Üzü Qarabağa əsən
külək
Onun Azərbaycan musiqi tarixində
öz dəst-xətti var. Xalq mahnılarının,
muğamlarının gözəl ifaçısıdır.
Öz məlahətli, məlhəm səsi ilə tək mənim
yox, bütün türk dünyasının qəlbini fəth
etmişdir. Çılğın oxumaq onun ifasında
yaxşı alınmırdı. O, həmişə oxuyarkən
hər bir kəs onun səsinin təsiri altına
düşür, bu ecazkar səsin onun qəlbinə
açdığı yolun cığırından
çıxa bilmirdi. Bu səs həmişə bir haray, yanan qəlblərə
bir məlhəm, bir də insan qəlbində kök salan bir
unutqanlığı, bir etinasızlığı qovmağa səsləyirdi...
Mən onunla dəfələrlə
müxtəlif televiziya verilişlərini hazırlamaqda tərəf
müqabil olmuşdum. Hər dəfə öz tələbələri
ilə mənə verdiyi müsahibələrində onun
narahatçılığını, onun həsrətli
baxışlarını, oxuduğu muğam
parçalarında ürəyinin
döyüntüsünü hiss etmişdim. Hiss etmişdim ki,
o, nə qədər həzin, məlahətli oxuyursa onu nə
isə narahat edir. Həmişə oxuyub qurtarandan sonra gözləri
məchul bir nöqtəyə zillənir. Bu baxışlar nəyi
isə axtarır, nəyi isə görmək istəyir.
Qarabağ... xalqımızın, babalarımızın həmişə öyünə-öyünə bizə əxz etdiyi cənnət bir guşə... Əsrlərdən bəri damla-damla süzülüb yaddaşlarımıza bir gözəllik simvolu kimi həkk olunan bir məkan. İlahi-təbiyyət nəyi bacarmışsa bu məkana bəxş etmişdi. Bu məkan bir gözəllik mücəssəməsi idi. Bu məkan, Tanrı tərəfindən həyatı duymaq, anlamaq, gözəlliyə qiymət vemək, gözəlliyi duymaq onu qorumaq yaddaşlara həkk etmək üçün bizlərə bir töhvə idi. Çox qiymətli, əvəzolunmaz bir hədiyyə idi. Fəqət...
Yeni, "Qarabağ" haqqında çəkdiyimiz bir filmə onu dəvət etdik. Filmdə "Qarabağ şikəstəsi" öz möhtəşəmliyi ilə əks olunmalı idi. "Qarabağ şikəstəsi" bizi öz keçmişimizə o dilbər guşəyə, yaddaşlarımızda əbədi həkk olunan Qarabağ gözəlliyinə, onun əsrarəngiz qoynundakı zümzüməli bulaqlarına, başı buludlardan nəm çəkən dağlarına bir xalı kimi döşənmiş yamyaşıl meşələrinə, dağların qoynundan ilan kimi qıvrılıb, süzülən, igidlərin həmişə, nərə çəkdiyi "Cığır düzünə" Qarabağın üzük qaşı olan Şuşaya, Ağdama, Kəlbəcərə Laçına aparmalı idi. Bunu yalnız o bacara bilərdi... Bizə yalnız onun səsi bu yolda bir bələdçilik edə bilərdi...
Çəkiliş məkanını Azərbaycanın gözəl bir guşəsi olan Şamaxını seçdik. Doğma Azərbaycanımızın hər qarış torpağı bizim üçün əziz, və müqəddəsdir.
Yol boyu mən onun
narahatçılığını hissedirdim. Oxuduğu "Qarabağ Şikəstəsi"
öz əlaməti ilə, ovsunluğu, insanların qəlbinə
yol tapdığına
baxmayaraq o çox narahat idi. Özü buna büruzə verməsə
də baxışlarında
bunu hiss etmək olurdu...
Biz, Şamaxının,
Pirqulu istiqamətində
çəkiliş məkanını
seçdik. Hər tərəf
uca dağlarla, sıx meşələrlə
əhatə olunmuşdu.
Aşağıda axan çayın
həzin zümzüməsi
eşidilirdi. Yamacları öz
gözəlliyinə bürümüş
yaşıllıq birdə
- böyürtikən və
moruq kolları, Tənha bir qaya üstə bitmiş itburnu kolu.
O, seçdiyimiz
bu gözəl məkanda özünə
yer tapdı. Ecazkar "Qarabağ şikəstəsi"nin həzin melodiyaları dağlarda, daşlarda əks səda saldı. Üzü dağlara tərəf
onun məlahətli səsi ucalmağa başladı. Səs həzin-həzin
ucalmağa başlarkən
elə bil qırıldı. Əlləri havada qaldı. Özünü kökləməyə çalışdı. Birdə
- təkrarən... Alınmadı. Biz onun narahatçılığını
başa düşürdük.
Yenidən bir dubl...
"Axşam üstü qoy uzaqdan...
Havalansın Xanın səsi
Qarabağın
şikəstəsi...!"
İlahi, bu kəlmələri oxuyarkən necə kövrəldi, gözlərindən süzülən yaş, yanağı aşağı süzülməyə başladı. Harda olduğunu unutdu. Çəkiliş meydanından çıxdı. Yamaca doğru addımladı... Biz qeyri-ixtiyarı yerimizdə donub qalmışdıq. Heç kim bu mənzərəyə müdaxilə etmək istəmirdi. O isə qeyri-ixtiyari yamac aşağı addımlamağa başladı. Böyürtkən kollarına yaxınlaşdı. Təzəcə öz barını tutmuş böyürtkənləri bir-bir dərdi. Dadını yoxladı. Əllərini sinəsində çarpazladı. Ətrafı aram-aram lal sükutla izlədi. O dağların, o yamyaşıl meşələrin o yamacların qoynunda sanki özünə yer tapa bilmirdi. Özü elə bil özünü qınayırdı.
Gözəl bir hava var
idi təbiətdə. Günəş öz qızılı şəfəqlərini təbiətin
üstünə paylamışdı.
Ətraf
elə bil rəssamın fırqasından
çıxmış tabloya
bənzəyirdi.
O yenidən heç bir şey olmamış kimi çəkiliş meydanına qayıtdı.
Yenidən "Qarabağ
şikəstəsi"nin
həzin, qəlbləri
oxşayan sədası
ətrafa yayıldı.
Birdən... Birdən günəş buludlar
arxasında gizləndi.
Qara bulud bayaqdan aləmi nura boyayan günəşin üzünü örtdü.
Külək başladı. Üzü Qarabağa əsən külək. Sanki onun
oxuduğu "Qarabağ
şikəstəsi"nin
hay-harayını o dilbər
guşəyə çatdırmaq
üçün külək
də dözə bilməmişdi. Onun qəlbindən süzülüb
gələn bu hay-haray dolu ecazkar
səsi, naləni Qarabağa çatdırmaq
üçün özünü
yetirmişdi. Onu tək
qoymaq istəməmişdi.
Onun səsində bir inam, bir təpər
var idi. Elə bil bayaqkı o deyildi. Əzmlə, inamla oxuyurdu.
Bu səsdə
bir Qarabağa qayıdış hiss olunurdu.
Bu səs dağları,
daşları lərzəyə
gətirirdi. Bu səsi əsən külək Qarabağa çatdırırdı. Bu
səsdəki, inam, əzm sanki bir çağırış
idi. Elə bil insanların qəlbində 20 il
kök salmış, bir inamsızlığı
yox edirdi. Cəsarətlə qovurdu. Bu səs igidlərə təpər. Xalqa ümid
aşılayırdı. Bu səsdə olan
güc, qüvvə bir orduyu bərabər
idi. Bu səsin
qarşısını heç
bir maneə ala bilmirdi.
Bu səs
Mənsumun səsi idi. İyirmi ildir doğulduğu Qarabağ torpağından
didərgin düşmüş,
hər dəfə zəngurə vurarkən uşaqlıq illərini keçirdiyi, hər qayası, hər daşı onunçün
əziz olan Ağdamın yollarına hələ də həsrətlə baxan və hər dəfə oxuyarkən gözləri dolan narahatçılıq keçirən
Mənsum İbrahimovun
səsi...
Vidadi Tağızadə
Ədalət.- 2012.- 29 sentyabr.- S.11.