Elçin dramaturgiyası xarici
ölkə teatrlarının səhnəsində
AzMEA-nın dissertantı olaraq, "Müstəqillik Dövrü Teatrımızın İnkişafında Elçin Dramaturgiyasının Mövqeyi" adlı dissertasiya işimi yazarkən, mənim Elçin yaradıcılığını geniş araşdırmam nəticəsində üzə çıxan çox dəyərli faktlar, dissertasiya işimin həcm etibarı ilə həddini aşmasına səbəb oldu. Eyni zamanda bir maraqlı həqiqət, dissertasiya işimin yekunlaşmasına sövqi-təbii "maneçilik" törətməyə başladı. Bu "meneçilik" əslində, dissertasiya işimin zənginləşməsinə xidmət edən bir pozitiv amilə çevrilirdi. Mən işi yekunlaşdırmağa yetişdikcə, Elçinin sürətlə inklişaf edən yaradıcılıq prosesinin məni, öz arxasınca aparmağa vadar edən geniş miqyaslı arenası, ona yetişməyin çətinliyi ilə qarşılaşdırırdı. Etiraf edim ki, mən, dissertasiyanı yazmağa başlayanda, Elçin dramaturgiyasının müstəqillik dövrü teatrımızın inkişafındakı mövqeyinin yalnız Azərbaycan məkanındakı prosesini əhatə edəcəyimi qərarlaşdırmışdım və araşdırmaları bu miqyasda yekunlaşdıracağımı nəzərdə tutmuşdum. Lakin araşdırmalar zamanı ortaya çıxan geniş əhatəli faktlar məni vadar etdi düşünüm ki, bu qədər zəngin materialı belə məhdud çərçivədə kifayətləndirmək həm qeyri taktiki addım olar, həm də bu bir vətəndaşlıq noqteyi nəzərindən yanlış olar. Axı biz, ədəbiyyat tariximiz yaranandan bu günə qədər ən çox ədib yetişdirən xalq olmağımıza baxmayaraq, ən az təbliğ olunan sərvət sahibləriyik. Milli dramaturgiyamız yaranandan bu günə qədər isə demək olar ki, bir neçə istisna hallar nəzərə alınmasa, özümüzdən başqa (özümüz də, özümüzlə çox böyük mübarizədən sonra!) heç bir teatrın bizim dramaturgiyaya müraciət etmədiyinin də şahidiyik. Bunu da etiraf etməliyik ki, bu məsələdə də digər sahələrdə olduğu kimi daha çox biz özümüz günahkarıq. Biz əcnəbi dramaturgiyaya ayırdığımız yer qədər milli dramaturgiyamızın yetişməsinə xidmət edən meydan yaratsaq və bu istiqamətdə geniş miqyaslı layihələr həyata keçirsək (belə layihələr, saysız-hesabsız dərəcədə bizim düşüncəmizdə özünə yer tutmuşdur!) bu iş üçün lazımi qədər geniş yer ayırsaq (hələ mən onu demirəm ki, başqa xalqlar da, biz onların pyeslərinə, istər ədəbiyyatda, istərsə də teatr səhnələrində ayırdığımız yer qədər bizə öz ədəbi və teatr məkanlarında yer ayırsalar!) və biz özümüz özümüzə qarşı düzgün mövqedə olsaq, (düzgün mövqedə olmaq anlamı!.. mən bu barədə faktların dili ilə çox geniş, hətta bir dissertasiya mövzusu qədər geniş həcmdə yaza bilərəm.) hər bir azərbaycanlı öz milli mənafeyi naminə, istedadla yaza bilənlərə qol-qanad verərsə, mən heç şübhə etmirəm ki, bizim müasir dramaturgiya məktəbimiz öz dəyərli incilərinin sayını kifayət qədər artırar və inkişaf etdirə bilər. Çünki bu məktəb on doqquzuncu əsrin sonlarından ta iyirminci əsrin axırlarına qədər böyük vüsət almış görkəmli dramaturqlar yetişdirən səriştəli təcrübə məktəbimizin geniş prospektə çevrilən işıqlı cığırının parlaq yolunun bünövrəsi üzərində bərqərardır. Axı bizim xalq həqiqətən də istedadlı xalqdır və buna heç şübhəm yoxdur ki, hətta ənənəvi dramaturgiyanın qanunlarına riayət edən istedadla yazılmış əsərlərlə yanaşı, xalqımızın istedadlı övladları həm də teatr məkanının ipə-sapa yatmayan, yeni forma, fəlsəfi düşüncə və yeni estetika doğuran məktəbinin yaranmasına nail olar və bununla da biz, bu gün geniş axtarış prosesində olan dünya teatrlarının sənətə baxış bucağnının yol və istiqamətlərini müəyyənləşdirə bilən əsərlər yaratmaqla, ön cərgədə dayana bilərik. Nəzərə alsaq ki, bu gün bütün sahələrdə ön cərgədə olmaq prinsipi dövlətimizin əsas strategiyasıdır, dediyim fikirlərin nə qədər aktual olub-olmadığını araşdırmaq belə səriştəsizlik hesab edilər. Bütün bunları düşünə-düşünə, son illərdə istedadla yazılmış komediyaları ilə dünya teatrlarına gedən çətin yolun sindiromunu çox üzvi şəkildə sındıra bilən Elçin yaradıcılığı, dissertasiya mövzumda məni, düşündüyüm miqyasdan kənara çıxmağa vadar etdi və hesab edirəm ki, bu, mövzudan kənara çıxmaq kimi deyil, mövzunun istiqamət aldığı bucaqlarının zənginliyini müəyyənləşdirmək və haqlı olaraq bu qürurverici hadissənin-Elçinin Azərbaycandan kənarlarda Azərbaycan teatr sənətinə və ümumilikdə Azərbaycan mədəni irsinə qazandırdığı fərəhverici uğurların üzərinə işıq salmaq kimi dəyərləndirilməlidir. Çünki milli teatrımızın inkişaf mərhələsi təkcə orijinal əsərlər yazmaq və bu əsərlərlə maraqlı tamaşalar hazırlamaqdan ibarət deyil, həm də teatr sənətimizin şah damarı hesab edilən milli dramaturgiyamızın dünya miqyasında qəbul olunması, istedadlı teatr xadimlərimizin dünya miqyasında sayılıb seçilməsi və təbliğ olunması ilə qənaətbəxş hesab edilməlidir. Bu məsələ, milli teatrımızın qlobal inkişafı deməkdir. Ona görə də, hesab edirəm ki, qırmızı xəttlə vurğulamaq lazımdır ki, müstəqillik dövrü teatrımızın inkişafında müstəsna xidmətə malik olan böyük ziyalı və teatr xadimi, qüdrətli ədib və mədəniyyət adamı, sanballı alim, ictimai xadim və dövlət adamı, xalq yazıçısı Elçinin pyesləri 1990-cı illərdən başlayaraq Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrlə yanaşı, milli teatr sənətimizin dünya teatr sənətinə inteqrasiyası istiqamətində yeni yollar açmaqla, yeni mərhələ yarada bildi. Fərəhlə demək olar ki, böyük istedad və zəhmət bahasına başa gələn bu mərhələnin yaranması, milli teatr sənətimizə, ədəbi mühitimizə vicdanlı xidmət göstərərək, onun inkişafına və dünyəvi miqyas almasına zəmin yaratmaq kimi mötəbər bir missiyanın ağır yükünü çiyinlərində şərəflə daşımaqla əlamətdardır. Milli teatrımızın səhnəsini müxtəlif janrlı pyesləri ilə zənginləşdirən və az zaman kəsiyində dünyanın bir neçə teatrlarının səhnəsini fəth edə bilən Elçin dramaturgiyasına Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə kimi teatr sənətinə böyük dəyər verə bilən və bu sənətin yaşamasına məhəbbətlə yanaşan nəhəng ölkələrin teatrlarının səhnələrinin ehtiyac duyması, görkəmli ədibin əsərlərinin bundan sonra daha geniş miqyas alacağının carçısıdır. Bu həqiqət onun, bir-birinin ardınca müxtəlif ölkələrin teatrlarında intensiv hazırlanan əsərlərinin tamaşalarının uğurla oynanılması və repertuarda uzunömürlü olması ilə sübuta yetirilir. Bu barədə dünyanın görkəmli teatr xadimləri kifayət qədər yüksək dəyərli fikirlər söyləmişlər və mən, faktlara ekskursiya edərkən, yeri gəldikcə həmin fikirlərdən sitatlar gətirməklə, Elçin şəxsiyyətinin aliliyi və yaradıcılığının geniş miqyası barədə dolğun məlumat kataloqu yaradacağam.
Türkiyə Cümhuriyyəti:
İlk olaraq "Mənim sevimli dəlim" ("Dəlixana qaçqını") 10 mart 1998-ci il, Konya Universitetinin professoru, həmyerlimiz Fuad Raufoğlu Hacıyev və onun xanımı Zəminə Hacıyevanın quruluşunda Türkiyənin Ankara şəhərindəki paytaxt teatrında (əsəri türk dilinə ədəbiyyatımızın yaxın dostu və mahir bilicisi Yusif Gədikli tərcümə etmiş, tamaşada əsas rolları Türkiyənin məşhur aktyorları Fikrət Erkin, Asuman Bora, Əhməd Erkut, Rəcəb Sarı, Volkan Duru, Alp Körbil və başqaları ifa edirdilər.) hazırlandı.
Bir faktı mütləq vurğulamaq lazımdır ki, Türkiyə Dövlət Teatrında Azərbaycan dramaturgiyası olaraq tamaşaya qoyulan Elçinin "Mənim sevimli dəlim" pyesi ilk pyes idi.
Ankara Dövlət Teatrının baş dramaturqu Minə Azar bu tamaşa haqqında belə yazmışdı: "Azərbaycanın qüdrətli sənətkarı Elçinin Ankara Dövlət Teatrında tamaşaya hazırlanan "Dəlixanadan dəli qaçıb" pyesinin ilkin oxunuşunda və sonrakı məşqlərində yaxından iştirak etmişəm. Əsərin dili, quruluşu, xüsusilə ideyası çox maraqlıdır. Siyasi rejimin iflasa uğraması ilə böyük bir ölkə dağılır. Hürkmüş, qorxmuş, inamını itirmiş insanlar ümidsizlik uçurumunun başına toplaşıblar. Onların çaşqınlığı əsərə qeyri-adi bir dinamiklik gətirir, hadisələr o qədər sürətlə inkişaf edir ki, zaman fırlanğıcında heç nəyi öz aydınlığında görmək olmur.
Əsərin qəhrəmanı - dəlixanadan qaçan "dəli" bu siyasi, sosial, iqtisadi "zəlzələ"də özünü itirmir. Ən ağır vəziyyətlərdə belə ayıq-sayıqlığını qoruyub saxlayır. Ətrafındakıları mənəvi sarsıntılardan xilas etməyə çalışır. Əsər boyu hamı onu axtarır - çıxış yolu kimi.
İnamla deyə bilərəm ki, Ankara Dövlət Teatrının aktyor və aktrisaları bu mürəkkəb səhnə əsərinin öhdəsindən məharətlə gəliblər. Sevimli müəllimlərim-Zəminə Hacıyeva və Fuad Raufoğluna sözsüz təşəkkürümü bildirirəm. İnanıram ki, Ankaranın tələbkar teatr pərəstişkarları tamaşadan razı qalacaqlar".), "Mənim ərim dəlidir" görkəmli türk rejissoru Ensar Qılıncın quruluşunda ustalıqla tamaşaya qoyulmuş, tamaşada Tunc Yıldırım, Şenay Unsel, Abdullah İndir kimi məşhur səhnə ustaları çıxış etmişlər. Türkiyənin Dövlət Dram Teatrının səhnə təcəssümündə 2000-ci ildə 3 fevral Ərzurum, 20 fevral Qars, 27 fevral Ərzincan, 1 və 7 mart Sivas, 20 və 27 mart Konya, aprel aynıda isə Antalya, Alanya və Ankarada, daha sonra həmin tamaşa, həmin teatrın 45 günlük qastrol səfəri ilə Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda, eləcə də Çində və Yaponiyada oynanılmışdır.
"Mənim ərim dəlidir" 19 aprel 2000-ci il tarixdə Ankaranın Şenasi Dövlət Teatrı, "Mənim sevimli dəlim" ("Dəlixanadan dəli qaçıb") 15 aprel 1998-ci il Ankaranın məşhur Kiçik teatrı (Bu tamaşa haqqında Türkiyənin nüfüzlu Əhməd Yasəvi fondunun sədri Namik Kamal Zeybək əsərin mövzu etibarilə çox aktual olduğunu, tamaşadan böyük zövq duyduğunu bildirmişdi. Türkiyənin, o vaxtkı mədəniyyət naziri İstəmihhal Talay da Dövlət Teatrının repertuarında belə dərin mənalı və həyat varlığını əks etdirən əsəri görməkdən məmnun qaldığını söyləmişdi.), "Mənim ərim dəlidir" 2000-ci il Ərzurum Dövlət Teatrı, "Salam, mən sənin dayınam" 2001-ci il Konya Dövlət Teatrında uğurlu səhnə təcəssümünü tapmışdır.
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrındakı ilk müvəffəqiyyətli tamaşasından sonra "Salam, mən sənin dayınam" komediyası, bir çox teatr kollektivlərinin nəzərini cəlb etdi. 2001-ci il mart ayının 29-da Ankara Dövlət Dram Teatrında da əsərin "Teatr" adı ilə göstərilən ilk tamaşası türk teatrsevərləri tərəfindən böyük rəğbətlə qarşılandı.
Mətbuatın xəbər verdiyi kimi, "türk aktyorları SSRİ dağıldıqdan sonra Azərbaycanda meydana çıxan sosial-ictimai problemləri, yeni siyasi və iqtisadi şəraitə uyğunlaşmağa cəhd edən personajların daxili aləmini və psixoloji halını böyük ustalıq və məharətlə tamaşaçılara çatdırdılar".
Jurnalist T.Mustafayev Türkiyədən "525-ci qəzet"ə (13 aprel 2001-ci il) göndərdiyi məqaləsində yazırdı: "Türkiyə informasiya orqanları, mətbuat "Teatr" ("Salam, mən sənin dayınam") tamaşasını geniş işıqlandırmışdır. CNN (türk), CTV, TRT-1, NTV televiziya kanalları tamaşa haqqında əhatəli reportajlar və Elçinlə müsahibələr vermişdir".
Türkiyənin görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin, dövlət və ictimaiyyətin tanınmış nümayəndələrinin iştirak etdikləri və rəğbətlə, hərarətlə qarşıladıqları əsərin qala tamaşasından sonra Ömər Haru Topçu tamaşa ilə bağlı xüsusi nəşr olunmuş bülletendə yazırdı: "... Bu, pyeslərində ölkəsindəki dəyişikliklərə və gündəlik həyat tərzinə tənqidi baxışla yanaşan Elçinin Türkiyədə səhnəyə qoyulan üçüncü əsəridir. Yeni bir dövrə qədəm qoymuş Azərbaycanın öz varlığını təsdiq etməsindən, öz müstəqilliyini qoruyub saxlamasından bəhs edən bu tamaşaların üçüncüsündə bir ölkənin qurulmasına teatr pəncərəsindən baxılır. Teatr elə həyatın özü deyilmi? Şekspirdə deyildiyi kimi: "Bütün dünya bir teatr səhnəsidir". Hər birimiz növbəmiz gələndə səhnəyə çıxır, rolumuzu ən yaxşı şəkildə ifa etməyə çalışır, vaxtımız gələndə də bu qocaman səhnədən çıxıb gedirik.
Tamaşa məhz bu qocaman oyun səhnəsində - çalışqan, işini dürüst bilən insanlara ehtiyac duyan gənc Azərbaycan ölkəsində oynanılır. Burada söhbət sadəcə olaraq, zəbt etdikləri yerləri əllərində saxlamağa çalışan bir ovuc istedadsız, tənbəl və iş bacarmayan insanlarla ağlı, istedadı və çalışqanlığı ilə özünü təsdiq etməyə cəhd göstərən gənc bir aktyor arasındakı mübarizədən gedir. Adi bir hərəkətinə görə teatrdan qovulan gənc aktyor onu dərk etməkdən qorxan insanlara sadə bir dərs verir. Bütün bacarıqsızlıqlarını bir zaman qurmağa nail olduqları sistemin boynuna yıxan bu zavallı insanlar, əslində, özlərini də dərk etmirlər. Gənc aktyor axırda onlara sübut edir ki, məsuliyyətsizlikləri keçmişlə deyil, öz qiymətlərini bilməmələri, tənbəllikləri və təbiyyətsizlikləri ilə bağlıdır. Və o öz güclü məntiqi ilə kölgəsindən belə hesab soran bu insanları diz çökdürür. Sözsüz ki, uzun və gərgin əmək sayəsində yaxşı bir nailiyyət əldə edilmişdi. Tamaşanın quruluşunu istedadlı gənc türk rejissoru Alpay Ulusoy vermişdi. Musiqisini Kophan Qoyunçuoğlu bəstələmişdi. Xoreoqraf Altan Tekin idi. Tamaşada əsas rolları Harun Türköz, Volkan Benli, Gerçek Özgek, Əli Haqan Beşek, Benqisi Benli, Eminə Tenkin və başqaları ifa edirdilər. Əsəri Azərbaycan ədəbiyyatının dostu və fədaisi doktor İldəniz Kurtulan türkçəyə tərcümə etmişdi. "
(Ardı var)
İFTİXAR
PİRİYEV Əməkdar mədəniyyət işçisi,
AMEA-nın
dissertantı
Ədalət.-
2012.- 7 yanvar.- S.10.