"ƏLİNİ QOY
ÜRƏYİMİN ÜSTÜNƏ"
(Lənkəranda yaşayan şair
Anar Həbiboğlunun ilk şeirlər kitabı haqqında)
Hər
gün, hər həftə, hər ay yeni şeir kitabları
çapdan çıxır, nəşriyyatlarımız
sanki nəhəng bir dəyirmana oxşayır. Amma bu dəyirmanın
məhsulu heç də bizi ürəyimizcə sevindirmir.
Mirzə Ələkbər Sabir demişkən: "Ələnirsə
saf bir yanlıq, tozu bir yanlıq olur". Özü də toz
daha çoxdu. Amma bu kütləvi şeir axınında saf və
təmiz, ilahidən gələn şairlik istedadının bəhrəsi
olan poeziya nümunələri ilə də
qarşılaşırıq.
Anar Həbiboğlu
Lənkəranda yaşayır və demək olar ki, qaynar ədəbi
mühitdən çox uzaqdadır. Onu Bakıda,
Yazıçılar Birliyindəki "Natəvan" klubunda
görməzsən, bu klubda bəzən Anar Həbiboğlunun
bircə şeirini yaza bilməyən "şairlərin"
şeir kitablarının təqdimatı keçirilir. Onu
Bakıdakı ədəbi mətbu dərgilərinin
redaksiyalarında da görməzsən. Şeirlərini bu dərgilərə
ya poçtla, ya da kiminləsə yollayır. Bu ilə qədər
mətbuatda şeirləri çap olunmağına və bu
şeirlər barədə məqalələr dərc edildiyinə
baxmayaraq heç Yazıçılar Birliyinin üzvü də
deyildi. Sağ olsun Fikrət Qoca və İntiqam Qasımzadə
ki, Anarı Yazıçılar Birliyinə üzv qəbul
olunmasına kömək elədilər.
Anarın ilk kitabında toplanan şeirlər müxtəlif
illərdə yazılıb, bu müxtəliflikdə onun bir
şair kimi inkişafını da görürsən. Nədir
onun şeirlərinin başlıca məziyyəti və Anar
öz yaşıdlarından necə seçilir? Mən
Anarın şeirlərini mövzular üzrə standart təhlil
üsulundan yan keçirəm. Bu şeirlərin
hamısında bir insan ömrünün, bir şair taleyinin
poetik duyğuları əks olunub.
Şair
ömrü heç də ölçülü-biçili, qəlibə,
standarta sığışdırılmış bir
ömür deyil. Sovet dövründə şairdən söz
açanda əksərən onu öz subyektiv aləmindən,
özünəməxsus hisslər, duyğular
dünyasından ayırıb sırf ictimai bir obraz
yaradırdılar. Amma indi belə düşünmürlər.
Şair təkcə dünyanın, cəmiyyətin, gerçəkliyin,
onu əhatə edən mühitin yox, həm də öz
duyğularının, düşüncəsinin əzabkeşidir.
Anar Həbiboğlunun şeirlərində subyektiv duyğular
ön plandadır, dünya da, cəmiyyət də, mühit də
bu duyğularda öz əksini tapır. Necə deyərlər,
qəlbin pəncərəsindən dünyaya baxır. Əslində,
bizim ən gözəl şairlərimizin yolu bu olub.
Həyat
çox mürəkkəbdir, ziddiyyətlidir. Şirrini az,
acısı çox olur. Bu təzadı Anar Həbiboğlu həcmcə
ən uzun şeiri olan "Həyat"da ümumiləşdirə
bilib:
Yerə
meydan oxudum,
Göyə
meydan oxudum.
Savaşdım hər şeylə,
Ürəyimdə
ağrı, saçlarımda dən.
Qıpqırmızı qanım axdı
doğmalarımın gözündən
damla-damla.
Nə
qansızdı HƏYAT.
Azadlıq içinə çəkib nəfəsini
Bir qumru
oxuyur budaqda,
yamsılayır Xanın səsini.
Yuxumuzda
analar
Saçlarını yolub axtarır
İtkin
düşmüş körpəsini.
Biz-keçmişimizi itirmiş
ƏSGƏRLƏR
kəpənək qovuruq Qarabağda,
çiynimizdə avtomat,
Sən nə
qədər qəribəsən, HƏYAT..
Anar
başqa bir şeirində yazır ki: Oğranmış,
Doğranmış bir məmləkətin Çətindi Nəğməkar
Şairi olmaq. Doğrudan da, Anar Həbiboğlu nəğməkar
şair ola bilmədi. Ancaq tale şairi oldu və bütün
şeirlərində öz taleyinin ardınca
yüyürdü. Daha doğrusu, taleyiylə öz hissləri,
duyğuları arasında ucalan o körpüdən keçməyə
can atdı.
Həyat da şahmatdı,
ağ-qara yollar,
Gərək vəziyyəti
görüb duyasan.
Ömrün milyon cürə gedişləri
var,
Hansını edəsən,
uduzmayasan.
İnsan müvəqqəti
də olsa, doğulduğu torpaqdan ayrı düşür və içində Vətən yenidən doğulur. Həmin hissləri də Anar, şeirlərində yaşaya bilir. Harda ki VƏTƏN var, ürəyim orda, Harda ki,
VƏTƏN yox, özüm
ordayam.. Bu yerlərdə
yad kimiyəm Yükümə torpaq ərinər. Qışqırım,
külək aparsın
Səsimi Vətən
yerinə.
Anarın şeirlərində
ona əziz, doğma olan bir neçə obrazla qarşılaşırıq.
Başda ANA durur.
Kişi işlərindən
yapışdı anam,
Daş kimi bərkidi
gəlin əlləri.
Elə bu ocaqtək
alışdı anam
Bəmbəyaz buludtək ağarmadı ki,
Tüstütək ağardı
uzun tğelləri.
Bu ocaq anama oxşayır
mənim.
Bu gün poeziyada sözün israfı baş alıb gedir. Füzuli babamızın "Ver sözə ehya ki.." tələbi sanki unudulmaqdadır. Xüsusilə, sevgi şeirlərində sevgisiz
misralar yetim cücələr kimi baş-başa verib.. Yaşanılmayan, duyulmayan
hisslər nəzmə
çəkiləndə Füzulinin
qəbri od tutub yanır deyirəm. Anarın sevgi şeirlərini oxuyuram və burada ürəksiz bir misra da
tapa bilmirəm. Yəni bunlar şeirdir, hisslərdən,
eşqin yandırdığı
alovlardan ucalan şeir. Ağlın yox, hissin tufanlarından
doğan eşq. Burda mədəni bir erotika da
var (Ağappaq sinənə, gül dodağına Açır
ürəyini lal barmaqlarım.), tale yazısına
boyun əyməmək
kimi bir itaətsizlik də var (Yox, yox,
dayan, mənə əlvida demə, Əlvida bu qışın soyuğuna
de-Bir də gəlməyəcək bu
qışın sonu.)
ayrılıq tonqalının
ürəkdə yandırdığı
od da (Bulandı,
gözümün yaşı
bulandı, Gözün
də işığı
açılır, sönür.
Sənin saçlarından
xəbər gəlmədi
Mənim barmaqlarım
quruyan günü), kövrələn anlar da, bu anların
yaratdığı göz
yaşları da (Qorxdum isladacaq bu yağış səni, Mən səndən gizlətdim göz yaşlarımı),
xatirələrin oyatdığı
şirin acılıqlar
da var (Soyuyur
ürəyim, soyuyur ahım, Buzuna üz qoydum torpağın, yerin. Yummuşam gözümü,
yağış da yağır, İslanır
yamyaşıl xatirələrim.)g
Gətirdiyim misallardan
da görünür ki, Anar Həbiboğlunun
sevgi şeirlərində
Füzulidən gələn
bir nəfəs var. Glmək, dirilmək, yenə ölmək, yenə dirilmək və bu oyunun
sonu yoxdur.
Müasir şeirin gücü, enerjisi sözlərin yaratdığı
poetik mənadadır.
O şeirdə ki, sözlər, ifadələr
və sonra misralar heç nə yaratmır, orada şeirdən söhbət gedə bilməz. Anar şeirdə sözləri
adiliyindən çıxara,
onlara məcazi, obrazlı biçim tərzi verə bilir. "Nəğmə"
şeirində lirik qəhrəman bir qızla bağlı xatirələrinin izinə
düşür.
Gəlirəm sahilə yağışda, qarda,
Gələrəm sağ qalsam, gələrəm ölsəm.
Bir ağ gəmi
batıb mavi sularda,
Onu gözlərimdən hönkürə bilsəm.
Bu tipli metaforik düşüncə tərzi
onun əksər şeirləriniə obrazlılıq
bəxş edir. Anarın şeiri demək olar ki, metaforalarla zəngindir. Küçənizdə
üzüqoylu yıxılan
Gözlərimin işığını
danışdır. Təbii
ki, işıq danışmaz və üzüqoylu yıxılmaz.
"Gözlərimin işığı"
-burada həsrətə
işarədir.
...gözümdə o qədər
ucasan, uca,
Gözlərim qaralır, əllərini ver.
Belə ucalıqda alışmaq olar,
Belə ucalıqda yıxılmaq olar.
Nə qədər hündürdü oturduğun
yer
O qədər əzabla yıxılmaq olar.
...sənin sağlığına
bu son badəni,
Qədəhimə süzmə,
süz ürəyimə.
Hər dəfə gözümdən salırlar
səni,
Salırlar, düşürsən
düz ürəyimə.
Burada xəyalla reallığın qovuşuğu,
gerçəklə irreallığın
vəhdəti əks olunub.Şeirin adına baxın: "Sərxoşun
şeiri". Amma bunu müstəqim mənada yox, məcazi anlamaq lazımdır. Anarın şeirlərində rəng
duyğusu da obrazlı fikrin ifadəsinə çevrilir.
Yamyaşıl bir şəhər. Yaşıl
köyeəkli oğlan
qırmızı maşında
şütüyən xanımın
ardınca baxır. Bu
oğlan bəmbəyaz
buludun kölgəsi altda neçə vaxtdır onu gözləyirmiş. O oğlanın
ürəyinin yaşılı
ümiddir. Və o ürəkdən bir arzu keçir ki, o xanım bəyaz əllərini ağ yaylıq kimi dolasın yaşıl köynəkli
oğlanın qoluna, belinə, boynuna. Rənglər bir-birinə
qarışmır. Çünki
"Yaşıl köynək
geyinmişəm, ürəyimdə
yaşıl işıq".
"Sinəmə sancılıb
od baxışların,
Mənim könlüm
nar çiçəyi-qırmızı"-
Anarın şeirləri
içərisində belə
nadir, bənzərsiz təşbehlər
az deyil. Şairin şairliyini də bəlirləyən
elə bu ustalıqdır. Tapıb gözlərimin xəritəsini
Məni ara, axtar, gəz ürəyində"- nə
qədər uğurlu
deyim. Belə deyimləri ancaq
ŞAİR yarada bilər.
Əlbəttə, Anar Həbiboğlunun metaforik düşüncə tərzi
ilə yoğrulan şeirlərindən, o şeirlərdəki
uğurlu bənzətmələrdən,
istiarələrdən çoxlu
misallar gətirə bilərəm. O, ŞAİRDİR! Amma yaxşı şairin də hələ gizlində qalan, üzə çıxmayan potensialı
olur. Deyim ki, Anar Həbiboğlunun
poetik enerjisi tam sərf olunmayıb. Onun bütün şeirlərini nəzərdən
keçirdikdə bir ƏZABKEŞ
obrazla qarşılaşırıq.
Təbii ki, bu, onun özüdür.
Qırx yaşına qədər (o, bu yaşın astanasındadır)
əzabkeş yaşamaq
olar, lap ömrün sonunacan. Amma həyat təkcə əzab və əndişələrdən ibarət
deyil. Uzaq Xabarovskda Vətəndən
ötrü darıxmaq
olar, bəlkə də bu, Vətəni
sevməyin ən ali məqamıdır. Amma Vətənə qayıtdıqdan sonra Vətəni ikiqat sevəsən gərək.
Yəni bunu poeziyada əks etdirəsən. Lənkəran
doğrudan da sevgilər şəhəridir.
Amma Anar deyir ki, Lənkəran
SEVGİLƏR ŞƏHƏRİ deyil, Yerdi ƏR EVİNDƏ QARIMAQ üçün.
Razılaşmıram. Yaxud:
Şair olmaq yaxşı şeydi. Ancaq gərək pulun ola. Hansı
münasibətlə deyilirsə-deyilsin,
yenə razılaşmıram.
Əgər razılaşmalı
olsam, onda gərək bizim böyük şairlərimizin
çəkdiyi maddi sıxıntılar hara getsin. Onları pul yox, pulsuzluq
şair eləyib. Elə Anar Həbiboğlunun
özünü də.
Bir sözlə, Anar Həbiboğludan çox şey gözləmək olar. Onda Yeseninvari bir sərbəstlik var. Hisslərini, duyğularını
cilovlaya bilmir və heç bunun üçün onu qınamaq da olmaz. Amma
bir gün görəcək ki, (mən bunu ona
arzulamıram) eyni marşrut üzrə eyni yollardan keçib getmək və yenə eyni marşrutla eyni yoldan geri
qayıtmaq nə qədər yorucu, usandırıcı olurmuş
Təbii ki, bu iradları və eyhamları onu istədiyimdən deyirəm. Çünki
o, ŞAİRDİR!
İlk görüş isə hər halda, çox uğurlu alındı.
Anar, ilk kitabın mübarək!
Vaqif
YUSİFLİ
Ədalət.- 2012.- 29 sentyabr.-
S.9.