MƏZAHİR ƏHMƏDOĞLU:
"MƏN... SEVİNDİRMƏK ÜÇÜN
YAŞAYIRAM"
Mən
doğmaların, dost-tanışların uğurlarına Məzahir
müəllim qədər ürəkdən sevinən, eyni
zamanda dərd-kədər üz verən yaxınlarına onun
qədər təsəlli verməyi bacaran, özünü hər
yerə çatdıra bilən, ələlxüsus zəiflərə
arxa duran, onların sözünü deyən,
dürüstlüyə-düzgünlüyə yol tutmaqda ərinməyən
çox az adam tanıyıb, görmüşəm indiyə
qədər. Bu günlərdə təsadüfən
eşitdim ki, ağır xəstəsi var. Mən rayonda, o
Bakıda. Zəng edib hal-əhval tutdum, xəstənin vəziyyətini
soruşdum. Mən bir dost, bir qələm yoldaşı olaraq
pərtliyimi hiss etdirdim. Məzahir müəllimi tanıyanlar
bilirlər, heç vaxt and içməz və belə
şeylərdən xoşu gəlməz. Qısaca olaraq
söylədi ki, ailə üzvlərindən başqa
heç kimə bildirməyib 20 gündən artıq xəstəxana
dəhlizlərində olmağını. Təkcə Aqil
Abbas bilib və o da hər gün 2-3 dəfə əlaqə
saxlayır. Hətta deputat seçildiyi rayonlara səfər edərkən
də boş vaxt tapan kimi zəng vurub vəziyyətlə
maraqlanır. Onun, yəni Aqil Abbasın narahat olmasını
istəməsəm də, ancaq qayğı və diqqətinə
qarşı da çıxa bilmərəm, deyir Məzahir Əhmədoğlu.
Özümə borc bilib bu günlərdə baş
çəkdim ona. Əziyyətimizi, qayğımızı
çox çəkib bir dost, bir ziyalı kimi.
Görüşə gedəndə özümlə bir
yazı götürmüşdüm. Gecikmiş olsa da
kitabı haqqında yazmışdım. Kordioloji mərkəzin
2-ci mərtəbəsindəki foyedə bir xeyli söhbətdən
sonra yazını oxuyaraq məni həmişəki kimi tərifləyib
"sən mətbuatda çalışsaydın çoxdan
respublikanın məşhur jurnalistlərindən biri
olacaqdın" deyəg məqaləni özümə
qaytardı. Sonra da əlavə etdi ki, gör haçandır
bir məqalə xahiş etmişəm, nə vaxt onu yazıb
gətirərsən, sonra sənin "Uemblinə" də
baxarıq, "lap istəsən xeyirxah bir sponsor tapıb
Londona Yay Olimpiadasına da gedərik" məzmunlu
özünəməxsus qəribə bir cümlə də əlavə
etdi. Sanki söhbət etmirdi, oturub məqalə
yazırdı
Yüngülcə pərt olsam da razılaşdım.
Onun tələb etdiyi məqaləni isə mütləq
yazacağam. İndiyə qədər
reallaşmamağının səbəbi bəzi məqamlarda
gücsüzlüyümün tərəddüdləridir. Yəqin
bu səbəbdən hələ də həmin o sehrli ODALARDA
vurnuxmaqdayam
Hər
halda mənim çap perspektivimi başqa bir formada tezləşdirmək
şansımı özü müəyyənləşdirdi.
Baş redaktor Yeni il ərəfəsi Məzahir Əhmədoğlu
ilə müəyyən mənada hesabat xarakterli müsahibə
hazırlanmasını məsləhət bilibmiş.
Hansısa obyektiv və ya subyektiv səbəb üzündən
belə bir müsahibə Yeni il nömrəsi
üçün baş tutmayıb. Onda Məzahir müəllimin
belə bir təklifi oldu: "Ürəyindən nə
keçirsə sual ver, mən də cavablandırım. Normal
müsahibə alınarsa - yəqin ki, yaxşı
çıxar - verərik elə Yeni ilin ilk nömrəsinə.
Həm də çoxdandır imzan "Ədalət"də
görünmür. Qoy bu bir başlanğıc olsun. Bu ildən
hər ay ən azı iki yazını gözləyəcəyik".
Özümə etibarım olmasa da razılaşmaqdan
başqa çarəm qalmadı.
Söhbət
edərkən kiçik qeydlər götürdüm və bu
yazını dostumuz polkovnik İlqar Quliyevin vasitəsilə
redaksiyaya çatacağına əmin olub Göyçaya
qayıtdım.
- Məzahir
müəllim, müəyyən kədərli hadisələri
kontekstdən ayırsaq, yola saldığımız 2011-ci il
Sizin üçün uğurlu keçdi, nəhayət ki
-
Qardaşım, daha mənim həyatımdan heç nəyi
ayırmağa, "sandığa atıb ağzını
qıfıllamağa" ehtiyac yoxdur. Çox
dözümlü və səbirli olmuşam. Yəni ki, əslində
parçalanmış bir ürəyin
ağrı-acısı da ayrı cür olur, bunu izah edə
bilmirəm, heç sən də soruşma...
- Sizin bu
qədər gərginlik içində
formalaşdırdığınız nikbinliyə çox
sevindim...
- Mən
dostlarımı, həmkarlarımı və oxucularımı
sevindirmək üçün yaşayıram. Etiraf edim ki, istəklərim
ürəyimcə alınmır. Necə deyərlər,
bütünlüklə "yaxşı insan" olmağıma
imkan vermirlər. Bütün bunlar
yaradıcılığıma da təsir edir.
- Elə
mən söhbəti bu məcraya yönəltmək istəyirdim,
Sizə çoxlu suallarım da var...
-
Xahiş edirəm, o suallara və cavablarına darıxma. Bir məsələni
də aydınlaşdıraq, sonra uğur məsələsinin
qabarıq görüntüsünə qayıdarıq. Əslində
isə, Adil müəllim, biləsən ki, uğur deyəndə
mən ilk olaraq qəzetimin uğurunu düşünürəm.
Ona görə yox ki, mən rəhbərliyi təmsil edirəm,
baş redaktorun müaviniyəm. Əsas səbəb bu deyil, əsas
səbəb mənim hətta texniki bir işçi olaraq da
"Ədalət"in ümumi uğurları ilə
yaşamağım və bütün bunları
arzulamağımdır. Elə keçən il mənim
özünəməxsus yaradıcılıq üslubumdan
müəyyən qədər uzaqlaşmağım da qəzetin
ümumi uğurlarına daha çox önəm verməyimdən
irəli gəlir. Təsəvvür edirsənmi, keçən
il Azərbaycan Respublikasının Prezidenti Yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun layihəsi əsasında verdiyimiz Region səhifəsinə
100-ə yaxın müxtəlif yazılar
hazırlamışam. Təbii ki, layihəni uğurla başa
çatdırmağımızda qəzetin əməkdaşlarından
Əbülfət Mədətoğlunun, Səxavət Məmmədlinin,
Faiq Qismətoğlunun və Şamxal Şəbiyevin də
böyük zəhmətləri olub. Bu ildən yeni layihənin
həyata keçirilməsi də maraqlı proseslə davam edəcək.
İstedadlı jurnalist Ceyhun Musaoğlunun bu və digər
istiqamətlərdəki yüksək potensialı
uğurlarımızın daha da möhkəmlənməsinə
ciddi təsir göstərəcəyinə indidən çox
sevinir və rahat nəfəs alıram.
... Mən
qəzetin hətta bir sıra təsərrüfat işləri
ilə də məşğul oluram və bunun nə dərəcədə
vacib və əhəmiyyətli məsələ olduğunu
redaksiyanın rəhbərliyi və redaksiyanı öz ailəsi
kimi sevən vicdanlı və zəhmətkeş əməkdaşlarımız
çox gözəl bilirlər. Ancaq gizlətmirəm, qəzetimizin
həyatında, uğurlarımızın kölgəsində
təəssüf və təəccüb doğuran məsələlər
də var. Biz bütün bunlar barədə qəzet rəhbərliyi
səviyyəsində müzakirələr
aparmışıq, yaxın vaxtlarda neqativ hallara qarşı
ciddi tədbirlər görüləcək...
- Məzahir
müəllim, yəqin "Uembli arayışı"
kitabınızı da "Ədalət"in ümumi
uğurları sırasında təqdim edirsiniz hər zaman.
- Təbii
ki! Başqa cür ola da bilməz. Əvvəla, mən bu
kitabdakı yazılarımın demək olar, əksəriyyətini
doğma "Ədalət"də çalışarkən
yazmışam. Həm də etiraf edim ki, indən belə
yüz il də qalsaydı mən belə bir kitab nəşr
etdirməyəcəkdim. Həm vaxt, həm də həvəs
baxımından. Ancaq İradə Tuncay məni inandıra
bildi ki, bunu etməliyəm. Hətta mənim xəbərim
olmadan "AS poliqraf" nəşriyyatının direktoru Bəhruz
Axundovla danışıb plana saldırdı, özü də
çox qısa bir vaxt üçün. Adil, İradə
xanımın qeyri-adi istedad sahibi olduğunu sən də
gözəl bilirsən. O, publisistikada hansı zirvədə
olduğunu "Sarı odalar" kitabında bir daha təsdiq
etdi. Bu hadisədən sonra mənim təkrarən publisistik
mövzuda kitab nəşr etdirməyim vacib deyildi. Baxmayaraq,
üslubumuz tam fərqli istiqamətlərin üzərindədir.
Ziyalı insanların məsələyə münasibətləri
də praqmatik xarakter daşımaqla tərəfkeşlik etmədən
ümumi uğurlara, maarifçiliyə xidmət göstərir,
onlar nəyin daha çox vacib olduğunu vaxtında müəyyənləşdirə
bilir və stimullaşdırırlar. İradə xanımla
Aqil Abbas məni inandırdılar ki, publisistikada başqa bir
normal, yaxşı kitabın olması bütün mənalarda
vacib məsələdir. Hələ bir ərkyana danlandım
da. Bir də gördüm Mətbuat Şurasının sədri
Əflatun Amaşov da məsələdən xəbər
tutub. Görüşüb söhbət edərkən məni
xeyli ruhlandırdı. Nəhayət, nəşriyyatla
müqavilə bağlayıb müəyyən əlavələr
və dəyişikliklər üçün vaxt istədim.
Dostlar və oxucular üçün maraqlı olar deyə, ilk
dəfə bu barədə söhbət açıram.
Kitabım üç fəsildən ibarət olmaqla hazır
idi. Ön Söz isə yazılmamışdı. Kimsəyə
deməyə utanırdım. Qərara gəlmişdim ki,
bütün ənənələri pozaraq özüm
yazım. Başlamışdım da. Bu ərəfədə
redaksiyada Aqil Abbas məndən soruşdu ki, kitabın
çap vəziyyəti necədir, nə kömək
lazımdır. Hər şey qaydasındadır, dedim. Birdən
soruşdu ki, bəs Ön sözü kim yazdı? Mən əhvalatı
qısa şəkildə ona bildirdim. Başını
bulayıb köməkçisinə bir qutu siqaret
tapşırdı.
... Dəhlizdə
telefonla danışırdım. Telefon söhbəti bitən
kimi Aqil Abbas qolumdan tutub, kitaba Ön sözü mən
yazacağam, dedi. Heç vaxt heç kimin kitabına Ön
söz yazmayan Aqil Abbasın xasiyyətinə bələd
olduğumdan təşəkkür edib növbəti region səhifəsini
hazırlamaq üçün Şamxalın otağına
keçmək istəyirdim. Millət vəkili əvvəllər
mənim çox kaprizlərimə dözüb. Bu dəfə
işin vacibliyini də nəzərə almadı, sonra
hazırlayarsan deyib əlimi buraxmadan məni operator
Mehribanın otağına apardı. Özü həmişəki
yerində - divanda əyləşdi. Mənə də üzbəüz
stulda oturmağımı tapşırdı. Və gözləmədiyim
halda "Ön söz"ü diqtə etməyə
başladı. Bir neçə cümlədən sonra mən
ayağa qalxıb getmək istədim. Qoymadı. Özü də
yazını üzümə baxa-baxa Mehriban xanıma
"danışırdı". Bu, rəssamlığa,
portret janrına bənzəyən bir üslub, bir yanaşma
idi. Aqil bütöv bir yazını gözünü məndən
çəkmədən beləcə bitirib ayağa
qalxdı...
Sonralar Mahir N.Qarayev Aqil Abbasın bu
qeyri-adi Ön sözünü çox sərrast şəkildə
dəyərləndirərək yazacaq: "Kitaba
yazdığı "Ön söz"də Aqil Abbas Məzahir
bəyin özünün və sözünün dəyərini
verib; o qədər obyektiv verib ki, mənim hər hansı əlavəmə
əslində heç bir ehtiyac yox. Son dövrdə nəşr
olunan kitablar və həmin kitablara yazılan ön sözləri
arasında bu bəlkə də yeganə istisnalardandır ki,
haqqında söhbət açılan nəşrin məzmunu
ilə təqdimi bir-birini bu səviyyədə tamamlaya
bilsin...".
Buradaca mən
xüsusi vurğulamaq istəyirəm ki, "Üembli
arayışı" adlı kitabımın nəşrinə
çox ciddi şəkildə köməklik göstərdiklərinə
görə ayrıca olaraq bir daha İradə xanım Tuncaya,
Aqil Abbasa və Əflatun Amaşova əbədi bir təşəkkür
borcum və qarşılarında məsuliyyətim var.
- Mənim də çox maraqla
oxuduğum "Uembli arayışı" oxucular tərəfindən
rəğbətlə qarşılandı...
-
Kitabım haqqında dəyərli resenziyalar yazıldı,
xoş sözlər deyildi. Doğma jurnalistika fakültəmizə
dəvət olundum, sevimli müəllimlərimlə
görüşdüm, həyatda olmayanların ruhu
qarşısında baş əydim. Ancaq etiraf edim ki,
fakültədə də daha çox "Sarı
odalar"dan söhbət açdım. Çünki
müasir publisistikamız üçün o dəyərdə,
o səviyyədə kitab yazılmayıb. Mən "Uembli
arayışı"ndan çox "Sarı odalar"ı
təbliğ edirəm...
- Sizin kitabınız da kifayət qədər
təbliğ olunur.
- Bir
dönəm hətta belə bir xoş və ləzzətli
hal mənim qorxuzdu da... Bütün müəlliflərə və
oxucularıma dərin təşəkkürümü bildirirəm.
İndi bir maraqlı faktı qeyd etmək istəyirəm.
Keçən ilin 21 iyun tarixli "525-ci qəzet", "
İki sahil", "Kaspi" və bir neçə digər
qəzetlərdə Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşovun "Məzahir Əhmədoğlunun
"Uembli arayışı", Yaxud həmkarlarına
söz demək haqqı" adlı bir səhifəlik
böyük yazısı dərc olundu. Bundan sonra Mətbuat
Şurasında kitabın geniş təqdimat mərasimi
keçirildi. Səhəri gün hələ mənə məlum
olan 26 adda gündəlik qəzetdə fotolarla yazılar getdi,
bir sıra telekanallarda xəbər-reportajlar verildi.
Kitabımın ilk səhifəsində Mətbuat
Şurasının xüsusi təqdimatı ayrıca
vurğulandı. Və ən diqqət çəkən və
məni ruhlandıran fakt bu oldu ki, əsasən Əflatun
Amaşovun məqaləsi olmaqla, kitab haqqında digər məlumatlar
internet vasitəsilə 35 min dəfə oxunmuşdu.
-
Başqa uğurunuzu da bir daha yada salaq, Ali Media mükafatını...
- Hə,
bunu hiss etsəm də tam əminliklə gözləmirdim. Bu səbəbdən də
heç vaxt heç bir ad-sana, mükafata, kitab uğuruna can atmıram. Nə olursa,
təbii olaraq baş verir. Bilirsən, bəzən istedadlı qələm sahibləri qalır bir kənarda, jurnalistikaya dəxli olmayan birisi hansı yollasa düşür ortalığa və utanıb-qızarmadan... lənət
şeytana, mən heç istəmirəm bu mövzunu aparam uzaqlara.
Hə, biz - Aqil Abbas, İradə Tuncay, Qüdrət Həsənquliyev, Musa Qasımov,
Tapdıq Abbas, Əhməd İsayev, Tahir Aydınoğlu, mən və başqa hörmətli dostlar eyni masada
əyləşib mətbuat
bayramımızın rəsmi
hissəsinin başlanmasını
gözləyir, çaydan,
sudan içirdik. Elə bu vaxt Rəşad
Məcid bizə yaxınlaşıb məni
təbrik etdi. Yəni son anda adım yüksək mükafat alanlar sırasında təsdiq olunub deyə. "Azərbaycan
Mətbuatının inkişafında
göstərdiyi xidmətlərə
görə Ali Media mükafatı
ilə təltif olunsun...". Heç bir iddiası olmadan başını aşağı salıb öz işiylə, doğma və sevimli jurnalistikasıyla məşğul olan bir mətbuat veteranı üçün
layiqli qiymət idi. Orada İradə xanım
da çox korrekt bir ifadə
işlətdi. Bu qədər yəni.
- Hər halda sevincli, qürurlu günlər davam edirdi...
- Elədir. Ancaq məni ən çox sevindirən mükafatlandırma törənindən
sonra universitet müəllimim, professor Cahangir Məmmədlinin tələbəsini bağrına
basıb olduqca xoş sözlər söyləməsi, hətta
sevincdən göz yaşlarını saxlaya bilməməsi idi...
Adil MƏMMƏD
Ədalət.-2012.-
6 yanvar.- S.4.