Əsrik çayı boyunca Azaplı kəndində "Qərib Seyid" ziyarətgahı, Əsrik Cırdaxan kəndində "Cökəli" istirahət zonası, Kirən kəndində "Nəcəf talası" adlanan istirahət mərkəzləri turizm üçün əlverişli ərazi kimi müəyyənləşdirilmişdir. Rayondan 12 km məsafədə yerləşən Kür çayının sağ sahilində antik dövrə aid "Torpaqqala" qədim yaşayış məntəqəsi, Vahidli kəndində Axınca çayı üzərində XIX əsr memarlıq abidəsinə aid edilən "Sultan körpüsü", həmin kənddə xüsusi coğrafi quruluşa malik "Qala düzü" adlanan ərazi turistlərin marağına səbəb ola bilər. Tovuz şəhərində 1923-cü ildə Alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu artıq "Şərab yolu marşrutu" Turizm layihəsinə daxil edilmişdir.
Qeyd etmək lazımdır ki, 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən "Tovuz rayonunun turizm inkişafı planı" layihəsi hazırlanmışdır.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Rayon ərazisində kənd təsərrüfatı məhsulları istehsal edən nümunəvi fermer təsərrüfatları vardır.
Rayonun iqlim şəraiti daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. 1980-ci ildə rayonda 9870 üzüm bağından 97926 ton məhsul götürülüb. Son illərdə Tovuz rayonunda üzümçülük inkişaf etdirilir.
"Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar üzümlüklərin yenidən salınması sürətlənmişdir.
Üzümçülük sahələrinin inkişafı ilə əlaqədar olaraq rayonda şərabçılıq sahəsi inkişaf etdirilir. Hər il rayonda 10 min hektardan çox sahədə kartof əkilir.
Qədim tarixə malik Tovuz bölgəsinin əhalisi elmə, təhsilə həmişə böyük dəyər vermişdir. Ərazidə XIX əsrin son rübünədək təhsil əsasən dini məktəblərdə və fərdi qaydada aparılmışdır.
Tovuzda ilk dünyəvi məktəb 1891-ci ildə rayonun Yuxarı Öysüzlü kəndində rus-tatar məktəbi kimi fəaliyyətə başlamışdır.
1899-cu ildə Tovuz şəhəri ərazisində Rəsulov Hüseyn adlı bir şəxsin evi dünyəvi təhsil təəssübkeşləri tərəfindən kirayə edilir və burada sonralar 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin adını daşıyan Tovuz şəhər orta mətkəbinin bünövrəsi qoyulur.
Yanıqlı kəndində 1924-cü ildə şəxsi evlərdə 4 illik məktəb açılmışdır. Tovuzun ilk görkəmli müəllimləri sırasında Ağamməd Axundovun, Məmmədqara Məmmədovun, Əli Əliyevin, Cəfər Mürşüdlünün, Həsən Həsənovun, İbrahim Qüdrətovun, Qara Sultanovun, Nadir Abdıyevin adlarını çəkmək olar.
Tovuzda elmə, təhsilə olan ictimai münasibət və rəhbərliyin bu sahəyə diqqət və qayğısı belə qənaətə gəlməyə əsas verir ki, bu gün rayonda gələcəyin neçə-neçə elm və mədəniyyət xadimləri yetişməkdədir.
Respublikanın digər bölgələri ilə yanaşı spesifik xüsusiyyətləri ilə seçilən rayon əhalisinin tarixi-mədəni irsinə söykənən zəngin mədəni ənənələri olan Tovuz mədəniyyəti rayon əhalisinə yüksək mədəni xidmətlər göstərməkdədir.
Rayonda ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən kitablar, foto şəkillər, video materiallarla təchiz edilmiş Heydər Əliyev muzeyi, rayonun tarixi və etnoqrafik xüsusiyyətlərini özündə əks etdirən maddi mədəniyyət nümunələri və məişət əşyaları əsasında formalaşmış Tarix Diyarşünaslıq muzeyi, görkəmli dünya rəssamları ilə yanaşı, yerli rəssamların da əl işlərinin sərgiləndiyi Dövlət Rəsm Qalereyası, şifahi xalq ədəbi janrının ən qədim növü hesab olunan, rayonda çox görkəmli nümayəndələri yetişən aşıq sənətinin bölgədə, eləcə də, respublikada inkişaf dinamikasını canlandıran Aşıq Sənəti Dövlət Muzeyi rayon əhalisinin və turistlərin xidmətindədir.
Ədalət.-
2012.- 29 sentyabr.- S.4.