BUGÜNKÜ
XOCAVƏND RAYONU
Mən
doğulduğum bu bölgədə gördüklərimin bir
qismini kağıza köçürdüm
Bu yazını başlamaq mənim
üçün bir az çətin oldu. Çünki təsadüfən
tanış olduğum həmsöhətim ilk kəlməsində
milli mentalitetimizə uyğun olaraq məndə
"Bağışlayın müəllim,
haralısınız?" deyə soruşdu. Sual həmişə
eşitdiyimiz və adət etdiyimiz bir ənənənin ifadəsi
olduğundan cavabı geçikdirmədim. Və adi bir şəkildə
də "Xocavənd rayonundanam" dedim. Cavabımın
mürəkkəbi qurumamış həmsöhbətim
"Xocalıdan?" deyə cavabıma qarşı əlavə
sual verdi.
- Xeyr, Xocavənd rayonundanam - deyə
cavabı təkrarladım.
Bax, elə bu məqam da məni xəyalən uzaqlara apardı. Yadıma dövlət universitetində oxuduğum illər düşdü. O vaxtlar da haralısan sualının cavabında "Hadrud rayonundanam" deyirdim. Çox qəribə idi ki, onda da cavabımı tamamlamamış təkrar sual eşidirdim. "Ermənistandansınız?".
Bəli, o zaman da biz öz rayonlarımızı, kəndlərimzi daha yaxından, daha ətraflı nə tanımırdıq, nə də tanıtmırdıq. Çünki Dağlıq Qarabağın tərkibində olan bu rayon Şuşanın, bütövlükdə Xankəndinin kölgəsində qalırdı. Hamı Dağlıq Qarabağ deyəndə ancaq Şuşanı, Xankəndini düşünürdü. Əslində isə bu bölgədə Əsgəran da var idi, o vaxtkı Martuni də, Mardaket də, Hadrut da. Təbii ki, indi bu rayonların adları dəyişdirilib, milliləşdirilib. Bu nə qədər təqdirəlayiq olsa da, ancaq mətbuatımız, xüsusilə telekanallarımız bu bölgəyə nədənsə az diqqət yetirir. Ona görə də insanlar bəzən Xocalı ilə Xocavəndi qarışıq salırlar.
Elə bu fikirləri beynimdə çözə-çözə həmsöhbətimin suallarını cavablandırmaqda davam edirdim. Nəhayət ki, Bakıdan Beyləqana istiqamət götürən avtobus yola düzəldi və mən də suallardan xilas oldum. Amma daxilimdəki suallar bitib-tükənmirdi. Çünki bu sualların hamısı mənim doğulduğum yerlərlə, doğulduğum torpaqla, aid olduğum bölgə ilə bağlı idi və mən də həmin o sualları özüm üçün körpü edib yolu qısaltmağa çalışırdım. Yol isə uzandıqca uzanırdı. Çünki burda söhbət konrket məsafədən yox, həm də 20 ili ötmüş həsrətdən, qaçqın həyatından gedirdi. Bu iyirmi illik həsrət yolunu bir avtobusla, özü də 4-5 saata gedib mənzilbaşına çatmaq təbii ki, mümkün deyildi. Ona görə də xəyallar üstünlük verməyə çalışdım. Elə həmin xəyallarla da Beyləqan şəhərinə yetişdim.
Adətən Beyləqana gələndə rayon mərkəzində yerləşən və bir vaxtlar "Milkanalsutikinti" trestinə aid olan ikimərtəbəli binaya tərəf tələsərdim. Əvvəlcədən də hansı qapını döyəcəyimi, kiminlə görüşəcəyimi yaxşı bilirdim. Bu dəfə də adətimə xəyanət etmədən həmin binaya tərəf üz tutdum. Ancaq girişdə məni tanımadığım adamlar qarşıladı. Təəccübümü görüb kimi axtardığımı soruşdular. Necə deyərlər, birnəfəsə onlara salam və sual ünvanladım - Xocavənd rayon İcra Hakimiyyətini soruşdum. Onlar da elə mənim kimi birnəfəsə cavab verdilər və bildirdilər ki, bir aya yaxındır ki, Xocavənd rayon İcra hakimiyyəti yeni binaya, daha doğrusu, xocavəndlilərin özünə aid qışlaq torpaqlarında tikilmiş qəsəbəyə köçüb.
Bu xəbər məni sevindirdiyi qədər də kövrəltdi də.
Çünki hələ neçə illər
bundan öncə təqribən 1994-95-ci
illərdə Haramı düzündə - Xocavənd rayonuna aid qışlaq ərazisində
ilk qəsəbələr salınanda mən
bu hissləri keçirmişdim.
Onda həmyerlilərim öz
güclərinə, müxtəlif tikinti
materiallarından istifadə edib
sığındıqları yerlərdən artıq daş evlərə köçürülməyə
başlamışdılar. Bir
çoxları müxtəlif rayonlardakı uşaq
bağçalarından, məktəblərdən idarə-müəssisə
binalarından, hətta hamam kimi istifadə olunan yerlərdən
canlarını qurtarmağa müvəffəq
olmuşdular. Mən o
insanların sevincini, gözlərinin necə
alışıb yandığını hələ də
xatırlayıram. Əslində bu
insanların içində baş
qaldıran ümid işığı idi. Həmin işıq ürəklərindən,
daxillərindən üz-gözlərinə də yol tapmışdı. Deməli, Haramı
düzündə salınan qəsəbələrin sayı
artır və bu inkişaf
da dövlət qurumlarını da qaçqınların məskunlaşdığı
qəsəbələrdə fəaliyyət göstərməyə
şərait yaradır. Yəni daha
xocavəndlilər hər hansı bir sənətlə
bağlı Beyləqan rayonu ərazisində
sığınacaq tapmış idarə və müəssisələrə
üz tutmayacaqlar. İndi həmin idarə-müəssisələr
onlarla eyni qəsəbədə
yerləşib fəaliyyət göstərir. O cümlədən
də rayon icra hakimiyyəti
də.
Bu da bir vaxtlar, daha dəqiq desəm, 2008-ci ilin oktyabr ayının 4-də Azərbaycan prezidenti İlham Əliyev cənablarının açılışında iştirak etdiyi Xocavənd qaçqınlarının məskunlaşdığı qəsəbə. Bu qəsəbəni Azərbaycan tamaşaçıları telekanallardan dəfələrlə seyr ediblər. Çünki burada iki övladını - Alov və Atəş adlı iki ciyərparəsini vətən uğrunda gedən döyüşlərdə qurban vermiş Sevil Əzizova yaşayır. Onun məskunlaşdığı evə qonaq gələn Azərbaycan prezidenti və xanımı bu evdə bir ümid işığı yandırdı. Özü də bu işıq təkcə Sevil ananın deyil, bütövlükdə xocavəndlilərin, ümumilikdə isə bütün qaçqınların evlərinə öz nurunu yaydı. Hər kəs bir daha gördü ki, ölkə başçısı şəhid ailələrinə, yurd-yuvasını itirmiş insanlara, əlillərə, onların doğmalarına necə canyananlıq göstərir, necə diqqət ayırır.
Bəli, mən həmin evin qarşısında bir anlıq dayanıram. Bu vaxt küçəni keçən maşının əyləc səsini eşidirəm. Sükan arxasından düşüb mənə doğru gələn bu cavan oğlanı da tanıyıram. Çünki bir kənddə doğulmuşuq, bir elin-obanın adamlarıyıq. Adını da bilirəm, atasının adını da xatırlayıram, anasının da. Yaşca məndən xeyli kiçik olan bu cavan oğlan əlini mənə tərəf uzadıb "xoş gördük" deyir. Mən də onun əlini sıxıram, hal-əhval tuturuq. Sözarası rayon icra hakimiyyətinin binasının yerini soruşuram. Həmsöhbətim Azər ərklə məni maşına doğru çəkir:
- Əyləş, qəsəbəni gəzək, sonra gedərik icra hakimiyyətinə, - deyir.
Sözünü yerə salmadan onun maşınına əyləşirəm. Səliqəli küçələri, xüsusi bir zövqlə tikilmiş binaları gözdən keçirdikcə həm düşmən tapdağı altında qalan kəndimi xatırlayıram, həm də qaçqınlığın ilk illərində həmyerlilərimin sığınacaq tapdığı ünvanları. Və öz-özümə də pıçıldayıram:
- Çox şey dəyişib,
özü də müsbətə doğru. Halal olsun!
(ardı gələn sayımızda)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-
2012.- 6 yanvar.- S.7.